Məhkəmə qərarları › İş №2(059)-496/2024

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-496/2024

19.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-496/2024 19.08.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakların dəyərinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakların dəyərinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi qiyməti 200 manat olan 80x110 sm ölçülü 4 ədəd güzgünün, qiyməti 80 manat olan 60x120 sm ölçülü 1 ədəd şüşə masanın, qiyməti 100 manat olan 120 sm ölçülü1 ədəd ellips formalı masanın, qiyməti 90 manat olan laminat materialından hazırlanmış 150 sm ölçülü 1 ədəd masanın, ümumi qiyməti 150 manat olan 5 ədəd dəri oturacağın, qiyməti 200 manat olan1 ədəd “Hoffman” markalı kondisionerin, qiyməti 100 manat olan 1 ədəd 100x70 sm ölçüdə asma şkafın, ümumi qiyməti 600 manat olan 1 ədəd 0,5x5.36 m ölçüdə laminat materialından hazırlanmış 1 ədəd masanın və 4 ədəd iki seksiyalı şkafın, qiyməti 120 manat olan 1 ədəd dəri divanın, qiyməti 800 manat olan Çin istehsalı üzərində “Base of X1” markalanma yazısı olan 1 ədəd kosmetik avadanlığın, qiyməti 400 manat olan bir dəst dəri oturacaqlı baş yumaq üçün qurğunun, ümumi qiyməti 60 manat olan 2 ədəd paslanmayan materialdan hazırlanmış paltarqurudanın ümumi dəyərini təşkil edən 2900 manatın, eləcə də, ödənilmiş 49 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçının hazırkı iddia ərizəsi ilə müraciət etməkdə məqsədi cavabdehlərin qanuni qüvvəyə minmiş məhkəmə aktı olmasına baxmayaraq, ona məxsus olan, lakin icazəsi olmadan cavabdehlər tərəfindən satılmış 2900 manat dəyərində avadanlığın pulunun qaytarılması ilə bağlıdır. Belə ki, cavabdehlər ona məxsus dəyəri qeyd edilən məbləğdə olan avadanlığı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu halda satmış və ona ödəməli olduqları pulu ödəməmişlər. Siyəzən Rayon Məhkəməsinin qərardadına əsasən, 2021-ci ildə ekspertiza keçirilərək həmin avadanlıqların dəyəri də dəqiq müəyyən edilmişdir. Cavabdehlərin onun icazəsi olmadan satıb pulunu mənimsədikləri avadanlıqlar ümumi qiyməti 200 manat olan 80x110 sm ölçülü 4 ədəd güzgüdən, qiyməti 80 manat olan 60x120 sm ölçülü 1 ədəd şüşə masadan, qiyməti 100 manat olan 120 sm ölçülü 1 ədəd ellips formalı masadan, qiyməti 90 manat olan laminat materialından hazırlanmış 150 sm ölçülü 1 ədəd masadan, ümumi qiyməti 150 manat olan 5 ədəd dəri oturacadan, qiyməti 200 manat olan1 ədəd “Hoffman” markalı kondisionerdən, qiyməti 100 manat olan 1 ədəd 100x70 sm ölçüdə asma şkafdan, ümumi qiyməti 600 manat olan 1 ədəd 0,5x5.36 m ölçüdə laminat materialından hazırlanmış 1 ədəd masa və 4 ədəd iki seksiyalı şkafdan, qiyməti 120 manat olan 1 ədəd dəri divandan, qiyməti 800 manat olan Çin istehsalı üzərində “Base of X1” markalanma yazısı olan 1 ədəd kosmetik avadanlıqdan, qiyməti 400 manat olan bir dəst dəri oturacaqlı baş yumaq üçün qurğudan, ümumi qiyməti 60 manat olan 2 ədəd paslanmayan materialdan hazırlanmış paltarqurudandan ibarətdir. Odur ki, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, iddia ərizəsində sadalanan avadanlıqlardan heç birini cavabdehlərə aid qeyri-yaşayış sahəsindən götürə bilməmişdir. Hazırda həmin əşyaların ümumi dəyərini təşkil edən 2900 manat pulu cavabdehlərdən tələb edir. Belə ki, qeyd edilən məbləğ "xxxx" MMC-nin 10 mart 2021-ci il tarixli rəyinə əsasən müəyyən edilmişdir. Bildirir ki, Siyəzən Rayon Məhkəməsində eyni predmetlə əlaqədar qəbul edilmiş 02 iyun 2021-ci il tarixli qətnamə çıxarılarkən, Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən 0,0044 ha torpaq sahəsi üzərində olan qeyri-yaşayış sahəsi onun sahibliyində olduğu üçün həmin avadanlıqları götürmək imkanı olduğundan məhkəmə həmin hissədə iddianı təmin etməmişdir. Habelə, həmin vaxt onun qeyd edilən avadanlıqları yerləşdirməyə başqa yeri olmadığı üçün onları götürməmiş, həmçinin düşünmüşdür ki, cavabdehlər ondan sözügedən qeyri-yaşayış sahəsinə görə aldıqları pulu geri qaytardıqdan sonra, həmin pulla şəhər ərazisində başqa obyekt alıb sadalanan əşyaları ora yerləşdirər. Lakin, vaxtaşırı nəzarət etdiyi qeyri-yaşayış sahəsinə 01 iyul 2021-ci il tarixdə gedərkən, həmin obyektin qapısının qıfılının cavabdehlər tərəfindən dəyişdirilməsini görmüş və həmin vaxtdan sonra obyektə girişi mümkün olmamışdır. Odur ki, 3 il bundan əvvəl aldığı avadanlıqların artıq köhnəlməsini nəzərə alaraq, onların yalnız dəyərini cavabdehlərdən tələb edir. Odur ki, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" MMC-nin 10 mart 2021-ci il tarixli, 29 nömrəli rəyindən görünür ki, Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən 44 kv.m ölçülü qeyri-yaşayış sahəsində quraşdırılmış mebellərin və orada olan avadanlıqların (işlənmə dərəcəsi nəzərə alınmaqla), o cümlədən 80x110 sm ölçülü 4 ədəd güzgünün hər birinin qiyməti 50 manat olmaqla, ümumi qiyməti 200 manat, 60x120 sm ölçülü 1 ədəd şüşə masanın qiyməti 80 manat, 120 sm ölçülü 1 ədəd ellips formalı masanın qiyməti 100 manat, laminat materialından hazırlanmış 150 sm ölçülü 1 ədəd masanın qiyməti 90 manat, 5 ədəd dəri oturacağın hər birinin qiyməti 30 manat olmaqla, ümumi qiyməti 150 manat, “Hoffman” markalı 1 ədəd kondisionerin qiyməti 200 manat, 100x70 sm ölçüdə 1 ədəd asma şkafın qiyməti 100 manat, 0,5x5.36 m ölçüdə laminat materialından hazırlanmış 1 ədəd masanın və 4 ədəd iki seksiyalı şkafın ümumi qiyməti 600 manat, 1 ədəd dəri divanın qiyməti 120 manat, Çin istehsalı üzərində “Base of X1” markalanma yazısı olan kosmetik 1 ədəd avadanlığın qiyməti 800 manat, dəri oturacaqlı baş yumaq üçün bir dəst qurğunun qiyməti 400 manat, paslanmayan materialdan hazırlanmış 2 ədəd paltarqurudanın hər birinin qiyməti 30 manat, ümumi qiyməti 60 manat olmaqla, cəmi əşyaların dəyəri 2900 manat müəyyən olunmuşdur. İşdə olan Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 02 iyun 2021-ci il tarixli, 2(059)-63/2021 nömrəli qətnaməsi ilə, Cavabdeh1 İddiaçı xeyrinə 3300 manat və 320 ABŞ dollarının ödəniş vaxtına manatın məzənnəsi üzrə pulun tutulması, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə sonuncunun təmirə çəkdiyi 4258 manat xərc, vəkilin göstərdiyi hüquqi yardıma görə ödədiyi 500 manat məsrəf, məhkəmə-əmtəəşünaslıq (müstəqil qiymətləndirici) ekspertizası üçün ödədiyi 400 manatın 38%-i, yəni 152 manatı, iddia tələbi üzrə ödədiyi 30 manat dövlət rüsumunun 38%-i, yəni 11,40 manatın tutularaq ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan Siyəzən Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(059)-63/2021 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və maddi-mənəvi ziyan” tələbinə dair iddiası üzrə iddiaçının iddianı təmin etmək tədbiri barədə ərizəsi əsassız olduğundan təmin edilməmişdir. Habelə, həmin qərardadda qeyd edilmişdir ki, Siyəzən Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli qətnaməsindən də göründüyü kimi İddiaçı iddia tələbi mübahisə predmeti olmuş qeyri-yaşayış sahəsində quraşdırılmış mebel avadanlıqlarına, eləcə də peşə fəaliyyəti üçün lazım olan ləvazimatlara münasibətdə təmin edilmədiyi üçün, tələbin rədd edilmiş hissəsinin icrası mümkün olmadığından hazırda həmin əşyalarla bağlı iddianı təmin etmək tədbirinin görülməsi istisna edilir. İşdə olan 14 may 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 49 (qırx doqquz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Bu Məcəllənin 135-ci maddəsinin İ və İİ hissəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Sözügedən Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Yenə qeyd olunan Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bu Məcəllənin 405-ci maddəsinin İ və İİ hissəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Bu Məcəllənin 324-cü maddəsinin İ və İİ hissələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 329-cu maddəsinin İİ və İİİ hissələrinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Sözügedən Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı, eləcə də tədqiq olunmuş sübutların məcmusu, həmçinin Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 02 iyun 2021ci il tarixli qətnaməsi ilə müəyyən edildi ki, İddiaçıla Cavabdeh1 2020-ci ilin yanvar ayının sonlarında Siyəzən şəhəri ərazisində yerləşən 0,0044 ha torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsinin torpağın sənədləşmə xərcləri də daxil olmaqla, 18000 manata alqı-satqısı barədə razılaşmış, bundan əlavə, sonuncu qeyri-yaşayış sahəsinin arxasında boş torpaq sahəsi olduğunu və həmin torpaq sahəsini öz adına rəsmiləşdirmək üçün bələdiyyəyə müraciət etdiyini bildirərək, bu torpağı da almasını iddiaçıya təklif etmiş, bu məqsədlə İddiaçı Cavabdeh1 2020-ci ilin fevral-mart ayları ərzində şəxsən və bilavasitə cəmi 3300 manat, eləcə də 320 ABŞ dolları məbləğində pul vermişdir. Bundan sonra, 11 mart 2020-ci il tarixdə cavabdehlər Raman və Cavabdeh2lar Siyəzən şəhərində yerləşən 0,0044 ha torpaq sahəsi üzərindəki icarə hüququndan onlara məxsus olan hissələrə dair bütün hüquqları 1 il müddətinə, yəni 11 mart 2021-ci il tarixədək İddiaçı etibar etmişlər. Daha sonra, 2020-ci ilin mart-aprel ayları ərzində iddiaçı, etibarnaməli idarəçiliyinə keçmiş torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsində vicdanlı sahib kimi yenidənqurma və təmir işlərinə başlamış, habelə oraya avadanlıqlar quraşdırmış və əşyalar yerləşmişdir. Lakin, sonradan tərəflər arasında münasibətlər pozulmuş, nəticədə alqı-satqı baş tutmamış və cavabdehlər iddiaçıya 11 mart 2020-ci il tarixdə verdikləri etibarnaməni 07 sentyabr 2020-ci il tarixdə notariat ofisinə gedərək ləğv etdirmişlər. Bu səbəbdən də, iddiaçı cavabdehlər tərəfindən hüquq və mənafeyinin pozulduğunu əsas gətirməklə, çəkmiş olduğu xərclərin, eləcə də ona dəymiş maddi və mənəvi zərərin əvəzini tələb etmiş, habelə, iddiaçının qismən əsaslı olan iddia tələbi Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 02 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən qismən təmin edilməklə, Cavabdeh1 İddiaçı xeyrinə 3300 manat və 320 ABŞ dollarının ödəniş vaxtına manatın məzənnəsi üzrə pulun tutulması, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə sonuncunun təmirə çəkdiyi 4258 manat xərcin, eləcə də, məhkəmə məsrəflərinin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehlərdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Siyəzən Rayon Məhkəməsi qanuni qüvvəsini almış 02 iyun 2021-ci il tarixli qətnaməsində hazırkı avadanlıqların alınmasına sərf edilmiş vəsaitin cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsində iddianı rədd edərkən, həmin avadanlıqların daşınar əşya olmaqla, tikilidən ayrılmasının mümkünlüyünü və bunların həmin tikilidən ayrılmasının obyektə hər hansı bir formada ziyan vurmamaqla tikilinin təyinatına təsir göstərmədiyini nəzərə alaraq, iddiaçının həmin avadanlıqları oradan ayırmaqla çıxarmaq imkanı istisna edilmədiyindən həmin əşyalara görə cavabdehlərdən hər hansı bir formada vəsaitin tutulmasını məqsədəmüvafiq hesab etməmişdir. Lakin, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi iddiaçı tərəfindən eyni cavabdehlərə qarşı eyni predmet üzrə olsa da, başqa əsasla verilmişdir. Belə ki, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 02 iyun 2021-ci il tarixli qətnaməsi qəbul edilərkən Siyəzən şəhəri ərazisində yerləşən 0,0044 ha torpaq sahəsi üzərindəki qeyriyaşayış sahəsi iddiaçının sahibliyində olmuş, 01 iyul 2021-ci il tarixdə cavabdehlər həmin qeyri-yaşayış sahəsinin qıfılını dəyişdikləri üçün sözügedən obyekt iddiaçının sahibliyindən çıxmış, nəticədə bundan sonra ümumi dəyəri 2900 manat olan avadanlıqları oradan ayırıb çıxarması faktiki olaraq sonuncunun imkanı xaricində olmuşdur. Belə olan halda, həmin avadanlıqların dəyərinə münasibətdə iddiaçının yeni əsasla məhkəməyə müraciət etmək hüququ məhz bundan sonra yaranmışdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrə qarşı” qərarında (A- 52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcüd olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin İ və İİ hissələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bununla da, məhkəmə hesab edir ki, mübahisələndirilən əmlaklar, İddiaçı məxsusdur və sonuncu cavabdehlər tərəfindən həmin əşyalara qanuni sahiblikdən məhrum edilmişdir. Belə olan halda, iddiaçı öz əmlaklarının dəyərini başqalarının qanunsuz sahibliyindən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 9.2-ci bəndində göstərilir ki, əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə 2900 (iki min doqquz yüz) manat məbləğində pul və iddia tələbi üzrə ödənilmiş 49 (qırx doqquz) manat dövlət rüsumunun əvəzi tutularaq ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə 2900 (iki min doqquz yüz) manat məbləğində pul və iddia tələbi üzrə ödənilmiş 49 (qırx doqquz) manat dövlət rüsumunun əvəzi tutularaq ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar