Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-312/2025 02.06.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “hədiyyə şəklində verilmiş qızıl-zinət əşyalarının qanunsuz sahiblikdən geri alınması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “hədiyyə şəklində verilmiş qızıl-zinət əşyalarının qanunsuz sahiblikdən geri alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hədiyyə şəklində verilmiş qızıl-zinət əşyalarının, o cümlədən 600 manat dəyərində Rusiya istehsalı, 583 əyarlı, çəkisi 05 qram olan 1 ədəd ağ qaşlı üzüyün, 800 manat dəyərində Rusiya istehsalı, 583 əyarlı 1 cüt ağ qaşlı sırğanın, 500 manat dəyərində Rusiya istehsalı, 583 əyarlı, çəkisi 05 qram olan 1 ədəd qaşsız nişan üzüyünün, 1100 manat dəyərində Rusiya istehsalı, 583 əyarlı, çəkisi 10 qram olan 1 ədəd tross formalı boyunbağının (natura şəklində), qətnamə icra olunan zaman təqdim edilmədiyi halda isə onların dəyərinin, eləcə də ödənilmiş 50 manat məbləğində məhkəmə xərcinin (mediasiya) cavabdehdən alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilmiş və müvafiq prosessual hərəkətlər edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddiadan imtina edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiadan imtina edildiyini, iş üzrə icraata xitam verilmənin əsaslarının və hüquqi nəticələrinin onlara aydın olduğunu qeyd edib, tələbləri təmin edildiyinə görə mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Eyni zamanda, Cavabdeh da, ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə icraata xitam verilməsinin əsasları və hüquqi nəticələrinin ona aydın olduğunu bildirmiş, mülki iş üzrə icraata xitam verilməsinə etirazının olmadığını qeyd etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, iclasın tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə müvafiq olaraq iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Bu Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfin iddiadan imtina etməsi qanuna zidd olmadığından və digər şəxslərin mənafeyinə toxunmadığından məhkəmə tərəfindən qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İcraata xitam verilmə qaydası və nəticələrini müəyyən edən Azərbaycan Respublikası MPM-nin 262-ci maddəsinin 2-ci hissəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə qeyd edir ki, iş üzrə icraata xitam verilərkən, mülki-prosessual qanunvericilikdə yalnız dövlət rüsumunun qaytarılması nəzərdə tutulduğundan, ödənilmiş 50 manat mediasiya xərcinin iddiaçıya qaytarılması istisna olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261, 261.0, 261.0.4, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “hədiyyə şəklində verilmiş qızıl-zinət əşyalarının qanunsuz sahiblikdən geri alınması” tələbinə dair mülki iş üzrə iddiaçı tərəfin iddiadan imtinası qəbul edilsin, iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verə bilərlər. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №2(059)-312/2025
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-312/2025
02.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver