Məhkəmə qərarları › İş №2(059)-536/2025

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-536/2025

20.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-536/2025 20.06.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi maraqli şəxs (Maraqlı şəxs) “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə barışıq sazişi imzalanmışdır. Ərizəçi iddia edir ki, Maraqlı şəxs tərəfindən könüllü icra müddətində həmin saziş icra edilməmiş və ərizəçi barışıq sazişinin təsdiq edilməsi üçün hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçinin tələbi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli MŞS/MT030/2025-00810 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin tələbi onunla əsaslandırmışdır ki, o və yaşlı həyat yoldaşı xəstə olduqlarına görə işləyə bilmirlər. Aldıqları təqaüd heç dərmanlarının pulu etmir. Cavabdeh həmişə onlara baxıb, qayğı göstərib və maddi xərclərini qarşılayıb. Lakin son vaxtlar cavabdehin borcları olduğundan onlara baxa bilmir. Çünki aldığı maaşdan pul tutmağa başlayıblar. Buna görə də məhkəmə qaydasında aliment tələb etmək qərarına gəlmiş, bu məqsədlə Sumqayıt şəhərində yerləşən Mediasiya Təşkilatına müraciət etmişdir. Orada aralarda barışıq sazişi imzalanmışdır. Hazırda cavabdeh ona aliment ödəmir, deyir ki, aldığı əmək haqqının yarısını məhkəmə yolu ilə alıb borc sahiblərinə verirlər, qalan yarısını isə öz ailəsini dolandırır. Ona görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları Ərizəçiyə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, iclasa gəlməmiş, lakin 18 iyun 2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılıb ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizənin təmin olunmasını xahiş etmiş və izahatında göstərmişdir ki, ərizəçi onun atasıdır. O, ata-anası və öz ailəsi ilə birlikdə yaşayır. Ata-anası ilə arasında heç vaxt narazılıq və düşmənçilik olmayıb. Barışıq sazişi imzalamaqda məqsədləri odur ki, onun maaşından hər ay müntəzəm olaraq aliment tutulsun. Belə ki, əvvəl qardaşının adına olan borc qardaşı tərəfindən ödənilməməsi səbəbindən hazırda onun maaşına yönəldilir. Maaşından yerdə qalan pulla o, həm öz ailəsini, həm də ata-anasını dolandıra bilmir. Ona görə də, onlar bu yolla maaşından tutulmanın qarşısını almağa çalışırlar. Odur ki, qeyd olunanların nəzərə alınmasını və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəlləsi 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmənin mövqeyi Məhkəmə maraqlı şəxsin izahatını və ərizəçinin ərizəsini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt 1 saylı Mediasiya təşkilatında 06 may 2025-ci il tarixdə Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişindən görünür ki, Ərizəçi Maraqlı şəxs atası olduğunu hər iki tərəf təsdiq edir, Maraqlı şəxs atası xx.xx.1959-cu il təvəllüdlü Ərizəçi saxlanılması üçün aldığı əmək haqqının və başqa gəlirlərinin 50 % hissəsinin hər ayın 15-dən gec olmayaraq aliment olaraq atası Ərizəçi ödəmək barədə öhdəlik götürür. Məhkəmə ilk öncə onu qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. İşin araşdırılan hallarından görünür ki, 06 may 2025-ci il tarixli barışıq sazişində Maraqlı şəxs atası xx.xx.1959-cu il təvəllüdlü Ərizəçi Rəsəb oğlunun saxlanılması üçün aldığı əmək haqqının və başqa gəlirlərinin 50 % hissəsinin hər ayın 15-dən gec olmayaraq aliment olaraq atası Ərizəçi ödəmək barədə öhdəlik götürmüşdür. Göründüyü kimi tərəflər öhdəliyin icrası ilə bağlı müddət müəyyən etmiş, 2025-ci ilin may ayının 15-dək qanunla müəyyən edilmiş 10 gün könüllü icra müddəti bitməmiş, ərizəçi tərəfindən iyun ayının 15-i gözlənilmədən sazişin təsdiq edilməsi ilə bağlı 10 iyun 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi və gəlir məlumatlarından görünür ki, Maraqlı şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü Esma və xx.xx.2015-ci il təvəllüdlü Harun adlı iki azyaşlı uşağı vardır və o, “X1” MMC-də operator işləməklə aylıq 464 manat əmək haqqı alır. Ərizəçi isə 220 manat məbləğində pensiya alır. Göründüyü kimi maraqlı şəxsin himayəsində iki azyaşlı uşağı olmaqla aylıq gəliri 464 manat olduğu halda, ərizəçinin aylıq pensiyası onun aylıq gəlirinin 50 faizinə yaxın məbləğdədir. Belə olan halda barışıq sazişinin təsdiq edilməsi maraqlı şəxsin himayəsində olan azyaşlı uşaqlarının mənafeyini pozmaqla bərabər, ərizəçinin Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən aliment almaq öhdəliyini istisna edir. Bundan başqa məhkəmə iclasında iştirak edən maraqlı şəxs barışıq sazişi imzalanan zaman əslində niyyətlərinin barışıq sazişi bağlamaq deyil, aldığı əmək haqqından kredit təşkilatları tərəfindən tutulmanın qarşısını almaq məqsədləri olduğunu qeyd edərək, faktiki olaraq aralarında barışıq sazişi bağlanarkən ona uyğun hüquqi nəticələr yaratmaq niyyətində olmamışlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 23 fevral 2024-cü il tarixli qərardadının 25-ci bəndinə əsasən barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyrimüəyyənliyin aradan qaldırılmasına yönəlir. Həmin qərardadın 26-cı bəndinə əsasən mülki qanunvericiliyin məqsədi mülki dövriyyə azadlığını təmin etmək, yəni subyektlərin öz şəxsi mənafelərini həyata keçirməyə hüquqi şəraiti yaratmaqdır (Mülki Məcəllə, maddə 1.1). İstər bu məqsəddən irəli gələn iradə sərbəstliyi (Mülki Məcəllə, maddə 6.1.2) və müqavilə azadlığı prinsipləri (Mülki Məcəllə, maddə 6.1.5 və 390), istərsə də Mülki Məcəllənin 12.2-ci maddəsinin “Mülki hüquq münasibətlərinin subyektləri həm qanunla birbaşa qadağan olunmamış hərəkətləri, həm də qanunda bilavasitə nəzərdə tutulmamış hərəkətləri icra edə bilərlər” müddəası onu deməyə əsas verir ki, barışıq razılaşması da mülki qanunvericilikdə nəzərdə tutulan müqavilələrdən biri olmaqla, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaradan əqd növüdür. Həmin qərardadın 45-ci bəndinə əsasən Belə ki, MPM-in 52.5-ci maddəsinə görə, tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Eyni yanaşma “Mediasiya haqqında” Qanunun 34.5-ci və MPM-in 355-26.1-ci maddələrində əks olunmuşdur. Həmin qərardadın 46-ci bəndinə əsasən bu normalarda göstərilən qanunazidlik və ya başqa şəxslərin mənafeyi barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Çünki əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan MPM-in həmin normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir. Belə ki, məhkəmə önündə barışıq, prosessual icraat olduğundan onun təsdiqlənməsi də prosessual hüquqa tabedir. Bu səbəbdən məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlayır və protokollaşdırır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olduğu qənaətinə gələrsə, onu təsdiqləyərək işin icraatına xitam verir, əks halda təsdiqdən imtina edir. Təsadüfi deyil ki, bu xüsusatla bağlı MPM-in 52.5-ci maddəsində “məhkəmə belə hərəkətləri qəbul etmir” ifadəsi işlədilmişdir. Odur ki, məhkəmənin fəaliyyəti bu prosessual hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşır. Məhkəmə işin yuxarıda araşdırılan hallarını nəzərə alaraq hesab edir ki, hazırki halda barışıq sazişinin təsdiqlənməsi maraqlı şəxsin və onun himayəsində olan azyaşlı uşaqların hüquqi mənafeyinə toxunduğu və qanuna zidd olduğu üçün onun təsdiq edilməsindən imtina olunmalıdır. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Hazırda ərizə təmin edilmədiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli MŞS/MT030/2025-00810 saylı barışıq sazişinin təsdiq edilməsindən imtina edilməli, ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 355-25-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilməsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli MŞS/MT030/2025-00810 saylı barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar