Məhkəmə qərarları › İş №2(059)-546/2024

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-546/2024

24.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-546/2024 24.09.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ X13 Hidayət oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxsin nümayəndəsi X2, Şahid iştirakları ilə Ərizəçi "ölüm faktının təsdiq edilməsi" nə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi "ölüm faktının təsdiq edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, 08 mart 1954-cü il tarixdə Siyəzən rayonunun Eynibulaq kəndində doğulmuş qardaşı X5 29 iyun 1999-cu il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1966-cı il tarixdə Siyəzən rayonunun Eynibulaq kəndində doğulmuşdur. Qardaşı, X8 08 mart 1954cü ildə həmin kənddə doğulmuş, həmçinin bir müddət ürək xəstəliyindən əziyyət çəkmişdir. Sonradan ağrıları kəskinləşdiyi üçün Bakı şəhəri 5 saylı xəstəxananın kardioloji şöbəsində stasionar müalicə almışdır. Lakin, müalicələri effekt vermədiyindən xəstəxanadan çıxarıb qardaşı Cəlili Siyəzən rayonunun Eynibulaq kəndindəki evinə gətirmişlər. Bir müddət orada yatdıqdan sonra, 29 iyun 1999-cu il tarixdə ölmüşdür. Bildirmək istəyir ki, qardaşının yas mərasimlərini versələr də, ölüm haqqında şəhadətnamə almaq heç kimin yadında olmamışdır. X1 27 iyul 2013-cü il tarixdə atam, X9 isə 09 oktyabr 2014-cü il tarixdə ölmüşlər. Mərhum qardaşı Cəlilin vəfatından 7-8 il əvvəl arvadı ilə aralarında olan nikah pozulmuşdur. Sonradan torpağa mülkiyyət hüququna dair dövlət aktına aid olan sənədlə əlaqədar çıxarış alınmasından ötrü mərhum qardaşının ölüm haqqında şəhadətnaməsi lazım olduğundan, Şabran rayon qeydiyyat şöbəsinin 13 oktyabr 2016-cı il tarixli, 618 saylı arayışına və Maraqlı şəxs 06 dekabr 2022-ci il tarixli, 83 saylı arayışına əsasən X5 ölüm haqqında akt qeydinin aşkar olunmadığı bildirilmişdir. “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə doğum faktının qeydi ilə bağlı rəsmi müraciət etmişdir. 01 aprel 2024-cü il tarixli məktubu ilə ona bildirmişlər ki, “ölüm haqqında tibbi şəhadətnamə”nin saxlanma müddəti 25 il bitdiyinə görə xəstəxananın arxivində mövcud deyildir. Şəhadətnamənin verilib-verilməməsi haqqında heç bir məlumat yoxdur. Həmçinin, Siyəzən RİHB-nın Eynibulaq kənd İƏD üzrə nümayəndəliyinin 22 fevral 2024-cü il tarixli, 19 saylı arayışına əsasən, X5 29 iyun 1999-cu il tarixdə vəfat etdiyi bildirilmişdir. Mərhum qardaşı Eynibulaq kənd qəbiristalığında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamənin alınması artıq başqa yollarla mümkün deyildir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Odur ki, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X4 ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etməməsini bildirir. Məhkəmə proses iştirakçılarının izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, şahid X6 ifadəsində göstərdi ki, Siyəzən rayonunun Eynibulaq kəndində yaşayır. Ərizəçi Cavanşir, eləcə də, qardaşı Cəlil onun əmisi oğullarıdır. Mərhum əmisi oğlu Cəlil Rəhimov 1954-cü ildə doğulmuş, 6 ay ürəyində problem olduğundan yataq şəraitində müalicə almış, habelə müalicələr nəticəsiz qaldığından sonuncu 1999-cu ilin iyun ayında vəfat etmişdir. Bundan başqa, mərhum Cəlil Rəhimov iki dəfə evli olmuş, birinci nikahı rəsmi olsa da, ikinci dəfə münasibətləri rəsmiləşdirməmişdir. Habelə mərhum əmisi oğlunun dəfnində iştirak etmişdir. Məhkəmə iclasında Şahid ifadəsində göstərdi ki, Ərizəçi, eləcə də, onun qardaşı Cəlil Rəhimov həmkəndlisidir. Cəlil Rəhimov iyirmi ildən artıq olar vəfat etmiş, lakin sonuncunun ölüm səbəbi ona məlum deyildir. O, mərhum Cəlil Rəhimovun dəfn və yas mərasimlərində iştirak etmişdir. İşdə olan Şabran rayon qeydiyyat şöbəsi tərəfindən 13 oktyabr 2016-cı il tarixdə verilmiş 618 nömrəli arayışdan görünür ki, 1996-2002-ci illər üzrə aparılmış yoxlama zamanı X5 ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan Maraqlı şəxs tərəfindən 06 dekabr 2022-ci il tarixdə verilmiş 83 nömrəli arayışdan görünür ki, 1996-2000-ci illər üzrə aparılmış yoxlama zamanı X5 ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan Maraqlı şəxs tərəfindən doğum aktı qeydindən görünür ki, X8 08 mart 1954-cü il tarixdə Siyəzən rayonunda doğulmuş, bu barədə Siyəzən rayon Zaqs bürosu tərəfindən doğum haqqında akt qeydi tərtib edilmişdir. İşdə olan “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” X10 01 aprel 2024-cü il tarixli, 18-1- 69/2-R-123-xx-xx/2024 nömrəli məktubundan görünür ki, X5 29 iyun 1999-cu il tarixdə ölümünə aid şəhadətnamənin saxlama müddəti (25 il) bitdiyinə görə xəstəxananın arxivində mövcud deyildir. Bildirilir ki, şəhadətnamənin verilib-verilməməsi haqqında heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Eynibulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 fevral 2024-cü il tarixli, 19 nömrəli arayışdan görünür ki, Ərizəçi verdiyi məlumata əsasən qardaşı X8 08 mart 1954-cü il tarixdə Siyəzən rayonunun Eynibulaq kəndində doğulmuş, habelə 29 iyun 1999-cu il tarixdə Eynibulaq kənd qəbiristanlığında dəfn edilmişdir. İşdə olan fotoşəkillərdən görünür ki, X5 qəbirüstü abidəsi var və abidənin üzərində "X8 08 İİİ 1954 - ** Vİ ***9" sözləri yazılıb. İşdə olan 07 iyun 2024-cü il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Bu Məcəllənin 159-cu maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə işin faktiki hallarından, ərizəçinin izahatından, şahidlərin ifadələrindən və təqdim edilmiş sübutlardan belə qənaətə gəlir ki, 08 mart 1954-cü il təvəllüdlü X5 29 iyun 1999-cu il tarixdə Siyəzən rayonunun Eynibulaq kəndində ev şəraitində vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Odur ki, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 08 mart 1954-cü il təvəllüdlü X5 29 iyun 1999-cu il tarixdə Siyəzən rayonunun Eynibulaq kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. 08 mart 1954-cü il təvəllüdlü X5 29 iyun 1999-cu il tarixdə Siyəzən rayonunun Eynibulaq kəndində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar