Məhkəmə qərarları › İş №2(056)-25/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-25/2024

20.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-25/2024 20.05.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 qarşı «əmlak» tələbinə dair iddiası üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əmlak» tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 100 baş xırdabuynuzlu, 4 baş iribuynuzlu heyvanların və 6 ton arpa məhsulunun, həmçinin onlar olmadıqda onların 27300 manat məbləğində dəyərinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, uzun müddət Rusiya Federasiyasında yaşamışdır. Qardaşı olan cavabdeh Qüdrət və onun arvadı digər cavabdeh Aidə Sabirabad şəhəri H.Aslanov küçəsində birlikdə yaşamışlar. O, RF-da işlədiyi müddət ərzində Qüdrətə hər cür köməklik göstərmiş, həmçinin qardaşı Qüdrətə pul göndərərək iri və xırda buynuzlu heyvanlar almasına görə pul göndərmişdir. Sonuncu dəfə qardaşı Qüdrət o, RF-da olan zaman arvadı Cavabdeh2 ilə birlikdə ona məxsus 100 baş xırda buynuzlu, 4 baş iribuynuzlu heyvanları, 6 ton arpa məhsulunu və 800 ədəd ot kipini sataraq ona məlum olmayan ünvanda yaşamaq üçün getmişlər. Bundan sonra o, Sabirabad rayon Polis Şöbəsinə və Sabirabad rayon Prokurorluğuna ərizə ilə müraciət etmişdir. Onun ərizəsi əsasında Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılmış və xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Təhqiqat orqanında şikayətçi olduğu şəxslərin yeri müəyyən edilərək dindirilməsələr də, Cavabdeh2 qardaşı X1 izahat verərək həqiqətən də onun qardaşı Qüdrətə əmlak almaq üçün pul göndərdiyini və Qüdrətin onlara zəng edərək heyvanları satmaq fikrinin olmasını bildirdiyini təsdiq etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək iddiasının tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, Qüdrəti qonşu kimi tanımışdır. Qüdrət həmin heyvanları Ağasəlimin göndərdiyi pullarla onunla birlikdə almışdır. Belə ki, Qüdrət ona məxsus Qazel markalı avtomaşınla 80 baş qoyun və 2 baş dana alıb Sabirabad şəhəri H.Aslanov küçəsində yerləşən ata evlərinə gətirmişdir. Heyvanları həyətə gətirən zaman həyətdə əlavə heyvanlar da olmuşdur. Bundan əlavə Qüdrət heyvanları gətirərkən yolda söhbət edəndə heyvanların pulunu qardaşı Ağasəlimin göndərdiyini bildirmişdir. Həmin vaxt onların yanında Qüdrətin qaynı da olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Ağasəlim və Qüdrət onun dayısının oğullarıdırlar. Ağasəlim Qüdrətin xəstəliyi ilə əlaqədar qardaşına çox köməkliklər etmişdir. Belə ki, Qüdrət uzun müddət yataq xəstəsi olmuş, Ağasəlimin pulu ilə Qüdrət müalicə olunub sağalmışdır. Ağasəlim onu müalicə etdirməklə yanaşı, həmçinin RFdan qardaşı Qüdrətə heyvan alıb saxlaması, həmin heyvanların qidalanması üçün arpa və ot alması üçün pul göndərmişdir. Lakin Qüdrət qardaşı Ağasəlimin göndərdiyi pullarla alınan əmlakları sataraq Rusiya Federasiyasına bilinməyən ünvana yaşamaq üçün getmişdir. Qüdrət yaşadığı evin xalça əmlaklarına kimi sataraq başqa ünvana getmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Sabirabad rayon “Fərid” mal-qara Alqı satqı bazarının direktoru Fərid Qasımov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 2021-ci ildə mal-qara bazarında 1 baş 3 yaşlı, 350-400 kq çəkisi olan erkək dananın qiyməti – 1800-1900 manat, 1 baş 2-3 qarın doğmuş ana qoyunun qiyməti – 180-230 manat və 1 baş 3-4 yaşlı, 40-50 kq çəkisi olan qoçun qiyməti – 350-400 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Sabirabad X6 Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-22-3-54/2-122/2024 saylı məktubdan və məktuba əlavə edilmiş Sabirabad rayonu “Kənan-Ş” özəl firması tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 09 saylı arayışdan görünür ki, 2022-ci il tarixdə firmada (bazarda) arpa satışının qiyməti 0,35-40 qəpik təşkil etmişdir. İş materiallarında olan Sabirabad RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı polis mayoru Möhlət Bayramov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı müraciəti əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmiş və həmin qərarda Cavabdeh1 qayını, Cavabdeh2 qardaşı X1 izahatında göstərmişdir ki, Qüdrət Ağasəlimin göndərdiyi pullarla çoxlu sayda qoyun, dana, ot və arpa almış və təxminən 3 ay öncə ona zəng edərək heyvanları sataraq Minsk şəhərinə işləmək üçün getdiklərini bildirdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçı qanuni əsaslarla mübahisəli əmlakların mülkiyyətçisi olduğundan, o hazırkı iddia tələbi ilə bağlı məhkəmədə iddia qaldırmaqda tam haqlıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı mülkiyyətində olan iri və xırda buynuzlu heyvanlardan, arpa məhsulunun istifadə edə bilməmiş, buna səbəb cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus əmlakları sataraq öz şəxsi tələbatlarını qarşılamaları olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcələnin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcələnin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğunu nəzərə alınsa, bu insitut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa insan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutun kifayət qədər güclü, aydın və bir birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq «Əsaslı şübhədən kənar» sübut standartları tədbiq edilir. İşin yuxarıda qeyd edilən hallarını ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçıya məxsus tələb edilən əmlakların cavabdehlərdə olması, cavabdehlərin həmin əmlakları sataraq ölkə ərazisindən kənara getməsi, satılmış əmlakların dəyərinin iddiaçıya qaytarılmamamış olması halı nəzərə alınaraq, iddia tələbi təmin edilməli, tələb edilən əmlaklar cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya qaytarılmalı, həmin əmlakların qaytarılması mümkün olmadıqda isə məhkəməyə təqdim edilmiş əmlakların dəyəri ilə bağlı rəy üzrə müəyyənləşdirilmiş minimum qiymətlər nəzərə alınmaqla, yəni 1 baş xirdabuynuzlu heyvan 180 manat, 1 baş iribuynuzlu heyvan 1800 manat, 1 kq arpa 0,35 manat dəyərində qiymətləndirilməklə (100 x 180 = 18000 manat, 4 x 1800 = 7200 manat, 6000 x 0,35 = 2100 manat, cəmi 18000+7200+2100=27300 manat) həmin vəsait cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı məxsus 100 baş xırdabuynuzlu və 4 baş iribuynuzlu heyvanlar, 6 ton arpa məhsulu, əmlaklar olmadıqda həmin əmlakların dəyəri olan 27300 manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar