Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2100/2025 13.08.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-05/07-269/2025 saylı arayışdan görünür ki, xx.xx.1963-cü il tarixdə Sabirabad rayonu, Ulacalı kəndində doğulmuş X2 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaş vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci il tarixədək daxil olmuş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır.
2. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-05/07- 269/2025 saylı rəydən görünür ki, əsas olmadığı üçün xx.xx.1963-cü ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olaraq orada yaşamış xx.xx.1984-cü ildə vəfat etmiş X2 ölümünün dövlət qeydiyyatına alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir.
3. Ulacalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilən xx.xx.2025-ci il tarixli aktdan görünür ki, mərhumə X4 xx.xx.1984-cü il tarixdə vəfat etmiş və Ulacalı kənd qəbirsatnlığında dəfn olunmuşdur.
4. Fotoşəkillərlə müəyyən olunur ki, mərhumə X2 adına qəbir mövcuddur və ona baş daşı ucaldılmışdır.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
5. Ərizəçi Maraqlı şəxs olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, bacısı X2 xx.xx.1984-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi və bu barədə ölüm aktı qeydinin aparılmasının Sabirabad rayon regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinə tapşırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Ərizənin əsaslarına görə, xx.xx.1972-ci il tarixdə Sabirabad rayonu, Ulacalı kəndində anadan olmuşdur. Doğulduğu vaxtdan bu günə kimi valideynlərinə məxsus olan Sabirabad rayonu, Ulacalı kəndindəki evdə yaşamışdır. X3 isə xx.xx.2013-ci vəfat etmişdir. X1 isə xx.xx.2017-ci vəfat etmişdir. Ata və anasına dair ölüm haqqında arayış mövcuddur. Ailədə bir bacı bir qardaşdırlar. Məhrum bacısı isə X4 xx.xx.1963-cü ildə anadan Ulacalı kəndində anadan olmuş, xx.xx.1984-cü ildə Ulacalı kənd qəbirtanlığında dəfn edilmişdir. Lakin, valideynlərinin hüquqi savadı olmadığından ona dair ölüm haqqında şəhadətnamə almamışlar. Otuz ildən artıqdır ki, həmin yaşayış evində o və ailə üzvləri ilə birlikdə yaşayır. Lakin, bacısı X2 ölümün qeydə edilməsi ona torpaq aktına alması üçün zəruridir. Bu barədə Sabirabad rayon regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-05/07-269/2025 saylı «xx.xx.1982-ci ildə Sabirabad Ulacalı kəndində anadan olaraq yaşamış və xx.xx.1984-cü ildə vəfat etmiş X2 ölümünün dövlət qeydiyyatına alınaraq ölüm haqqında şəhadətnamə verilməsinə imtina barədə» rəydən görünür ki, əsas olmadığı üçün xx.xx.1963-cü ildə Sabirabad rayonu Ulacalı kəndində anadan olaraq orada yaşamış və xx.xx.1984-cü ildə Sabirabad rayonu Ulacalı kəndində vəfat edərək Ulacalı kənd qəbiristanlığında dəfn edilmiş X2 ölümünün dövlət qeydiyyatına alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Halbuki iş materiallarına əlavə etdiyi baş daşında olan fotosundan da görünür ki, bacısı X4 xx.xx.1984-cü il tarixdə vəfat etmiş və bunu təsdiq edəcək şahidləri var, onları da məhkəmə iclasına gətirəcəkdir.
b) iddiaya qarşı etiraz
7. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
a) məhkəmə icraat iştiakçılarının izahatları
8. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etdi.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ərizəçi onun qonşusudur. Mərhumə onun qonşusu idi və sağlığında anadangəlmə xəstəliyi olmuşdur. Mərhumə 08 mart 1984-cü il tarixdə ev şəraitində ölmüş, sonradan səhəri gün Ulacalı qəbirstanlığında dəfn edilmiş, onun yasında iştirak etmişdir.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, mərhumə onun qonşusu idi və sağlığında anadangəlmə xəstəliyi var idi. Mərhumə 1984cü il tarixdə, təxminən bayram ərəfələrində ev şəraitində ölmüş, sonradan səhəri gün Ulacalı qəbirstanlığında dəfn edilmiş, onun yasında iştirak etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarı: -1.4. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. - 9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. - 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydası: Maddə 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi
17. Məhkəmə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir.
18. Belə ki, işdəki sübutlara məcmu halında qiymət verilərkən müəyyən olunur ki, xx.xx.1963-cü il tarixdə Sabirabad rayonu, Ulacalı kəndində doğulmuş X4 xx.xx.1984-cü il tarixdə Sabirabad rayonu, Ulacalı kəndində ev şəraitində vəfat etmiş, ailə üzvləri və yaxınlarının iştirakı ilə dəfn edilmiş, mərhumənin qəbri və baş daşı mövcuddur. Ölümün hansı səbəbdən baş verdiyini təsdiq edən sənəd və həkim rəyi olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamış, ölüm haqqında müvafiq tibbi şəhadətnamə olmadığı üçün isə ölümün dövlət qeydiyyatının aparılması mümkün olmamışdır.
19. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1963-cü il tarixdə Sabirabad rayonu, Ulacalı kəndində doğulmuş X2 xx.xx.1984-cü il tarixdə Sabirabad rayonu, Ulacalı kəndində ev şəraitində ölməsi faktı müəyyən edilməlidir.
20. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. xx.xx.1963-cü il tarixdə Sabirabad rayonu, Ulacalı kəndində doğulmuş X2 xx.xx.1984-cü il tarixdə Sabirabad rayonu, Ulacalı kəndində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Cavid Cəfərov