Məhkəmə qərarları › İş №2(057)-2074/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2074/2025

10.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2074/2025 10.09.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, Ərizəçi nümayəndəsi (qardaşı) Əliyev Elnur Gülmirzə oğlunun iştirakı ilə Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, 01 aprel 2024-cü ildə Bakı şəhərində anadan olmuş oğlu X1 10 avqust 2024-cü ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, X2 ilə nikahlarını 28 noyabr 2016-cı il tarixdə rəsmiləşdirərək ailə qurmuşdur. Birgə nikahlarından 3 uşaqları doğulmuşdur. 01 aprel 2024-cü il təvəllüdlü X4 10 avqust 2024-cü il tarixində özlərinə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən fərdi yaşayış evində qəflətən ürək tutması xəstəliyindən vəfat etmiş və Salyan rayonu, Alçalı kənd qəbiristanlığında dəfn olunmuşdur. 01 aprel 2024-cü il təvəllüdlü X4 anadangəlmə ürək qüsuru ilə doğulmuşdur. Lakin həmin vaxt ölümün qeydiyyatı üçün sənədləşmə işlərinin aparılmalı olduğunu bilmədikləri üçün tibbi şəhadətnamə alınması və ölümün qeydiyyatı ilə bağlı məsələlər üzrə tərəflərindən aidiyyəti orqanlara müraciət olunmamışdır. Hazırda bu məsələ ilə bağlı əlaqədar qurumlara müraciət etmiş, lakin Maraqlı şəxs tərəfindən verilmiş rəsmi cavabda ölüm faktının qeydə alınmasından imtina olunaraq buna əsas kimi ölüm haqqında tibbi şəhadətnamənin olmaması əsas göstərilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Beləliklə hazırda oğlu X1 ölümü barədə lazımi sənədin olmaması ona və digər ailə üzvlərinə ailə təsərrüfatı ilə bağlı və digər məsələlərdə qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Bildirir ki, oğlu X4 10 avqust 2024-cü ildə Bakı şəhərində vəfat etmiş və Salyan rayonu, Alçalı kənd qəbiristanlığında dəfn olunmuşdur. O, ilk dəfə ölüm faktı ilə Salyan Rayon Məhkəməsinə müraciət etmişdir. Salyan Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli (Ənnağı Məmmədli) qərardadı ilə ərizəsi geri qaytarılaraq Şirvan İnzibati Məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. O da, daha sonra Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsi tərəfindən 01 may 2025-ci il tarixdə qərar qəbul olunaraq iddia tələbi təmin edilməmişdir. Ona orada izah edilmişdir ki, bu işə elə Salyan Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi (qardaşı) X7 ərizənin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs rəisi Famil Kazımov məhkəməyə ərizə ünvanlayaraq, işlərinin çoxluğunu nəzərə alaraq, iş üzrə məhkəmə iclasına nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə prinsipinin şərtlərinə uyğun şəkildə qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan X3 ksero surətindən görünür ki, X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan Salyan Regional “ASAN Xidmət” X6 tərəfindən Ərizəçi ünvanlanmış 09 oktyabr 2024-cü il tarixli məktubla müəyyən olunur ki, xx.xx.2024-cü il tarixədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün akt qeydləri üzrə yoxlama aparılmış və xx.xx.2024-cü il təvəllüdlü X1 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən iddia etdikləri ölüm faktının qeydə alınmasından imtina olunur. Əlavə olaraq bildirmişlər ki, müraciətə baxılmasının nəticəsindən sizin subordinasiya və məhkəmə qaydasında şikayət etmək, eyni zamanda iddia etdiyi ölümün qeyd edilmə faktının müəyyən olunması üçün məhkəmədə iddia qaldırmaq hüququ vardır. İş materiallarında olan 28 avqust 2024-cü il tarixli aktdan görünür ki, Salyan rayonu Alçalı kənd sakini X5 qardaşı oğlu mərhum X4 xx.xx.2024-cü il tarixində Bakı şəhərində anadan olmuş və vəfat etdiyi günə kimi Alçalı kəndində qeydiyyatda olmasına baxmayaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşamışdır. Qeyd: X4 xx.xx.2024-cü il tarixində ailə üzvlərinə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən fərdi yaşayış evində qəflətən ürək tutması xəstəliyindən vəfat etmişdir və mərhum hal-hazırda Salyan rayonu Alçalı kənd qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan 2 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının məktubundan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə 2 saylı Birləşmiş Şəhər Xəstəxanasının qeydiyyatına götürülmüşdür. Uşaq müayinə olunmuş, uşaq anadangəlmə ürək qüsurlu doğulmuşdur. Uşaq xx.xx.2024-xx.xx.2024-cü il tarixində Bakı Şəhər Yeni Klinikada stasionar müalicə almışdır. Aparılan müalicələrə baxmayaraq uşağın vəziyyətində müsbət dinamika olmamışdır. xx.xx.2024-cü il tarixində ana ilə uşağın vəziyyəti haqqında əlaqə saxlanılmışdır. Ana xx.xx.2024-cü il tarixində şənbə günü axşam uşağın rəhmətə getdiyini bildirmişdir. Uşaq rəhmətə gedən vaxt valideyn tibb müəssisəsinə müraciət etməmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-2316/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina olunmuşdur. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2791/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı “ölüm haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan qəbir daşının iki ədəd fotoşəkilindən görünür ki, X4 xx.xx.2024-cü ildə doğulmuş, xx.xx.2024-cü ildə vəfat etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X4 xx.xx.2024-cü ildə Bakı şəhərində anadan olmuş və xx.xx.2024-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən fərdi yaşayış evində vəfat etmişdir. Mərhum Salyan rayonu, Alçalı kənd qəbiristanlığında dəfn olunmuşdur. Lakin onun ölüm faktı qanunla müəyyən olunmuş qaydada qeydiyyata alınmamışdır. Ərizəçi oğlunun ölümünün qeyd edilməsi haqqında sənədləri başqa qaydada ala bilmədiyi üçün və mərhumun vəfatından sonra müvafiq qaydada vərəsəliklə bağlı müvafiq hərkətlərin edilməsi, vərəsələyin açılması və miras əmlaka dair qanunvericilikdə müəyyən olunmuş hərəkətlərin edilməsi məqsədilə məhkəməyə müraciət etmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. MPM-in 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. MPM-in 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X1 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi oğlu X1 xx.xx.2024-cü il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. MPM-in 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. MPM-in 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. MPM-in 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməklə xx.xx.2024-cü il təvəllüdlü, Bakı şəhərində anadan olmuş X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.2024-cü il təvəllüdlü, Bakı şəhərində anadan olmuş X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə münasibətdə müvafiq ölüm haqqında şəhadətnamənin verilməsi üçün hüquqi əsas kimi çıxış etsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar