Məhkəmə qərarları › İş №2(059)-437/2024

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-437/2024

12.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-437/2024 12.08.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ərizəçinin ümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi "ölüm faktının müəyyən edilməsi" barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi "ölüm faktının müəyyən edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, 25 fevral 1979-cu il tarixdə Şabran rayonunun Sədan kəndində doğulmuş qızı X1 26 avqust 1999-cu il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan Ərizəçi ərizəsində göstərilən tələbini onunla əsaslandırmışdır ki, o, X2 ilə rəsmi nikaha daxil olmaqla evlənmiş və bu nikahdan 01 yanvar 1968-ci il tarixdə Gülmirzə, 20 fevral 1970-ci il tarixdə Cahangir, 23 oktyabr 1974-cü il tarixdə Səminə, 25 fevral 1979-cu il tarixdə isə Firuzə adlı övladları doğulmuşdur. Övladlarından Firuzə adlı sonuncu övladı “vərəm” diaqnozlu xəstəlikdən əziyyət çəkmiş, bir neçə il Bakı şəhərində müxtəlif xəstəxanalarda, sonuncu dəfə isə Bakı şəhəri Vərəm Dispanseri xəstəxanasında stasionar müalicə almışdır. Xəstəliyi ağır olduğu üçün həkimlər qızı Firuzəni müalicə üçün İran İslam Respublikasına aparmağı məsləhət görmüş, hətta 1998-ci ildə sonuncu üçün xarici pasport almışlar. Mərhum övladının İran İslam Respublikasına müalicəyə gedə bilməsi üçün həkimlər Firuzənin vəziyyətini yaxşılaşdırmağa çalışsalar da, müalicələr heç bir köməklik göstərməmiş, buna görə də, onlar həkimlərin göstərişi ilə Firuzəni 24 avqust 1999-cu il tarixdə evə gətirmiş, habelə sonuncu 26 avqust 1999-cu il tarixdə uzun sürən ağır xəstəlikdən sonra Siyəzən rayonunun Sədan kəndində yaşadıqları evdə vəfat etmişdir. Bundan sonra, mərhum Firuzə Səfərovanı həmin tarixdə Siyəzən rayonunun Sədan kənd qəbiristanlığında ailə məzarlığında dəfn etmişlər. Həmçinin, mərhum Firuzə rəsmi nikaha daxil olmamış, subay olmuşdur. Həmin ərəfələrdə onlar övladı Firuzə Səfərovanın ölümü barədə xəstəxanadan tibbi sənəd almağın əhəmiyyətli olmasını düşünməmiş, habelə keçən bu müddət ərzində də buna heç bir zərurət olmamışdır. Belə ki, ölkədə keçirilmiş torpaq islahatları ilə əlaqədar Siyəzən rayonu Aqrar İslahat komissiyasının 14 may 1998-ci il tarixli qərarı ilə Siyəzən rayonunun Sədan kəndi ərazisindən onun və digər ailə üzvlərinin mülkiyyətinə torpaq sahəsi verilmiş, həmçinin ailə üzvü kimi mərhum övladı Firuzə Səfərovanın da, torpaq payı müəyyən edilmişdir. Həmin torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüquqları 26 avqust 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyətə hüququna dair JN seriyalı, 0021 nömrəli, 30503018 kodlu dövlət aktı ilə tanınır. Bir müddət əvvəl mərhum Firuzənin torpaq payı ilə əlaqədar vərəsəlik qaydasında məsələ həll olunarkən onun ölümü barədə rəsmi sənəd hesab edilən ölüm haqqında şəhadətnaməsi olmadığı üçün bu mümkün olmamışdır. Beləliklə, ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciəti zamanı məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Ona görə də, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəyə əlavə izahatı və dəqiqləşdirməsi olmayan ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, qeydiyyat şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Bununla belə, əvvəlki məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi Nümayəndə ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etməmişdir. Beləliklə, məhkəmə, Azərbaycan Respublikasının MPM-in 185.6-cı maddəsinə əsasən işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Şahid2 ifadəsində göstərdi ki, X3 1979-cu ildə doğulmuş və 6 ay vərəm xəstəsi olmuşdur. O, Ərizəçi ilə yaxın qonşu olmuş və eyni məhəllədə yaşadıqlarından qızı Firuzəni tanımışdır. Firuzə 26 avqust 1999-cu ildə, yay fəslində vəfat etmişdir. Onun qızı mərhum Firuzə ilə eyni sinifdə oxuduğuna görə sonuncu onların evinə tez-tez gəlibgetmişdir. Firuzənin məzarı Sədan kənd qəbiristanlığında şəhid məzarlarından yuxarıda yerləşir və o, qonşusu Gülarə ilə mərhumun məzarını bir neçə dəfə ziyarət etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi onunla qonşu olmuş, eyni məhəllədə yaşadıqlarından ərizəçinin qızı Firuzəni də tanımışdır. 26 avqust 1999-cu ilin tarixdə qonşusu Gülarənin qızı Firuzə vəfat etmişdir. Dəqiq xatırlamasa da, Firuzə vəfat edərkən yaşı on səkkizdən yuxarı olmuşdur. O, mərhum Firuzənin orta məktəbi bitirməsini, habelə sonuncunun yas mərasimində iştirak etməklə, məzarını da ziyarət etməsini xatırlayır. İşdə olan Şabran rayon qeydiyyat şöbəsi tərəfindən 30 iyul 2024-cü il tarixdə verilmiş 250 nömrəli doğum haqqında şəhadətnamənin çıxarışından görünür ki, X3 25 fevral 1979cu il tarixdə Şabran rayonunun Sədan kəndində doğulmuş, bu barədə 26 mart 1979-cu il tarixdə Şabran Rayon İcra Hakimiyyəti Başçısının Ağbaş İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 18 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. İşdə olan “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” X7 26 aprel 2024-cü il tarixli, 18-1- 69/2-430/2024 nömrəli məktubundan görünür ki, hər hansı xəstəliklə əlaqədar müraciət edilmədiyi üçün Siyəzən rayonunun Sədan kəndində yaşamış X1 adına sözügedən xəstəxana tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən 03 aprel 2024-cü il tarixdə verilmiş 03 nömrəli məktubdan görünür ki, X1 ölüm haqqında tibbi şəhadətnaməsi olmadığına görə ölüm faktının müəyyən edilməsi üçün Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyə edilir. İş materiallarına əlavə edilmiş Siyəzən rayon, Sədan kənd sakinləri Ərizəçi, X4, Şahid1 və Şahid2 tərəfindən 14 mart 2024-cü il tarixdə tərtib edilməklə, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Sədan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsdiq etdiyi aktdan görünür ki, X3 26 avqust 1999-cu il tarixdə Siyəzən rayonunun Sədan kəndində ölmüş, habelə mərhumun meyiti həmin gün Siyəzən rayon Sədan kənd qəbiristanlığında dəfn edilmişdir. İşdə olan fotoşəkillərdən görünür ki, X1 qəbirüstü abidəsi var və abidənin üzərində "X3 ** İİ ***9 - 26 Vİİİ 1999" sözləri yazılıb. İşdə olan 02 aprel 2024-cü il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Bu Məcəllənin 159-cu maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə işin faktiki hallarından, ərizəçinin izahatından, şahidlərin ifadələrindən və təqdim edilmiş sübutlardan belə qənaətə gəlir ki, 25 fevral 1979-cu il təvəllüdlü X1 26 avqust 1999-cu il tarixdə Siyəzən rayonunun Sədan kəndində ev şəraitində vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Odur ki, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 25 fevral 1979-cu il təvəllüdlü X1 26 avqust 1999-cu il tarixdə Siyəzən rayonunun Sədan kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. 25 fevral 1979-cu il təvəllüdlü X1 26 avqust 1999-cu il tarixdə Siyəzən rayonunun Sədan kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar