Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-398/2022 02.06.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi 24 may 2022-ci i tarixdə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə onun arasında bağlanan “aliment məbləğinin razılaşdırılması haqqında” barışıq sazişinin məcburi icra edilməsi, o cümlədən Maraqlı şəxs 02 avqust 2011-ci il təvəllüdlü X5 üçün təyin edilmiş aylıq aliment məbləği 200 manata çatdırıldıqdan sonra, hər ay 02 avqust 2011-ci il təvəllüdlü X3 və 20 dekabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, onunla maraqlı şəxs arasında nikah məhkəmə qaydasında pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 12 oktyabr 2018-ci il tarixində 30 nömrə ilə qeyd edilmişdir. Onların birgə nikahdan 02 avqust 2011-ci il tarixdə Zümray, 20 dekabr 2017-ci il tarixdə isə İncinur adlı uşaqları doğulmuşdur. Uşaqlar hal-hazırda onun himayəsində və yanında qalırlar. O, maraqlı şəxsdən uşaqları saxlamaq üçün alimentin tutulmasına görə ailə münasibətlərindən irəli gələn mübahisəni mediasiya xidməti vasitəsilə həll etməkdən ötrü Mediasiya Şurasına müraciət etmiş, mediasiya prosesi zamanı aralarında 07 may 2022-ci il tarixdə “aliment məbləğinin razılaşdırılması” haqqında “barışıq sazişi” bağlanmışdır. Belə ki, 07 may 2022-ci il tarixli “barışıq sazişi”nin 2.1.1-ci bəndinə əsasən “İkinci tərəf” Ata birinci övladı-02 avqust 2011-ci il təvəllüdlü X5 üçün təyin edilmiş aylıq aliment məbləğinin 200 manata qaldırılmasını öz öhdəsinə götürür. Gələcəkdə bu məbləğin artırılması və azaldılması barədə mübahisə yaranarsa, tərəflər məhkəməyə və ya mediasiyaya müraciət edə bilər.” Sazişin 2.1.2-ci bəndinə əsasən “İkinci tərəf X1 üçün ayda 200 manat aliment ödəməyi öz öhdəsinə götürür. Gələcəkdə bu məbləğin artırılması və azaldılması barədə mübahisə yaranarsa, tərəflər məhkəməyə və ya mediasiyaya müraciət edə bilər. 2.1.3-cü bəndə əsasən “İlk ödəniş 10 gün ərzində, yəni 17 may 2022-ci il tarixindən gec ödənildikdə Birinci tərəf Ana məhkəməyə müraciət edərək, “Barışıq Sazişi”nin məcburi icrasını tələb edə bilər. Sazişin 2.4-cü bəndinə əsasən “Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir.” Hazırda maraqlı şəxs tərəfindən 07 may 2022-ci il tarixli “Barışıq sazişi”nin 2.1.3-cü bəndinin “İlk ödəniş 10 gün ərzində, yəni 17 may 2022ci il tarixində keçirilməlidir tələbi pozulmuşdur, yəni hər ay hər uşağa 200 manat, cəmi 400 manat aliment ödənilməsini öhdəsinə götürmüş tərəf “Barışıq sazişi”nin əsas şərtlərini pozmuş və ərizəçinin məhkəməyə müraciət edərək “barışıq sazişi”nin məcburi icrasını tələb etmək hüququ yaranmışdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəyə əlavə izahatı və dəqiqləşdirməsi olmayan Ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizənin təmin edilməsinə etiraz etməyərək izahatında göstərdi ki, mediasiya prosesi zamanı ərizəçi ilə aralarındakı 07 may 2022-ci il tarixli “aliment məbləğinin razılaşdırılması” haqqında “barışıq sazişi”ni özü imzalasa da, sonradan alimenti könüllü icra etmək istəməmişdir. Gələcəkdə barışıq sazişi üzrə ödəmələrin sübut olunmasında problemlər yaranmaması üçün sazişin məhkəmə qaydasında təsdiq edilməsi barədə qətnamə çıxarılmasına tərəfdardır. Ona görə də ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdəki sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin qeyd edilən normalarına əsaslanaraq hesab edir ki, Maraqlı şəxs münasibətdə qətnamənin əsaslandırıcı hissəsində tələbin etiraf edilməsi və onun qəbul edilməsi ilə kifayətlənmək olsa belə, aşağıdakıların qeyd edilməsi zəruridir. Belə ki, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 01 sentyabr 2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 711917 nömrəli və Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 08 noyabr 2018-ci il tarixdə verilmiş, AZ-İV seriyalı, 204479 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, müvafiq olaraq atası Maraqlı şəxs, anası Quliyeva (Zeynalova) Bənövşə Fazil qızı olan X5 02 avqust 2011-ci il tarixdə Siyəzən, X4 isə 20 dekabr 2017-ci il tarixdə Bakı şəhərində doğulmuşlar. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 12 oktyabr 2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 297221 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasındakı nikah 12 oktyabr 2018-ci il tarixdə ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında həmin gün 30 nömrəli qeyd edilmişdir. Nikah ləğv olunduqdan sonra ər öz soyadında qalmış, arvada isə "Zeynalova" soyadı verilmişdir. İş materiallarında olan 07 may 2022-ci il tarixdə mediasiya reyestrində M-00184 nömrəsi ilə qeydə alınmış barışıq sazişinin mühüm şərtlərindən görünür ki, ikinci tərəf (Ata) birinci övladı üçün təyin edilmiş aylıq aliment məbləğinin 200 manata qaldırılmasını öz öhdəsinə götürür. İkinci tərəf (Ata) ikinci övladı X4 üçün ayda 200 manat aliment ödəməyi öhdəsinə götürür. İlk ödəniş 10 gün ərzində, yəni 17 may 2022-ci il tarixdən gec ödənildikdə Birinci tərəf (Ana) məhkəməyə müraciət edərək, Sazişin məcburi icrasını tələb edə bilər. Saziş 10 gün ərzində könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Bu saziş son imzanın atıldığı gündən, yəni 07 may 2022-ci il tarixdən qüvvəyə minir. İşdə olan 07 may 2022-ci il tarixli, 083493 nömrəli mədaxil qəbzindən görünür ki, Ərizəçi ailə münasibətlərindən irəli gələn mübahisə ilə əlaqədar mediasiya sessiyasına müraciət edərkən, 100 (bir yüz) manat məbləğində mediasiya xərcini ödəmişdir. Məhkəmə nəzərə alır ki, bağlanması üçün ikitərəfli iradə ifadəsinin zəruri olduğu barışıq sazişinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilə hüququna dair müddəaları müvafiq surətdə tətbiq olunmalıdır. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Bu Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Sözügedən Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Eyni Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49-cu maddəsinin İ hissəsinə əsasən, 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Bu Məcəllənin 22-ci maddəsinin İ hissəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Bu Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin İ, İİİ və İV hissələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa, sözügedən barışıq sazişi 07 may 2022-ci il tarixdən imzalanmaqla, həmin gündən tərəflər üçün məcburi xarakter daşımağa başlamış, eləcə də maraqlı şəxsi aliment öhdəliyinin icraçısına çevirmiş, həmçinin bu hal sazişin mühüm şərtlərində də öz əksini tapmışdır. Eyni zamanda, maraqlı şəxs barışıq sazişinin bağlanmasından 10 gün ərzində, yəni 17 may 2022-ci il tarixdən gec olmayaraq razılaşdığı aliment məbləğini ərizəçiyə könüllü şəkildə ödəməli olmasına baxmayaraq, bu öhdəliyi yerinə yetirməmiş, nəticədə ərizəçi barışıq sazişinin şərtlərinə əsaslanaraq, onun təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilmədiyindən, həmçinin Sazişdə alimentin hansı vaxtadək tutulması göstərilməsə də, Ailə Məcəlləsinin hüquqi təbiətinə əsasən alimentin uşaqların yetkinlik yaşına çatanadək tutulması nəzərdə tutulduğundan, ərizə təmin edilməli, 07 may 2022-ci il tarixdən başlayaraq, 02 avqust 2011-ci il təvəllüdlü X3 və 20 dekabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Maraqlı şəxs Ərizəçi xeyrinə hər ay hər uşaq üçün 200 manat, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutulmasına dair Ərizəçi ilə Maraqlı şəxs arasında 07 may 2022-ci il tarixdə bağlanmış, mediasiya reyestrində M-00184 nömrə ilə qeydiyyata alınmış barışıq sazişi təsdiq edilməli, qətnamə dərhal icraya yönəldilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunmalıdır. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya sessiyası üzrə ödənilmiş 100 (bir yüz) manat xərcin tutulması həm ərizədə göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı ərizəçi tərəfindən maraqlı şəxsdən tələb edilmədiyindən həmin məbləğ ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 234, 355-23, 355-24, 355-25-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 07 may 2022-ci il tarixdən başlayaraq, 02 avqust 2011-ci il təvəllüdlü X3 və 20 dekabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Maraqlı şəxs Ərizəçi xeyrinə hər ay hər uşaq üçün 200 manat, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutulmasına dair Ərizəçi ilə Maraqlı şəxs arasında 07 may 2022-ci il tarixdə bağlanmış, mediasiya reyestrində M-00184 nömrə ilə qeydiyyata alınmış barışıq sazişi təsdiq edilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-398/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-398/2022
02.06.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver