Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1591/2023 12.09.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (işəgötürənlə) ilə imzalanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli BMİ-1733 ş/h saylı əmrin ləğv edilməsi və onun barəsində olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci il tarixli, BMİ-1498 Ş/h nömrəli əmrlə Sabirabad RMB-nin Mülki Mühafizə xidməti üzrə mühafizəçi vəzifəsinə təyin edilmişdir. Təyin olunan gündən işdən çıxarılan günə kimi işinin öhdəsindən uğurla gəlmişdir. Heç bir nöqsana yol verməmişdir. Lakin xx.xx.2021-ci il tarixli BMİ-1733 ş/h nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünü əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) tutduğu vəzifədən azad edilməsi göstərilmişdir. Halbuki ona bu barədə heç nə bildirilməmişdir. Heç bir komissiya təşkil olunmamış və onun işdən hansı səbəbdən çıxarılması barədə hal-şahidlərinin və həmin iş yeri əməkdaşlarının birgə iştirakları ilə protokol və ya akt tərtib edilməmişdir. Belə olan halda hesab edir ki, barəsində qanunsuz olaraq əmr çıxarılmış və əmr əsassızdır. Dəfələrlə qeyd olunan müəssisəyə müraciət etsə də, ona işdən çıxarılması barədə əsaslı əldə tutulan dəlil təqdim edilməmişdir. Bu barədə ona əmrin surəti əmək müqaviləsi və əmək təlimatı təqdim edilməmişdir. Qeyd olunanlara əsasən, iddianın təmin edilməsii barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək və əlavə olaraq göstərdi ki, o, 2022-ci ilin noyabr ayında işdən azad olunmuş noyabr ayının 10-da isə işdən azad olunması barədə əmri almışdır. Hazırda əsas istəyi onun barəsində olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin ləğv edilməsidir. Çünki bu maddənin mövcudluğu onun digər işlə təmin olunub işləyə bilməsində çətinlik yaradır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş cavabdeh təşkilat Cavabdeh məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı adına olan ******* saylı əmək kitabçasının 3-cü vərəqinin surətindən görünür ki, xx.xx.2020-ci il tarixli BMİ-1498 ş/h nömrəli əmrə əsasən İddiaçı mühafizəçi vəzifəsi üzrə işə götürülmüş, xx.xx.2021-ci il tarixli BMİ-1733 ş/h nömrəli əmrlə onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmiş və o, işdən azad olunması əmr edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsi Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-13-17-42/390/2023 saylı məktubundan görünür ki, İddiaçı sosial şəbəkələrdən xidməti fəaliyyətlə və yaradıcılıq məqsədilə istifadə etməli olduğu halda”totu054” adı ilə qeydiyyatdan keçdiyi “Tik-Tok” sosial şəbəkəsində polisə aid və digər müxtəlif məzmunlu fotoşəkillər, videogörüntülər yerləşdirmiş, həmçinin ayrı-ayrı vaxtlarda “canlı yayım” açdığına, bununla da BMİ-nin xx.xx.2020-ci il tarixli G52-038-20 nömrəli göstərişin tələblərini kobud surətdə pozduğuna, həmin hərəkətləri ilə mühafizə xidmətinin nüfuzuna xələl gətirdiyinə görə DİN-nin BMİ tərəfindən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsi Ə344-038- 21 nömrəli xx.xx.2021-ci il tarixli əmrinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Cavabdeh mülki mühafizə xidməti mühafizəçisi vəzifəsindən azad edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələblərdən görünür ki, o barəsində qəbul edilmiş əmrlə razılaşmır, tərəfindən əmək vəzifələrinin pozulmasını qəbul etməyərək, onunla bağlanılmış əmək müqaviləsinin ləğv edilməsini əsassız və qanunsuz hesab edir. Məhkəmə iddiaçının bu dəlillərini əsassız hesab edir və qeyd edir ki, cavabdeh tərəfindən qəbul edilmiş əmr əmək qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir. Belə ki, Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək və sair işçinin əsas vəzifələri hesab olunur. Həmin Məcəllənin 11-ci maddəsinin “b” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır. Azərbaycan Respublikasın Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfmdən həmin əsasla ləğv edilə bilər. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərində göstərildiyi kimi, həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Məhkəmə araşdırması zamanı iş materiallarından və iddiaçının izahatlarından məlum olmuşdur ki, İddiaçı barəsində mühafizəçi kimi işlədiyi X1 İdarəsi tərəfindən sosial şəbəkələrdə xidməti fəaliyyətlə bağlı heç bir əmr verilməmişdir. Bu səbəbdən məhkəmə İddiaçı ilə bağlanmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarını araşdıraraq hesab edir ki, İddiaçı BMİ-nin xx.xx.2020-ci il tarixli G52-038-20 nömrəli göstərişinin tələblərini kobud surətdə pozulması halına yol verdiyindən, işəgötürən X1 İdarəsi tərəfindən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əsaslı olaraq xitam verilmişdir. İddiaçı iddiasının əsası kimi qeyd olunan hallarla bağlı işlədiyi müəssisənin əlində heç bir dəlil olmamasını bildirsə də, həmin halları təsdiq edəcək hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Beləliklə, işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələblərinə əməl edilməsi işin materialları ilə mübahisəsiz şəkildə təsdiq olunmuşdur. İddiaçının dəlilləri formal mülahizələrdən ibarət olub qanuni və əsaslı olan əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli BMİ-1733 ş/h №-li əmrin ləğv edilməsi üçün əsas ola bilməz. İddianın əsaslı olmasına dair işdə mötəbər və tutarlı sübut növləri yoxdur. Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia tələbi həm də ona görə rədd olunmalıdır ki, iddiaçı həmin tələbi irəli sürməsi üçün 1 aylıq iddia müddətini ötürmüşdir. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçının özünün qeyd etdiyi kimi, o, 2021-ci ilin noyabr ayının əvvəllərində tutduğu vəzifədən azad olunmuş və xx.xx.2021-ci il tarixdə işdən azad olunması barədə əmrini şəxsən almışdır. Beləliklə o, işdən azad edilməsindən məlumatı olmuş və bununla da onun bərpasını tələb etdiyi hüququnun pozulmasını aşkar etməsinə baxmayaraq, o, hüququnun müdafiəsi haqqında iddia tələbi ilə məhkəməyə 1 ildən də artıq müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə müraciət etmiş və bununla da bu Əmək Məcəlləsinin 296-cı maddəsi ilə müəyyən olunmuş 1 aylıq müddəti ötürmüşdür. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1591/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1591/2023
12.09.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver