Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2035/2025 20.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, 21 iyun 1967-ci ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olan həyat yoldaşı X2 28 may 2017-ci il tarixdə Salyan rayonunun Düzənlik kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, Salyan rayonu, Düzənlik kəndində yaşayır. Mərdanova (Şirvanova) Zeynəb Məcid qızı ilə nikahlarını 28 noyabr 1985-ci il tarixdə rəsmiləşdirərək ailə qurmuşdur. 21 iyun 1967-ci ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olan həyat yoldaşı X5 28 may 2017-ci il tarixdə Salyan rayonu, Düzənlik kəndində vəfat etmiş, Salyan rayonu, Qaraçala qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Lakin həmin vaxt ölümün qeydiyyatı üçün sənədləşmə işlərinin aparılmalı olduğunu bilmədikləri üçün tibbi şəhadətnamə alınması və ölümün qeydiyyatı ilə bağlı məsələlər üzrə tərəflərindən aidiyəti orqanlara müraciət olunmamışdır. Hazırda bu məsələ ilə bağlı əlaqədar qurumlara müraciət etmiş, lakin Salyan Regional “ASAN Xidmət” X3 tərəfindən verilmiş rəsmi cavabda ölüm faktının qeydə alınmasından imtina olunaraq buna əsas kimi ölüm haqqında tibbi şəhadətnamənin olmaması əsas göstərilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Beləliklə hazırda həyat yoldaşı X2 ölümü barədə lazımi sənədin olmaması ona və digər ailə üzvlərinə ailə təsərrüfatı ilə bağlı və digər məsələlərdə qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Həyat yoldaşı X2 ölümünün qeydə alınması miras qalmış torpağın rəsmiləşdirilməsi üçün lazımdır. 21 iyun 1967-ci ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olan həyat yoldaşı X5 28 may 2017-ci il tarixdə Salyan rayonu, Düzənlik kəndində vəfat etmiş, Salyan rayonu, Qaraçala qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Kəndlərində yaşayan müvafiq yaş qrupuna mənsub bütün həmkəndliləri həyat yoldaşının ölüm faktını təsdiq edə bilərlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə prinsipinin şərtlərinə uyğun şəkildə qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Salyan rayon Varlı kənd Sovetliyi tərəfindən verilmiş X4 Şəhadətnamənin ksero surətindən görünür ki, Ərizəçi ilə X6 arasında nikah 28 noyabr 1985-ci il Salyan rayon Varlı kənd Sovetliyində bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Şirvanova soyadı verilmişdir. İş materiallarında olan 19 sentyabr 2024-cü il tarixli aktdan görünür ki, xx.xx.1967-ci ildə Salyan rayon Qaraçala qəsəbəsində anadan olan, Salyan rayon Düzənlik kəndində yaşayan mərhum X7 28 may 2017-ci il tarixdə Salyan rayon Düzənlik kəndində vəfat etmişdir və mərhum Salyan rayon Qaraçala qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. X1 ölən günədək Salyan rayon Düzənlik kəndində yaşamışdır. İş materiallarında olan Salyan Regional “ASAN Xidmət” X3 tərəfindən Ərizəçi ünvanlanmış 02 iyun 2025-ci il tarixli məktubla müəyyən olunur ki, xx.xx.2017-ci ildə vəfat etdiyi bildirilən X2 ölümü haqqında akt qeydinin aşkar edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən iddia etdikləri ölüm faktının qeydə alınmasından imtina olunur. Əlavə olaraq bildirmişlər ki, müraciətə baxılmasının nəticəsindən sizin subordinasiya və məhkəmə qaydasında şikayət etmək, eyni zamanda iddia etdiyi ölümün qeyd edilmə faktının müəyyən olunması üçün məhkəmədə iddia qaldırmaq hüququ vardır. İş materiallarında olan qəbir daşının üç ədəd fotoşəkilindən görünür ki, X5 xx.xx.1967-ci ildə doğulmuş, xx.xx.2017-ci ildə vəfat etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X5 xx.xx.1967-ci ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş və xx.xx.2017-ci ildə Salyan rayonu, Düzənlik kəndində vəfat etmişdir. Mərhum Salyan rayonu, Qaraçala qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Lakin onun ölüm faktı qanunla müəyyən olunmuş qaydada qeydiyyata alınmamışdır. Ərizəçi həyat yoldaşının ölümünün qeyd edilməsi haqqında sənədləri başqa qaydada ala bilmədiyi üçün və mərhumun vəfatından sonra müvafiq qaydada vərəsəliklə bağlı müvafiq hərkətlərin edilməsi, vərəsələyin açılması və miras əmlaka dair qanunvericilikdə müəyyən olunmuş hərəkətlərin edilməsi məqsədilə məhkəməyə müraciət etmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi həyat yoldaşı X2 xx.xx.2017-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. MPM-in 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. MPM-in 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməklə xx.xx.1967-ci il təvəllüdlü, Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş X2 xx.xx.2017-ci il tarixdə Salyan rayonu, Düzənlik kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1967-ci il təvəllüdlü, Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş X2 xx.xx.2017-ci il tarixdə Salyan rayonu, Düzənlik kəndində ölməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə münasibətdə müvafiq ölüm haqqında şəhadətnamənin verilməsi üçün hüquqi əsas kimi çıxış etsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rüstəm Alıyev
Məhkəmə qərarları › İş №2(057)-2035/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2035/2025
20.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver