Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-464/2024 04.09.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı1, cavabdeh hüquqi şəxsin nümayəndəsi X4, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X1 və X2 iştirakları ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” PHŞ-nin “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” PHŞ-yə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı2 və X5 cavabdeh “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” PHŞnin “X8 Mərkəzi” PHŞ-yə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh PHŞ-də cərrahi müdaxilə zamanı həkim səhlənkarlığı və etinasızlığı nəticəsində şəxsin sağlamlığına vurulmuş zərərə görə cavabdehdən İddiaçı2 xeyrinə 300 manat maddi və 200 manat mənəvi, İddiaçı1 xeyrinə isə 200 manat maddi, 300 manat mənəvi zərərin əvəzinin, eləcə də, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 31 manat dövlət rüsumunun əvəzinin tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Daha sonra, iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “X8 Mərkəzi” X18 adı dəyişdiyinə görə onun əsl cavabdeh “Siyəzən rayon Mərkəzi Xəstəxanası” X23 ilə əvəz edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, 04 yanvar 2024-cü il tarixdə “X8 Mərkəzi” X19 rentgen müayinəsi zamanı İddiaçı1 sol ayağının altında yad cisim (iynə) olduğu aşkar edilmişdir. Bundan sonra, iynəni çıxarmaq məqsədi ilə cavabdeh PHŞ-nin cərrah həkimi Gülməmməd Həmzəyev öz otağında əməliyyata başlamış və sözün həqiqi mənasında cərrahın iynənin çıxarılmasına yönəlmiş hərəkətləri xəstəyə işgəncə verilməsi ilə müşahidə olunmuşdur. Belə ki, cərrah öz iş otağında İddiaçı1 ayağının alt hissəsinə adi yerli keyitmə iynəsi vuraraq yarmış, bir qədər səy göstərdikdən sonra otaqda iynəni çıxara bilmədiyinə görə xəstəni rentgen kabinetinə gətirmiş, orada da bacara bilmədiyi üçün yenidən otağa qaytararaq, iynəni çıxarmağa cəhd etmişdir. Bu hal 3 dəfə təkrar olunduqda əlindən bir iş gəlmədiyini görən cərrah X14 Əhmədov adlı başqa həkimi köməyə çağırmışdır. Köməyə gələn Əhməd həkim eynəyi yanında olmadığına görə müdaxilə edə bilmədiyi üçün eynəyini gətirməyə getmiş və bir daha geri qayıtmamışdır. Bunu görən cərrah Gülməmməd Həmzəyev yenidən iynəni çıxarmaq məqsədi ilə İddiaçı1 ayağını bu dəfə başqa yerdən yarmış, həm bu hissəyə yerli keyitmə tətbiq edilmədiyindən, həm də birinci iynənin vurulmasından xeyli müddət keçdiyindən, keyitmənin təsiri keçmiş, yenidən kəsilən hissə şiddətli ağrı verdiyi üçün xəstə İddiaçı1 cərraha ağrıya dözə bilmədiyini bildirmişdir. Lakin, cərrah Gülməmməd Həmzəyevin buna məhəl qoymadığını görən xəstə İddiaçı1 yanında olan qaynı Xürrəm İsmayılova ağrıya dözə bilmədiyi üçün cərraha ayağını yarmağa icazə verməməsini xahiş etmişdir. Xürrəm İsmayılov isə öz növbəsində cərraha xəstəyə yenidən ağrıkəsici vurulmasını bildirmişdir. Bu vaxt cərrah əməliyyatı saxlayıb xəstəni hara istəsələr aparmalarını bildirərək, özü başqa bir əməliyyata girmişdir. Bundan sonra, çarəsizlikdən xəstəni Bakı xəstəxanalarının birinə aparmaq üçün göndəriş istəyərkən tibb bacısı Elgün cərrah həkim Gülməmməd Həmzəyev əməliyyatdan çıxdıqdan sonra göndəriş verə biləcəklərini qeyd etmişdir. Lakin, Gülməmməd həkim əməliyyatdan çıxdıqdan sonra göndəriş verməkdən imtina etmişdir. Hesab edir ki, cərrah həkim bir qırıq iynənin əlində aciz qalmasından mərkəzin həkimlərinin xəbər tutmaması üçün bunu etmişdir. Belə olan halda, onlar çarəsizlikdən təcili Bakı şəhərində yerləşən 1 saylı Şəhər Klinik Xəstəxanasına getmiş və xəstəxanada İddiaçı1 ayağı yenidən rentgen olunarkən iynənin yenə də ayaqda qalması məlum olmuşdur. Lakin, təcrübəli həkimlər iynə batan nahiyə dəfələrlə rentgen şüalanmasına məruz qaldığından, habelə həmin hissəyə müxtəlif yerlərdən kəsməklə müdaxilə olunduğundan ayağın həmin hissəsində toxumalar ciddi zədələndiyinə və iltihablaşdığına görə iynənin çıxarılmasının yalnız 10-12 gündən, həm də ayağın şişi çəkildikdən sonra mümkün olacağını bildirmişlər. Beləliklə, 15 yanvar 2024-cü ildə təkrar 1 saylı Bakı Şəhər Klinik Xəstəxanasına müraciət edilmiş və iynə ayaqdan 7 dəqiqə müddətində əməliyyat edilərək çıxarılmışdır. Onu da qeyd edir ki, cərrahi əməliyyatın mümkünsüzlüyü barədə 05 yanvar 2024-ci il tarixdə Gülməməd Həmzəyevə bildirdikdə sonuncu istehza ilə “Pah atonnan nə böyük iş olub ki” cavabını vermişdir. Yuxarıda qeyd edilənlərlə müəyyən olunur ki, cərrah Gülməmməd Həmzəyev savadsız və qeyri-peşəkar olduğuna görə rentgen görünüşünü qiymətləndirə bilməmiş, yəni iynənin çıxarılması üçün ayağın hansı hissəsindən cərrahiyə müdaxiləsini dəqiq müəyyən edə bilməmiş, nəticədə iynənin çıxarılması üçün cərrahi müdaxilənin ayağın alt deyil, üst nahiyəsindən aparılmalı olduğu halda bunu bacarmamış və ayağın alt hissəsini 3 dəfə kəsib doğrayaraq xəstəyə şiddətli ağrı yetirməklə, sonuncuya dözülməz işgəncə vermişdir. Bundan başqa, yerli keyitmənin təsirinin getməsinə baxmayaraq cərrah əməliyyat etdiyi hissəni yenidən keyitmədən kəsmə əməliyyatını davam etdirmiş və bununla da xəstənin şiddətli əzab çəkməsinə səbəb olan qanunsuz cərrahiyə əməliyyatı aparmışdır. Baxmayaraq ki, həkim öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində insana ehtiramla, vicdanla, humanizm və mərhəmətlilik prinsiplərini rəhbər tutaraq, peşəkarlıq səviyyəsində həyata keçirməlidir. Habelə, həkim insan ləyaqətini alçaltmayan, xəstəsinə zərər vurmayan vəzifə funksiyalarını həyata keçirməlidir. Bütün bunlara, habelə həkimin xəstəsinə göstərilən tibbi yardımın keyfiyyətinə cavabdehlik daşımasına və öz işində Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən sahəvi normativ sənədləri rəhbər tutmalı olmasına baxmayaraq, cərrah X3 bu müddəaların tələbləri çərçivəsində xəstəyə davranmamış, nəticədə xəstə və onun əri, cərrahın, o cümlədən “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” X12suz hərəkətləri nəticəsində maddi və mənəvi zərərə məruz qalmışdır. İddiaçılar onlara vurulan maddi və mənəvi zərərlə əlaqədar dəfələrlə cavabdehin rəhbərliyinin qəbuluna düşmək istəsələr də, bu mümkün olmamışdır.Onu da qeyd edir ki, cərrah xəstə və yanında olan qaynı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 29 dekabr 2011-ci il tarixli, 137 nömrəli əmri ilə təsdiq edilmiş, “Həkimlərin etik davranış qaydaları”na zidd davranaraq, bu qaydaların 4,5,6,7,8,9,10-cu müddəasında nəzərdə tutulmuş etik davranış qaydalarını kobud şəkildə pozmuşdur. Bununla da, cavabdeh X23, habelə cərrah həkim X3 və tibb bacısı X6 tərəfindən İddiaçı2 300 manat və İddiaçı1 isə 200 manat məbləğində maddi ziyan vurulmuşdur. Habelə, cavabdehin qərəzli hüquqa zidd hərəkətləri nəticəsində iddiaçılara yəni mənəvi zərər də vurulmuşdur. Odur ki, iddiaçılara dəymiş mənəvi zərərin (fiziki və mənəvi iztirabların) əvəzi ödənilməlidir. Cavabdeh tərəfindən iddiaçılara dəymiş mənəvi zərəri İddiaçı2 200 manat, İddiaçı1 isə 300 manat məbləğində qiymətləndirirlər. Lakin, bu məbləğ itirdiklərinin bəzisini geri qaytarsa da, təəssüf ki, onların sağlamlığını və mənəvi sarsıntı və iztirabların vurduğu zərəri geri qaytara bilməyəcəkdir. Beləliklə, yuxarıdakılar əsasən tibbi müdaxilə nəticəsində iddiaçıların həyatına və sağlamlığına zərər dəydikdə zərərçəkmiş şəxslərin bu zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə müraciət etmək hüququ vardır. Belə olan halda, iddiaçılar onlara vurulmuş həm maddi, həm də mənəvi zərərin əvəzinin tələb edə bilərlər. Maddi zərər dedikdə, həkim səhvi nəticəsində xəstənin pozulmuş sağlamlığının bərpa olunması üçün çəkdiyi xərclər, həmçinin bu müddət ərzindən yaşadığı digər maddi itkilər, mənəvi zərər dedikdə şəxsin və ya onun yaxınlarının çəkdiyi mənəvi iztirablar, sarsıntılar və s. başa düşülür. Odur ki, iddia tələblərinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, 04 yanvar 2024-cü il tarixdə, Siyəzən rayon Mərkəzi Xəstəxanasının rentgen otağında üç həkim, yəni İsa və Gülməmməd adlı həkimlər olsalar da, üçüncü həkimin adın dəqiq bilməmiş, həmin şəxsin Əhməd həkim olduğunu zənn etmişdir. Hazırda çətinliklə gəzə bilsə də, 04 yanvar 2024-cü il tarixdə Siyəzən rayonunda, 15 yanvar 2024-cü il tarixdə isə Bakı şəhərində cərrahi əməliyyat olunmuş, habelə, sonuncu əməliyyat zamanı ayağından iynənin çıxarılması videogörüntüyə alınmışdır. Maddi ziyan dedikdə, müalicəsi üçün reseptlərdə yazılmış dərman preparatlarına, həmçinin Bakı şəhərinə getməsi üçün nəqliyyata xərclədiyi pulu nəzərdə tutmuşdur. Mənəvi zərəri isə bir neçə gün hərəkətsiz qalmaqla, iztirab çəkməsi ilə əsaslandırır. Bununla belə, əməliyyatdan öncə cərrah Gülməmməd Həmzəyevə Bakı şəhərində tanıdıqları həkim olduğunu bildirsə də, həkim buna əhəmiyyət verməmiş, əməliyyat aparılarkən isə sonuncu tanış həkimlərinin olub-olması ilə maraqlanmış, habelə həmin həkimin yanına getməsini tövsiyə etməklə, başqa əməliyyata getmişdir. Əvvəlcə tibb bacısı Elgün Aslanova həkim Gülməmməd Həmzəyev əməliyyatdan çıxdıqdan sonra göndəriş verəcəyini bildirsə də, sonuncu əməliyyatdan çıxdıqdan sonra, göndəriş verməkdən imtina etmişdir. Beləliklə, həmin gün təxminən saat 09:30-dan 12:30-dək davam edən əməliyyat zamanı ayağından iynə çıxarıla bilinmədiyinə görə ağrı çəkdiyi üçün sözügedən xəstəxananı tərk etməyə məcbur olmuşdur. Belə ki, həmin vaxt ayağından qan axmış, lakin, heç kim ondan xəstəxanada qalmasını istəməmişdir. Bundan sonra, ayağında şiş yaranmış, habelə bu şişin çəkilməsi üçün təxminən 10 gün sonra cərrahi əməliyyat olunmuşdur. Əməliyyat olunan tarixə kimi hərəkətsiz qalmış, bu ərəfədə müalicə almış, həmçinin əməliyyatdan sonra daha iki həftə hərəkət edə bilməmişdir. Odur ki, iddia tələblərinin təmin edilməsini dair qətnamə çıxarılmasının xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 müdafiə etdiyi iddia ərizəsində göstərilənləri, habelə digər İddiaçı1 izahatını təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, 31 dekabr 2023-cü il tarixdə, saat 23:00 radələrində yaşadıqları evdə təxminən 2 sm uzunluğunda iynə itmişdir. Həmin tarixdən 04 yanvar 2024-cü il tarixədək evi maqnit və digər vasitələrlə axtarsalar da, iynəni tapa bilməmişlər. Həmçinin, həmin vaxt ayağına iynə batmış arvadı Hökümə ağrı hiss etmədiyi üçün sonuncunun ayağındakı iynədən məlumatları olmamışdır. Bundan sonra, anası Tahirə iynəni axtarmalarını tələb etmiş, habelə bayramdan sonrakı ilk iş günündə, yəni 04 yanvar 2024-cü il tarixdə o, özü evdə olmadığı üçün arvadı Hökümə qardaşı Xürrəm ilə birlikdə müayinə üçün Siyəzən rayon Mərkəzi Xəstəxanasına getmişdir. Lakin, sözügedən xəstəxanada arvadı Hökümənin ayağından iynənin çıxarılması mümkün olmamış, həmçinin tibbi müdaxilə zamanı kifayət qədər pozuntulara yol verilmişdir. Hətta, kənar şəxsin cərrahi əməliyyatda iştirak etməsi qanunsuz olsa da, həmin vaxt otaqda başqa tibbi işçiləridə olmuşdur. Habelə, sözügedən cərrahi əməliyyatdan öncə qan təzyiqi xəstəliyindən əziyyət çəkən arvadı İddiaçı1 təzyiqi ölçülməməklə yanaşı, sonuncudan zəruri analizlər götürülməmiş, hər hansı müalicə yazılmamış, ayağı sarğı ilə sarılaraq evə göndərilmişdir. Eyni zamanda, əməliyyat zamanı həkim Gülməmməd Həmzəyev qardaşı Xürrəmə və arvadı Höküməyə Bakı şəhərində tanış həkimlərinin olduğu təqdirdə xəstənin onun yanına aparmasını təklif etmişdir. Eləcə də, həkimlər tərəfindən əməliyyatın 30 dəqiqə davam etdiyi qeyd edilsə də, qardaşı Xürrəm İsmayılov 2 saatdan artıq müddət ərzində xəstənin əməliyyat oldunduğunu bildirmişdir. Həmçinin, həmin vaxt Əhməd adlı həkim də rentgen otağında olmuşdur. Beləliklə, həkimlərin işinə vicdanla yanaşmayaraq, arvadı Höküməni xəstəxanadan ayağından qan axa-axa yola salması, onun mənəvi iztirab keçirməsinə səbəb olmuşdur. Maddi zərərlə əlaqədar bildirir ki, Siyəzən Rayon Mərkəzi Xəstəxanasında baş vermiş hadisə nəticəsində arvadı İddiaçı1 səhhətində yaranmış problemlə bağlı dəfələrlə Bakı şəhərinə getməsi ilə əlaqədar yanacaqdoldurma məntəqəsindən avtomobilinə yanacaq doldursa da, bununla bağlı qəbzləri hazırda təqdim edə bilmir. Bununla yanaşı, reseptlərdə yazılmış dərman preparatlarını alması üçün də pul xərcləməklə maddi zərərə məruz qalmışdır. Bundan başqa, baş həkim Taleh Xankişiyevlə münasibəti yaxşı olmuş, habelə baş vermiş hadisə ərəfəsində iki gün sonuncu ilə görüşmək istəsə də, baş həkimin cərrahi əməliyyatda olduğu bildirilməklə, görüşləri baş tutmamışdır. Qeyd edir ki, iki gün ardıcıl cərrahi əməliyyat aparmağa heç bir həkimə icazə verilmir. Eyni zamanda, hadisə günü anası Tahirə, dayısı Elşadın idarə etdiyi “Mercedes” markalı avtomobili ilə arvadı Höküməni Bakı şəhərində yerləşən 1 saylı Şəhər Klinik Xəstəxanaya aparmış, habelə o, həmin gün Bakı şəhərində olsa da, işləri ilə əlaqədar həmin xəstəxanaya gedə bilməmiş, yalnız arvadı müayinə olunduqdan sonra, onlarla birlikdə Siyəzən rayonuna qayıtmışdır. Habelə, 15 yanvar 2024-cü il tarixdə, Bakı şəhərində yerləşən 1 saylı Şəhər Klinik Xəstəxanasında arvadı Hökümənin ayağında aparılan uğurlu cərrahi əməliyyatdan sonra ora getmişdir. Odur ki, iddia tələblərinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” X21 nümayəndəsi X9 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, iddia tələbi ilə razılaşmır. Belə ki, hər gün saat 09:00-dan 16:00-dək vətəndaşları o, özü və xəstəxananın direktoru qəbul edir. 04 yanvar 2024-cü il tarixdə İddiaçı2 əməliyyatda olduğu üçün qəbul edə bilməmişdir. Tərəfindən araşdırma aparılarkən hadisə vaxtı Əhməd adlı həkimin xəstəxanada işləmədiyi müəyyən edilmişdir. Həmçinin, həkim Gülməmməd Həmzəyevin əyləşdiyi otaqda cərrahi əməliyyat olunan xəstələr qəbul olunmaqla, o, özü də, xəstələri həmin otaqda qəbul edir. Orada isə eyni vaxtda bir neçə həkimin olması mümkündür. Belə ki, İddiaçı1 04 yanvar 2024-cü il tarixdə, günün birinci yarısı xəstəxanaya müraciət edərək qeydiyyatdan keçmiş, habelə şikayəti dinlənildikdən sonra rentgen müayinəsinə göndərilmişdir. Bu müayinə zamanı xəstənin ayağında yad cismin (iynənin) olması aşkar edilmişdir. Eyni zamanda, yad cismin (iynənin) çıxarılması ilə bağlı xəstəyə ilkin tibbi cərrahi müdaxilənin qaydalarına əsasən birinci növbədə verilmiş ağrı kəsicilər ilə bədənin həmin nahiyəsində xırda kəsiklərlə kəsik açılır və ora iynə yeridilir. Xəstəxanada protatip rentgen olmadığı üçün qoyulmuş iynələrin yad cismin ətrafında olub-olmamasının aydınlaşdırılması üçün xəstə həkim müayinəsinə göndərilir. Bundan sonra, tibbi müdaxilənin davam etdirilməsi üçün xəstə geri qaytarılır və yara bir az da böyüdülərək cərrahi müdaxilə yolu ilə yad cisim oradan çıxarılır. İddiaçı1 gəldikdə isə o, 4 gün iynə ayağında həmin vəziyyətdə hərəkət etdiyi üçün bu iynə ayaqda hərəkət edərək istiqamətini dəyişmişdir. Beləliklə, müayinədə iştirak edən tibb işçilərindən soruşulmaqla, izahatları alınarkən xəstə Hökümənin xəstəxanaya müraciət edərkən sonuncunun rentgen müayinəsindən keçirilərək, iynənin yerinin təyin olunması, habelə iynənin sıxac vasitəsi ilə tutulmaqla, bu vəziyyətdə cərrahiyə otağına aparılması müəyyən edilmişdir. Lakin, həmin vaxt xəstənin yanında başqa şəxs də olmuşdur. İddiaçı1 sıxacın İsa həkim tərəfindən ayağına keçirilməsini iddia etməsinə baxmayaraq, sonuncu uzun müddət həkim işlədiyi üçün sıxacdan istifadə etmək səlahiyyətinin olmamasını yaxşı bilmişdir. Beləliklə, iti tərəfi xəstənin ayağına daxil olmuş, bir tərəfi sıxacla tutulmuş iynəni xəstənin ayağından bunu hiss etməyəcək şəkildə rahatlıqla çıxartmaq mümkün olsa da, xəstə ilə gəlmiş kənar şəxs buna imkan verməmiş və xəstəni oradan özü ilə aparmışdır. Tibb bacısı Elgün Aslanova xəstənin ayağına sarğı qoyaraq, qanqren olmasının qarşısını almağa çalmışdır. Uzun illər hərbi cərrah işləmiş Gülməmməd Həmzəyevin iynəni xəstənin ayağından çıxara bilməməsi inandırıcı deyildir. Hesab edir ki, xəstə tərəfindən əməliyyatın sonlandırılmasından imtina edilməklə, həkimin işinin tamamlamasına imkan verilməməsinə sonuncu mane ola bilməzdir. Bununla belə, xəstənin ayağında açıq qanama baş verməmiş, həmçinin ona infeksiya keçməsi ilə bağlı ekspertiza rəyi olmamış, bir sözlə, xəstənin həyati təhlükəsi müəyyən edilməmişdir. Habelə, iddiaçı tərəf iddia edir ki, qeyd edilən tarixdə xəstə saat 10:00-dan 14:00-dək “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də olmuşdur. Bununla bağlı bildirir ki, xəstənin qeydiyyatdan və rentgen müayinəsindən keçməsi, həmçinin müayinənin nəticəsinin əldə edilməsi müəyyən vaxt tələb etdiyinə görə vaxt itkisinin olması istisna olunmur. Lakin, tibb işçilərinin bildirdiyinə görə, adı qeyd edilən xəstəyə cərrahi müdaxilə 30 dəqiqə davam etmişdir. Həmçinin, həmin otağa kənar şəxsin daxil olmasına icazə verilməsə də, xəstənin qaynı Xürrəm qapını qəfil açaraq otağa daxil olmuş və xəstəni oradan aparmış, hətta tibb bacısına xəstənin ayağına sarğı qoymasına mane olmuşdur. Ambulator çıxarışda xəstənin girişi, hansı müayinələrdən keçməsi, həmçinin xəstəxanadan çıxış səbəbi qeyd olunmaqla yanaşı, xəstənin xəstəxanadan özbaşına getməsi ilə bağlı akt tərtib edilmişdir. Bundan başqa, maddi zərərlə bağlı vurğulayır ki, hətta xəstə onun təmsil etdiyi xəstəxanada sona kimi cərrahi müdaxiləyə icazə verilmiş olsaydı belə, sonuncuya əməliyyatdan sonra öz vəsaiti hesabına dərman preparatları alması üçün resept yazılacaqdır. Odur ki, iddia tələblərinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iddia tələbinə münasibətdə izahatında göstərdi ki, o, iddia tələbi ilə razılaşmır. Belə ki, 04 yanvar 2024-cü il tarixdə, saat təxminən 10:00 radələrində xəstə İddiaçı1 qəbul etmiş, sonuncu ayağına iynə batmasından şübhələndiyini bildirdiyi üçün xəstəni rentgen müayinəsinə göndərmişdir. Beləliklə, rentgen müayinəsinin cavabına baxarkən o, xəstənin ayağında 2,5 sm uzunluğunda yad cismin olduğunu müəyyən etmişdir. Beləliklə, iynənin batdığı yerin ətrafında bir dəfə balaca kəsik açmış, bundan sonra xəstəni təkrarən rentgen otağına aparmış, orada başqa həkimlər olsa da, iynəni özü sıxac vasitəsi ilə tutmuş, xəstədən narahatlığının olub-olmasını soruşduqda, sonuncu qan təzyiqinin olduğunu bildirmiş, buna görə göstərişinə əsasən tibb bacısı Elgün Aslanova xəstənin təzyiqini ölçərkən təzyiqin normal olduğu müəyyən edilmişdir. İynə kəsikdən böyük olmaqla yumşaq toxumaların üzərində olduğundan, kəsiyin ətrafını bir qədər genişləndirib, iynəni oradan çıxarmaq üçün xəstəni sarğı otağına aparmış, lakin həmin vaxt adını sonradan öyrəndiyi, xəstənin qaynı Xürrəm adlı şəxs sarğı otağına daxil olaraq, ondan xəstəyə əl vurmamasını tələb etmiş, habelə xəstə İddiaçı1 Bakı şəhərində yerləşən xəstəxanaya aparacağını bildirmişdir. Bu zaman Xürrəmə iynəni tapdığını bildirsə də, sonuncu şiddətli şəkildə qışqıraraq, xəstədən uzaq dayanmasını tələb etmiş, xəstəni başqa xəstəxanaya aparacağını israrla qeyd etmişdir. Bu zaman o, həyəcan hissi keçirməklə, başqa hadisənin olacağından ehtiyatlanmışdır. Bununla da, Xürrəm xəstəni oradan aparmış, tibb bacısı onların arxasınca çıxaraq, imtina ilə bağlı müvafiq sənədə imza etmələrini istəsə də, həmin şəxsləri tapa bilməmişdir. Lakin, bir qədər sonra, Xürrəm geri dönüb, göndəriş yazmasını istəsə də, sonuncuya ambulator xəstəyə hazırda göndəriş verilməsinin mümkün olmadığını, həmçinin işin öhdəsindən gələ bilmədiyi təqdirdə göndəriş verə biləcəyini bildirmişdir. Növbəti gün, yəni 05 yanvar 2024-cü il tarixdə xəstənin əri İddiaçı2 ona yaxınlaşaraq, arvadı İddiaçı1 Bakı şəhərində yerləşən xəstəxanaya apardıqlarını, lakin, orada da xəstənin ayağından iynəni çıxarıla bilmədiyini, habelə xəstəyə 300 manat dəyərində dərman preparatı yazıldığını qeyd etdikdə, o, bu zaman qarşı tərəfə “paho orda nə varmış” deyərək, adəti üzrə həmin xəstələrə antibiotik yazıldığını, bunun isə maksimum 20 manat dəyərində olduğunu qeyd etmişdir. Bundan sonra, İddiaçı2 ondan şikayət edəcəyini, habelə qardaşı Xürrəmin müdaxiləsi zamanı sonuncunun otaqdan polis tərəfindən çıxardılmaqla, əməliyyata davam edə bilməsini bildirsə də, o, buna səlahiyyətləri olmadığını qeyd etmişdir. Təlimata əsasən, o, xəstəyə imtina vərəqəsinə imza etdirməli olsa da, xəstənin qaynı Xürrəmin müdaxiləsi səbəbindən buna imkan olmamışdır. Bundan başqa, hazırki şikayət, müdiriyyət, polis və prokurorluq tərəfindən araşdırılmış, nəticədə, onun təqsirinin olmaması müəyyən edilmişdir. Odur ki, iddia tələblərinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 iddia tələbinə münasibətdə izahatında göstərdi ki, o, da iddia tələbi ilə razılaşmayaraq, hər iki həkimin izahatlarını bir daha təsdiq edir. Bundan başqa, bildirir ki, xəstənin üç və ya beş dəfə rentgen müayinəsinə aparılması mümkün olsa da, İddiaçı1 rentgen müayinəsinə cəmi bir dəfə aparılmışdır. Bundan əlavə, iddiaçı tərəf ondan göndəriş vərəqəsi istəməmiş, həmçinin o, İddiaçı1 Gülməmməd həkim cərrahi əməliyyatda olduğu üçün gözləməli olduqlarını bildirməmişdir. Eyni zamanda, İddiaçı1 müayinə edilərkən Əhməd adlı həkim ümumiyyətlə xəstəxanada işləməmişdir. Bundan başqa, tibb bacısı kimi işlədiyi 15 il ərzində heç kəsə işgəncə və ya əzab verməmişdir. Müayinə zamanı xəstə İddiaçı1 qışqırmamış, xəstənin qaynı Xürrəm İsmayılov cərrahi otağın qapısını iki dəqiqədən bir döyərək, xəstəni Bakıya aparacağını bildirmiş, habelə rentgen şöbəsinin işçilərinin bildirdiyinə görə, onları Qubada həkim gözlədiyini qeyd etmişdir. Bundan sonra, o, xəstənin ayağına sarğı vurmuş, habelə həkimlərdən birinin göstərişinə əsasən, xəstənin qan təzyiqini də özü ölçmüşdür. Odur ki, iddia tələblərinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X23 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin, qeyd edilən üçüncü şəxs səlahiyyətli nümayəndəsinin iclasda iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verilməmiş, buna görə də məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid X10 ifadəsində göstərdi ki, 04 yanvar 2024-cü il tarixdə, səhər saatlarında qardaşı arvadı İddiaçı1 ayağında ağrılar olduğunu bildirərək onu xəstəxanaya aparmasını xahiş etmişdir. Beləliklə, həmin tarixdə, saat 09:30-da onlar birlikdə “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” PHŞ-yə getmiş, xəstəni orada qoyaraq özü Siyəzən rayonundakı avtovağzala yollanmışdır. Bundan sonra, anası Tahirə ona zəng edərək, Hökümənin evə qayıtmadığını bildirməklə, sonuncudan xəbər bilməsini istəmişdir. O, xəstəxanaya qayıtmış, oradakı mühafizə polisi əməkdaşından qardaşı arvadının hansı otaqda olmasını soruşaraq, cərrahiyə otağına tərəf getmişdir. Bu zaman cərrahiyə otağının qapısı açıq, əməliyyat isə bayırdan müşahidə edilən vəziyyətdə olmuş, habelə cərrah həkimin əlində əlcək olmadığını görmüşdür. Bir qədər sonra, xəstə İddiaçı1 rentgen otağına aparılmış, həmçinin cərrahiyyə şöbəsinin müdiri Mütəllim həkim çiynində xalatla oraya gəlmişdir. Həmin vaxt həkimlərdən xəstəni müayinədən keçirib-keçirmədiklərini soruşmuş, habelə xəstənin rentgen şüalarının altında müayinədən keçirilməsini müşahidə etmişdir. Gülməmməd həkim əməliyyatın bu xəstəxanada alınmadığını, xəstənin cərrahiyə otağına aparılmaqla, kəsiyin bir qədər də genişləndirilməli olduğunu ona bildirmiş, habelə xəstəni araba ilə oraya aparmışlar. Həmin vaxt sıxac vasitəsi də xəstənin ayağında olmuşdur. Eyni zamanda, 04 yanvar 2024-cü il tarixdə təxminən saat 12:00 radələrində, özü cərrahiyə otağının qarşısında, dəhlizdə dayanmış, otağının qapısı açıq vəziyyətdə olmaqla danışıqları eşitmişdir. Həmçinin, Gülməmməd həkim iynəni tutmaq üçün xəstənin ayağındakı sıxacı çıxarmış və əli ilə iynəni çıxarmağa cəhd göstərmişdir. Bu zaman həkimdən dəfələrə, iynəni çıxara bilməyəcəyi təqdirdə xəstəni aparmasına icazə verməsini istəmişdir. Gülməmməd həkim isə, əməliyyatı davam etdirəcəyini və bunun alınacağını bildirmişdir. Sonradan, Gülməmməd həkimdən sakit formada göndəriş istəsə də, sonuncu heç kimə göndəriş verilmədiyini bildirmişdir. Bundan sonra, tibb bacısı Elgün Aslanova xəstənin ayağını sarımış, həkim isə digər əməliyyata girmişdir. Beləliklə, həmin vaxt xəstə olan qardaşı arvadı Höküməni yaşadıqları evə gətirmiş, daha sonra isə, sonuncunu anası Tahirə dayısı Elşadın idarə etdiyi avtomobillə Bakı şəhərinə aparmış, özü isə evdə qalmışdır. Həmçinin, əməliyyat zamanı Hökümə inildəyir və ağrılarının olması hiss olunurdu. Lakin, xəstə İddiaçı1 xəstəxanadan zorla çıxarmamış, həkimdən xəstədən uzaq durmasını, əməliyyatı yarımçıq saxlamasını istəməmiş, bununla belə, həkimin iynəni barmaqla çıxarmasına qarşı olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X22” PHŞ-dən verilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, 31 dekabrda 2023-cü il tarixdə xəstə İddiaçı1 sol ayaqaltı nahiyəsinə paltar iynəsi batmış, Siyəzən şəhərində axtarılsa da, həmin iynə aşkar olunmamışdır. Həmçinin, İddiaçı1 04 yanvar 2024-cü il tarixdə KTM-ə müraciət edərkən sarğı otağında onun ayaqaltı nahiyəsindəki yara təftiş olunsa da, cəhdlərə baxmayaraq iynə tapımamışdır. Sonradan, yəni 15 yanvar 2024-cü il tarixdə müalicənin nəticəsi olaraq xəstə İddiaçı1 ayağındakı yad cisim (iynə) fəsadsız çıxarılmışdır. İşdə olan 03 may 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı2 hazırkı tələblə məhkəməyə müraciət edərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin İ və İİ hissəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu Məcəllənin 1096-cı maddəsinin İ və İİ hissəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yenə bu Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı1 04 yanvar 2024-cü il tarixdə “Siyəzən rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin cərrahiyyə şöbəsində ayağına yad cisim (paltar iynəsi) batması ilə əlaqədar müraciət etmiş, sonuncunun ayağına cərrahi müdaxilə olunmuş, lakin əməliyyatın sonlandırılmasına İddiaçı1 ilə birlikdə xəstəxanada olan qaynı, məhkəmə iclasında şahid qismində dindirilmiş Xürrəm İsmayılov müdaxilə edərək, cərrah həkimin fəaliyyətinə mane olmaqla, xəstə İddiaçı1 öz istəyi ilə Bakı şəhərində yerləşən “X22” PHŞ-yə aparmış, habelə əvvəlcə dərman preparatlarının qəbulundan sonra 15 yanvar 2024-cü il tarixdə həmin Mərkəzdə xəstə yenidən cərrahi əməliyyat olunaraq iynə çıxarılmışdır. Hazırkı iddia ərizəsində isə iddiaçılar onlara vurulmuş maddi (dərman preparatlarının alınması, nəqliyyat xərcləri və s) və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edirlər. Sübutların tədqiqatı zamanı iddiaçılar maddi zərərin əvəzinin ödənilməsinə dair hissədə öz tələblərinin əsası kimi istinad etdikləri halları sübut edə bilmədilər. Belə ki, onlar cavabdeh hüquqi şəxsin işçilərinin təqsirinin olması və onların təqsiri ucbatından hansı zərərə məruz qalmaları barədə hər hansı bir sübut verməmiş və istinad etdikləri hallara dair əsaslı dəlilər təqdim etməmişlər. Bununla da, müəyyən edilir ki, iddiaçıların cavabdeh PHŞ-dən onlara dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməsinin heç bir qanuni əsası yoxdur. Həmçinin, iddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə məhkəmə münasibət bildirərək qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorunmaq və tibbi yardım almaq hüququ vardır (Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin İ hissəsi). Tibb xidmətləri isə tibb müəssisələri (dövlət və ya qeyri-dövlət səhiyyə sisteminə daxil olan və tibb fəaliyyətini həyata keçirən hüquqi şəxslər) tərəfindən həyata keçirilir (Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.16-cı maddəsi). Bu mənada qeyd edilir ki, tibb müəssisələri tibb fəaliyyəti zaman sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması, onlara keyfiyyətsiz tibbi yardım göstərilməsi ilə bağlı mənəvi zərərə görə təzminat ödəməyə borcludular. Bu zaman, keyfiyyətsiz tibbi yardım göstərilməsi ilə bağlı əsasların olub-olmadığı (tibb müəssisəsinin cavablara tələb verməyən tibbi yardım göstərilməsində, qüsurlu yardım göstərilməsi nəticəsində xoşagəlməz nəticələrin baş verməsində təqsirinin olması) nəzərə alınmalıdır. Sübutların tədqiqi zamanı iddiaçılar cavabdeh tərəfin qanuna, tibbi və klinik protokollara uyğun olmayan hərəkətləri (hərəkətsizliyi), yəni qüsurlu tibbi yardım (müayinə və müalicə prosesinin düzgün təşkil olunmaması, tibbi standartlardan kənara çıxması) nəticəsində İddiaçı1 səhhətində qüsurların yaranması, o cümlədən hər hansı mənəvi sarsıntı, iztirablar keçirməsi halları barədə sübut təqdim etməmiş, habelə iddia tələbində mənəvi zərərlə əlaqədar göstərilən hallar məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Ola bilər ki, İddiaçı1 səhhətində hazırda hər hansı tibbi problemlər mövcuddur. Lakin, bunların məhz cavabdeh hüquqi şəxsin təqsiri (xəstəxanaya münasibətdə obyektiv təqsir) nəticəsində yaranması iş materiallarına əsasən sübuta yetirilmir, həmin problemlərin həqiqətən mövcudluğu və mövcuddursa da, həyata keçirilmiş sözügedən tibbi əməliyyatın nəticəsi olması, aralarında birbaşa və dolayı səbəbli əlaqənin olması müəyyən edilmir. Mənəvi təzminat ödəmək vəzifəsi qanunla müəyyən edilmiş əsaslar və şərtlər əsasında baş verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Nəzərə alınmalıdır ki, edilən bütün prosedurlar tibb elminin ümumi qəbul olunan “tibbi standartlarına” uyğun xüsusi diqqət və lazımi tədbirlər çərçivəsində edildiyi halda vurulmuş zərərə görə məsuliyyət istisna edilir. Yəni tibbi müdaxilə zamanı əvvəlcədən gözlənilməyən, gözlənilsə də qarşısının alınması mümkün olmayan zərər həkimin və ya tibb müəssisəsinin biliyi, bacarığı və imkanları xaricində olan bir səbəbdən qaynaqlanan nəticədir. Bu mənada həkimin tibbi baxımdan qəbul etdiyi normal risk çərçivəsində hərəkət edərək lazımi diqqət və qayğı göstərməsinə baxmayaraq ortaya çıxan arzu olunmayan nəticədən qanuni olaraq məsuliyyət daşımayacağı qəbul edilir. Hazırkı mübahisəyə münasibətdə də cavabdeh hüquqi şəxsin işçisi Gülməmməd Həmzəyev bir həkim kimi öz işinə məsuliyyətlə yanaşaraq lazımi tibbi prosedur çərçivəsində İddiaçı1 ayağında müvafiq cərrahi əməliyyatı aparmağa başlasa da, onun iradəsindən asılı olmayaraq, kənar müdaxilə nəticəsində bu əməliyyat başa çatmamışdır. Belə ki, həmin həkim adı qeyd edilən xəstəni köməksiz vəziyyətdə qoymamış, sonuncu ayağına sarğı qoyularaq, həyatı təhlükə yaşamadan öz istəyi ilə xəstəxananı tərk etmişdir. Beləliklə, cavabdeh hüquqi şəxsin işçilərinin təqsiri ucbatından iddiaçıların mənəvi sarsıntı və iztirab keçirmələri tədqiq edilən sübutlarla öz təsdiqini tapmamışdır. Belə olan halda, iddiaçıların cavabdeh PHŞ-dən onlara dəymiş mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməsinin də hər hansı bir qanuni əsası yoxdur. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Sübutların tədqiqatı zamanı iddiaçılar öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu Məcəllənin 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yenə bu Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” PHŞ-nin “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” PHŞ-yə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı2 özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” PHŞ-nin “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” PHŞ-yə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı2 özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №2(059)-464/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-464/2024
04.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver