Məhkəmə qərarları › İş №2(058)-1190/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1190/2025

15.10.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1190/2025 15.10.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X12 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X3, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Hüseynova (Əliyeva) Aysel Namiq qızının Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Hüseynova (Əliyeva) Aysel Namiq qızı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri 1 saylı Mediasiya Təşkilatında 25 avqust 2023-cü il tarixdə Maraqlı şəxs ilə onun arasında imzalanmış barışıq sazişinin təsdiq edilməsi və ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun Maraqlı şəxs tutularaq, ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli 2(125)-610/2023 nömrəli qətnaməsinə əsasən cavabdeh Maraqlı şəxs ilə onun 05 avqust 2011-ci il tarixdə Gəncə şəhər Qeydiyyat şöbəsində bağlanmış nikahı pozulmuşdur. Məhkəməyə qədər mediasiya prosesi nəticəsində barışıq sazişi imzalanmış, 25 avqust 2023-cü il tarixli sazişə əsasən, sazişin 2-ci bəndində Maraqlı şəxs birgə nikahdan anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 onun himayəsində qalmasına etiraz etməmiş, həmin sazişin 3-cü bəndində isə Maraqlı şəxs hər ay hər uşağa görə uşaqların yetkinlik yaşlarına çatanadək 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment ödənişini hər ayın 1-dən 15-dək olan müddət ərzində onun bank hesabına ödəniş edəcəyinə dair üzərinə öhdəlik götürmüşdür. Sazişin 24-cü bəndinə əsasən imzalandığı tarixdən qanuni qüvvəsini almış, eyni zamanda saziş imzalandığı gündən məcburi xarakter daşıyır, lakin saziş üzrə öhdəlik götürmüş Maraqlı şəxs öhdəliyini qəsdən icra etməkdən imtina etmişdir. O, barışıq sazişinin məcburi icra edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir, barışıq sazişi qüvvədə olduğu gündən hazıradək Maraqlı şəxs uşaqların saxlanılması üçün aliment məbləğini ödəməmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X3 qızı ərizəyə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, barışıq sazişinin alimentlə bağlı hissəsini maraqlı şəxs icra etmir. Hazırda uşaqlar anasının yanındadır. Maraqlı şəxs hazırki vaxtadək aliment ödəməmişdir. Məhkəmədən barışıq sazişinin alimentə dair hissəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Maraqlı şəxs bildirdi ki, onların nikahı pozulmuş, mediasiyada 100 manat məbləğində alimentə razılaşmışlar. Həmin vaxtdan onun ailəsi yanında olmuş, lakin hazırda ailəsi onun yanında deyil. Qaynanası yoldaşını və uşaqları iyun ayında aparmışdır. Ərizənin təmin olunmasına etiraz etmədi. Məhkəmə ərizəçinin nümayəndəsini və maraqlı şəxsi dinləyib, ərizəni, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2016-cı il tarixdə ASAN-Gəncə tərəfindən verilmiş AZE seriyalı 12429141 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əliyeva Gülarə xx.xx.2011-ci il tarixdə doğulmuşdur, atası Maraqlı şəxs, anası Əliyeva Ayseldir. İşdə olan xx.xx.2016-cı il tarixdə Gəncə-Nizami RPİ tərəfindən verilmiş AZE seriyalı 12653031 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əliyev Amin xx.xx.2014-cü il tarixdə doğulmuşdur, atası Maraqlı şəxs, anası Əliyeva Ayseldir. İşdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-6101/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, X8 ilə Maraqlı şəxs arasında 05 avqust 2011ci il tarixdə Gəncə şəhər Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 503 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixdə Gəncə 1 saylı Mediasiya təşkilatında bağlanmış barışıq sazişindən görünür ki, X1 və Maraqlı şəxs qarşılıqlı razılığa gəlmişlər ki, Gəncə şəhər Qeydiyyat şöbəsində qeydiyyata alınmış (AZ-T № 040658) 05 avqust 2011-ci il tarixli nikahın bağlanması akt qeydləri kitabında qeydiyyata alınmış 503-nömrəli nikah məhkəmə tərəfindən əlavə 3 (üç) ay vaxt verilmədən məhkəmə vasitəsi ilə nikahları pozulsun. X1 və Maraqlı şəxs qarşılıqlı razılığa gəlmişlər ki, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək birinci tərəf uşaqların anası X6 himayəsində qalmasına, ikinci tərəf uşaqların atası Maraqlı şəxs etiraz etmir. X1 və Maraqlı şəxs qarşılıqlı razılığa gəlmişlər ki, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək hər ay hər uşağa görə 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment ödənişini hər ayın 1-dən 15-dək müvafiq olaraq birinci tərəf uşaqların anasının Bank hesabına ödəniş edəcəyinə dair ikinci tərəf uşaqların atası Maraqlı şəxs öhdəlik götürür. X1 və Maraqlı şəxs qarşılıqlı razılığa gəlmişlər ki, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək ikinci tərəf uşaqların atası Maraqlı şəxs ilə ünsiyyətdə olmalarına mane olmayacağına dair birinci tərəf uşaqların anası X8 öhdəlik götürür. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, ərizəçi Hüseynova (Əliyeva) Aysel Namiq qızı ilə Maraqlı şəxs birgə nikahlarından xx.xx.2011-ci tarixdə Gülarə və xx.xx.2014-cü il tarixdə Amin adlı uşaqları doğulmuş, uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün Maraqlı şəxs hər ay hər uşağa görə hər ayın 1-dən 15-ə dək 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin alınaraq, ərizəçiyə verilməsi ilə bağlı tərəflər arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Lakin qanunda nəzərdə tutulmuş müddət ərzində Maraqlı şəxs tərəfindən barışıq sazişinin alimentlə bağlı hissəsi könüllü qaydada icra edilməmişdir. Ona görə də, ərizəçi mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icrası üçün təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355- 26.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Həmin Məcəllənin 75.1ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlama borcludurlar. Həmin Məcəllənin 75.4cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin alimentlə bağlı hissəsini könüllü şəkildə lazımınca icra etməmişdir. Bu halı təkzib edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün əsaslar qanunvericiliklə nəzərdə tutulmuşdur. İmtina üçün qeyd edilən əsaslardan hər hansı biri iş materialları ilə müəyyən olunmur, habelə maraqlı şəxs sazişlə üzərinə götürdüyü öhdəliyin icrasından azad olunmasına dair sübut təqdim etməmişdir. Belə olan halda, ərizə təmin edilməlidir. Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs ilə Hüseynova (Əliyeva) Aysel Namiq qızının arasında xx.xx.2023-cü il tarixdə bağlanmış, Maraqlı şəxs xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin hər ayın 1-dən 15-dək alınaraq, Hüseynova (Əliyeva) Aysel Namiq qızına ödənilməsinə dair barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilməlidir. İş materiallarından görünür ki, ərizəçi aliment tələbi ilə bağlı mediatora müraciət etmiş və mediasiya prosesi nəticəsində barışıq sazişi xx.xx.2023-cü il tarixdə bağlanılmışdır. Buna görə də, məhkəmə hesab edir ki, alimentin tutulma müddəti hazırkı ərizənin məhkəməyə verildiyi vaxtdan deyil, barışıq sazişində razılaşdırılmış müddətdən başlanmalı və qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maraqlı şəxs 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq, Hüseynova (Əliyeva) Aysel Namiq qızına ödənilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Hüseynova (Əliyeva) Aysel Namiq qızı ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə bağlanmış, Maraqlı şəxs xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin hər ayın 1-dən 15-dək alınaraq, Hüseynova (Əliyeva) Aysel Namiq qızına ödənilməsinə dair barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq, Hüseynova (Əliyeva) Aysel Namiq qızına ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar