Məhkəmə qərarları › İş №2(059)-378/2025

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-378/2025

17.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-378/2025 17.06.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X1 iştirakları ilə Ərizəçi "şəxsin ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi "şəxsin ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 21 may 1970-ci il təvəllüdlü X2 01 yanvar 1991-ci il tarixdə Siyəzən rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tərəfindən ərizə əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, qardaşı X7 21 may 1970-ci il tarixdə Siyəzən şəhərində doğulmuş və ölənədək bu şəhərdə yaşamışdır. Belə ki, qardaşı Dadaş İsmayılov 01 yanvar 1991-ci il tarixdə Siyəzən şəhərində avtomobil və motosikletin toqquşması nəticəsində baş vermiş qəzada vəfat etmiş, habelə, Siyəzən rayonunun Beşdam kənd qəbiristanlığında dəfn edilmişdir. Belə ki, həmin zamanlar müharibə dövrü olduğu üçün mərhum qardaşının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Beləliklə, ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsndə müraciət etsə də, rədd cavabı verilməklə, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bundan başqa, qardaşı Dadaşın ölüm haqqında şəhadətnaməsinin əldə edilməsi mərhum atası Bahadıra aid olmuş, yaşadıqları evin öz adına rəsmiləşdirilməsi üçün lazımdır. Ona görə də, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi Bahar oğlu müdafiə etdiyi ərizədə göstərilənləri təsdiq etməklə yanaşı, əlavə olaraq izahatında göstərdi ki, 01 yanvar 1991-ci il tarixdə 20 gün olar həqiqi hərbi xidmətini başa vuraraq, qayıtmış qardaşı Dadaş İsmayılov bibisi oğlu Hikmətlə motosikletlə Siyəzən şəhərinin keçmiş Azadlıq (indiki Heydər Əliyev) küçəsində hərəkətdə olarkən, "xxxx" ASC-yə məxsus “QAZ 53” markalı avtomobillə toqquşmuş, nəticədə motosikletdə olan qardaşı Dadaş və Hikmət adlı qohumu hadisə yerində vəfat etmişlər. Bununla bağlı, hüquq mühafizə orqanlarında araşdırma aparılmış, lakin, həmin zamanlar ölkədə müharibə şəraiti olmaqla, çətin bir dövr olduğu üçün araşdırmanın nəticəsindən məlumatı omaiışdır. Habelə, "xxxx" ASC-yə məxsus “QAZ 53” markalı avtomobilin sürücüsü olmuş X4 cinayət məsuliyyətinə cəlb edilibedilməməsindən də xəbərsizdir. Bununla yanaşı, mərhum qardaşı Dadaşın adına ölüm haqqında şəhadətnamə alınmamışdır. Mərhum qardaşı Dadaş İsmayılov 02 yanvar 1991ci il tarixdə Siyəzən rayonunun Beşdam kənd qəbiristanlığında dəfn edilmişdir. Hazırda mərhum atası Bahadır İsmayılovdan miras qalmış Siyəzən rayonunun Məcnun Zəkiyev küçəsindəki 19 nömrəli evin öz adına rəsmiləşdirilməsi ilə əlaqədar qardaşı Dadaş İsmayılovun ölümünü təsdiq edən sənəd tələb ounlduğundan ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Nadir, Mübariz, Feyzi, Namiq, Fəzadil və Siyəzən rayonunda başqa şəxslərə övladlığa verilmiş Mübariz adlı qardaşı, eləcə də, Rusiya Federasiyasında yaşayan Leyla adlı bacısı sağ olmaqla, hər birinin sənədləri qaydasında olsa da, təkcə mərhum Dadaşın ölüm haqqında şəhadətnaməsinin olmaması sözügedən evin onun adına rəsmiləşdirilməsinə maneəçilik yaradır. Odur ki, ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X6 ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etməməsini bildirir. Məhkəmə proses iştirakçılarının izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, şahid X13 ifadəsində göstərdi ki, 01 yanvar 1991-ci il tarixdə Siyəzən şəhər sakinləri X2 olduğu və sonuncunun Hikmət adlı bibisi oğlunun idarə etdiyi motosiklet, Siyəzən şəhərinin keçmiş Azadlıq (indiki Heydər Əliyev) küçəsində hərəkətdə olarkən onun idarəçiliyində olan "xxxx" ASC-yə məxsus “QAZ 53” markalı avtomobilin arxa hissəsindən toqquşmuş, nəticədə, motosikletdə olan hər iki şəxs hadisə yerində vəfat etmişlər. O, özü həmin şəxsləri xəstəxanaya aparmış, habelə mərhumların yas mərasimində də iştirak etmişdir. Bundan başqa, hadisə ilə bağlı Siyəzən RPŞ-də 6 ay müddətində ibtidai istintaq aparılsa da, onun təqsiri müəyyən olunmadığına görə cinayət işinə xitam verilmişdir. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərdi ki, 01 yanvar 1991-ci il tarixdə qardaşı Dadaş İsmayılovun olduğu və Hikmət adlı bibisi oğlunun idarə etdiyi motosiklet Siyəzən şəhərinin keçmiş Azadlıq (indiki Heydər Əliyev) küçəsində hərəkətdə olarkən həmin vaxt Alim Qurbanov adlı Siyəzən şəhər sakininin idarəçiliyində olan "xxxx" ASC-yə məxsus “QAZ 53” markalı avtomobillə arxa hissədən toqquşmuş, nəticədə motosikletdə olan hər iki şəxs hadisə yerində vəfat etmişlər. Qardaşı Dadaşı qohumlarının dəfn edildiyi Siyəzən rayon Beşdam qəbiristanlığında dəfn etmişlər. O, mərhum qardaşının dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid X12 ifadəsində göstərdi ki, təxminən 1991-ci ildə qonşuları, Dadaş İsmayılovun olduğu və sonuncunun Hikmət adlı bibisi oğlunun idarə etdiyi motosiklet Siyəzən şəhərinin keçmiş Azadlıq (indiki Heydər Əliyev) küçəsində hərəkətdə olarkən həmin vaxt Alim Qurbanov adlı Siyəzən şəhər sakininin idarəçiliyində olan "xxxx" ASC-yə məxsus “QAZ 53” markalı avtomobillə arxa hissədən toqquşmuş, nəticədə motosikletdə olan hər iki şəxs hadisə yerində vəfat etmişlər. O, mərhum qonşuları Dadaş və Hikmətin qəbirlərinin qazılmasında şəxsən iştirak etməklə yanaşı, dəfn və yas mərasimlərində də iştirak etmişdir. İşdə olan keçmiş Dəvəçi rayonunun Siyəzən şəhər soveti tərəfindən 12 mart 1962-ci il tarixdə verilmiş AЗ seriyalı, 153213 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X9, anası X5 olan Ərizəçi xx xxxxxx 1962-ci il tarixdə keçmiş Dəvəçi rayonunun Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən 14 may 2025-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnaməyə dair arayışdan görünür ki, atası X10, anası X5 olan X11 21 may 1970-ci il tarixdə Şabran rayonunda doğulmuş və bu barədə 15 iyun 1970-ci il tarixdə müvafiq kitabda 224 nömrə ilə qeydiyyat aparılmışdır. İşdə olan “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” X23 24 yanvar 2025-ci il tarixli, 18-1- 69/2-İ-85-xx-xx/2025 nömrəli məktubundan görünür ki, Dadaş İsmayılovun adına aid ölüm haqqında tibbi şəhadətnamənin saxlanma müddəti bitdiyinə görə xəstəxananın arxivində mövcud deyildir. İşdə olan Maraqlı şəxs tərəfindən 23 iyul 2024-cü il tarixdə verilmiş 86 nömrəli arayışdan görünür ki, 1990-2000-ci illər üzrə aparılmış yoxlama zamanı X3 ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan Maraqlı şəxs tərəfindən 23 yanvar 2025-ci il tarixdə verilmiş 02 nömrəli məktubundan görünür ki Dadaş İsmayılovun ölümünü təsdiq edən tibbi arayış olmadığına görə ölümün qeydiyyatı üçün Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan Siyəzən rayonu Beşdam Bələdiyyəsi tərəfindən 18 oktyabr 2024-cü il tarixdə verilmiş 35 nömrəli arayışdan və fotoşəkillərdən görünür ki, Siyəzən rayonunun Beşdam kənd qəbiristanlığında dəfn edilən X3 qəbirüstü abidəsi var və abidənin üzərində "X7 21.V.1970 – 01.İ.1991" sözləri yazılmışdır. İşdə olan 07 aprel 2025-ci il traixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Bu Məcəllənin 159-cu maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Sözügedən qərarın 9.4-cü bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə işin faktiki hallarından, proses iştirakçılarının izahatından, şahidlərin ifadələrindən, habelə təqdim edilmiş sübutlardan belə qənaətə gəlir ki, 21 may 1970-ci il təvəllüdlü X3 01 yanvar 1991-ci il tarixdə keçmiş Dəvəçi (indiki Şabran) rayonunun Siyəzən şəhərinin keçmiş Azadlıq (indiki Heydər Əliyev) küçəsində hadisə nəticəsində ölməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Odur ki, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 21 may 1970-ci il təvəllüdlü X3 01 yanvar 1991-ci il tarixdə keçmiş Dəvəçi (indiki Şabran) rayonunun Siyəzən şəhərinin keçmiş Azadlıq (indiki Heydər Əliyev) küçəsində hadisə nəticəsində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. 21 may 1970-ci il təvəllüdlü X3 01 yanvar 1991-ci il tarixdə keçmiş Dəvəçi (indiki Şabran) rayonunun Siyəzən şəhərinin keçmiş Azadlıq (indiki Heydər Əliyev) küçəsində hadisə nəticəsində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar