Məhkəmə qərarları › İş №2(058)-485/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-485/2023

06.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-485/2023 06.06.2023 SAMUX RAYON MƏKƏMƏSİ X18 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və onun vəkili X10, Cavabdeh Məmmədova (Bədəlova) Elminaz Əlifxan qızının iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Məmmədova (Bədəlova) Elminaz Əlifxan qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair mülki işə Samux Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Məmmədova (Bədəlova) Elminaz Əlifxan qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Samux Rayon Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli 58/2020 saylı qətnaməsi üzrə sənəd üzrə bölünmüş miras paylarının bütün əmlaklar üzrə naturada bölünməsi və ayrıca mülkiyyətlərinə verilməsi barədə və cavabdehlər tərəfindən ölçü işlərinin aparılmasına, çıxarışların alınmasına, qeydiyyatın aparılmasına, ona bölünmüş əmlakına köçürülməyinə və giriş çıxışa qoyulan qəsd və maneələrin aradan qaldırılması (qıfılın və qıfıl bəndlərin açılması, ayrıca açarın verilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər Məmmədova (Bədəlova) Elminaz Əlifxan qızı, Cavabdeh2, Cavabdeh3 və mərhum həyat yoldaşı X6 paylı mülkiyyət formasında Samux rayon Bağbanlar kəndində yerləşən, sahəsi 0,08 ha-dan ibarət olan həyatyanı torpaq sahəsi və Samux Rayon Aqrar İslahat Komissiyasının 02 avqust 2000-ci il tarixli 106 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,79 torpaq sahəsi verilmişdir. Sözügedən torpaq sahələrinə yeni 0,08 ha torpaq sahəsinə xx.xx.2013-cü il tarixli JN-137 A KOD 50702038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və 1,79 kənd təsərrüfat təyinatlı torpaq sahəsinə isə xx.xx.2003-cü 11 tarixli JN -0095 KOD 50702038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı işlənmiş, onun mərhum ərinin adına Samux rayonu Bağbanlar bələdiyyəsinin qərarı ilə 0,08 hektar həyətyanı torpaq sahəsi satılmış və həmin torpaq sahəsinə dair kadastr planı və sənədi verilmişdir. Samux Rayon Məhkəməsinin 27 yanvar 2020-ci tarixli 58/2020 saylı qətnaməsinə əsasən iddiası təmin edilmiş, Samux rayon Notariat ofisi tərəfindən mərhum X5 miras qalmış 0,79 ha pay torpaq sahəsindəki miras payı ilə bağlı Məmmədova (Bədəlova) Elminaz Əlifxan qızının adına 31 may 2019-cu il tarixdə 2 V-61 resyestr nömrə ilə verilmiş qanun ürə vərəsəlik hüququ haqqında şəhadətnamə tam, həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Məmmədova (Bədəlova) Elminaz Əlifxan qızının adına “X3 haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən” verilmiş 04 iyun 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış isə miras torpaq sahəsinə münasibətdə etibarsız hesab edilmiş, həmin miras torpaq sahəsi əvvəlki vəziyyətinə, yəni mərhum X7 mülkiyyətinə qaytarılmış, mərhum X5 miras qalmış torpaq sahələrinə dair qanun üzrə birinci növbə vərəsə kimi İddiaçı1, onun uşaqları olan İddiaçı2, İddiaçı3 və cavabdeh Məmmədova (Bədəlova) Elminaz Əlifxan qızının mirası qəbul etmə faktları müəyyən edilmiş, mərhum X5 miras qalmış JN 137 A KOD 50702038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə nəzərdə tutulan paylı mülkiyyətdə olan həyətyanı torpaq sahəsində onun payı olub mirasın kütləsinə daxil olan 1/4 hissənin JN 0095 (KOD ********) sayli torpağın mülkiyyət hüququna dair dövlət aktında nəzərdə tutulan paylı mülkiyyətdə olan 0,79 ha torpaq sahəsində olan payı olub mirasın kütləsinə daxil olan 1/4 hissəsinin və onun 23 mart 2007-ci il tarixdə Samux rayon Bağbanlar Bələdiyyəsinin 05 saylı protokolundan çıxarışa əsasən fərdi yaşayış evi tikmək üçün satın aldığı mirasın kütləsinə daxil olan 800 kv.m torpaq sahəsinin 1/4 hissəsi qanun üzrə birinci növbə vərəsə kimi İddiaçı1 mülkiyyətinə, 1 /4 hissəsi qanun üzrə birinci növbə vərəsə kimi İddiaçı2 mülkiyyətinə, 1/4 hissəsi qanun üzrə birinci növbə vərəsə kimi İddiaçı3 mülkiyyətinə və 1/4 hissəsi isə qanun üzrə birinci növbə vərəsə kimi Məmmədova (Bədəlova) Elminaz Əlifxan qızının vərəsə kimi mülkiyyətinə verilməklə həmin hissələrdə onların adına mülkiyyəti kimi qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehlər məhkəmə qətnaməsinin icrasına qəsdən mane törədir, mübahisəli ünvanda mütəxəssislər tərəfindən hər hansı işlərin aparılmasına imkan vermirlər. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçılar İddiaçı2 və İddiaçı3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə mülki işə iddiaçılar İddiaçı2 və İddiaçı3 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Məmmədova (Bədəlova) Əlifxan qızı iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı1 onun keşmiş gəlinidir. İddiaçı1 ilə onun mərhum oğlu X14 2006-cı ildə faktiki nikah münasibətinə girərək evlənmişlər və nikahlarını 05 oktyabr 2007-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından onların Vilayət və Hüseyn adlı iki nəfər uşaqları anadan olmuşdur. İddiaçı1 oğlu ilə evləndikdən sonra Samux rayon İnstitut qəsəbəsində onlarla birlikdə yaşamışlar. X2 23 may 2011-ci il tarixdə xəstəlikdən ölmüşdür. Oğlu öləndən bir neçə aya kimi iddiaçı onlarla birlikdə yaşamış və ondan sonra isə uşaqlarınıda götürüb Daşkəsən rayonuna atası evinə getmişdir. İddiaçı arabir gəlsə də, onların yanına gəlsə də, əsasən Daşkəsən rayonunda yaşamışdır. Mərhum oğlu X14 öləndən sonrada həm onların yaşadıqları 0.08 ha həyətyanı torpaq sahəsində, həm də 0.79 ha pay torpaq sahəsində oğluna düşən pay miras qalmışdır. 2019cu ildədə onlar 0.79 ha pay torpaqlarını satmaq istəmişlər və ona görə də, oğlu Rayətin payına tək ona qanun üzrə vərəsə kimi vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu vərəsəlik şəhadətnaməsinə əsasəndə 0.79 ha pay torpaq sahəsində olan oğlu X8 miras qalmış payı onun mülkiyyətinə keçmiş və bu barədə mülkiyyət hüququ haqqında çıxarış almışdır. Çünki onun həmin vaxt qanun üzrə birinci növbə vərəsə olan əri X9 da olmamış və əri X9 02 dekabr 1991-ci ildə ölmüşdür. Hazırda o, oğlu X7 qanun üzrə birinci növbə vərəsəsidir. Samux rayonu, Bağbanlar kəndində yerləşən 0,79 ha olan həyətyanı torpaq sahəsini qaynının oğlu almış və hazırda torpaq sahəsi onundur. Məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Samux Rayon Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli 2(058)-58/2020 nömrəli qətnaməsindən görünür ki, Samux rayon Notariat ofisi tərəfindən mərhum X5 miras qalmış 0.79 ha pay toraq sahəsindəki miras payı ilə bağlı Məmmədova (Bədəlova) Elminaz Əlifxan qızının adına 31 may 2019-cu il tarixdə 2V-61 reyestr nömrə ilə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tam, həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Məmmədova (Bədəlova) Elminaz Əlifxan qızının adına Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestirindən verilmiş 04 iyun 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarış isə miras torpaq sahəsinə münasibətdə etibarsız hesab edilməsi, həmin miras torpaq sahəsi əvvəlki vəziyyətinə, yəni mərhum X7 mülkiyyətinə qaytarılması, mərhum X5 miras qalmış toraq sahələrinə dair qanun üzrə birinci növbə vərəsə kimi İddiaçı1, onun uşaqları olan İddiaçı2, İddiaçı3 və cavabdeh Məmmədova (Bədəlova) Elminaz Əlifxan qızının mirası qəbul etmə faktlarının müəyyən edilməsi, mərhum X5 miras qalmış JN:137A (Kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə nəzərdə tutulan, paylı mülkiyyətdə olan 0.08 ha həyətyanı torpaq sahəsində onun payı olub mirasın kütləsinə daxil olan 1/4 hissənin, JN0095 (Kod ********) saylı torpağın mülkiyyət hüququna dair Dövlət Aktında nəzərdə tutulan paylı mülkiyyətdə olan 0.79 ha pay torpaq sahəsində onun payı olub mirasın kütləsinə daxil olan 1/4 hissəsinin və onun 23 mart 2007-ci il tarixdə Samux rayon Bağbanlar Bələdiyyəsinin 05 saylı protokolundan çıxarışa əsasən fərdi yaşayış evi tikmək üçün satın aldığı mirasın kütləsinə daxil olan 800 kv.m torpaq sahəsinin 1/4 hissəsi qanun üzrə birinci növbə vərəsə kimi İddiaçı1 mülkiyyətinə, 1/4 hissəsi qanun üzrə birinci növbə vərəsə kimi İddiaçı2 mülkiyyətinə, 1/4 hissəsi qanun üzrə birinci növbə vərəsə kimi İddiaçı3 mülkiyyətinə və 1/4 hissəsi isə qanun üzrə birinci növbə vərəsə kimi Məmmədova (Bədəlova) Elminaz Əlifxan qızının vərəsə kimi mülkiyyətinə verilməklə həmin hissələrdə onların adına mülkiyyəti kimi qeyd edilməsi qət edilmişdir. xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011-ci il tarixdə ölmüş X7 vərəsəsi anası Məmmədova (Bədəlova) Əlifxan qızı miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin ərazi idarəsi tərəfindən verilmiş 1262 saylı xx.xx.2019-cu il tarixli arayışa və DT və XK-nın Samux rayon şöbəsi tərəfindən xx/xx/2002ci il tarixdə verilmiş seriya nömrəsi JN 0095 KOD 50702038 olan dövlət aktı əsasən mərhum X12 məxsus ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0,79 ha torpaq sahəsində olan torpaq payından ibarətdir. AZ-İ № 332871 nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 (Məmmədova) Samirə Zahid qızı ilə 05 oktyabr 2007-ci il tarixdə nikaha daxil olmuşlar. AZ-İ № 459497 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2011-ci il tarixdə ağciyər ürək çatmamazlığı xəstəliyindən ölmüşdür. Azərbaycan Respublikası Daşkəsən rayon İcra Hakimiyyəti Daşkəsən şəhər Kommunal-Müəssisələri Kombinatının xx.xx.2020-ci il tarixli, 1948 nömrəli arayışından görünür ki, İddiaçı1 Daşkəsən şəhəri, Alunitdağ qəsəbəsi, M.Hüseynzadə 1, m.5-də yaşayır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyətin, o cümlədən xüsusi mülkiyyətin qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. (Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələri) Bu hüququn təminatlarından biri kimi Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139.1ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab olunur. Ümumbəşəri dəyər kimi mülkiyyət hüququ barədə müddəalar “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. “İnsan Hüquqlarının və X4 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə iclasında müəyyən edildi ki, Samux Rayon Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli 2(058)-58/2020 nömrəli qətnaməsi ilə Samux rayonu, Bağbanlar kəndində yerləşən 0.79 ha pay torpaq sahəsinin 1/4 hissəsi qanun üzrə birinci növbə vərəsə kimi İddiaçı1 mülkiyyətinə, 1/4 hissəsi qanun üzrə birinci növbə vərəsə kimi İddiaçı2 mülkiyyətinə, 1/4 hissəsi qanun üzrə birinci növbə vərəsə kimi İddiaçı3 mülkiyyətinə və 1/4 hissəsi isə qanun üzrə birinci növbə vərəsə kimi Məmmədova (Bədəlova) Elminaz Əlifxan qızının mülkiyyətinə verilmişdir. Lakin cavabdeh tərəf qətnamənin icrasına maneə tərədərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin dəvət edilmiş mütəxəssislərinin ölçü və digər texniki işlərin aparılmasına maneçilik törədilir. Beləliklə, göründüyü kimi iddiaçının vərəsə olaraq həyətyanı torpaq sahəsində və fərdi yaşayış evində mülkiyyət hüququ vardır. Həmin hüququn müəyyən edilməsi üçün isə İddiaçı1 ərindən miras qalmış mülkün dövlət reyestrində qeydə alınması vacibdir. Cavabdehlər isə öz etirazları ilə iddiaçıların hüquqlarını məhdudlaşdırır. Buna görə də iddia tələbi qismən təmin edilməli, cavabdehlər tərəfindən torpağın ölçülməsinə yaradılan maneə aradan qaldırılmalı, Samux rayonu, Bağbanlar kəndində yerləşən torpaq sahəsinin ölçü və digər texniki işlərin aparılması təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı1 1/4 hissə, İddiaçı2 1/4 hissə, İddiaçı3 1/4 hissə, Məmmədova (Bədəlova) Elminaz Əlifxan qızına 1/4 hissə ilə məxsus olan Samux rayonu, Bağbanlar kəndində yerləşən 0.79 ha pay torpaq sahəsindəki ölçü və digər texniki işlərin aparılmasına cavabdehlər Məmmədova (Bədəlova) Elminaz Əlifxan qızı, Cavabdeh2 və Cavabdeh3 tərəfindən edilən maneə hərəkətləri onlara qadağan edilsin, fərdi yaşayış evi üzərində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin mütəxəssisləri tərəfindən müayinə və baxış keçirilməsi təmin edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar