Məhkəmə qərarları › İş №2(057)-114/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-114/2025

23.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-114/2025 23.01.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3800 (üç min səkkiz yüz) manat məbləğində əsas borcun, 600 (altı yüz) manat məbləğində faiz borcu və 47 (qırx yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 4447 (dörd min dörd yüz qırx yeddi) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh bir neçə ildir ki, tanıyır. Əvvəllər ondan bir neçə dəfə borc pul almış və ona olan borcunu vaxtı-vaxtında qaytarmışdır. Ona görə də, Cavabdeh onun yanımda öz etibarını qazanmışdır. Cavabdeh təxminən 2020-ci ilin axırlarında onun yanına gəlmiş və ondan 2 ay müddətinə 5000 (beş min) manat məbləğində borc pul istəmişdir. Cavabdehə etibarı olduğuna görə, ona borc pul verməyə razılaşmış və ona iki ay müddətinə 5000 (beş min) manat məbləğində borca pul vermiş, etibarı olduğuna görə ona borc müqaviləsi yazdırmamışdır. Həmin tarixdən 4 ilə yaxın vaxt keçməsinə baxmayaraq, cavabdeh ona olan 5000 (beş min) manat məbləğində pul borcundan əvvəllər 1000 (bir min) manat və təxminən bu ilin (2024-ci il) may ayında isə 200 (iki yüz) manat, ümumilikdə ona 1200 (bir min iki yüz) manat pul qaytarmış, qalan 3800 (üç min səkkiz yüz) manat məbləğində pulu isə qaytarmamışdır. Dəfələrlə zəng vuraraq ondan ona olan 3800(üç min səkkiz yüz) manat məbləğində pulu verməsini istəsə də, hər dəfə ona yalan vədlər verərək, borcunu verməkdən yayınmışdır. Hal-hazırda cavabdehin ona 3800 (üç min səkkiz yüz) manat məbləğində pul borcu yaranmışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Cavabdeh 3800 (üç min səkkiz yüz) manat məbləğində əsas borcun, 600 (altı yüz) manat məbləğində faiz borcu və 47 (qırx yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 4447 ( dörd min dörd yüz qırx yeddi) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Whatsapp” tətbiqi vasitəsilə aparılan yazışmaları özündə əks etdirən fotoşəkildən görünür ki, cavabdehə borcunun qaytarılması barədə xəbərdarlıq olunmuşdur. İddiaçıya məxsus olan borc dəftərçəsindən görünür ki, iddiaçı “alacaqlarım” adlı siyahıda “Zəkulla komandir 5000-1000-200” yazısı ilə qeyd aparmışdır. Məhkəmə iclasında “CD” audio diskə dinlənilən zaman cavabdehin iddiaçıya borclu olması etiraf olunmuşdur. xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 47 manat dövlət rüsumu ödənilmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh təxminən 2020-ci ilin axırlarında iddiaçının yanına gəlmiş və ondan 2 ay müddətinə 5000 (beş min) manat məbləğində borc pul istəmiş, iddiaçı cavabdehə etibarı olduğuna görə, ona borc pul verməyə razılaşmış və ona iki ay müddətinə 5000 (beş min) manat məbləğində borca pul vermiş, etibarı olduğuna görə ona borc müqaviləsi yazdırmamışdır. Həmin tarixdən 4 ilə yaxın vaxt keçməsinə baxmayaraq, cavabdeh ona olan 5000 (beş min) manat məbləğində pul borcundan əvvəllər 1000 (bir min) manat və təxminən bu ilin (2024-ci il) may ayında isə 200 (iki yüz) manat, ümumilikdə ona 1200 (bir min iki yüz) manat pul qaytarmış, qalan 3800 (üç min səkkiz yüz) manat məbləğində pulu isə qaytarmamışdır. Dəfələrlə zəng vuraraq ondan qalan 3800 (üç min səkkiz yüz) manat məbləğində pulu verməsini istəsə də, hər dəfə ona yalan vədlər verərək, borcunu verməkdən yayınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddənin məzmunundan da göründüyü kimi, müqavilənin predmet məbləği üç min manatdan çox olduğu üçün borc müqaviləsi tərəflər arasında yazılı şəkildə bağlanmalı idi. Hazırki halda yazılı şəkildə tərtib edilməyən borc müqaviləsi, xüsusilə yüksək məbləğlərdə (5000 manat) hüquqi cəhətdən etibarsız hesab edilir. Yazılı müqavilə olmadıqda borc münasibətləri sübut olunmadığı üçün müqavilə öz hüquqi əsasını itirir. Belə ki, Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Odur ki, məhkəmə hesab edir ki, etibarsız müqavilə əsasında bir tərəfin digər tərəfdən aldığı məbləğ əsassız varlanma olaraq qiymətləndirilməlidir. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, mübahisələndirilən pul məbləğinin iddiaçıya cavabdeh tərəfindən qaytarılmamasının heç bir hüquqi və ya müqavilə əsası olmadığından, cavabdeh yazılı müqavilə olmadığı üçün, borcun hüquqi əsası sübut edilə bilmədiyi üçün əldə etdiyi məbləği əsassız varlanmış şəxs kimi (əsassız varlanma kimi) iddiaçıya qaytarmalıdır. İddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclasında 600 manat pul məbləğinin faiz borcu olaraq bildirsə də, məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə görə faizlər yalnız tərəflər arasında yazılı şəkildə razılaşdırıldığı halda tələb edilə bilər. Yazılı razılaşma yoxdursa, borc verən tərəf yalnız əsas məbləği tələb edə bilər. Odur ki, məhkəmə hesab edir ki, tərəflər arasındakı münasibət əsassız varlanma kimi qiymətləndirildiyindən, cavabdehdən yalnız əsas məbləğin qaytarılması tələb oluna bilər. Qeyd edilənlərə əsasən, məhkəmə bu qənaətə gəlmişdir ki, iddiaçı cavabdehə ümumilikdə 5000 manat məbləğində pul vəsaiti vermiş və cavabdeh həmin məbləği iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmin pul vəsaitindən 1200 manatı cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır. Buna baxmayaraq, cavabdeh öhdəliyini pozaraq iddiaçıdan aldığı pul vəsaitinin 3800 manatını ona qaytarmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır; 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 40.59 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3800 manat məbləğində pul və 40.59 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 3800 (üç min səkkiz yüz) manat məbləğində pul və 40.59 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İdda tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar