Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-687/2024 12.09.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh1 İsmayıl qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh1 İsmayıl qızına və Cavabdeh3 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh1 İsmayıl qızına və Cavabdeh3 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 icarə müqaviləsi əsasında onun istifadəsində olan Samux rayon Çobanabdallı kəndi ərazisində yerləşən 1.40 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin ona təhvil verilməsi, ona dəymiş 20000 manat maddi ziyanın və 5000 manat mənəvi ziyanın, habelə ödənilmış 165 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, o, Samux rayon Çobanabdallı bələdiyyəsi ilə bağladığı xx.xx.2023-cü il tarixli, 04 saylı “torpaq sahəsinin icarəyə verilməsi” haqqında müqavilə əsasında Çobanabdallı kəndində 1.40 ha torpaq sahəsini kənd təsərrüfatı məhsullarının istehsalı üçün icarəyə götürmüşdür. Həmin torpaq sahəsinin bir hissəsində (təxminən 0,70 ha hissəsində) 2023-cü ilin iyun ayında tərxun bitkisi əkmişdir. Tərxun şitillərini şəxsən özü almış, əkin zamanı fəhlələrin pulunu vermiş, torpağın ətrafını öz vəsaiti hesabına hasarlatmış və digər bütün xərcləri çəkmişdir. O, 2023-cü ilin sentyabr ayında Rusiyaya getmiş, bir müddət ölkədə olmayacağına görə sahənin suvarılmasını və sahəyə nəzarəti Cavabdeh1, sahədə işləyən fəhlələrə nəzarəti isə Cavabdeh2 həvalə etmişdir. Hətta onlara vəd vermişdir ki, xidmətlərinin müqabilində payız aylarının məhsulundan əldə edilən gəlirdən xərclər çıxıldıqdan sonra xalis mənfəətin yarısını onlara verəcək. Payız aylarında, eləcə də 2024-cü ilin mart ayının əvvəllərindən başlayaraq toplanan məhsullar cavabdehlər tərəfindən yığılaraq satılmışdır. Dəfələrlə cavabdehlərdən tələb etməyinə baxmayaraq, nə qədər məhsul yığıldığı və nə qədər qazanc əldə edildiyi barədə ona məlumat verməmişlər. Bu məsələnin aydınlaşdırılması üçün 2024-cü ilin mart ayında ölkəyə geri qayıtmış, cavabdehlərlə görüşdükdə onlardan tərxunun satışından əldə edilmiş gəlirlərlə bağlı soruşduqda, onlar borcları olduğundan satışdan əldə olunan pulla həmin borcu bağladıqlarını, hal-hazırda pullarının olmadığını bildirmiş, növbəti məhsul yığımından sonra onunla hesablaşmağı xahiş etmişlər. Lakin, növbəti məhsul yığımından sonra da onunla hesablaşmağa gəlməmişlər, hətta Cavabdeh2 əsassız mübahisə yaradaraq onu döyərək xəsarət yetirmişdir. Həmin vaxtdan sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onu ümumiyyətlə icarəsində olan torpaq sahəsinə buraxmamışlar. Bundan sonra ona aydın olmuşdur ki, cavabdehlərin məqsədi onun məhsullarını ələ keçirməkdir. Odur ki, 01 may 2024-cü il tarixdə polisə şikayət etmiş, lakin, mübahisənin mülki xarakterli olmasına görə Samux rayon Polis Şöbəsi tərəfindən şifahi qaydada ona məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Cavabdehlər ona məxsus məhsulu yığıb satmaqla bu günədək ona külli miqdarda zərər vurmuş hazırda isə onu icarə hüququ ilə istifadəsində olan sahəyə buraxmır və qanunsuz hərəkətlərini davam etdirirlər. Cavabdehlərin bu hərəkətləri nəticəsində həmçinin o, stress və sarsıntı keçirmiş və ona mənəvi ziyan dəymişdir. Buna görədə iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil iddia tələbinin əsaslı olduğunu bildirərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 İsmayıl qızı iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı ilə onlar arasında İddiaçı icarə hüququ ilə istifadəsində olan Samux rayon Çobanabdallı kəndi ərazisində yerləşən 1.40 ha torpaq sahəsində onlar tərəfindən tərxun bitkisinin əkilib-becərilməsi və satışından əldə olunan gəlirin bölünməsi barədə şifahi razılaşma olmuşdur. İddiaçı ilə aralarında əldə olunmuş razılıq ondan ibarət olmuşdur ki, İddiaçı icarə hüququ ilə istifadəsində olan torpaqda əkiləcək tərxun bitkisinin toxumunu alaraq əkin-biçin, məhsulun yığılması və satışının həyata keçirilməsini onlara tapşırmış, əldə olunmuş gəlirin aralarında 2 yerə bölünəcəyini vəd etmişdir. Razılaşmaları əsasında tərxun bitkisinin toxumu İddiaçı tərəfindən alınmış, lakin həmin toxumun əkilib-becərilməsini, həmçinin məhsulun yığılaraq satılmasını onlar həyata keçirmişlər. O, özünün qeyd kitabında sözügedən torpaq sahəsində əkilmiş tərxun bitkisnin satışından əldə olunmuş gəlirlər barədə qeyd aparmışdır. Məhsulun satışı, yəni alıcılara təhvil verilməsi o və əri Xaliq tərəfindən yerinə yetirilmiş, 2024-cü ildə tərxun bitkisinin satışından 12000 (on iki min) manat gəlir əldə olunmuş, həmin məbləğin 7000 (yeddi min) manat hissəsi onun əri Xaliq tərəfindən iddiaçıya verilmiş, qalan 5000 (beş min) manat hissəsi isə məhsulu alıcıya onlar təhvil vermələrinə baxmayarq alıcı tərəfindən iddiaçının kartına köçürülmüşdür. İddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı ilə onlar arasında İddiaçı icarə hüququ ilə istifadəsində olan Samux rayon Çobanabdallı kəndi ərazisində yerləşən 1.40 ha torpaq sahəsində onlar tərəfindən tərxun bitkisinin əkilibbecərilməsi və satışından əldə olunan gəlirin bölünməsi barədə şifahi razılaşma olmuşdur. Həmin razılaşmaya əsasən İddiaçı sahəyə əkiləcək tərxun bitkisinin toxumunu almış, daha sonra onlar həmin toxumu sahəyə əkərək bütün qulluğunu etmiş, məhsul yetişdikdə isə onlar məhsulu yığaraq satmışlar. Sahədən müvafiq tarixlərdə dəfələrlə məhsul yığılmış və satılmışdır. 2023-cü ildə tərxun bitkisinin satışından 6360 manat, 2024-cü ildə isə 12000 manat gəlir əldə olunmuşdur. Lakin sözügedən məbləğlərdə pullar İddiaçı verilmişdir. Tələbin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh3 isə hazırki məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş sənədlər aşağıdakılar müəyyən edilir: xx.xx.2022-ci il tarixli, 06 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Çobanabdallı bələdiyyəsinin sədri X1 ilə Samux rayon Qarabağlar kənd sakini İddiaçı arasında Samux rayonun Çobanabdallı kənd ərazisində olan 1.40 ha torpaq sahəsinin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı icarəyə verilməsinə dair razılıq əldə olunmuşdur. xx.xx.2023-cü il tarixli, 04 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Çobanabdallı bələdiyyəsinin sədri X1 ilə Samux rayon Qarabağlar kənd sakini İddiaçı arasında Samux rayonun Çobanabdallı kənd ərazisində olan 1.40 ha torpaq sahəsini, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək İddiaçı icarəyə verilməsinə dair razılıq əldə olunmuşdur. xx.xx.2024-cü il tarixli, 03 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləndən görünür ki, Çobanabdallı bələdiyyəsinin sədri X1 ilə Samux rayon Qarabağlar kənd sakini İddiaçı arasında Samux rayonun Çobanabdallı kənd ərazisində olan 1.40 ha torpaq sahəsinin xx.xx.2024-cü il tarixdən – xx.xx.2025-ci il tarixədək İddiaçı icarəyə verilməsinə dair razılıq əldə olunmuşdur. Samux rayon Çobanabdallı Bələdiyyəsinin arayışından görünür ki, İddiaçı 2021, 2022, 2023 və 2024-cü illərdə Samux rayon Çobanabdallı Bələdiyyəsi tərəfindən cizgi xəritəsi məlum olan Çobanabdallı-Lək yolunun sol tərəfində yerləşən 1,40 ha torpaq sahəsini tərxun əkmək üçün müqavilə əsasında icarəyə götürmüşdür. Bələdiyyənin iştirakı ilə 2023-cü ilin yazında İddiaçı tərəfindən torpaq tərxun əkini üçün tam hazırlanıb, fəhlələrin əmək haqqısını özü ödəmək şərtilə fəhlələrin iştirakı ilə tərxun ştilini icarə hüququ ilə istifadəsində olan torpaq sahəsində əkdirmiş, tərxun ştillərinin lazımı qaydada əkilib suvarılması üçün bütün işləri özü şəxsən bələdiyyənin iştirakı ilə yerinə yetirmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdehlər arasında iddiaçının icarə hüququ ilə istifadəsində olan Samux rayon Çobanabdallı kəndində yerləşən 1,40 ha torpaq sahəsində tərxun bitkisinin əkilməsi, əkindən əldə olunan məhsulun satılması və satışdan əldə olunan gəlirin iki yerə bölünməsi, yəni ½ hissəsinin iddiaçıya çatması, ½ hissəsinin isə cavabdehlərə verilməsi barədə şifahi razılıq əldə olunmuşdur. Həmin razılığa əsasən iddiaçı istifadəsində olan torpaq sahəsinə tərxun bitkisinin əkilməsini təmin etmiş, cavabdehlər isə əkinə qulluq olunması, yetişən məhsulun yığılması və satışını həyata keçirməyi öhdəlik olaraq üzərlərinə götürmüşlər. Cavabdehlərin məhkəmə iclasında verdikləri izahatları ilə müəyyən olunmuşdur ki, sözügedən əkin sahəsindən yığılan məhsul cavabdehlər tərəfindən satılmış və satılan məhsuldan 2023-cü ildə 6360 manat, 2024-cü il tarixdə isə 12000 manat gəlir əldə olunmuşdur. Lakin cavabdehlər izahatlarında bildirmişdirlər ki, əldə olunmuş həmin gəlir, yəni 18360 manat pul onlar tərəfindən iddiaçıya verilmişdir. Göründüyü kimi, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hal qismən, yəni cavabdehlər tərəfindən məhsulun satışının həyata keçirilməsi və həmin satışdan ümumilikdə 18360 manat gəlir əldə olunması cavabdehlərin məhz özlərinin izahatları ilə təsdiqini tapmışdır. Lakin iddiaçı iddia tələbində maddi ziyanın əvəzi olaraq cavabdehlərdən 20000 manat pul tələb edir və həmin maddi ziyanı məhz cavabdehlər tərəfindən əldə olunmuş gəlirin həcmi ilə əlaqələndirir. Lakin məhkəmə araşdırması zamanı cavabdehlərin əldə etdiyi gəlirin 18360 manat həcmində olduğu müəyyən edilmiş və təsdiqini tapmışdır. Həmçinin nəzərə alınmalıdır ki, tərəflər arasındakı razılığın mühüm şərti əldə olunmuş gəlirin yarı bölünməsi olmuşdur və bu hal obyektiv qənaətə gəlinməsi üçün gözardı edilməməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı ona vurulmuş maddi ziyanı məhz cavabdehlər tərəfindən məhsulun satışından əldə olunmuş gəlirlə əlaqələndirdiyindən, gəlirin yarı bölünməsi isə tərəflər arasındakı razılaşmanın mühüm şərti olduğundan iddiaçının maddi ziyanla bağlı tələbi 18360 manat məbləğin yarısı, yəni 9180 manat həddində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Beləliklə, məhkəmə iddia tələbinin maddi ziyanla bağlı hissəsinə münasibətdə tələbin qismən təmin olunmalı olduğu, yəni iddiaçıya vurulmuş maddi ziaynın əvəzi olaraq cavabdehlərdən müştərək qaydada 9180 manat pulun alınaraq iddiaçıya verilməli olduğu qənaətinə gəlir. İddiaçı cavabdehlərdən ona vurulmuş mənəvi zərərin əvəzi kimi 5000 manat pul tələb etsə də, məhkəmə iddia tələbini bu hissədə əsaslı hesab etmir. Belə ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı böyük mənəvi sarsıntı keçirdiyini əsas gətirərək səhhətində narahatlıqlar yarandığını və sağlamlığına zərər vurulduğunu iddia etsə də bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. İddiaçının hüquqlarının pozulması nəticəsində müəyyən mənəvi sarsıntıya məruz qalması istisna edilməsə də, məhkəmə hesab edir ki, belə mənəvi sarsıntının əlavə olaraq pul formasında kompensasiya edilməsi üçün hər hansı əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh1 İsmayıl qızından və Cavabdeh3 müştərək qaydada, iddiaçıya vurulmuş maddi zərərin əvəzi kimi 9180 (doqquz min yüz səksən) manat pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-687/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-687/2024
12.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver