Məhkəmə qərarları › İş №2(059)-369/2025

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-369/2025

15.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-369/2025 15.05.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi "ölüm faktının təsdiq edilməsi"nə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək övladları 21 dekabr 1993-cü il təvəllüdlü X7 29 oktyabr 1997-ci ildə, 23 aprel 1995-ci il təvəllüdlü X12 isə 02 dekabr 1996-cı il tarixdə vəfat etdiyini, lakin onlara ölüm haqqında şəhadətnamə almadığını, hazırda da ölüm faktının məhkəmədənkənar qaydada təsdiq edilməsinin mümkün olmadığını, digər övladlarının sənədləşmə işləri ilə bağlı bu faktın təsdiq olunmasının vacib olduğunu bildirmişdir. İddia tələbi Ərizəçi "ölüm faktının təsdiq edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, 21 dekabr 1993-cü il tarixdə doğulmuş oğlu X7 29 oktyabr 1997-ci il tarixdə, 23 aprel 1995-ci il tarixdə doğulmuş oğlu X3 02 dekabr 1996-cı il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçi tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, onun X2 ilə 16 oktyabr 1990-cı il tarixdə bağlanmış nikahdan 21 dekabr 1993-cü il tarixdə doğulmuş övladları X13 29 oktyabr 1997-ci il tarixdə xəstəliyinin şiddətlənməsi səbəbi ilə Bakı şəhər 5 saylı uşaq xəstəxanasına aparılarkən səhərə yaxın vaxtlarda elə yolda, avtomobildə ölmüş, ikinci övladları 23 aprel 1995-ci il tarixdə doğulmuş övladları X12 isə 02 dekabr 1996-cı il tarixdə, saat 10-11:00 radələrində yaşadıqları evdə ölmüşdür. Hər iki övladı islam dininin adət-ənənəsi ilə qardaşı yəni, mərhumların əmisi X21 tərəfindən yuyulub, kəfənlənmiş və Siyəzən şəhərinin ərazisində yerləşən ’’Seyidhüseynağa” deyilən qəbiristanlığında, Rəmzi adlı övladı onun əmisi X4, Novruz adlı övladı isə onun babası X5 qəbrinin yanında dəfn edilmişdir. Lakin, hazırki vaxta kimi övladlarının ölüm haqqında şəhadətnamələrini əldə edə bilməmişdir. Sonuncu qeyd etdiyi fakt Maraqlı şəxs tərəfindən verilən X13 barəsində xx.xx.2025-ci il tarixli, 17 nömrəli, X12 barəsində isə xx.xx.2025-ci il tarixli, 18 nömrəli ölüm haqqında akt qeydinin aşkar olunmamasına dair arxiv çıxarışları təsdiq edilir. Beləliklə, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin övladlarının ölüm akt qeydi aşkar edilməmişdir. Bundan sonra, tərəfindən “X6 Mərkəzi” X16 direktoruna Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 03 iyul 2015ci il tarixli, 52 nömrəli əmri ilə təsdiq edilmiş “Ölüm haqqında tibbi şəhadətnamə"nin verilməsi qaydasına dair təlimatı və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194 və 195-ci maddələri rəhbər tutularaq, övladları Rəmzi Bəşirovun 29 oktyabr 1997-ci il tarixdə, Coşqun Bəşirovun isə 02 dekabr 1996-cı il tarixdə ölməsinə dair müvafiq şəhadətnamələrin verilməsinə köməklik edilməsi məzmunda rəsmi ərizə ilə müraciət etmiş, lakin ərizəsinə cavab olaraq tələb edilən vəfat etmişlərə aid “Ölüm haqqında tibbi şəhadətnamə”, “Ölüm haqqında tibbi şəhadətnamə”nin saxlama müddəti bitdiyinə görə xəstəxananın arxivində mövcud olmadığı qeyd edilmişdir. Bununla da, tibb müəssisəsi tərəfindən ölüm haqqında məlumatlar, o, cümlədən “Ölüm haqqında tibbi şəhadətnamə”nin saxlama müddəti bitdiyinə görə xəstəxananın arxivində mövcud olmamasına görə ölümün dövlət qeydiyyatına alınması mümkün olmamış və bununla da, vəfat etmiş şəxslərin digər ailə üzvilərinin bir çox hüquqları pozulmuş və yaxud məhdudlaşmışdır. Bununla da, yuxarıda qeyd edilən hallara görə İnstitutun sonuncu kursunda olan oğlu Rəmzi hərbi məktəbi bitirib xidmət yerinə göndərilməsi üçün tərtib edilən sənədlərdə mövcud olan şübhələrin aradan qaldırılması üçün vəfat etmiş övladları barəsində ölüm haqqında şəhadətnamə alınması, habelə ölümün qeydə alınması üçün məhkəmə qaydasında övladlarının ölüm faktının müəyyən edilməsi zəruridir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, qeydiyyat şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin hazırlıq və baxış iclaslarında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək göstərmişdir ki, Rəmzi adlı övladı 21 dekabr 1993-ci il tarixdə doğulmuş, lakin sonuncu qaynar suya düşdüyünə görə 29 oktyabr 1997-ci ildə xəstəxanaya aparılarkən “Xırdalan qəbirstanlığı”nın yaxınlığında yolda ölmüşdür. Həmçinin, Coşqun adlı övladı 23 aprel 1995-ci il tarixdə doğulmuş, habelə sonuncunun nəfəs borusunda qida qaldığı üçün boğularaq, 02 dekabr 1996-ci il tarixdə yaşadıqları Siyəzən rayonunda evdə ölmüşdür. Bununla belə, hazırki vaxta kimi ölüm haqqında şəhadətnamələri ala bilməmişdir. Eyni zamanda, digər oğlu hərbi qulluqçu olmaqla yanaşı, ölən oğlu ilə eyni adı daşıdığı üçün anlaşılmazlıq yaranmışdır. Bununla yanaşı, ölüm haqqında şəhadətnamələri başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

60. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Mülki Prosessual Məcəllə

119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər. 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında.

307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

Ailə Məcəlləsi

158.2 Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər

193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.

“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarı:

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi

Məhkəmə ərizəçinin izahatını iş materialları və şahidlərin ifadələri ilə birlikdə araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. Belə ki, işdə olan Siyəzən VVAQ şöbəsi tərəfindən 11 yanvar 1994-cü il tarixdə verilmiş XVİİ-ЖГ seriyalı, 359372 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Ərizəçi, anası X2 olan X13 21 dekabr 1993-cü il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Siyəzən VVAQ şöbəsi tərəfindən 06 iyun 1995-ci il tarixdə verilmiş XVİİİ- ЖГ seriyalı, 402259 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Ərizəçi, anası X2 olan X12 23 aprel 1995-ci il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən 28 yanvar 2025-ci il tarixdə verilmiş 17 və 18 nömrəli arayışlardan görünür ki, 1996-1998-ci illər üzrə aparılmış yoxlama zamanı müvafiq olaraq X7 və X3 ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” X16 04 fevral 2025-ci il tarixli, 18- 1-69/2-B-113-31-119/2025 nömrəli məktubundan görünür ki, 21 dekabr 1993-cü il təvəllüdlü X11 (xx.xx.1997-ci il tarixdə vəfat etmiş) və 23 aprel 1995-ci il təvəllüdlü X8 (02 dekabr 1996-cı il tarixdə vəfat etmiş) aid “Ölüm haqqında tibbi şəhadətnamə”nin saxlama müddəti bitdiyinə görə xəstəxananın arxivində mövcud deyildir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən 28 yanvar 2025-ci il tarixdə verilmiş 04 nömrəli məktubdan görünür ki, Rəmzi və Coşqun Bəşirovların ölüm haqqında tibbi arayışları olmadığına görə ölüm faktının müəyyən edilməsi üçün Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan 08 aprel 2025-ci il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaşıdır. Belə ki, 1997-ci il tarixdə qardaşı Şahinin Rəmzi adlı oğlunun üstünə qaynar su tökülmüş, qardaşı oğlu Rəmzini xəstəxanaya apararkən, sonuncu elə yolda, Bakıya çatmamış Xırdalan qəbiristanlığı adlanan yerdə vəfat etmişdir. Həmçinin, qardaşı Şahinin Coşqun adlı oğlu nəfəs borusunda qida qalması səbəbindən 1996-cı il tarixdə vəfat etmişdir. Sonuncu qeyd etdiyi hadisə zamanı qardaşı qonşuları köməyə çağırsa da, azyaşlıya köməklik etmək mümkün olmamış, habelə özü həmin vaxt yaşadığı Şabran rayonundan qardaşının yaşadığı Siyəzən rayonuna gələnə kimi qardaşı oğlunun vəfat etməsinin şahidi olmuşdur. Həmçinin, özü qardaşı övladlarının meyitlərinin yuyulmasında, kəfənlənməsində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, ərizəçi onun əridir. Belə ki, 1996-cı il tarixdə oğlu Coşqunun yediyi qara çörək onun nəfəs borusunda qalması səbəbindən vəfat etmişdir. Həmçinin,1997-ci il tarixdə yeni köçdükləri evdə elektrik sobasının üstündə paltar yumaq üçün su qaynatmış, həmin vaxt pəncərədən baxması üçün əyləşdirdiyi oğlu Rəmzi yerə atlayarkən sobanın üstündə olan qaynar su azyaşlının üzərinə tökülmüş, bu səbəbdən də, oğlu vəfat etmişdir. Məhkəmə iclasında digər şahid X15 şahidlər X9 və X1 ifadələrinə uyğun, eyni məzmunlu ifadə verərək, qardaşı Ərizəçi iki övladının vəfat etdiyini bir daha təsdiqləmişdir. Məhkəmə işin faktiki hallarından, ərizəçinin izahatından, şahidlərin ifadələrindən və təqdim edilmiş sübutlardan belə qənaətə gəlir ki, 21 dekabr 1993-cü il təvəllüdlü X7 29 oktyabr 1997-ci il tarixdə Abşeron rayonunda , 23 aprel 1995-ci il təvəllüdlü X3 isə 02 dekabr 1996-cı il tarixdə Siyəzən rayonunda vəfat etmələri təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktların müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Odur ki, ərizəçi qeyd olunan faktları təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 21 dekabr 1993-cü il təvəllüdlü X7 29 oktyabr 1997-ci il tarixdə Abşeron rayonunda, 23 aprel 1995-ci il təvəllüdlü X3 isə 02 dekabr 1996-cı il tarixdə Siyəzən rayonunda ölmələri barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308, 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin olunsun. 21 dekabr 1993-cü il təvəllüdlü X7 29 oktyabr 1997-ci il tarixdə Abşeron rayonunda, 23 aprel 1995-ci il təvəllüdlü X3 isə 02 dekabr 1996-cı il tarixdə Siyəzən rayonunda ölmələri faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar