Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-3147/2025 29.10.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, İddiaçı oğlunun, Cavabdeh İB-nin X6 İstismar idarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqı və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqı və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 20 avqust 2025-ci il tarixli 142-2-9/3-1k-719/2025 saylı əmrin ləğv edilməsi, təhsilinə, iş stajına və peşəkarlıq səviyyəmə uyğun olaraq Neftçala XS-i Qəza Bərpa Xidmətində usta vəzifəsinə işə bərpa olunmağı barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının Neft-Qaz-Mədən fakültəsinin “Neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks məxanikləşdiriməsi" ixtisası üzrə tam kursu bitirmiş və ona “dağ-mədən mühəndisi” ixtisası verilmişdir. xx.xx.2004-cü il tarixdə "Azəriqaz” QSC-nin X5 İdarəsində 4-cü dərəcəli çilingər-nəzarətçi peşəsinə işə qəbul edilmişdir. xx.xx.2004-cü il tarixdə Neftçala Qİİ-nin o vaxtki rəhbərliyi bu idarədə çalışan yüzdən artıq işçi arasında tək ali təhsili neft-qaz mədən mütəxəssisi olduğu üçün onu, gələcəkdə özünə rəqib görür. ARnın Əmək Məcəlləsinin 70-ci məddəsinin "Ç” bəndinə əsasən işdən azad edilmişdir. Hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmiş və Neftçala rayon məhkəməsinin qətnaməsinə əsasən, itirilmiş iş günlərinin əmək haqları ödənilməklə xx.xx.2005-ci il tarixdən əvvəlki iş yerinə bərpa edilmişdir. Həmin tarixdən, xx.xx.2025-ci il tarixədək X5 idarəsində (sonralar Səlyan RQİİ Neftçala Xidmət - Sahəsi adlandırmışdır) Qəza-Dispetçer Xidmətində (sonralar Qəza-bərpa xidməti adlandırılmışdır) çilingər mühəndis, dispetçer vəzifələrində işləmiş, xx.xx.2021-ci il tarixdən isə ştat cədvəlində aparılan dəyişiklərə əsasən Neftçala rayonu üzrə QDX-nə 5-ci dərəcəli yerli telefon rabitəsinin telefonçusu peşəsinə işə keçirilmişdir. 2025-ci ilin fevralında bildirilmiş ki, telefonçuların biliklərinin yoxlanması üçün test imtahanı keçiriləcək və bu imtahanların nəticələrinə əsasən yeni təsdiq edilmiş ştat cədvəli üzrə işə təmin ediləcəkdir. İdarədə fasiləsiz işlədiyi iyirmi ildən artıq müddət ərzində, bir neçə dəfə belə ştat dəyişiklikləri üzrə üzləşmişdir. Bu hal idarənin adının dəyişdirilməsindən başlamış, faktiki olaraq eyni əmək funksiyasının yerinə yetirilməsinə baxmayaraq peşənin adının dəyişdiriməsinədək müxtəlif hallarda özünü biruzə vermişdir. 2025-ci ilin əvvəlində "xxxx" İB-də tətbiq edilən yeni əməliyyat modelinə keçidlə əlaqədar Qəza-bərpa xidmətində telefonçu peşəsi ləğv edilmiş, əvəzində eyni əmək funksiyaları ilə usta peşəsi təsis edilmişdir. Bu səbəbdən fikirləşmiş ki, test imtahanlarının nəticələrinə əsasən yeni təsis edilmiş usta vəzifəsinə işə təyin ediləcəkdir. xx.xx.2025-ci il tarixdə, SOCAR-ın baş ofisində İstedadların idarə edilməsi və Biznes Tərəfdaşlığı Departamentində keçirilən test imtahanlarında iştirak etmiş və ən yüksək bal toplayan dörd nəfərdən biri olmuşdur. 26.02. 2025-ci il tarixdə Salyan RQİİ-nə dəvət edilmiş və bildirilmiş ki, Salyan RQİT-də "Rejimlərə nəzarət və dispetçer şöbəsində" dispetçer vəzifəsinə işə təyin edilmişdir. Təklif edilən iş yerinin yaşadığı Neftçala şəhərindən 50 km-dən artıq məsafədə olması, gediş-gəliş üçün nəqliyyat vasitəsinin ayrılmaması, eləcə də yol haqqının ödənilməməsi, iş rejiminin 12 saatlıq olması səbəbindən işə vaxtlı-vaxtında gəlib-getməyinin onun üçün problem olmasını əsas gətirib, Neftçala Xidmət Sahəsində Qəza bərpa xidmətində vakant olan beş usta vəzifəsindən birinə təyin edilməyini xahiş etmişdir. Lakin Salyan RQİİ-nin rəhbərliyi bu vəzifələrə, bir nəfəri istisna olmaqla, bu sahədə heç bir təhsili, səriştəsi olmayan, heç bir test imtahanından keçməyən, işlədikləri peşələr ixtisara düşdüyü üçün faktiki olaraq işdən çıxarılmalı olan, biri qadın olmaqla beş nəfəri təyin etmiş və bununla bağlı Cavabdeh İBnin rəhbərliyinə şikayət ərizələri ilə müraciət etmişdir. Müraciətləri araşdırılmadan müxtəlif tarixlərdə, Salyan RQİİ-nin rəhbərliyi tərəfindən ona standart, eyni məzmunlu cavablar göndərilərək bir növ onu başlarından rədd etmişlər. Belə olduğu təqdirdə şikayət ərizəsi ilə X3 Xidmətinin Şirvan-Salyan regional şöbəsinə müraciət etməklə yanaşı, yaranmış mübahisənin məhkəmə müstəvisində həlli üçün qanunamüvafiq şəkildə Salyan 1saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Salyan 1 saylı Mediasiya Təşkilatında xx.xx.2025ci il və xx.xx.2025-ci il tarixlərinə təyin edilən ilkin mediasiya sessiyalarının heç birində müvafiq məlumatlandılırmalarına baxmayaraq nə Cavabdeh İB-nin, nə də Salyan RQİİ-nin əməkdaşları iştirak etməmişlər. Test imtahanlarında iştirak etməli olduğu barədə təqdim edilən xx.xx.2025-ci il tarixli məlumatlandırma barədə bildirişdə işlədiyi ştatın ləğv edilməsi barədə hər-hansı məlumat olmadığı halda, xx.xx.2025-ci il tarixdə Salyan RQİİ-də ona təqdim edilən sənəddə göstərilir ki, işlədiyi ştat "xxxx" İB-nin xx.xx.2024-cü il tarixli əmri ilə ixtisar olunmuşdur. Bu barədə rəsmi xəbərdarlıq məktubu isə ona ümumiyyətlə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. 20 ildən artıq Neftçala XS-də işlədiyi müddət ərzində işçi olaraq attestasiyadan keçdiyi halda yenidən test üsulu ilə imtahanlara cəlb edilməyi Əmək Məcəlləsinin bu maddəsi ilə ziddiyyət təşkil edir. Digər tərəfdən bu Məcəllənin “Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatlar" haqqında bəhs edilən Xİ Fəslin 78-ci maddəsinə göstərilir ki, ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasının (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Qeyd etdiyi kimi ali təhsilli neft-qaz mədən mühəndisidir, 20 ildən çoxdur ki, fasiləsiz olaraq eyni vəzifədə çalışır, bu illər ərzində də dəfələrlə attestasiyadan keçmiş, son test imtahanlarında Salyan RQİİ-İ üzrə ən yüksək bal toplayan 4 nəfərdən biri olmuşdur. Bütün bunlara rəğmən niyə Salyan RQİİ-i Neftçala XS-də olan beş vakant usta vəzifəsindən biri təklif edilmir, əvəzində isə bu vəzifələrə təhsili, iş staiı, səriştəsi ondan aşağı olan, heç bir imtahan verməyən yeni şəxslər təyin edilir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd olunanları bir daha təsdiq edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin X6 İstismar idarəsinin nümayəndəsi X2 məhkəməyə vəsatətlə müraciət edərək bildirmişdir ki, İddiaçı iddia tələbini "Azəriqaz” İstehsalat Birliyinin rəsmi qeydə alındığı yer üzrə, yəni Xətai rayon Məhkəməsinə verməli olduğu halda, Salyan rayon Məhkəməsinə müraciət etmişdir. Odur ki, mülki işin aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya"nın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında olan münasibət əmək mübahisəsidir. Odur ki, hazırki mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Lakin iddiaya cavab verməli olan hüquqi şəxsin ünvanı Bakı şəhərinin Xətai rayonu ərazisi olduğundan iddiaçı tərəfindən iddia ərizəsinin baxılması ilə bağlı ərazi aidiyyəti ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ərazi aidiyyəti ilə bağlı tələblərə uyğun olaraq baxılmalıdır. MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-in 32.-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər; MPM-in 32.6-ci maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir; MPM-in 33-cü maddəsinə, birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi bu fəsillə müəyyən olunur. MPM-in 34-cü maddəsinə əsasən, məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələri tərəfindən baxılır. MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər; MPM-in 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. MPM-in 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. MPM-in 45.2-ci maddəsinə əsasən Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. MPM-in 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır; MPM-in 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir; MPM-in 269.3-ci maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 35, 44, 45, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqı və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-3147/2025
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-3147/2025
29.10.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver