Məhkəmə qərarları › İş №2(056)-2349/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2349/2025

08.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2349/2025 08.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-05/7-396/2025 saylı arayışdan görünür ki, 05 fevral 1956-cı ildə Sabirabad rayonu, Həşimxanlı kəndində anadan olan və orada yaşamış X2 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaş vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci il tarixədək daxil olmuş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır.

2. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-05/7- 396/2025 saylı rəydən görünür ki, 05 fevral 1956-cı ildə Sabirabad rayonu, Həşimxanlı kəndində anadan olaraq həmin kənddə yaşamış və 05 iyul 2025-ci ildə Bakı şəhəri, Maştağa qəsəbəsi, Savalan massivi, məhəllə 7 ünvanında vəfat etmiş X2 ölümünün dövlət qeydiyyatına alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən edilmişdir.

3. Həşimxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilən xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Həşimxanlı kəndində qeydiyyatda olan mərhum X5 05 iyul 2025-ci il tarixdə Bakı şəhəri, Maştağa qəsəbəsi, Savalan massivi, məhəllə 7 ünvanında öz evində vəfat edib. Mərhum 06 iyul 2025-ci il tarixdə Sabirabad rayonu, Həşimxanlı kənd qəbirstanlığında öz ata yurdunda el adətiynən dəfn edilmişdir.

4. Təcili və X1 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X5 05 iyul 2025-ci il tarixdə, saat 20:02-də həkimə qədər ölüm faktı qeydə alınmışdır.

5. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-05/7-1377/2025 saylı arayışdan görünür ki, X5 və Ərizəçi xx.xx.1984-cü il tarixdə 48 nömrəli akt qeydi ilə nikaha daxil olmuşlar.

6. Fotoşəkillərlə müəyyən olunur ki, mərhum X2 adına qəbir mövcuddur və ona baş daşı ucaldılmışdır.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

7. Ərizəçi Maraqlı şəxs olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, 05 fevral 1956-cı ildə Sabirabad rayonu, Həşimxanlı kəndində anadan olan və orada yaşamış X2 05 iyul 2025-ci ildə Bakı şəhəri, Maştağa qəsəbəsi, Savalan massivi, məhəllə 7 ünvanında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Ərizənin əsaslarına görə, ərizəçi xx.xx.1965-ci ildə Salyan rayonu, Şorsulu kəndində anadan olmuşdur. 03 fevral 1984-cü ildə Şirvan şəhər qeydiyyat şöbəsində 05 iyul 1956-cı ildə Sabirabad rayonu, Həşimxanlı kəndində anadan olmuş və yaşayan X5 ilə nikahı rəsmiləşdirilib. 05 iyul 2025-ci ildə Bakı şəhəri, Maştağa qəsəbəsi, Savalan massivi, məhəllə 7 ünvanında yerləşən evdə olarkən əri X2 halı pisləşdi. Təcili və X1 Stansiyasına zəng etmişlər. 14 saylı bölmənin təcili tibbi yardım briqadası gələnə qədər X5 dünyasını dəyişdi. Bundan sonra mərhuma ölüm sənədi əldə edə bilmədi. Təcili və X1 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsi olmasına baxmayaraq ölüm barədə məlumat sistemə ötürülməməsi səbəbindən ölüm haqqında şəhadətnamə əldə edə bilmir. Sabirabad ASAN xidmət mərkəzinə qeydiyyat şöbəsinə Təcili və X1 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsini təqdim etsə də, ondan ölüm haqqında tibbi şəhadətnamə (106 saylı forma) istəndi. Xəstəxana isə həmin sənədi vermir ki, ölü haqqında onlara məlumat ötürülməyib. Buna görə ona imtina verdilər.

b) iddiaya qarşı etiraz

9. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

a) məhkəmə icraat iştiakçılarının izahatları

10. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etdi.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.

12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, ərizəçi onun qohumudur. Mərhum da onun qohumu idi və xəstəliyi olduğunu bilirdi. Mərhum 05 iyul 2025-ci il tarixdə Bakı şəhərində ölmüş, sonradan səhəri gün Həşimxanlı qəbiristanlığında dəfn edilmiş, onun yasında iştirak etmişdir.

13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, mərhum onun qonşusu idi və Bakı şəhərində olduğu barədə məlumatı var idi. Mərhum 2025-ci il tarixdə, təxminən 2-3 ay əvvəl Bakı şəhərində ölmüş, sonradan səhəri gün Həşimxanlı qəbiristanlığında dəfn edilmiş, onun yasında iştirak etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarı: -1.4. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. - 9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. - 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydası: Maddə 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

Məhkəmə baxışının hədləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

19. Məhkəmə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir.

20. Belə ki, işdəki sübutlara məcmu halında qiymət verilərkən müəyyən olunur ki, 05 fevral 1956-cı il tarixdə Sabirabad rayonu, Həşimxanlı kəndində doğulmuş X5 05 iyul 2025-ci il tarixdə Bakı şəhəri, Maştağa qəsəbəsi, Savalan massivi, məhəllə 7 ünvanında ev şəraitində vəfat etmiş, ailə üzvləri və yaxınlarının iştirakı ilə dəfn edilmiş, mərhumun qəbri və baş daşı mövcuddur. Ölüm haqqında müvafiq tibbi şəhadətnamə olmadığı üçün isə ölümün dövlət qeydiyyatının aparılması mümkün olmamışdır.

19. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 05 fevral 1956-cı il tarixdə Sabirabad rayonu, Həşimxanlı kəndində anadan olmuş X2 05 iyul 2025-ci il tarixdə Bakı şəhəri, Maştağa qəsəbəsi, Savalan massivi, məhəllə 7 ünvanında ev şəraitində ölməsi faktı müəyyən edilməlidir.

20. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. 05 fevral 1956-cı il tarixdə Sabirabad rayonu, Həşimxanlı kəndində anadan olmuş X2 05 iyul 2025-ci il tarixdə Bakı şəhəri, Maştağa qəsəbəsi, Savalan massivi, məhəllə 7 ünvanında ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar