Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-447/2021 11.10.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qeyri-yaşayış binasının boşaldılması, zərərin və icarə haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin üzərinə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil vermək öhdəliyinin qoyulması və Cavabdeh1 6000 manat məbləğində pulun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qalan hissədə müdafiə etməklə, yanaşı onun məhkəməyə müraciət etdiyi vaxtdan, qətnamə icra olunan vaxta (günə) kimi hər ay onun hal-hazırda istifadəsində olan mağazanın aylıq kirayə haqqı 130 manat və hal-hazırda mülkiyyətində olsa da, Cavabdeh1 tərəfindən boşaldılmayan onun tərəfindən istifadə üçün keçmiş mülkiyyətçi Cavabdeh2 ödənilməli 170 manat mağazanın aylıq kirayə pulunun, yəni hər ay üçün cəmi 300 manat məbləğində pulun Cavabdeh1 alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini Cavabdeh2 06 may 2021ci il tarixli alqı-satqı müqaviləsinə əsasən almış, habelə sonuncu həmin vaxt oradan istifadə edən digər Cavabdeh1 qeyri-yaşayış sahəsini 15 iyun 2021-ci il tarixdə tərk edəcəyini bildirmişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq, Cavabdeh1 hazırkı vaxtadək mülkiyyətindəki qeyri-yaşayış sahəsini tərk etməmişdir. Eyni zamanda, digər Cavabdeh2 də üçüncü şəxslərin hüquqlarından azad şəkildə əmlakı verməyi öhdəsinə götürsə də, əslində üçüncü şəxsin, yəni digər cavabdehin ona satılmış qeyri-yaşayış sahəsindən çıxarılması üçün zəruri işləri görməmişdir. Bundan əlavə, Cavabdeh1 onun məhkəməyə müraciət etdiyi vaxtdan qətnamə icra olunan vaxta kimi hər ay hazırda istifadəsindəki digər mağazanın aylıq kirayə haqqı 130 manat və mülkiyyətində olsa da, Cavabdeh1 tərəfindən boşaldılmayan, onun tərəfindən istifadə üçün keçmiş mülkiyyətçi Cavabdeh2 ödənilməli 170 manat mağazanın aylıq kirayə pulu, yəni hər ay üçün cəmi 300 manat məbləğində ziyan vurmaqdadır. Əlavə olaraq, o, may ayından etibarən "xxxx" ASC-yə sözügedən qeyri-yaşayış sahəsinin alqı-satqısı üçün 734 manat kredit ödənişi həyata keçirməkdədir. Bütün bu qeyd etdiyi məbləğlərin cəmini hesabladıqda, qeyd olunan vəsait 6000 manat təşkil edir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının onunla heç bir alqı-satqı və sözügedən qeyri-yaşayış sahəsindən çıxarılma barədə nə yazılı, nə də şifahi müqavilələri olmamışdır. İlkin iddia ərizəsində İddiaçı ona və Cavabdeh2 qarşı qeyri-yaşayış sahəsinin boşaldılması, eləcə də cavabdeh qismində ondan 5300 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda isə iddiaçının 6000 manat tələb etməsi sual doğurur. 300 manat kirayə pulunun tələb kimi qoyulmasının heç bir məntiqi əsası yoxdur. Belə ki, o, 2019-cu ilin dekabr ayında Cavabdeh2 məxsus olan Siyəzən şəhəri, B.Səfəroğlu küçəsindəki təxminən 60 kv.m ticarət obyektini aralarındakı şifahi razılaşmaya əsasən icarəyə götürmüş, bu müqaviləyə əsasən obyektin aylıq icarə haqqı 170 manat müəyyən edilmişdir. Qeyri-yaşayış sahəsinin keçmiş sahibi Cavabdeh2 170 manat icarə haqqından vergi, sosial sığorta haqlarını özü ödəyəcəyini onunla razılaşdırmış, icarə pulunu 2020-ci ilin yanvar ayından hər ay vaxtlı-vaxtında şəxsən Cavabdeh2 ödəsə də, sonuncu vergi və sosial sığorta haqlarını ödəməmişdir. Dəfələrlə, digər Cavabdeh2 icarə müqaviləsi bağlamasını istəsə də, sonuncu sənədləşmə işlərinin qəliz olduğunu əsas gətirməklə bundan yayınmışdır. Sonradan Cavabdeh2 aralarındakı razılaşmanı pozaraq, onun xəbəri olmadan sözügedən qeyri-yaşayış sahəsini iddiaçıya satmışdır. Hesab edir ki, iddiaçının hazırda ondan nə isə tələb etməyə haqqı yoxdur. Əlavə olaraq qeyd edir ki, onun Qələşmah Babayevə ödədiyi aylıq 170 manat məbləğində kirayə haqqını ondan tələb etməsi məntiqsizdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini özünə aid hissədə qəbul edərək iddia tələbinin həmin hissədə təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdəki sənədləri tədqiq edib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Siyəzən rayon Dövlət notariat ofisinin dövlət notariusu vəzifəsini icra edən tərəfindən 06 may 2021-ci il tarixdə təsdiqlənmiş, 4Ə-182 reyestr nömrəsi ilə qeydə alınmış həmin tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh2 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 34,5 kv.m-dən ibarət qeyri-yaşayış binasını İddiaçı 10000 manata satmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 08 iyun 2021-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 34,5 kv.m-dən ibarət qeyri-yaşayış binası həmin tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına **********48-06301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan 08 iyul 2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən müvafiq olaraq 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bu Məcəllənin 6-cı maddəsinin İ hissəsinin İV, Vİİ, Vİİİ və İX bəndlərinə əsasən mülkiyyətin toxunulmazlığı; mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; pozulmuş hüquqların bərpasının təmin edilməsi; mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qeyd olunan Məcəllənin 568-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Sözügedən Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəlləni 146-cı maddəsinin İ və İİ hissələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh2 ilə İddiaçı arasında Siyəzən rayon Dövlət notariat ofisində bağlanmış 06 may 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 34,5 kv.m-dən ibarət qeyri-yaşayış binasını İddiaçı 10000 manata satmış, qeyd edilən qeyri-yaşayış binası sonuncunun adına 08 iyun 2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda, alqı-satqı ərəfəsində İddiaçı, qeyri-yaşayış binasının keçmiş mülkiyyətçisi Cavabdeh2 bu yeri digər Cavabdeh1 müvəqqəti istifadəsinə verdiyi məlum olmuş, habelə sonuncu oranı müəyyən müddət ərzində tərk edəcəyini bildirmişdir. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı (Cavabdeh2) qeyri-yaşayış binasını alıcının (İddiaçı) mülkiyyətinə verməyi öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəlik lazımınca yerinə yetirilməmiş, habelə oradan müvəqqəti istifadə edən digər Cavabdeh1 dəfələrlə tələb edilsə də, qeyri-yaşayış binasını boşaltmamışdır. Cavabdeh1 mübahisəli binadan müvəqqəti istifadə etsə də, ora hər hansı bir formada əmlak hüquqları əldə etməmişdir. Buna baxmayaraq İddiaçı həmin qeyriyaşayış binasına yuxarıda qeyd edilən normativ hüquqi aktların tələblərinə müvafiq olaraq mülkiyyət hüququ mövcuddur və onun bu hüququ mülki qanunvericiliyin tələblərinə müvafiq olaraq qorunmalı və müdafiə olunmalıdır. Bununla belə, məhkəmə iddia tələbinin qalan, yəni “məhkəməyə müraciət etdiyi vaxtdan, qətnamə icra olunan vaxta (günə) kimi hər ay cəmi 300 manat məbləğində pulun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 700-cü maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Bu Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsində icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi nəzərdə tutulur. İcarə müqaviləsinə tərəflərin başqa vəzifələri də daxil edilə bilər. İcarəyə verilən əmlakın dəyəri faktik aşınma nəzərə alınmaqla bu əmlakın icarəyə verildiyi an ona qoyulan qiymət əsasında müqavilədə müəyyən edilir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. Məhkəmə iclasında verilən izahatlar, həmçinin tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, tərəflər və ya iddiaçı ilə üçüncü şəxslər arasında icarə münasibətlərindən irəli gələn hər hansı bir öhdəlik münasibətləri yaranmamış, əmlakın kirayəyə verilməsi ilə bağlı bir-birinin və ya üçüncü şəxslərin qarşısında bu, eləcə də digər formada öhdəlik götürməmiş, o cümlədən şərtləşdirməmişlər. Çünki, tərəflər arasında hüquq münasibətlərinin, o cümlədən hüquq və vəzifələrin yaranması məqsədilə onların iradə ifadəsini əks etdirən yazılı müqavilənin olması zəruridir. Hazırda isə tərəflər və ya iddiaçı ilə üçüncü şəxslər arasında hüquq və vəzifələrin yaranması üçün yazılı müqavilə mövcud deyildir və istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaldır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh1 onun xeyrinə müəyyən məbləğdə vəsaitin tutulması ilə bağlı məhkəmədə iddia qaldırılması barədə hüquqi səlahiyyətə, o cümlədən subyektiv hüquqa malik olmamasına baxmayaraq Azərbaycan Respublikasında bu sahədə mövcud olan münasibətləri tənzimləyən normativ aktların tələblərini pozmaqla hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, məhkəmə iddiaçının qeyri-yaşayış binasını alması ilə əlaqədar banka kredit ödəməsinə münasibətdə qeyd edir ki, İddiaçı kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıdığından banka olan xərcin, eyni zamanda borcun da məhz onun tərəfindən ödənilməli olması tam əsaslıdır və mübahisə edilməzdir. Beləliklə, qeyd olunan bütün hallar onu deməyə əsas verir ki, hazırkı vəziyyətdə iddiaçı, qarşı tərəfdən banka ödəməli olduğu vəsaiti tələb etməsi üçün hüquqi əsaslar mövcud deyildir. Bu səbəbdən də, Cavabdeh1 hər hansı bir məbləğdə vəsaitin tutularaq iddiaçıya ödənilməsi istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən 34,5 kv.m sahədən ibarət qeyri-yaşayış binası cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılaraq həmin yer mülkiyyətçisi, İddiaçı təhvil verilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119-cu maddəsinə əsasən İddiaçı iddia tələbi üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçı tərəfindən cavabdehlərdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən 34,5 kv.m sahədən ibarət qeyri-yaşayış binası cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılaraq həmin yer mülkiyyətçisi, İddiaçı təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-447/2021
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-447/2021
11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver