Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-249/2023 17.04.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi “şəxsin ölməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 12 may 1954-cü il tarixdə doğulmuş anası X3 12 mart 2019-cu il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X6 12 may 1954-cü ildə anadan olmuşdur. Uzun illər Gəncə şəhərində yaşamış və 2009-cu ildən “şəkərli diabet ağır forma tip 2” diaqnozu ilə qeydiyyatda olmuşdur. Anası özünəməxsus ünvan 1 ünvanda olan mülkünü satıb, 22 iyun 2017-ci ildə Xırdalana köçmüş və Xırdalan şəhəri “ünvan 2 ünvanda yerləşən mənzili almış və rəhmətə gedənə qədər də həmin mənzildə yaşamışdır. 12 mart 2019-cu il tarixdə anasının halı pisləşmiş və onlar təcili yardıma zəng edib məlumat verənə, təcili yardım ünvana çatana qədər anası rəhmətə getmişdir. Bu barədə təcili yardımın aktı var. Anasını Xırdalan qəbirstanlığında dəfn etmişlər və şəkili ərizəyə əlavə olunmuşdur. Qanunun dəqiqliyini bilmədikləri üçün və anasının ölümündən sonra onun səhhətində baş verən problemlərə görə ölüm haqda şəhadətnaməni vaxtında ala bilməmişlər. Ona görə də ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasıni xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılıb qanuna müvafiq qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, Sevinc onun dostunun arvadıdır, həmçinin onlar qonşudurlar. Ofelya xanım da həmin binada yaşamışdır. Ofelya xanım öləndə səs-küyə o da çıxmış və Ofeliya xanımın binanın girişində öldüyünü və nəvəsi Eltonun onun yanında olduğunu görmüşdür. Həmin vaxt təcili yardıma zəng olunmuşdur. Ofelya xanımın öldüyü vaxt 2019-cu il Novruz bayramı ərəfələri olmuşdur. Dəfndə və yas mərasimində oda iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, Sevinc onun qonşusudur, bir binada yaşayırlar. Ofelya xanım öləndə səs-küyə oda cıxmış Ofelya xanımın binanın girişində öldüyünü görmüşdür. Həmin vaxt təcili yardıma zəng olunmuşdur. Ofelya xanımın öldüyü vaxt 2019-cu ildə Novruz bayramı ərəfələri olmuşdur. Dəfndə və yas mərasimində oda iştirak etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq belə qənaətə gəlir ki, ərizə təmin edilməli, X3 12 mart 2019-cu il tarixdə ölməsi faktı müəyyən edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 09 dekabr 2022-ci il tarixli, PHŞ/6.20-2-2022-1105 nömrəli məktubundan görünür ki, O. Məmmədovanın ölümünün baş vermə səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamənin tərəflərindən verilmədiyi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsinin 08 iyun 2020-ci il tarixli, 25 nömrəli arayışından görünür ki, X6 06 nömrəli şəhər polikilinikasında, xx.xx.2009-cu il tarixindən “şəkərli diabet ağır forma tip 2” diaqnozu ilə dispanser qeydiyyatında olmuş və mütəmadi olaraq şəkərsalıcı dərman preparatları ilə təmin olunmuşdur. Axırıncı dəfə 2019-cu ilin mart ayında 1 flakon İnsulatart almışdır. İş materiallarına əlavə edilmiş Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və X5 Stansiyası Xəbərdarlıq vərəqəsindən görünür ki, X6 12 mart 2019-cu il tarixdə ölmüşdür. Həkim müayinəsi zamanı onun nəbzi, təzyiqi və mərkəzi arteriyada puls müəyyən edilməmişdir, həmçinin üzərində heç bir zorakılıq əlaməti müşahidə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, X6 ərizəçinin anasıdır. 12 mart 2019-cu il tarixdə Xırdalan şəhərində ölmüşdür. Bu fakt şahidlərin bir-biri ilə və ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri ilə təsdiq olunur. Qanunun dəqiqliyini bilmədikləri üçün və anasının ölümündən sonra onun səhhətində baş verən problemlərə görə ölüm haqda şəhadətnaməni vaxtında ala bilməmişlər, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində aparılması mümkün olmamışdır. O. Məmmədovanın ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli və X3 12 mart 2019-cu il tarixdə Xırdalan şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. 12 may 1954-cü il tarixdə anadan olmuş X3 12 mart 2019-cu il tarixdə Xırdalan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-249/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-249/2023
17.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver