Məhkəmə qərarları › İş №2(057)-387/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-387/2024

25.01.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-387/2024 25.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X5 qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış “Barışıq Sazişi”-nin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, mediator X3 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli onunla Maraqlı şəxs arasında bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mediator X3 tərəfindən xx.xx.2023-cü ildə Ərizəçi ilə Maraqlı şəxs arasında barışıq sazişi təsdiq edilməklə 21 iyun 2016-cı il təvəllüdlü X2 və 18 noyabr 2017-ci il təvəllüdlü X4 üçün hər uşağa 200 manat olmaqla, hər ay 400 manat aliment Maraqlı şəxs tərəfindən Ərizəçi ödənilməsi, birgə nikah dövründə əldə edilmiş 21 dekabr 2020-ci ildə 29000 manata alğı-satqı edilmiş ünvan 1 ünvanda yerləşən 53.2 kvadratmetr sahədən ibarət müddətsiz Maraqlı şəxs adında olan mənzili Ərizəçi bağışlaması, X9 Xidmət Mərkəzində Notariat Ofisində bağışlanma müqaviləsinin bağlanılması öhdəsinə götürməsi barədə razılığa gəlmişdir. 100 manat mediasiya üçün tərəfindən rüsum ödənilmişdir. Maraqlı şəxs tərəfindən qeyd olunmuş xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişindəki öhdəliklər könüllü icra edilməmişdir. Barışıq Sazişinin şərtlərinə görə saziş məhkəmə tərəfindən təsdiq edilməsi mütləqdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi bildirmişdir ki, mediasiya sessiyasına nikahın pozulması, birgə nikahlarından doğulmuş uşaqların onun yanında qalması, aliment və birgə nikah dövründə əldə olunmuş əmlak tələbi ilə bağlı müraciət etmişdir. Maraqlı şəxslə birlikdə mediasiya prosesində iştirak etmişlər. Maraqlı şəxsə heç bir təzyiq göstərilməmişdir. Əksinə, Maraqlı şəxs onunla birlikdə mediasiyaya gedərək məsələnin həll edilməsini təklif etmişdir. Mediasiya prosesində aralarında razılığa gəlmişlər. Lakin barışıq sazişində olan dörd tələbdən üçü maraqlı şəxs tərəfindən icra olunur. Ona görə də, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs bildirmişdir ki, Ərizəçi ərizə verərək evin onun adına keçirilməsi ilə bağlı bağışlama müqaviləsinin bağlanmasını tələb edir. O bununla razı deyildir. Evin bərabər bölünməsini tələb edir. Barışıq sazişi bağlandıqdan bir gün sonra mediasiya şurasına şikayət etdiyini, sazişin evə dair hissəsi ilə razılaşmadığını və sazişin həmin hissədə ləğv edilməsini xahiş etmişdir. Ona bildirilmişdir ki, bu barədə məhkəməyə müraciət etməlidir. O mülkiyyət hüququnun bərpa olunmasını istəyir. Ona ərizəçi təsir göstərdiyi üçün mediasiya prosesi zamanı nəyə imza atdığını tam başa düşməmişdir. Gülnar ona aliment və uşaqların onda qalması ilə bağlı hədələmişdir. Həmçinin Gülnar ona bildirmişdir ki, evdə olan payı ¼ hissədədir. Mənzilin bazar qiyməti 70.000 (yetmiş min) manatdır. Birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi ilə bağlı iddia ərizəsi Salyan Rayon Məhkəməsinin icraatındadır. Ona görə də, məhkəmədən ona köməklik göstərilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, ərizəni və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutları tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Salyan rayon İcra Hakimiyyəti Başçısı aparatının müavini Rəşad Cəbrayılov tərəfindən X9 xidmət mərkəzində fəaliyyət göstərən Notariat ofisinə ünvanlanmış 28 noyabr 2023-cü il tarixli, 5-71/2-903/2023 saylı məktubun ksero surətindən görünür ki, Salyan rayon İcra Hakimiyyətinin balansında olan, ünvan 3 ünvanında yerləşən mənzildə yaşayan Maraqlı şəxs rayon İcra Hakimiyyətinə müraciət edərək həmin mənzilə olan istifadə hüququnun bağışlanmasına icazə verilməsini xahiş etmişdir. Qeyd olunan mənzilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysetri Xidmətinin çıxarışının olmasını nəzərə alaraq Maraqlı şəxs ünvan 3 ünvanında yerləşən mənzil üzərində olan istifadə hüququnun onun tərəfindən digər şəxsə bağışlanılmasına etiraz edilməmişdir. xx.xx.2023-cü il tarixli Barışıq sazişindən görünür ki, tərəflər-Ərizəçi və Maraqlı şəxs israrla nikahın pozulmasını tələb edir. Tərəflər xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017ci il təvəllüdlü X4 anası Ərizəçi yanında saxlanılması barədə razılığa gəlmişlər. Tərəflər xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X4 üçün hər uşağa 200 manat olmaqla hər ay 400 manat aliment ataları Maraqlı şəxs tərəfindən anaları Ərizəçi ödənilməsi barəsində razılığa gəlmişlər. Maraqlı şəxs bildirir ki, birgə nikah dövründə əldə edilmiş xx.xx.2020-ci ildə 29000 (iyirmi doqquz min) manata alğı-satqı edilmiş ünvan 4 ünvanında yerləşən 53.2 kv.m sahədən ibarət müddətsiz Maraqlı şəxs adında olan mənzili Ərizəçi bağışlayır və X9 xidmət mərkəzində Notariat Ofisində bağışlanma müqaviləsi bağlamağı öhdəsinə götürür. Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355- 26.1.1 barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2 barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən Barışıq Sazişinin bir hissəsinin təsdiq edilməsinə o halda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmin Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Göründüyü kimi, tərəflərin arasında bağlanılmış barışıq sazişi ilə tərəflərin birgə nikahlarında olan uşaqların ananın yanında qalması və alimentlə bağlı hissəsi maraqlı şəxs tərəfindən icra edilsə də ünvan 4 ünvanında yerləşən 53.2 kv.m sahədən ibarət müddətsiz Maraqlı şəxs adında olan mənzilin Ərizəçi bağışlamaya dair X9 xidmət mərkəzində Notariat Ofisində bağışlanma müqaviləsinin təsdiq edilməsi ilə bağlı öhdəlik icra edilməmişdir. Belə ki, Maraqlı şəxs barışıq sazişi bağlandıqdan bir gün sonra mediasiya şurasına şikayət etdiyini, barışıq sazişinin mənzilə dair hissəsi ilə bağlı yanıldığı başa düşdüyü üçün sazişin həmin hissəsini icra etməkdən imtina etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin ailə münasibətlərində bir müddət əvvəldən narazılıqlar yaranmağa başlanmış, ərizəçi nikah münasibətlərini bitirmək, maraqlı şəxs isə ailə münasibətlərini qoruyub saxlamaq arzusunda olmuşdur. Ərizəçinin təşəbbüsü ilə barışıq sazişi bağlanmışdır. Maraqlı şəxs barışıq sazişini qismən, yəni xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 Ərizəçi yanında saxlanılması və hər uşaq üçün 200 manat olmaqla hər ay 400 manat alimenti ödəməsi ilə bağlı hissəsini icra edir. Maraqlı şəxsin istifadə hüququ olduğu və alğı-satqı müqaviləsinə əsasən əldə etdiyi mənzili ərizəçiyə bağışlayacağına dair müqavilə bağlamaqdan imtina edir. Həmçinin, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçi mediasiya prosesinin tətbiqi barədə təklifi maraqlı şəxsə əvvəlcədən təqdim etməmişdir. Halbu ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən, tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formada sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişi qismən - xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X4 anası Ərizəçi yanında saxlanılması, tərəflər xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X4 üçün hər uşağa 200 manat olmaqla hər ay 400 manat aliment ataları Maraqlı şəxs tutularaq anaları Ərizəçi ödənilməsi hissələrində təsdiq edilməli, barışıq sazişinin qalan hissədə təsdiqindən imtina edilməlidir. Belə ki, Maraqlı şəxs mənzili bağışlayacağına dair barışıq sazişi ilə öz üzərinə öhdəlik götürsə də bağışlama müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Eyni zamanda iş materiallarına əlavə edilmiş iddia ərizəsindən də müəyyən olunur ki, maraqlı şəxs “birgə əmlakın bölünməsi barədə” iddia tələbi ilə Salyan Rayon Məhkəməsinə müraciət etmişdir və hazırda qeyd olunan mübahisə ilə bağlı məhkəmənin icraatında 2(057)-362/2024 saylı mülki iş var. Odur ki, tərəflər arasında əmlak bölgüsünə dair məhkəmə qaydasında mübahisə mövcuddur, belə ki, mənzillə bağlı mübahisəyə müvafiq mülki işdə baxılıb hüquqi qiymət veriləcəkdir. Sadalanan xüsusatların kontekstində məhkəmə hesab edir ki, maraqlı şəxsin barışıq sazişinin ünvan 4 ünvanında yerləşən 53.2 kv.m sahədən ibarət müddətsiz Maraqlı şəxs adında olan mənzili Ərizəçi bağışlayır və X9 xidmət mərkəzində Notariat Ofisində bağışlanma müqaviləsi bağlamaq öhdəliyinin könüllü icrasından imtina etməsi səbəbindən həmin hissədə sazişin təsdiq edilməsi barədə ərizəçinin tələbi əsassızdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişi qismən - aşağıdakı şərtlərlə təsdiq edilsin: xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X4 anası Ərizəçi yanında saxlanılsın. xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X4 üçün hər uşağa 200 manat olmaqla hər ay 400 manat aliment ataları Maraqlı şəxs tutularaq anaları Ərizəçi ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin və barışıq sazişi qalan hissədə təsdiq edilməsin. Alimentin tutulması vaxtı xx.xx.2023-cü il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar