Məhkəmə qərarları › İş №2(057)-58/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-58/2024

23.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-58/2024 23.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 11.832 manat məbləğində dəymiş ziyanın və məhkəmə rüsumu kimi ödənilmiş 125.50 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, Salyan şəhəri Ə.Hüseynov küçəsi ev 18-də yerləşən mənzil onundur və həmin evin təmiri ilə bağlı xx.xx.2020-ci il tarixdə usta Cavabdeh1 müraciət etmişdir. Usta evin divarına, hasara kafel vurmuşdur. Həmin vaxt neçə kvadrat kafelin və hansı qiymətə vurması barədə məlumat yadında qalmamışdır.Amma usta-Həbibə 6500 manat pul vermişdir. İstifadə olunmuş materialları usta ilə birlikdə almışdır. Həbib dostu Faiqlə birlikdə işləmişdir və 8-9 ay işlədikdən sonra işi qurtarmışlar. Özü işləyə-işləyə onların pullarını vermişdir. İşə başladıqda onlardan vurulan kafelin dağılıb-dağılmayacağını soruşmuş, sonuncular isə dağılmayacağını bildirmişlər.Lakin bir ildən sonra kafellər aralanmağa başlamışdır. Özü bütün kafellərin uçulduğunu görmüş və Həbibə zəng edərək evin kafellərinin qopduğunu bildirmişdir. Həbib isə gəlib baxacağını demiş, lakin gəlməmişdir. Sonradan Həbib işi təhvil verdiyini bildirmiş, özü isə Həbibə məhkəməyə müraciət edəcəyini demişdir. On beş min manata yaxın xərcinin çıxdığını, ustaların ona divarın əyri olduğunu demədiklərini bildirərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.Eyni zamanda iş üzrə əlavə məhkəmə ekspertizasının təşkil olunmasına etirazının olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, xx.xx.2020-ci ildə dostu Faiq ona zəng vuraraq iş olduğunu demişdir. Belə ki, onlar birlikdə Sədaqətin evinə getmiş və orada Sədaqətlə kafelin hər kvadratını 7 manata vurmağa razılaşmışlar. Razılığa əsasən kafeli evin divarına və hasara vurmalı idilər. Sədaqətlə birlikdə gedərək onun zövqü ilə lazım olan materialı bəyənib almışlar. Özü yapışqanın yaxşısını yəni “Mətanət” markasından almasını bildirmiş, lakin sonuncu 3-4 növ yəni, “Fab”, “Ekstra” və sair yapışdırıcılar almışdır. Buna səbəb “Mətanət” markalı yapışqanın baha olması olmuşdur. Özü Sədaqətə bu yapışqanın keyfiyyətinin olmayacağını, divarın da əyri olduğunu bildirmişdir.Həmçinin divarın çapılaraq yenidən suvaq vurulmalı olduğunu demişdir. Sədaqət isə suvaqçı tapa bilməyəcəyini bildirmişdir. Özləri bir nəfər Sehran adlı suvaqçı gətirmiş, lakin Sədaqət onunla qiymətdə razılaşmamışdır. Sonradan sonuncu bir nəfər gətirmiş və gələn usta da kvadratını 6 manata vurcağını demiş, ona görə də razılaşmamışlar. Sonradan özləri divarı balta ilə çapmış, yumuş və təmizləmişlər. İşlərini görəndə yenə Sədaqətə yapışqanın qalın getdiyini, divarın arxaya yıxıldığını və suvaq vurulmalı olduğunu bildirmişlər. Lakin Sədaqət razılaşmamışdır. Özü Sədaqətə belə vurulduğu halda töküləcəyini bildirmiş, lakin sonuncu bele vurulmasını tələb etmişdir. Divar hamısı sökülməmiş, ekspert gəlib onların iştirakı olmadan baxmış və düzgün rəy verməmişdir. Onlara usta pulu olaraq 2000 manat pul verilmişdir. Özləri uçulan yeri düzəltmək istəmiş, lakin Sədaqət icazə verməmişdir. İddianı qəbul etmədiyini özündə şəkil və video-çəkilişlərin olduğunu bildirərək onlara baxılmasını və iddianın əsassız olduğunu qeyd edərək, rədd olunmasını və yenidən ekspertiza təşkil olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, xx.xx.2020-ci ildə Sədaqətin evinə getmiş və kafel-metlak işini kvadratı 7 manata danışmışlar. Özü neçə kvadrat olduğunu bilmir və material alınanda iştirak etməmişdir. Həbibin sonuncu ilə material alınamasında işirak etdiyini bilmişdir. Sədaqət 5-6 dəfə yük maşınları ilə material gətirmişdir. Əvvəlcə “Mətanət” markalı yapışdırıcı, sonradan isə “Fab” və sair yapışdırıcılar gətirilmişdir. Usta pulu cəmi 2000 manat olmaqla hissə-hissə verilmişdir. İşə başlayanda Sədaqətə suvaq vurulmalı olduğu bildirilmiş, lakin Sədaqət razılaşmamışdır. Təxminən 220 kvadrat divara kafel vurulmuşdur. Hal-hazırda 30x60 kafelin kvadratının 13,50 olduğunu, 30x90 kafelin neçəyə olduğunu bilmədiyini və 190 ədəd yapışdırıcının istifadə olunmadığını qeyd edərək idianın rədd olunmasını və iş üzrə təkrar ekspertiza təşkil olunmasını xahiş etdi. Məhkəmədə elan olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmalkın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, xx.xx.2012-ci il tarixində hüquqları ********** nömrəsi ilə qeydiyyata alınmış, xüsusi mülkiyyət növündə ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi İddiaçı adına qeydə alınmışdır. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin fasad, sol tərəfindəki divarı, qarajı və hasarına təmirdən sonra dəymiş ziyanın məbləğinin hesablanması haqqında hesabatdan görünür ki, aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, fərdi yaşayış evinin fasad, qaraj, sol tərəfdəki divar və hasarına təmirdən sonra dəymiş ziyanın məbləği 11831,80 manat hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/2023 saylı ekspert rəyindən görünür ki, iddaçıya məxsus yaşayış evinin fasad, çöl tərəfdəki divarları, qarajı və hasarın divarında yaranmış qüsurların aradan qaldırılması üçün yerinə yetirilməli olan təmir tikinti işlərinin orta bazar qiymətinə uyğun dəyəri təqribən 11426 manat məbləğində müəyyən olunmuş, fasadda, qarajda, evin sol tərəfindəki divarda və hasara vurulmuş keramoqranitlər aralandığı, şişdiyi və bəzi yerlərdə qoparaq düşdüyü üçün zərər dəymiş yerlərin bərpası üçün keramoqranitlərin sökülərək yünisi ilə əvəzlənməsi məqsədəuyğun hesab edilmişdir. Məhkəmə baxışı zamanı cavabdeh tərəf iş üzrə verilmiş ilkin ekspet rəyinə etiraz etdikləri üçün təkrar məhkəmə ekspertizası keçirilmiş və rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3- 16-16/2-10/1655 saylı ekspert rəyindən görünür ki, Salyan şəhəri,Ə.Hüseynov küçəsi 18də yerləşən fərdi yaşayış evinin fasad,çöl tərəfdəki divarları, qarajı və hasarın divarında yaranmış qüsurların aradan qaldırılması üçün yerinə yetirilməli olan təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 11426,00 manat məbləğində müəyyən olunmuşdur. Tədqiq olunan tikililər üzrə fasadda, qarajda, evin sol tərəfindəki divarda və hasara vurulmuş keromoqranitlər aralanmış, şişmiş və bəzi yerlərdə qoparaq düşmüşdür. Zərər dəymiş yerlərin bərpası üçün keromoqranitlərin sökülərək yenisi ilə əvəzlənməsi məqsədəuyğundur. Tədqiq olunan tikililərdə görülmüş işlərin yararsız vəziyyət düşməsi divarlara vurulmuş kafel və keramika yapışdırıcısının həddindən artıq vurulması səbəbindən olmağa xarakterikdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, hər iki cavabdeh iddiaçının sifarişi əsasında ona məxsus yaşayış və sair tikililərinin təmir ilə bağlı təmir tikinti işləri görmüş, lakin cavabdehlər həmin işləri görərəkən təmir-tikinti qaydalarına əməl etməmiş və nəticədə gördükləri iş yararsız olmuşdur. Cavabdehlərin hərəkəti nəticəsində iddiaçıya maddi zərər dəymişdir. İddiaçı ərizədə həmin zərərin 11832 manat olduğunu qeyd etmiş olsa, belə ekspert rəyi ilə həmin məbləğ 11426,00 manat olması müəyyən olunmuşdur.Məhkəmə ekspert rəyində qeyd olunan dəyəri daha əsaslı hesab etdiyi üçün həmin məbləğdə iddianın təmin olunmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasibə olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 alınaraq X1 Xəzinədarlığı Agentliyinin 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 11426 manat məbləğində dəymiş ziyan və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 121,20 manat alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq X1 Xəzinədarlığı Agentliyinin 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar