Məhkəmə qərarları › İş №2(056)-2739/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-2739/2025

19.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-2739/2025 19.09.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad rayon Məhkəməsinin hаkimi Allahverdiyev Səlim Məhərrəm оğlu, İddiaçı Sabirabad rayonu Ulacalı bələdiyyəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı «Bələdiyyə mülkiyyəti olan suvarma kanalının zəbt olunmuş hissəsinin açılmasının məcbur edilməsi barədə» tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Sabirabad rayonu Ulacalı bələdiyyəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı «Bələdiyyə mülkiyyəti olan suvarma kanalının zəbt olunmuş hissəsinin açılmasının məcbur edilməsi barədə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinin 4-cü bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. “Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında” 4-cü hissəsində göstərilmişdir ki, bələdiyyənin iclası bələdiyyə üzvlərinin ümumi yığıncağıdır. Bələdiyyə iclaslarında bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələsi həll edilir. Yuxarıda sadalanan maddi hüquq normalarının tələbindən görünür ki, Sabirabad rayonu Ulacalı bələdiyyəsinin adından Ziyadxan Göğzəlov Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı su kanalının açılması tələbi tələbi ilə məhkəməyə müraciət etmişdir. Bələdiyyə kollegial orqan olmaqla, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə sərəncam, ondan sahiblik və istifadə ilə bağlı məsələlər bələdiyyə üzvlərinin ümumi yığıncağında müzakirə edildikdən sonra qəbul edilmiş qərar ilə həll olunur. Hazırkı iddia üzrə Sabirabad rayonu Ulacalı bələdiyyəsinin pozulmuş hüququnun bərpasından ötrü məhkəməyə müraciət edilmişdir. Bələdiyyə torpağı üzərində istifadə hüququnun realizəsinin təmin edilməsindən ötrü bələdiyyə üzvlərinin yığıncağında müzakirə olunmalı, qəbul edilmiş qərara uyğun olaraq məhkəməyə müraciət edilməli idi. Göründüyü kimi, bələdiyyə sədri qismində iddia ərizəsini imzalayan şəxs olaraq Nümayəndə bələdiyyənin təmsil etmək səlahiyyəti yoxdur. Belə ki, Sabirabad Rayonu Ulacalı bələdiyyəsinin sədri kimi məhkəməyə müraciət etmədən öncə, Nümayəndə bələdiyyənin ümumi yığıncağının qərarı ilə səlahiyyət almalı, daha sonra məhkəmədə iddia qaldıra bilərdi. Lakin Nümayəndə ona müvafiq səlahiyyət verilmədən birbaşa məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Bundan başqa o da vurğulanmalıdır ki, iş materiallarına əlavə edilmiş bələdiyyə orqanının aktlarının və digər aktların tarixindən görünür ki, aktlar 2024-cü il tarixinə aiddir. Hlabuki, Azərbaycan Respublikasında sonuncu bələdiyyə seçkiləri 2025-ci ilin yanvar ayında keçirilmiş, bələdiyyələrə yeni üzvlər seçilmişdir. Bu halda iddia tələbinə köhnə bələdiyyə üzvlərinin tərtib etdikləri sənədlərin əlavə edilməsi və həmin sənədlərə istinad edilməsi yolverilməzdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 152, 264-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Sabirabad rayonu Ulacalı bələdiyyəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı «Bələdiyyə mülkiyyəti olan suvarma kanalının zəbt olunmuş hissəsinin açılmasının məcbur edilməsi barədə» tələbinə dair iddia ərizəsi əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar