Məhkəmə qərarları › İş №2(058)-802/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-802/2024

15.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-802/2024 15.07.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X5 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs ilə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediasiya prosesində 19 fevral 2024-cü il tarixli MŞG/1MT007/00352 nömrəli barışıq sazişinin 1-ci və 2-ci bənddə göstərilən hissədə olan atanın uşaqla atanın uşaqla istədiyi vaxt görüşməsinə dair bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə 28 dekabr 2018-ci il tarixdə 1 saylı Gəncə regional “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatından keçməkldə ailə qurmuşdur. Birgə nikah dövründə xx.xx.2019-cu il təvəllüdlü X4 anadan olmuşdur. O, cavabdehlə ailə qurduqdan sonra əvvəllər mehriban yaşamış, sonra isə aralarında baş verən narazılıqlar səbəbindən ayrılmışlar. Ayrıldıqdan sonra Maraqlı şəxs uşaq ilə atası evinə çıxıb getmişdir. Birgə nikah dövründə anadan olmuş uşaq hazırda Maraqlı şəxs himayəsindədir. O, birgə nikah dövründə anadan olmuş 14 sentyabr 2019-cu il təvəllüdlü X4 ünsiyyətdə olma tələbinə dair Mediasiya Təşkilatına müraciət etmiş, mediasiya prosesində onunla Maraqlı şəxs arasında 19 fevral 2024-cü il tarixli MŞG/1MT007/00352 saylı barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinə əsasən tərəflər; Maraqlı şəxs Ərizəçi ilə xasiyyətləri tutmadığı üçün nikahlarının məhkəmə qaydasında pozulmasına, birgə nikahdan doğulmuş xx.xx.2019cu il təvəllüdlü X2 ana himayəsində saxlanılmasına, aliment, cehiz əşyalarının çıxarılmasına, atanın uşaqla istədiyi vaxt görüşməsinə öz aralarında razılaşmışlar. Birinci tərəf; Maraqlı şəxs nikahının məhkəmə qaydasında pozulmasına, uşağın ana himayəsində saxlanılmasına, uşağın yetkinlik yaşma çatana kimi saxlanılması üçün 235 manat aliment pulunun ata Ərizəçi ana Maraqlı şəxs kartına hər iyin xx.xx.2024-cü il tarixdən göndərməsinə, cehiz əşyalarının çıxarılmasına və atanın uşaqla istədiyi vaxt görüşməsinə razılaşdığını bildirmişdir. İkinci tərəf; Ərizəçi birinci tərəf Maraqlı şəxs fikirləri ilə razılaşdığını bildirdi və eyni zamanda hər ay 235 manat aliment pulunu hər ayın xx.xx.2024-cü il tarixində vaxtlı-vaxtında Maraqlı şəxs kartına göndərmək üçün öz üzərinə öhdəlik götürmüşdür. Tərəfiər nikahın pozulması Mediatorun səlahiyyətində olmadığı üçün məhkəməyə müraciət etməyə razılaşmışlar. Tərəflər, Maraqlı şəxs və Ərizəçi barışıq sazişində yazılanları oxumuşlar, dinləmişlər və imza atmağa razılaşmışlar. Tərəflər barışıq sazişinə əsasən bir-birilərinə verdikləri sözlərə, görə gələcəkdə məsuliyyətsizlik etsələr və öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyən tərəfi məhkəməyə verə bilər. Onunla Maraqlı şəxs ilə aralarında mediasiya prosesində barışıq sazişi bağlandıqdan sonra Maraqlı şəxs ona qarşı Gəncə Şəhər Məhkəməsində nikahın pozulması tələbinə dair iddia qaldırmış və həmin mülki işin məhkəmə baxış iclası 16 avqust 2024-cü il tarixdə keçirilməsi nəzərdə tutulmuşdur. O, Maraqlı şəxs ilə ayrıldıqdan sonra mediasiya prosesində bağlanmış barışıq sazişinə əsasən üzərinə götürdüyü öhdəliyi icra edərək hər ay uşağa 235 manat aliment pulu ödəyir. Lakin Maraqlı şəxs barışıq sazişinə əsasən üzərinə götürmüş olduğu öhdəliyi icra etməyərək birgə nikah dövründə anadan olmuş 14 sentyabr 2019-cu il təvəllüdü X4 ilə onun ünsiyyətdə olmağına mane olur. Uşağı ilə 1 aydan artıqdır ki, görüşə bilmir və ondan hər hansı məlumat ala bilmir. 19 fevral 2024-cü il tarixli MŞG/1MT007/00352 nömrəli barışıq sazişində barışıq sazişinin könüllü icrası üçün müddət göstəriməmişdir. Barışıq sazişi onunla Maraqlı şəxs arasında 19 fevral 2024-cü il tarixdə bağlanılmaqla imza edilmişdir. Lakin həmin barışıq sazişinin üzərindən 6 aydan da çox müddət keçməsinə baxmayaraq son bir ayda barışıq sazişi Maraqlı şəxs tərəfindən icra olunmamışdır. Onların arasında bağlanmış 19 fevral 2024-cü il tarixli barışıq sazişi 1-ci və 2-ci bənddə göstərilən hissədə, yəni atanın uşaqla istədiyi vaxt görüşməsi məhkəmə qaydasında təsdiq edilməlidir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş 315 nömrəli, 24 iyun 2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi və X1 nikahı haqqında xx.xx.2018-ci il tarixdə 2961 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer 1 saylı Gəncə regional ASAN xidmət mərkəzi qeydiyyat şöbəsidir. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş 314 nömrəli, 24 iyun 2024-cü il tarixli arayışdan görünür ki, X4 xx.xx.2019-cu il tarixdə Gəncə şəhəri Kəpəz rayonunda anadan olmuşdur. Bu barədə xx.xx.2019-cu il tarixdə 1 saylı Gəncə regional ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsində 4716 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Ərizəçi, anası isə Maraqlı şəxsdır. İş materiallarına əlavə edilmiş Ərizəçi və Maraqlı şəxs arasında 19 fevral 2024-cü il tarixli MŞG/1MT007/00352 nömrəli mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişindən görünür ki:

1. Maraqlı şəxs Ərizəçi ilə xasiyyətləri tutmadığı üçün nikahlarının məhkəmə qaydasında pozulmasına, birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 ana himayəsində saxlanılmasına, aliment, cehiz əşyalarının çıxarılmasına, atanın uşaqla istədiyi vaxt görüşməsi:

2. Maraqlı şəxs nikahın məhkəmə qaydasında pozulmasına, uşağın ana himayəsində saxlanılmasına, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 235 manat aliment pulunun ata Ərizəçi ana Maraqlı şəxs kartına hər ayın xx.xx.2024-cü il tarixdən göndərməsinə, cehiz əşyalarının çıxarılmasına və atanın uşaqla istədiyi vaxt görüşməsi:

3. Ərizəçi birinci tərəf Maraqlı şəxs fikirləri ilə razılaşdığını bildirdi və eyni zamanda hər ay 235 manat aliment pulunu hər ayın xx.xx.2024-cü il tarixdə vaxtı-vaxtında Maraqlı şəxs kartına göndərmək barədə tərəflər arasında razılıq əldə olunmuşdur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin (bundan sonra – MPM) 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.3-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir; Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşağı tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, tərəflərin arasında bağlanmış 19 fevral 2024-cü il tarixli barışıq sazişinin 1-ci və 2-ci bəndlərində atanın uşaqla sərbəst şəkildə istənilən vaxt görüşə bilməsi barədə razılığa gəlmişlər. Lakin atanın uşaqla sərbəst şəkildə istənilən vaxt görüşə bilməsi barədə razılıq azyaşlının mənafeyinə ziddir. Məhkəmənin qənaətinə görə uşaqla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, valideyn qanunla nəzərdə tutulan validenlik hüquqlarını real və maneəsiz həyata keçirə bilsin. Uşaqla görüşün yeri, vaxtı, hansı şəraitdə keçirilməsi məhkəmə qətnaməsində göstərilməlidir. Nəzərə alınmalıdır ki, uşaqla ünsiyyətdə olmaq istəyən valideynə uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin - Ərizəçi xx.xx.2019-cu il tarixdə anadan olmuş Əli adlı uşaq ilə sərbəst şəkildə istənilən vaxt görüşə bilməsi hissəsinin təsdiq edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin - Ərizəçi xx.xx.2019-cu il tarixdə anadan olmuş Əli adlı uşaq ilə sərbəst şəkildə istənilən vaxt görüşə bilməsi hissəsinin təsdiq edilməsindən imtina edilsin. Ərizəçi uşaqla ünsiyyətdə olma hüququnun müəyyən edilməsi tələbi ilə bağlıi iddia icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar