Məhkəmə qərarları › İş №2(055)-822/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-822/2025

04.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-822/2025 04.08.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiçı İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması və oradan çıxarma tələbi üzrə ilkin iddia, iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbi üzrə qarşılıqlı iddiaya dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun və beş nəfər ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 2875 kv.metr torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 3000 manat pulun və ödənilmiş 50 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddanı qəbul etməyərək izahatında göstərdi ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 02 oktyabr 2000-ci il tarixli 07 saylı qərarı əsasında JN-0028, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə onun və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 1.43 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin Saatlı rayonu Musalı kəndində yerləşən 2875 kv.metr hissəsindən Cavabdeh qanunsuz istifadə edir. O, həmin torpaq sahəsindən cavabdehin çıxmasını tələb etsə də, bunun heç bir nəticəsi olmamışdır. Ona görə də, göstərdiklərini nəzərə alaraq Cavabdeh onun və beş nəfər ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 2875 kv.metr torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərdi ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi zəbt edilməmiş və təqribən 22-23 il əvvəl atası tərəfindən 3000 manat pul qarşılığında iddiaçıdan alınmışdır. Odur ki, iddiaçının tələbi əsassız və qanunsuzdur. Qaşılıqlı iddia verməyimin səbəbi iddiaçının tələbi məhkəmə tərəfindən təmin edilərsə, onun da 3000 manat pulu ona geri qayıtmalıdır. Odur ki, ilk iddianın təmin ediləcəyi təqdirdə qarşılıqlı iddiamın təmin edilməsini xahiş edir. İşdə olan və məhkəmə iclasında elan edilmiş JN-0028, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 02 oktyabr 2000-ci il tarixli 07 saylı qərarı əsasında kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün verilmiş 1.43 ha torpaq sahəsi X3, İddiaçı, X7, X4, X8, X1 ümumi birgə mülkiyyətindədir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində (mülkiyyətin müdafiəsi) göstərilir ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 111-ci maddəsində isə özbaşına zəbt olunmuş torpaq sahələrinin qaytarılması müəyyən olunmuşdur. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 02 oktyabr 2000-ci il tarixli 04 nömrəli qərarı əsasında JN-0028, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün verilmiş 1.43 ha torpaq sahəsi X3, İddiaçı, X7, X4, X8, X1 ümumi birgə mülkiyyətindədir. Həmin torpaq sahəsinin 2875 kv.metr hissəsi Saatlı rayonu Musalı kəndi ərazisində yerləşir. Ona görə də, İddiaçı mülkiyyətçi kimi ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh həmin torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılmasını və həmin torpaq sahəsindən çıxarılmasını tələb etməkdə haqlıdır. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı və onun digər ailə üzvlərinin mülkiyyətində olan 2875 kv.metr torpaq sahəsini atasının İddiaçı 3000 manat müqabilində birdəfəlik almasını göstərsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi ərizənin surətindən görünür ki, İddiaçı və onun ailə üzvləri özlərinə məxsus torpaq sahəsini satdıqlarını ərizədə qeyd etsələr də, həmin torpaq sahəsinə kimə, hansı qiymətə satdıqlarını qeyd etməmişlər. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Bu halda da ilkin iddia üzrə iddiaçının tələbi qanuni olduğundan onun qanunla qorunan hüquqları məhkəmə qaydasında müdafiə olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməklə Saatlı rayon Aqrar İslahat Komissiyasının 02 oktyabr 2000-ci il tarixli 04 nömrəli qərarı əsasında JN-0088, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə X3, İddiaçı, X7, X4, X8, X1 ümumi birgə mülkyyətinə verilmiş Saatlı rayonu Musalı kəndi ərazisində yerləşən 2875 kv.metr torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsi dayandırılmalı və o həmin torpaq sahəsindən çıxarılmalı, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 3000 manat pulun və ödənilmiş 50 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan 13 may 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu və 100 manat vəkilin xidmət haqqını ödəmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və 100 manat vəkilin xidmət haqqı Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İşdə olan 20 may 2025-ci il tarixli qəbzdən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 50 manat dövlət rüsumu ödəmişdir. Qarşılıqlı iddia təmin olunmadığı üçün məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İlkin iddia təmin edilsin. Saatlı rayon Aqrar İslahat Komissiyasının 02 oktyabr 2000-ci il tarixli 04 nömrəli qərarı əsasında JN-0088, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə X3, İddiaçı, X7, X4, X8 və X1 ümumi birgə mülkyyətinə verilmiş Saatlı rayonu Musalı kəndi ərazisində yerləşən 2875 kv.metr torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsi dayandırılsın və o həmin torpaq sahəsindən çıxarılsın. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 3000 manat pulun və ödənilmiş 50 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə iddiası təmin olunmasın. Cavabdeh 100 manat dövlət rüsumu və 100 manat vəkilin xidmət haqqı, cəmi 200 (iki yüz) manat alınaraq İddiaçı verilsin. Cavabdeh tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar