Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-370/2022 04.07.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi "ölüm faktının müəyyən edilməsi" barədə ərizəsi üzrə mülki işə 04 iyul 2022ci il tarixdə, Siyəzən şəhərində, məhkəmənin binasında, xüsusi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi "ölüm faktının müəyyən edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Şahid1 arasında 05 may 2010-cu il tarixdə bağlanmış nikahdan 09 iyun 2011-ci il tarixdə Siyəzən şəhərində doğulmuş X1 07 mart 2012-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçi tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, Şahid1 ilə 05 may 2010-cu il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş, birgə nikahdan 09 iyun 2011-ci il tarixdə Murad, 20 mart 2013-cü il tarixdə Murad, 17 iyul 2014-cü il tarixdə isə Tunar adlı oğlan övladları doğulmuşdur. 09 iyun 2011-ci il tarixdə doğulmuş Murad adlı birinci övladı “bətndaxili infeksiya, generizə olunmuş, ağır forma, kəskin gediş (Toksoplazma, SMV mənşəli) Toksiki hepatit, Perinatal hipoksik və toksiki ensefalopatiya, vaxtından qabaq doğulma İ dərəcə (hestasiya yaşı 36 həftə)” diaqnozlu xəstəlikdən əziyyət çəkmişdir. Bununla əlaqədar 09 iyun 2011-ci il təvəllüdlü Muradı Bakı şəhərində müxtəlif xəstəxanalarda müalicə etdirsə də, övladı 07 mart 2012-ci il tarixdə qeyd edilən xəstəlikdən yaşadıqları Siyəzən rayonunu Sədan kəndindəki evlərində vəfat etmişdir. Vəfat etdikdən sonra Muradı ata-baba qəbiristanlığında digər yaxınlarının yanında dəfn etmişlər. Həmin vaxt çox kədərli və qəmgin olduqlarından Murad Muradovun ölüm faktını tibb müəssisəsində qeyd etdirməmişlər. Bu səbəbdən də, Muradın Siyəzən rayon qeydiyyat şöbəsində ölümü haqqında akt qeydi yoxdur. 20 mart 2013-cü il tarixdə yenidən oğlan övladları doğulmuş və vəfat etmiş uşaqlarının xatirəsinə uşağa Murad adı vermişlər. Hazırda faktiki Murad və Tunar adlı iki övladı olsa da, 09 iyun 2011-ci il tarixdə doğulmuş Muradın ölüm haqqında şəhadətnaməsini almadıqları üçün rəsmi olaraq üç övladının olması müəyyən edilir. Ona görə də, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi müdafiə etdiyi ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, 09 iyun 2011-ci il təvəllüdlü övladı Murad ölərkən xəstəxanaya müraciət etmişlər, xəstəxanadan verilmiş epikriz və xəstəliyi ilə bağlı müvafiq sənədlər iş materiallarına əlavə edilmişdir. Uşaq xəstəxanada yox evdə vəfat etdiyindən ölümü ilə bağlı heç bir sənəd almamışlar. 09 iyun 2011-ci il təvəllüdlü övladı Murad vəfat etdikdən sonra onu Siyəzən rayonunun Sədan kənd qəbiristanlığında ərinin ata babası və nənəsinin yanında dəfn etmişlər. O, müəllimə işlədiyindən, ipoteka ilə ev almaq üçün müraciəti zamanı ailə tərkibi haqqında arayışa ehtiyac yaranmış və bu barədə ASAN xidmətə müraciət etmişdir. Bu zaman ona üç uşağının olduğu, yəni 09 iyun 2011-ci il təvəllüdlü Muradın sistemdə sağ olaraq qeyd olunduğu bildirilmiş, səbəb olaraq, isə ölüm haqqında şəhadətnaməni almadığı qeyd edilmişdir. Bu isə ona gələcəkdə müxtəlif problemlər yarada bilər. Belə ki, 09 iyun 2011-ci il təvəllüdlü övladı Murad sistemdə sağ olaraq göstərildiyi üçün 18 yaşı tamam olarkən onun adına hərbi xidmətə çağırış gələcəkdir. Ona görə də, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Siyəzən rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, qeydiyyat şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Şahid1 ifadəsində Ərizəçi ilə birgə nikahdan 09 iyun 2011-ci il tarixdə Murad adlı oğlan övladının doğulduğunu, sonuncunun təxminən 7-8 ay yaşadığını, 07 mart 2012ci il tarixdə isə vəfat etdikdən sonra Siyəzən rayonunun Sədan kənd qəbiristanlığında babası Həşimin yanında dəfn edildiyini göstərdi. Məhkəmə iclasında Şahid2 Camo qızı ifadəsində göstərdi ki, onunla qonşuluqda yaşayan 09 iyun 2011-ci il təvəllüdlü Muradın valideynləri Səbuhi və Humay onun baldızının oğlu və gəlinidir. 09 iyun 2011-ci il tarixdə doğulmuş Murad ilk vaxtlar sağlam kimi görünsə də, sonradan qaraciyərində xəstəlik yarandığı üçün valideynləri onu müalicə etdirməyə başlamış, müalicələrin nəticəsi olmadığı üçün onun müalicəsi Bakı şəhərində davam etdirilmişdir. Bundan əlavə, Murad təxminən 2012-ci ilin mart ayının əvvəllərində vəfat etsə də, uşaq üçün hər hansı yas mərasimi təşkil edilməmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 05 may 2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 537770 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Şahid1 ilə Ərizəçi 05 may 2010-cu il tarixdə nikahlarını bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 62 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər və arvad öz soyadlarında qalmışlar. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 01 iyul 2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 640581 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, atası Şahid1, anası Ərizəçi olan X2 09 iyun 2011-ci il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Siyəzən rayon İcra Hakimiyyəti başçısının Sədan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 07 may 2022-ci il tarixdə verilmiş 31 nömrəli arayışdan, eləcə də, həmin nümayəndəlik tərəfindən 06 may 2022-ci il tarixdə təsdiq edilmiş aktdan görünür ki, 09 iyun 2011 təvəllüdlü X2 07 mart 2012-ci il tarixdə Sədan kəndində öz evində vəfat etmiş və həmin gün Sədan kənd qəbiristanlığında ailə məzarlığında dəfn edilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 06 may 2022-ci il tarixdə verilmiş 62 nömrəli arayışdan görünür ki, 07 mart 2012-ci il tarixdən 06 may 2022-ci il tarixədək arxiv məlumatları yoxlanılsa da, X2 barəsində Siyəzən rayon qeydiyyat şöbəsində ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan 06 may 2022-ci il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Bu Məcəllənin 159-cu maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Məhkəmə işin faktiki hallarından, ərizəçinin izahatından, şahidlərin ifadələrindən və təqdim edilmiş sübutlardan belə qənaətə gəlir ki, 09 iyun 2011-ci il təvəllüdlü X1 07 mart 2012-ci il tarixdə Siyəzən rayonunun Sədan kəndində ev şəraitində vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Odur ki, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Şahid1 arasında 05 may 2010-cu il tarixdə bağlanmış nikahdan 09 iyun 2011-ci il tarixdə Siyəzən şəhərində doğulmuş X1 07 mart 2012-ci il tarixdə Siyəzən rayonunun Sədan kəndində ev şəraitində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi ərizəsi təmin olunsun. Ərizəçi ilə Şahid1 arasında 05 may 2010-cu il tarixdə bağlanmış nikahdan 09 iyun 2011-ci il tarixdə Siyəzən şəhərində doğulmuş X1 07 mart 2012-ci il tarixdə Siyəzən rayonunun Sədan kəndində ev şəraitində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-370/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-370/2022
04.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver