Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-10/2025 07.04.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, eləcə də onun nümayəndəsi və vəkili Vəkil3, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, eləcə də onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair ilk və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın ləğv olunması” tələbi barədə qarşılıqlı iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,7821 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 21 saylı Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın ləğv olunması” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə X5 arasında Bakı şəhəri 21 saylı notariat ofisində imzalanmış 06 oktyabr 2022-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı ********** qeydiyyat nömrəli, daşınmaz əmlakın **********39 reyestr nömrəli çıxarışında göstərilən, ehtiyat fondu torpaqları kateqoriyasından olan 0,7821 ha torpaq sahəsi üzərində dövlət qeydiyyatının ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 21 saylı Notariat Ofisinin maraqlı şəxs kimi qeyd edildiyini göstərib, cavabdeh tərəfin İddiaçı qəbul edilməsini xahiş etmişdir. İlk iddia, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, Şabran şəhəri, H. Əliyev prospekti, 104 ünvanında yerləşən 0,78 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinə xüsusi mülkiyyət hüququ Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 31 oktyabr 2022-ci il tarixli, ********** qeydiyyat, **********39 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla təsdiq olunur. Lakin, sözügedən publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ölçmə işləri aparılarkən həmin torpaq sahəsinin bir hissəsinin digər şəxs, yəni Cavabdeh tərəfindən istifadə edilməsi və bu səbəbdən də ölçmə işlərinin aparılmasının mümkün olmaması məlum olmuşdur. Çünki, mülkiyyətində olan torpaq sahəsi çıxarışa əsasən 0.7821 ha olsa da, torpaq sahəsi faktiki olaraq 0.7539 ha təşkil edir. Belə ki, ona məxsus 0.7821 ha torpaq sahəsinin 0.0282 ha hissəsi Cavabdeh tərəfindən zəbt edilərək, sonuncu tərəfindən həmin ərazidə mağaza tikilmişdir. Bu səbəbdən də, mülkiyyətində olan daşınmaz əmlakdan istifadə edə bilmir. Cavabdeh tərəfindən ona məxsus torpaq sahəsinin bir hissəsinin zəbt edilməsi və ondan qanunsuz olaraq istifadə etməsi mülkiyyətçi kimi onun qanunla qorunan hüquqlarını pozmaqla, mənafelərinə toxunur. Cavabdeh qanunsuz hərəkətlərinin dayandırılması, ona məxsus olan torpaq sahəsinin boşaldılması barədə dəfələrlə xəbərdarlıq edilsə də, qarşı tərəf onun haqlı tələblərinə əhəmiyyət verməyərək həmin ərazidən çıxmır və qanunsuz hərəkətlərini bu günə kimi davam etdirir. Odur ki, Cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,7821 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Qarşılıqlı iddia, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, ilk İddiaçı onun qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılması, həmin ərazinin mülkiyyətçinin qanuni istifadəsinə qaytarılması, özbaşına inşa edilmiş tikilinin sökülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbinin əsası kimi 31 oktyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, daşınmaz əmlakın **********39 reyestr nömrəli çıxarışını məhkəməyə təqdim etmişdir. Lakin, ilk iddiaçı hüquqlarının dövlət qeydiyyatına alınması üçün qeydiyyat orqanına verdiyi ərizəyə qanunun tələbinə əsasən, torpaq sahəsinin müvafiq dövlət orqanları ilə razılaşdırılmış planı və ölçüsünü (texniki pasportunu) əlavə etməmişdir. Belə ki, ilk iddiaçının mübahisələndirdiyi torpaq sahəsi üzərində sonuncunun hüquqlarının dövlət qeydiyyatı qanunu pozmaqla aparılmışdır. İstər bundan əvvəl, Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan və 14 sentyabr 2022-ci il tarixdə 2-1(118)-60/22 saylı qərar qəbul edilməsi ilə, istərsə də Şabran Rayon Məhkəməsinin icraatında olmuş və 26 dekabr 2022-ci il tarixdə, e-2(031)-1007/2022 saylı qətnamə qəbul edilməsi ilə yekunlaşmış məhkəmə proseslərində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəf kimi iştirak etmişdir. Cavabdeh iddiaçı olduğu qeyd olunan məhkəmə baxışlarında sözügedən publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi dəfələrlə məhkəməyə yanlış məlumatlar vermiş, sonda mübahisəli torpaq sahəsində kadastr qeydiyyatlarının düzgün aparılmadığını etiraf etmək məcburiyyətində qalmış və buna görə də iddia ərizələri yekun qərarlarla təmin edilmişdir. Xüsusilə qeyd etməyi zəruri hesab edir ki, 2020-ci ilin dekabr ayından Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan 2-1(118)-60/2022 saylı inzibati mübahisələrə dair iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmənin 14 sentyabr 2022-ci il tarixli qərarından 10 oktyabr 2022-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Dəfələrlə məhkəməni qəsdən yanlış istiqamətə yönəltməyə çalışan cavabdeh 5 saylı Xaçmaz Ərazi İdarəsi, məhkəmə mübahisəsinin bilavasitə öz təşəbbüsü ilə davam etməsinə baxmayaraq, daha sonra, mübahisəli torpaq sahəsinə biləbilə etibarsız sənədlər əsasında 31 oktyabr 2022-ci il tarixdə İddiaçı daşınmaz əmlak üzərində hüquqlarını qeydiyyata almaqla çıxarış vermişdir. Belə olduğu halda, 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatının aparılması qaydasının pozulması müəyyən olunur. Bununla da, məhkəmə araşdırmalarında qəsdən yersiz süründürməçiliyə şərait yaradan, həmçinin qanuni və əsaslı qərarların qəbul edilməsinə maneçilik törədən 2-1(118)-60/2022 saylı inzibati mübahisələrə dair iş üzrə cavabdeh, e- 2(031)-1007/2022 nömrəli iş üzrə maraqlı şəxs 5 saylı Xaçmaz Ərazi İdarəsinin cinayətkar niyyəti ortaya çıxmışdır. Odur ki, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini qəbil etməyərək izahatında bildirdi ki, ünvan 1 ünvanda yerləşən 0,7821 ha torpaq sahəsini 06 oktyabr 2022-ci il tarixdə X1 almış, həmin vaxt sözügedən torpaq sahəsində Cavabdeh məxsus aptek olsa da, həmin aptekin özünün torpaq sahəsinin ərazisinə düşməsini bilməmişdir. Belə ki, alqısatqı müqaviləsinin bağlanmasından 2 ay sonra araşdırma aparılarkən, həmin aptekin onun aldığı sözügedən torpaq sahəsinin ərazisində, zəbt edilməklə, heç bir sənədi olmadan inşa edildiyi məlum olmuşdur. Bundan sonra, o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa o, ilk iddia tələbi üzrə tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun, eləcə də, mütəxəssis rəyinin alınması üçün tərəfindən ödənilmiş 95 manat məhkəmə xərcinin əvəzinin qarşı tərəfdən tutularaq onun xeyrinə ödənilməsini tələb etmir. Odur ki, ilk iddia üzrə iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil3 ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini qəbil etməyərək izahatında bildirdi ki, iddia ərizəsindən, eləcə də, ona əlavə olunmuş sənədlərdən görünür ki, ünvan 1 ünvanda yerləşən 0,7821 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilsə də, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən zəbt olunmuşdur. Belə ki, iş üzrə keçirilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 16 oktyabr 2024-cü il tarixli rəyində İddiaçı məxsus sözügedən torpaq sahəsinin 0,0282 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edildiyi, habelə həmin torpaq sahəsində 282 kvadrat metr tikinti altı olan qeyri-yaşayış tikilisinin mövcud olduğu qeyd edilmişdir. Bundan başqa, ilk iddia üzrə cavabdeh tərəf məhkəməyə həmin torpaq sahəsinə aid olmayan texniki pasport və qeydiyyat vəsiqəsi təqdim etsə də, bu sənədlərin sözügedən torpaq sahəsinə aidiyyəti olmamaqla, yanaşı mötəbərliyi şübhə altındadır. Hesab edirlər ki, ilk iddia üzrə cavabdehin təqdim etdiyi sənədlər qanunsuz yol ilə əldə olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-yə verilmiş sorğuların cavabında da, Cavabdeh tərəfindən təqdim edilmiş sənədlərin, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə aidiyyətinin olmadığı və həmin torpaq sahəsinə uyğun gəlmədiyi qeyd edilmişdir. Buna baxmayaraq, Cavabdeh həmin torpaq sahəsinin zəbt etdiyi hissəsinə dəfələrlə qeydiyyat vəsiqəsi almağa cəhd etməsinə baxmayaraq, sonuncuya imtina cavabları verilmişdir. İlk iddia üzrə İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən ünvan 1 ünvanda yerləşən 0,7821 ha torpaq sahəsi üçün verilmiş çıxarış tam olaraq qanuni və mötəbərdir. Belə ki, ekspert və mütəxəssisə təqdim olunmuş sxemdə sözügedən torpaq sahəsinin sərhədləri, cizgiləri və uyğunluğu tam olaraq müəyyən olunmuş və həmin cizginin ünvan 1 ünvanda yerləşən 0,7821 ha torpaq sahəsinə aid olduğu təsdiqini tapmışdır. Həmçinin, iddia ərizəsində İddiaçı məxsus sözügedən torpaq sahəsinin 0,02775 ha hissəsinin Cavabdeh tərəfindən zəbt edildiyini qeyd etsələr də, iş üzrə keçirilmiş tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının 16 oktyabr 2024-cü il tarixli rəyində həmin torpaq sahəsinin 0,0282 ha hissəsinin sonuncu tərəfindən istifadə edildiyi göstərilmiş və ona görə də bu sahənin boşaldılmasını tələb edirlər. Bundan əlavə, İddiaçı ünvan 1 ünvanda yerləşən 0,7821 ha torpaq sahəsini alarkən, həmin torpaq sahəsində ölçüsü 282 kvadrat metr olan aptek orada mövcud olmasına baxmayaraq, həmin vaxt torpaq sahəsində ölçü işləri aparılmadığından, təmsil etdiyi şəxs aptekin onun aldığı sözügedən torpaq sahəsində olmasını bilməmiş, sonradan sahəni hasara alan zaman orada sənədsiz aptekin olmasını bilmişdir. Belə olan halda, hüquqlarını təmsil etdiyi şəxs özünə məxsus olan və sənəddə üzərində hər hansı tikili mövcud olmayan torpaq sahəsinə dair mübahisə aparır. Həmçinin, ekspertin rəyində 282 kv.metr ərazinin üst-üstə düşməsi qeyd edilmişdir. Qarşı tərəfin isə həmin torpaq sahəsi ilə bağlı hər hansı mötəbər hüquq müəyyənedici (nə bələdiyyə qərarı, nə İcra Hakimiyyətinin sərəncamı) mövcud deyildir. Cavabdeh isə mübahisəli torpaq sahəsinin keçmiş mülkiyyətçilərini araşdırmamış, özünün həmin torpağa dair hüquq müəyyənedici sənədlərini təqdim edə bilməmişdir. Odur ki, ilk iddia üzrə iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edərək, ilk iddia tələbini qəbil etməyərək izahatında bildirdi ki, o, Şabran şəhərində yaşamaqla, 1990-cı ildən Şabran Rayon Mərkəzi Xəstəxanasında həkim işləyir. Şabran Rayon İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən 10 noyabr 1998-ci il tarixdə Şabran şəhəri, H.Əliyev prospektindəki 104 nömrəli ünvana 8 kv.metr köşk qoymuş, sonradan oranı genişləndirib sahəsi 250 kv.m olan obyektləri (aptek və mağaza) inşa etdirmiş, habelə bu tikinti işləri 2003-2005-ci illərdə tamamlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 10-cu maddəsinin 2-ci bəndinin tələblərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Həmin qanunun 14-cü maddəsinin 5-ci bəndində isə göstərilmişdir ki, bu qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Göründüyü kimi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi adı qeyd edilən qanunun tələblərini pozmuşdur. Bundan başqa, onun obyekti ilə hazırda İddiaçı torpaq sahəsi arasında 6 metrlik ümumi istifadədə olan piyada yolu, dəmiryolu, su və telekommunikasiya xətləri mövcuddur. 2007-ci ildə Şabran Rayon İcra Hakimiyyətinin İcra başçısı əraziyə gələrək, yüklər daşınan ərazini boşaltdırmış, oradan yol çəkdirmişdir. Apel Məhərrəmovun torpaq sahəsinə 1 sm belə daxil olmamışdır. Şabran RİHB-nın başçısı əraziyə gələndən sonra, bələdiyyəyə müraciət etmiş, çıxarış alarkən 70 kv.m ərazinin başqa istifadəçiyə məxsus olması məlum olmuş, hətta 5 saylı Xaçmaz Ərazi İdarəsindən əvvəlcə həmin torpağın Xalidə Süleymanovaya, daha sonra isə Füzuli Səfərova məxsus olması ona bildirilmişdir. Bundan sonra, 2022-ci ildə X9 adlı qaynından 70 kv.m sahəni satıb-satmamasını soruşduqda, sonuncu həmin ərazidəki ağacların kəsib yolu açması şərtilə torpağı ona sata biləcəyini dedikdə, o, razılaşmamışdır. Daha sonra, 2022-ci ilin iyun ayında hazırkı iş üzrə ilk İddiaçı ona yaxınlaşıb sözügedən daşınmaz əmlakı satıb-satmamasını soruşduqda, o, sənədlərin tam qaydasında olmamasını bildirmişdir. Beləliklə, 70 kv.m torpaq sahəsi əvvəlcə Abdullanın, daha sonra Füzuli Səfərovun adına rəsmiləşdirilmişdir. Sözügedən ərazidə onun ümumi istifadəsində olan 320 kv.metr torpaq sahəsinin 70 kv.metr hissəsinin üzərində isə tikinti işləri məhkəmə mübahisələri səbəbindən aparılmamışdır. O, 19 sentyabr 2022-ci il tarixdə inzibati məhkəməyə müraciət etmiş, orada onun xeyrinə qərar qəbul edilsə də, sonradan işin icraatı Sumqayıt Apellyasiya Məhkəməsində dayandırılmışdır. 2023-cü ilin yanvar ayında isə Şabran Rayon Məhkəməsindən hazırkı iş üzrə məhkəmə bildirişini almışdır. Bundan başqa o, qarşılıqlı iddia tələbi üzrə tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin qarşı tərəfdən tutularaq onun xeyrinə ödənilməsini tələb etmir. Odur ki, qarşılıqlı iddia tələbinin təmin, ilk iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia tələbini müdafiə edərək, ilk iddia tələbini isə qəbil etməyərək izahatında bildirdi ki, qeydiyyata alınma ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin rəisi Fikrət Nuşiyevə müraciət edərkən, sonuncu, bu torpaq sahəsinin əvvəlcə Xalidə Süleymanovanın, daha sonra Füzuli Səfərovun torpaq sahəsi ilə üst-üstə düşməsini əsas gətirərək, İdarənin adından Sumqayıt İnzibati Məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcəyini bildirmişdir. Bundan sonra, torpaq sahəsinə dair məhkəmə mübahisələri olduğuna görə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 14.5-ci maddəsinə əsasən, bu qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Buna baxmayaraq, 5 saylı Xaçmaz Ərazi İdarəsi qanunsuz olaraq məhkəmə mübahisələrinin mövcudluğuna, habelə, həmin məhkəmə mübahisələrindən özünün də məlumatlı olmasına baxmayaraq, mübahisəli daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatını aparmışdır. Bu halda, Reyestr İdarəsi daşınmaz əmlakın qeydiyyatının aparılmasından imtina etməli idi. Hətta, özünün araşdırması zamanı mübahisəli torpaq sahəsinin əvvəlcə Mədəniyyət sarayının balansından qanunsuz çıxarılması, daha sonra Abdulla İsayev adlı Gürcüstan Respublikası vətəndaşının adına keçirilməsi, sonuncu xarici vətəndaş olduğu üçün onun adından da tez çıxarılaraq, Füzuli Səfərovun adına keçirilməsi məlum olmuşdur. Beləliklə, ilk İddiaçı adına olan çıxarış da qanunsuz hesab edilməlidir. Onlar heç birinin texniki pasportları olmadığı üçün məhkəmədən əvvəl mübahisəni qarşılıqlı razılaşma yolu ilə həll etməyi qarşı tərəfə təklif etmələrinə baxmayaraq, ilk İddiaçı bununla razılaşmamışdır. Bundan başqa, qarşılıqlı iddia tələbinə gəldikdə isə, sözügedən alqı-satqı müqaviləsi, texniki pasport olmadığı üçün təsdiqlənə bilməzdi, bu zaman bölgü sxemi tərtib edilməli, bu sxem reyestr və icra hakimiyyəti tərəfindən təsdiqlənməklə, ərazinin konkret sərhədləri müəyyənləşdirilməli idi. Ona görə də, həmin alqı-satqı müqaviləsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 10-cu maddəsinə əsasən etibarsız hesab edilməli, bu müqavilə əsasında verilən çıxarışın dövlət qeydiyyatı isə həmin qanunun 14-cü maddəsinin tələbləri pozulduğuna görə ləğv edilməlidir. Odur ki, qarşılıqlı iddia tələbinin təmin, ilk iddianın isə rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər - Bakı şəhər 21 saylı Notariat Ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə, həmçinin X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, sonuncu, eləcə də digər üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, üçüncü şəxslər 5 saylı Xaçmaz Ərazi İdarəsi və Füzuli Səfərov iclasda iştirak etməmə səbəbləri barədə məhkəməyə məlumat verməsə də, Bakı şəhər 21 saylı Notariat Ofisi 11 mart 2025-ci il tarixli məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini xahiş etmiş, buna görə də məhkəmə işə üçüncü şəxslərin (nümayəndələrinin) iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia tələbi təmin, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən 09 avqust 2022-ci il tarixdə qeydiyyata alınmış ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şabran şəhərinin Heydər Əliyev prospektindəki 104 ünvanında yerləşən 0,7821 ha torpaq sahəsi, tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində **********39 nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Bakı şəhəri 21 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən 06 oktyabr 2022-ci il tarixdə, reyestrdə 4Ə-1198 nömrə ilə qeyd edilmiş AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X5 mülkiyyətindəki Şabran şəhərinin Heydər Əliyev prospektindəki 104 ünvanında yerləşən 0,7821 ha torpaq sahəsini İddiaçı 199 000 manata satmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən 31 oktyabr 2022-ci il tarixdə qeydiyyata alınmış ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şabran şəhərinin Heydər Əliyev prospektindəki 104 ünvanında yerləşən 0,7821 ha torpaq sahəsi, tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində **********39 nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 02 avqust 2024-cü il tarixli, 3-21-3-34/2-8269/2024 nömrəli məktubla göndərilmiş mütəxəssis rəyindən, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 oktyabr 2024-cü il tarixli, 3-16-16/2- 10/5714 nömrəli rəyindən görünür ki, sözügedən publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 31 oktyabr 2022-ci il tarixli, ********** qeydiyyat, **********39 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus 0,7821 ha torpaq sahəsinin koordinatları təsbit edilməklə naturada faktiki yerləşməsi müəyyən edilmişdir. Keçmiş Dəvəçi bələdiyyəsinin 30 mart 2007-ci il tarixli, 03 saylı qərarına əsasən Cavabdeh ayrılmış 70 kv. metr torpaq sahəsinə dair məhkəmə tərəfindən hüquq müəyyənedici sənədlər, sxemlər və ya xəritələr təqdim edilmədiyindən verilmiş sualı cavablandırmaq mümkün olmamışdır. 31 oktyabr 2022-ci il tarixdə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmış Şabran şəhəri, Heydər Əliyev prospekti, 104 ünvanında yerləşən 0,7821 ha torpaq sahəsi keçmiş Dəvəçi bələdiyyəsinin 30 mart 2007-ci il tarixli, 03 saylı qərarına əsasən Cavabdeh ayrılmış 70 kv.metr torpaq sahəsi ilə üst-üstə düşür. Yuxarıda göstərilən çıxarışa əsasən İddiaçı məxsus olan 0,7821 ha torpaq sahəsi Cavabdeh tərəfindən 0,0282 ha hissəsi istifadə edilir və həmin torpaq sahəsində 282 kv.metr tikinti altı olan qeyri-yaşayış sahəsi mövcuddur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və eyni saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 100 manat təşkil edir. İşdə olan mötəbər maliyyə və digər sənədlərdən görünür ki, İddiaçı ilk iddia tələbi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumuna görə 100 manat vəsait sərf etməklə yanaşı, mütəxəssis rəyinin alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin hesabına 95 manat vəsait ödəmiş, Cavabdeh isə qarşılıqlı iddia tələbi üçün 100 manat dövlət rüsumu ödəmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 dekabr 2022-ci il tarixli, 2-1(105)-691/2022 nömrəli qərardadı ilə, iddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin koordinatlarının naturada olan vəziyyətinə uyğunlaşdırılması” tələbinə dair inzibati işin icraatı, iddiaçı Cavabdehlər X4 və X6 qarşı “çıxarışların ləğv edilməsi” tələbinə dair mübahisə (2(105)-502/2024 mülki iş) üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, həmçinin, sonuncu qeyd edilən işin icraatı isə həmin Məhkəmənin Mülki Kollegiyasının 24 sentyabr 2024-cü tarixli, 2(105)-502/2024 nömrəli qərardadı ilə Siyəzən Rayon Məhkəməsinin icraatında olan hazırkı iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-u maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəlləsinin 67-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Yenə bu Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Sözügedən Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 15 aprel 2002-ci il tarixdən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məcəllələri üzrə Avropa məhkəməsinin yuridiksiyasının məcburliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksyası altında olan insanların Konvensiyada nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında qeyd edilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə hər hansı müdaxilə qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilibedilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. Əmlakdan maneəsiz istifadə hüququnun mahiyyətini açıqlayan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 1979-cu il tarixli Marks Belçikaya qarşı qərarında göstərilir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Yuxarıda sadalanan normaların mahiyyəti və hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvericilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, ilk iddia üzrə İddiaçı mülkiyyətində olan əmlakdan maneəsiz istifadə hüquqlarından məhrum olmuşdur. Bu hal onun hüquqlarını məhdudlaşdırır və əmlakından mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-180.2-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə iclasında proses iştirakçılarının izahatları, ekspert və mütəxəssis rəyləri, eləcə də tədqiq olunmuş digər sübutların məcmusu ilə ilk iddia tələbinə münasibətdə müəyyən olundu ki, Şabran şəhərinin Heydər Əliyev prospektindəki 104 ünvanında yerləşən 0,7821 ha torpaq sahəsini, keçmiş mülkiyyətçisi X5 06 oktyabr 2022-ci il tarixdə İddiaçı 199 000 manata satmış və qeyd edilən torpaq sahəsi üzərində sonuncunun tam mülkiyyət hüququ 31 oktyabr 2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda, bu torpaq sahəsi keçmiş Dəvəçi bələdiyyəsinin 30 mart 2007-ci il tarixli, 03 saylı qərarına əsasən Cavabdeh ayrılmış 70 kv.metr torpaq sahəsi ilə üst-üstə düşməklə, İddiaçı məxsus olan 0,7821 ha torpaq sahəsi Cavabdeh tərəfindən 0,0282 ha hissədə istifadə edilir və həmin torpaq sahəsində 282 kv.metr tikinti altı olan qeyri-yaşayış sahəsi mövcuddur. Bununla da, ilk iddia üzrə İddiaçı mülkiyyətindən maneəsiz istifadə hüququ pozulmuş, və yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərinə müvafiq olaraq həmin torpaq sahəsinə sahiblik və istifadə hüquqlarını bərpa etmək məqsədilə məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişlər. Eyni zamanda, qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, 06 oktyabr 2022-ci il tarixdə mübahisəli torpaq sahəsinin keçmiş mülkiyyətçisi X5 ilə hazırkı mülkiyyətçi İddiaçı daşınmaz əmlakın alqı-satqısına dair müqavilə imzalamaqla iradələrini ifadə etmişlər. Belə ki, sözügedən müqaviləyə əsasən satıcı Füzuli Səfərov mülkiyyətində olan Şabran şəhərinin Heydər Əliyev prospektindəki 104 ünvanında yerləşən 0,7821 ha torpaq sahəsini alıcı İddiaçı satmağı, sonuncu isə həmin əmlakı qəbul edib əvəzində müəyyənləşdirilmiş 199 000 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüş və öz öhdəliyini notarial qaydada lazımınca icra etmiş və bu zaman hər hansı bir tərəfin, o cümlədən üçüncü şəxslərin hüquqları pozulmamışdır. Belə ki, tərəflər qeyd edilən müqaviləni imzalayarkən iradələrini sərbəst olaraq bəyan etmiş, o cümlədən müqavilə onların bu iradələrinin ifadəsi nəticəsində yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 324-cü maddəsinin İ - İV hissələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Beləiklə, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Qeyd olunan Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Bu Məcəllənin 405-ci maddəsinin İ və İİ hissəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Yenə bu Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Adı Qeyd edilən Məcəllənin 140-cı maddəsinin tələbinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Sözügedən Məcəllənin 146-cı maddəsinin İ və İİ hissələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Beləliklə, Şabran şəhərinin Heydər Əliyev prospektindəki 104 ünvanında yerləşən 0,7821 ha torpaq sahəsinin 06 oktyabr 2022-ci il tarixdə alqı-satqısına dair müqaviləyə nəzər yetirdikdə görünür ki, bu müqavilə üzrə tərəflərin hər biri öz öhdəliyini lazımınca icra etmişlər. Bununla da, göstərilən müqavilənin etibarsızlığı üçün əsas müəyyən edilməmişdir. Göründüyü kimi, mübahisələndirilən bu müqavilə tərəflər arasında könüllü surətdə bağlanmaqla, bütün məqamlar şərtləndirilmiş, həmçinin notarial qaydada təsdiqlənərək, həmin vaxt bağlanmış müqavilə ilə bağlı tərəflər arasında mübahisə olmamış, o cümlədən müqaviləyə bu və ya digər formada etiraz edilməmişdir. Bundan əlavə, müqavilə bağlanarkən tərəflərdən biri digərinin, həmçinin üçüncü şəxslərin hüquqlarını əhəmiyyətli dərəcədə pozmamışdır. Belə ki, ilk iddiaçı tərəf qeyd edilən müqaviləni imzalayarkən iradəsini sərbəst ifadə etmiş, müqavilə mülki qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmuna, eləcə də müqavilənin mühüm şərtlərinə uyğun olmuş, tərəflərin sərbəst iradələrini tam əks etdirmişdir. Məhz bütün bu qeyd olunanlar 06 oktyabr 2022-ci il tarixli müqavilənin etirbarsızlığı üçün heç bir əsasın olmamasına dəlalət edir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaldır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Sübutların tədqiqatı zamanı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 06 oktyabr 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin tərəfi olmaması, habelə bu müqavilənin onun hüquqlarına və maraqlarına toxunmaması, nəticədə, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı sözügedən müqavilənin etibarsızlığı ilə bağlı məhkəmədə iddia qaldırılması barədə hüquqi səlahiyyətə, o cümlədən subyektiv hüquqa malik olmaması müəyyən edilmişdir. Belə olan halda, qarşılıqlı iddiaçı Azərbaycan Respublikasında bu sahədə mövcud olan münasibətləri tənzimləyən normativ aktların tələblərini pozmaqla, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə işin faktiki hallarına və qanunvericiliyin tələblərinə əsasən toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilk iddia tələbi əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən 31 oktyabr 2022-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətinə verilmiş ünvan 6 ünvanda yerləşən 0,7821 ha torpaq sahəsinin zəbt edilmiş 0,0282 ha hissəsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh çıxarılmaqla, torpaq sahəsinin bu hissəsinin üzərindəki 282 kv.metr qeyri-yaşayış tikilisi sonuncunun hesabına sökülməklə, boşaldılmalı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın ləğv olunması” tələbinə dair qarşılıqlı iddiası isə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Qeyd olunan Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sözügedən Məcəllənin 119.4-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyərinin təşkil edən 100 (bir yüz) manat məhkəmə xərci ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə köçürülməlidir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ilk iddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumunun tutulması həm ilk iddia ərizəsində, həm də məhkəmə iclasında ilk İddiaçı tərəfindən ilk iddia üzrə Cavabdeh tələb edilmədiyindən həmin məbləğ ilk iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Eyni zamanda, qarşılıqlı iddia tələbi rədd edildiyindən bu tələb üzrə ödənilmiş 100 manat dövlət rüsumu ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməlidir. Həmçinin, mütəxəssis rəyinin alınması üçün ödənilmiş cəmi 95 (doxsan beş manat) məhkəmə xərcinin əvəzi ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən qarşı tərəfdən tələb edilmədiyindən sonuncunun özünə aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İlk iddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən 31 oktyabr 2022-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətinə verilmiş ünvan 6 ünvanda yerləşən 0,7821 ha torpaq sahəsinin zəbt edilmiş 0,0282 ha hissəsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh çıxarılmaqla, torpaq sahəsinin bu hissəsinin üzərindəki 282 kv.metr qeyri-yaşayış tikilisi sonuncunun hesabına sökülməklə, boşaldılsın. İlk iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid edilsin. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın ləğv olunması” tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilsin. İş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məhkəmə xərci ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə köçürülsün. Mütəxəssis rəyinin alınması üçün ödənilmiş cəmi 95 (doxsan beş manat) məhkəmə xərci ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №2(059)-10/2025
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-10/2025
07.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver