Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-461/2023 28.03.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «əmlak tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı Cavabdeh qarşı «əmlak tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 ədəd 583 əyarlı, 4 qram çəkidə 280 manat dəyərində qızıl nişan üzüyünün və 1 dəst 585 əyarlı, 24 qram çəkidə 1680 manat dəyərində qızıl qarnitur (qızıl üzük, bir cüt sırqa, qızıl qolbaq və qızıl zəncir) və ya özü olmazsa əmtəəşünas rəyi ilə müəyyən edilmiş dəyərinin, ödənilmiş dövlət rüsumunun əvəzində 39,60 manat pulun, MPM-nin 121.1-ci maddəsinə əsasən ödənilmiş 50 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Sabirabad rayon Zəngənə kənd sakini X2 ilə faktiki nikaha daxil olaraq ailə qurmuş və birlikdə ər-arvad kimi Sabirabad rayonu Zəngənə kəndində qayınatası Müslüm Novruzovun evində yaşamışlar. Cavabdeh onlarla qonşuluqda yaşayır. Onların münasibətləri yaxşı olmuşdur. Qayınatası el adəti üzrə ona qızıl nişan üzüyü, üzük, sırqa, qolbaq və zəncirdən ibarət qarnitur dəsti hədiyyə etmişdir. xx.xx.2022-ci il tarixdə cavabdeh onlara gələrək öz mobil telefonunda ona (iddiaçıya) göstərərək bildirmişdir ki, əgər qızıllarını ona verməsə şəkilləri sosial şəbəkədə yayacaqdır. O, qorxduğu üçün cavabdehin dediklıərinə əməl etmiş və özünə məxsus qızıl zinət əşyalarını selofan torbaya yığaraq cavabdehin götürməsi üçün küçə qapısının yanına qoymuşdur. xx.xx.2022-ci il tarixdə cavabdeh onlara gedərək həyətdə barmağında olan nişan üzüyünü də, ondan almışdır. xx.xx.2022-ci il tarixdə qeyd olunan məsələnin üzəri açılmış və o, olanları qayınatasına danışmışdır. Bundan sonra o, bu barədə Sabirabad rayon Polis Şöbəsinə müraciət etmiş və xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ: Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə verdiyi izahatında iddia ərizəsində göstərilənləri təkrar edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qızıl zinət əşyaları hissəsində etiraf edərək bildirmişdir ki, qızıllar ona iddiaçıya telefon saat və ətir alınması üçün iddiaçı tərəfindən öz xoşu ilə verilmişdir. O, qızılları iddiaçıdan almış və 825 manata satmışdır. Bundan sonra iddiaçının ailəsində onun hərəkətlərindən xəbər tutumuşlar, buna görə də o, iddiaçının dedikləri telefon, ətir və saatı almamış, pulu isə özü xərcləmişdir. Hazırda qeyd olunan pul məbləğini bütövlükdə qaytarmaq imkanı yoxdur, lakin hissə-hissə ödəyəcəyinə söz verir. Odur ki, o, iddia tələbinni qızıl-zinət əşyalarının dəyəri hissəsində təmin edilməsinə etiraz etmir. İŞ ÜZRƏ TƏQDİM EDİLMİŞ SÜBUTLAR: İddia ərizəsinə əlavə edilmiş: İş materiallarında olan Sabirabad rayon İstehsal-İstehlak Kooperativi Cəmiyyətinin əmtəəşünası İ.Mikayılov tərəfindən tərtib edilmiş qiymətləndirmə rəyindən görünür ki, 1 ədəd 583 əyarlı, 4 qram çəkidə qızıl nişan üzüyü 280 manat dəyərində və 1 dəst 585 əyarlı, 24 qram çəkidə qızıl qarnitur (qızıl üzük, bir cüt sırqa, qızıl qolbaq və qızıl zəncir) 1680 manat dəyərində qiymətləndirilmiş, ümumilikdə qeyd olunan qızıl əşyaları 1960 manat dəyərində qiymətləndirilmişdir. “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli Sabirabad RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru Fikrət Bağırovun qərarından görünür ki, X1 HK-1/3046 saylı müraciəti əsasında toplanmış materiallar üzrə Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Cavabdeh iddiaçının ona qarşı iddiasını qəbul etdiyini və iddianın təmin edilməsinə etirazının olmadığını göstərmişdir. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSİF: Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında yaranmış münasibətlər zəmnində iddiaçı tərəfindən özünə məxsus qızıl zinət əşyaları cavabdehə verilmiş cavabdeh qeyd olunan əmlakları sataraq öz şəxsi istifadəsi üçün istifadə etmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdeh isə iddia tələbini qızıl-zinət əşyaları hissəsində etiraf edərək üzərində olan borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları,işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hazırkı iş üzrə iddianın cavabdeh tərəfindən iddianın qismən-qızıl-zinət əşyaları hissəsində etiraf edilməsinin Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən qanunazidd hesab etmir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı qənaətinə gəlir və bu səbədən cavabdehin iddianı etiraf etməsini qəbul edir. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia tələbi qızıl-zinət əşyalarının dəyəri hissəsində təmin edilməli, cavabdehdən 1 ədəd 583 əyarlı, 4 qram çəkidə 280 manat dəyərində qızıl nişan üzüyünün və 1 dəst 585 əyarlı, 24 qram çəkidə 1680 manat dəyərində qızıl qarniturun (qızıl üzük, bir cüt sırqa, qızıl qolbaq və qızıl zəncir) cəmi dəyəri olan 1960 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzinin və hüquqi xidmət xərci əvəzi 50 manat pulun cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, əsas iddia tələbi tam əsaslı hesab edilib tam təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, vəkilə hüquqi xidmət haqqı olaraq ödənilmiş xərclə bağlı hissədə isə iddia təsdiqini tapmadığından həmin hissə təmin edilməməlidir. Belə ki, məhkəməyə vəkilin göstərdiyi yardıma görə xərclər, konkret hallar barədə sübut və çıxış üçün hesab təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1 ədəd 583 əyarlı, 4 qram çəkidə 280 manat dəyərində qızıl nişan üzüyü və 1 dəst 585 əyarlı, 24 qram çəkidə 1680 manat dəyərində qızıl qarniturun (qızıl üzük, bir cüt sırqa, qızıl qolbaq və qızıl zəncir) cəmi dəyəri olan 1960 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 39,60 manat pul vəsaiti, ümumilikdə 1999,60 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-461/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-461/2023
28.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver