Məhkəmə qərarları › İş №2(056)-1410/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1410/2024

12.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1410/2024 12.08.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «qızıl-zinyət əşyaları» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı Cavabdeh qarşı «qızıl-zinyət əşyaları» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz istifadəsində qalmış 1045 manat dəyərində 585 əyyarlı 11 qramlıq 1 ədəd sep və 1 ədəd qızıl qolbaq, 330 manat dəyərində 1 ədəd 585 əyyarlı 3,50 qramlıq qızıl üzük, 380 manat dəyərində 1 ədəd 583 əyyarlı 4 qramlıq qızıl nişan üzüyü və 900 manat dəyərində 1 dəst 585 əyyarlı 9,50 qramlıq qızıl komplekt qızıl-zinyət əmlakının və ya onların pul ilə dəyərinin, eləcə də tərəfindən ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2019-cu il tarixində el adətinə uyğun olaraq toy edərək ailə həyatı qurmuşlar. Onların rəsmi nikahları olmamışdır. Faktiki nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X3 adlı 1 övladları anadan olmuşdur. Cavabdeh faktiki nikahdan doğulmuş uşağına atalıq vermişdir. Ailə həyatı qurduqdan bir müddət sonra cavabdehin günahı ucbatından ailə münasibətləri pozulmuşdur. Buna görə də 2023-cü ilin dekabrın ortalarında onlar ayrılmışlar. Hal-hazırda o, uşağı ilə bərabər anasının himayəsində yaşayır. Ailə həyatı qurarkən cavabdeh tərəfindən ona qızıl-zinət əşyaları hədiyyə olunmuşdur. Münasibətləri pozularkən cavabdeh hədiyyə olunmuş qızıl-zinyət əşyalarını ondan almışdır. Həmin qızıl zinyət əşyaları - 11 qramlıq 585 əyarlı 1 ədəd sep və 1 ədəd qızıl qolbaq, 1 ədəd 585 əyyarlı 3,50 qramlıq qızıl üzük, 1 ədəd 583 əyyarlı 4 qramlıq qızıl nişan üzüyü və 1 dəst 585 əyyarlı 9,50 qramlıq qızıl komplektdir. Hal-hazırda həmin əmlaklar cavabdehin istifadəsindədir. O, qızıl-zinyət əmlakını məhkəmədən kənar qaydada almağa çalışsa da, məqsədinə çata bilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında vermiş olduğu izahatında iddia ərizəsində göstərilənləri təkrar etməklə əlavə olaraq göstərdi ki, 5 ilin gəlini olmuşdur. Toyun axşamı qaynanası qızılı almışdır. Həmin gündən sonra qızılları görməmişdir. 2023-cü ilin dekabr ayında keçmiş əri olan Cavabdeh hamilə qadınla gəlib ona demişdir ki, o, artıq evlidir və himayəsində olan azyaşlı uşağı ilə evdən çıxsın. O, isə çıxmaq istəməmişdir. Demişdir ki, əgər belədirsə, o, yetimdir, onu da saxlasın. Bu gündən sonra kimin yanına getsin. Cavabdeh isə onun razılaşmamışdır. Bundan sonra qaynatası onu gətirib qardaşıgilin küçəsinə atıb getmişdir. Qaynatası da ona demişdir ki, ərin saxlamırsa, mənə də lazım deyilsən. Cavabdeh o gündən bu günə kimi uşağı ilə də maraqlanmamışdır. Məhkəməyə müraciət etdikdən bir ay əvvəl uşağı 2 dəfə görməyə gəlmək istəmiş, anası isə demişdir ki, məhkəmə qərarı ilə görüş alıb uşağı ilə görüşsün. Bu ilin yanvar ayında gedib cehiz əmlaklarını götürmüşlər. Belə ki, Cavid anasına zəng edib təhqir edirdi ki, gəlib cehziləri aparsınlar, yeni arvadı cehizlərini gətirmək istəyir. Gecə ilə anası və qardaşı Faiqlə birlikdə gedib cehiz əmlaklarını götürmüşlər. Həmin zaman da Cavidin anası nəyə gəlmələrini, bu dəqiqə polisə müraciət edəcəyini bildirmiş, onlar isə Cavidin tələbi ilə cehizləri götürməyə gəldiklərini bildirmişlər. Onlar təxminən 1 saat ərzində cehizləri yığmışlar. Həmin zaman orada qaynatası, qaynanası və baldızı olmuşdur. Cavid isə gizlənmişdir. Cehizləri yığıb çıxarkən keçmiş anası qaynatasından qızılları istəmiş, qaynatası anasına demişdir ki, Cavidlə bacarmırlar və anasına məsləhət görmüşdür ki, məhkəməyə versin, uşağın saxlanması üçün alimenti və qızıl əşyalarını alsın. Mart ayında övladı qızılca xəstəliyinə tutulmuş, müalicə etməyə pulları olmadığı üçün anası qaynanasına zəng edərək qızılları Caviddən tələb etmişdir ki, satıb uşağı müalicə etdirsinlər. Lakin o, cavabında qızılların oğurlandığını bildirmişdir. Birgə yaşadıqları zaman Cavid qızılarını girov qoyub pul götürmüş, sonradan pulu ödəyib qızılları gətirib yenidən anasına vermişdir. Cavid taksi fəaliyyəti ilə məşğul olur. Həm alver edir, həm də ki, usta işləyir. Onun bu qızılları və ya onların dəyərini ödəmək imkanı vardır. Hazırda o, iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi X4 mənafeyini müdafiə etdiyi iddiaçının izahatına uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, İddiaçı oğlu onun bacısıdır. Belə ki, bacısı ilə Cavid 2019-cu il tarixdə faktiki nikaha girərək evləmişlər. Cavabdehin səhlənkarlığı ucbatından bacısı ilə nikahları rəsmiləşdirilməmişdir. Cavabdeh dəfələrlə bacısı Ayseli evdən döyüb qovmuşdur. Axırıncə dəfə gətirib bacısını atıb bildirmişlər ki, Ayseli saxlamırlar, Cavid yeni arvad almışdır. Sonralardan isə Cavid anasına zəng edib tələb etmişdir ki, gəlib cehizlərini yığıb aparsınlar. Birinci dəfə gedəndə Ayselin qaynanası imkan vermədiyi üçün geri qayıtdılar. İkinci dəfə isə Ayselin qaynatasının razılığı ilə gedib mebel və yorğan döşəyi yığıb gətirmişlər. Lakin, toy və nişanda hədiyyə edilmiş qızıl zinyət əşyalarını anası Ayselin qaynatasından tələb etdikdə, Ayselin qaynatası qızılların Caviddə olduğunu və ondan tələb edilməsini bildirmişdir. İddia ərizəsinə əlavə olunmuş: X1 tərəfindən xx.xx.2024-cü il tarixə verilmiş qızılın qiymətləndirilməsinə dair aktdan görünür ki, İddiaçı təqdim etdiyi fotoşəkillərə əsasən vizual olaraq gördüyü qızıl zinyət əşyalarının bazar qiyməti: 585 əyyarlı 11 qramlıq 1 ədəd sep və 1 ədəd qızıl qolbaq-1045 manat məbləğində, 1 ədəd 585 əyyarlı 3,50 qramlıq qızıl üzük-330 manat məbləğində, 1 ədəd 583 əyyarlı 4 qramlıq qızıl nişan üzüyü-380 manat məbləğində və 1 dəst 585 əyyarlı 9,50 qramlıq qızıl komplekt-900 manat məbləğində qiymətləndirilmişdir. Məhkəməyə həmçinin tərəflərin toy fotoşəkilləri və toy fotoşəkilləri öz əksini tapmış CD disk təqdim edilmiş, məhkəmə həmin sübutları da tədqiq etmişdir. Məhkəmə iddiaçının, nümayəndəsinin izahatını və şahidin ifadəsini dinləyib, işdə olan sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq, onları tətbiq olunmalı olan hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə hesab edir ki, ilkin olaraq tələb edilən qızılların əvvəldən mövcud olub-olmaması məsələsi araşdırılmalı və bu hala qiymət verilməlidir. İşdən görünən hal ondan ibarətdir ki, cavabdeh işə məhkəmədə baxıldığı müddət ərzində məhkəmə iclaslarında iştirak etməyərək tələb edilən qızıl-zinət əşyalarının mövcudluğu ilə bağlı hər hansı mübahisələndirmə aparmamışdır. Halbuki, əldə edilmiş xəbərnamədən də görünür ki, cavabdeh hazırki mübahisə ilə bağlı məlumatlı olmuşdur. Həmçinin təqdim edilmiş fotoşəkillərdən də görünür ki, iddiaçının gəlinlik geyimində üzərində tələb edilən qızıl-zinət əşyaları mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, tələb edilən qızılların əvvəldən mövcudluğu öz təsdiqini tapmış hesab edilməlidir. Bu haldan sonra məhkəmə hesab edir ki, tərəflərin faktiki ayrılma şəraiti tədqiq edilməli və nəzərdən keçirilməlidir. Çünki bu hal mübahisənin həlli üçün xüsusi əhəmiyyət daşımaqdadır. İşdən görünən odur ki, iddiaçı iradəsi ziddinə ər evindən çıxarılaraq qardaşı evinə aparılmışdır. Belə ki, cavabdehin tələbi ilə iddiaçı yaşadığı evi tərk etməli olmuş, qaynatası iddiaçını aparıb qardaşı həyətinə düşürmüşdür. Bu xüsusda mübahisəyə yanaşıldıqda məhkəmə hesab edir ki, iddiaçının öz iradəsi ziddinə, könülsüz olaraq cavabdehin tələbi əsasında evdən getməsi baş vermişdir ki, evdən gedərkən baş vermiş ailədaxili münaqişə zəmnində iddiaçının qızılları düşünüb həmin əşyaları da götürüb özü ilə getmiş olması halı qeyri-realdır. Göstərilən xüsusatları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia tələbi tələb edilən qızılların qaytarılması hissəsində əsaslı hesab edilərək təmin edilməlidir. Аzərbаycаn Respublikаsının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Oxşar norma Azərbaycan Respublikası Mülki Məcəlləsində də öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İddia tələbinin qızıllar olmadıqda onların mütəxəssis rəyi ilə müəyyən edilmiş dəyərinin cavabdehdən alınması hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, yuxarıda qeyd edildiyi kimi, cavabdeh işə məhkəmədə baxıldığı müddət ərzində mübahisə barədə məlumatlı olduğu halda məhkəmə iclaslarında iştirak etməyərək hər hansı mübahisələndirmə aparmadığından qızılları dəyəri də məhkəməyə təqdim edilmiş mütəxəssis rəyinə uyğun müəyyən edilməli, qızılların dəyəri həmin rəy üzrə müəyyənləşdirilmiş qiymətləndirmə dəyərinə əsasən nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, tələb edilən qızıllar cavabdehdə olmadıqda onların mütəxəssis rəyi ilə müəyyən edilmiş dəyəri cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin tələbin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün əsas iddia tələbinin tam təmin edilməsi halı nəzərə alınmaqla iddia tələbi bu hissədə də tam təmin edilməlidir. İşdən də görünür ki, iddiaçı 50 manat mediasiya xərci, 57 manat isə məhkəməyə iddia verilməsi üçün rüsum ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. N Ə T İ C Ə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrinə rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1045 manat dəyərində 585 əyyarlı 11 qramlıq 1 ədəd boyunbağı və 1 ədəd qızıl qolbaq, 330 manat dəyərində 1 ədəd 585 əyyarlı 3,50 qramlıq qızıl üzük, 380 manat dəyərində 1 ədəd 583 əyyarlı 4 qramlıq qızıl nişan üzüyü və 900 manat dəyərində 1 dəst 585 əyyarlı 9,50 qramlıq qızıl komplekt, həmin əşyalar olmadıqda isə onların pul dəyəri alınıb İddiaçı verilsin. Cavabdeh 57 manat ödənilmiş dövlət rüsumu və 50 manat mediasiya haqqı tutularaq İddiaçı verilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron kabinetlə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar