Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-547/2024 19.08.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə Ərizəçi "ölüm faktının müəyyən edilməsi" barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi "ölüm faktının müəyyən edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, 24 fevral 1955-ci il tarixdə Siyəzən şəhərində doğulmuş X2 26 mart 2010-cu il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tərəfindən ərizə əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, valideynləri X10 ilə X4 17 dekabr 1973-cü il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş və bu nikahdan xx xxxxx 1977-ci il tarixdə o, yəni Ərizəçi doğulmuşdur. 26 mart 2010-cu il tarixdə anası X1 şəhəri, S.Vurğun küçəsi, ev 7 ünvanında vəfat etmişdir. Bundan sonra, X16nı həmin tarixdə Siyəzən rayonunun Böyük Həmyə kənd qəbiristanlığında ailə məzarlığında dəfn etmişlər. X16 öz əcəli ilə vəfat etdiyindən, vəziyyəti pisləşən zaman təcili tibbi yardım çağırılmamışdır. Beləliklə, ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciəti zamanı ona 21 fevral 2024-cü il tarixli 02 saylı məktub ilə ölüm haqqında tibbi arayış olmaması səbəbindən rədd cavabı verilmiş, habelə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi müdafiə etdiyi ərizədə göstərilənləri təsdiq etməklə yanaşı, əlavə olaraq izahatında göstərdi ki, onkoloji xəstə olan anası X12 şəhərinin S. Vurğun küçəsindəki özünə məxsus 7 nömrəli 26 mart 2010-cu il tarixdə evində vəfat etmiş və Siyəzən rayonunun Böyük Həmyə kənd qəbiristanlığında dəfn edilmişdir. O, mərhumun tək övladı olmaqla yanaşı, hazırda özü Siyəzən rayonunun Balaca Həmyə kəndində yaşamaqdadır. Odur ki, ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəyə əlavə izahatı və dəqiqləşdirməsi olmayan ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə X16nın torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətçi kimi payının olmasını qeyd etməklə, həmin payın ərizəçi tərəfindən vərəsəlik qaydasında qəbulu üçün mərhumun ölüm haqqında şəhadətnaməsinin lazım olduğunu bildirərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, qeydiyyat şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Beləliklə, məhkəmə, Azərbaycan Respublikasının MPM-in 185.6-cı maddəsinə əsasən işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidlərn ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Şahid1 ifadəsində göstərdi ki, o, mərhum nənəsi X2 26 mart 2010-cu il tarixdə öz evində vəfat etməsini, eləcə də, mərhum nənəsinin elə həmin gün Siyəzən rayonunun Böyük Həmyə kənd qəbiristanlığında dəfn edilməsini yaxşı xatırlayır və təsdiq edir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, həmin vaxtlar doqquz yaşı olduğundan nənəsi X2 vəfatını xatırlayır. Belə ki, nənəsi X12 şəhərində yerləşən özünə məxsus evdə, 26 mart 2010-cu il tarixdə onkoloji xəstəlikdən vəfat etmiş və sonuncu elə həmin tarixdə Siyəzən rayonunun Böyük Həmyə kənd qəbiristanlığında dəfn edilmişdir. Həmçinin, o, ana babası X10 ilə birgə mərhum nənəsi Zöhrə Əhmədovanın qəbrini də ziyarət etmişdir. İşdə olan keçmiş Dəvəçi rayonunun VVAQ şöbəsi tərəfindən 24 oktyabr 1976-ci il tarixdə verilmiş V-ЖГ seriyalı, 257442 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, müvafiq olaraq atası X5, anası X3 olan X6 24 fevral 1955-ci il tarixdə keçmiş Dəvəçi rayonunun Siyəzən şəhərində doğulmuşdur. İşdə olan keçmiş Dəvəçi rayonunun, Siyəzən şəhər soveti tərəfindən 17 dekabr 1973-cü il tarixdə verilmiş A3 seriyalı, 245561 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X6 həmin tarixdə, 71 nömrəli akt qeydi ilə nikahlarını bağlamış və nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Əhmədova” soyadı verilmişdir. İşdə olan keçmiş Dəvəçi rayonunun Həmyə kənd soveti tərəfindən 01 noyabr 1990-cı il tarixdə verilmiş XV-ЖГ seriyalı, 391067 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, müvafiq olaraq atası X10, anası X4 olan X8 xx xxxxx 1977-ci il tarixdə keçmiş Dəvəçi rayonunun Balaca Həmyə kəndində doğulmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən 02 avqust 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 174053 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 28 iyun 2021ci il tarixdə Siyəzən şəhərində vəfat etmiş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 27 iyul 2021-ci il tarixdə 163 nömrəli qeyd edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən 21 fevral 2024-cü il tarixdə verilmiş 02 nömrəli məktubun surətindən görünür ki, X2 ölüm haqqında tibbi şəhadətnaməsi olmadığına görə ölüm faktının müəyyən edilməsi üçün Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” X15 22 aprel 2024-cü il tarixli, 18-1- 69/2-406/2024 nömrəli məktubundan görünür ki, hər hansı xəstəliklə əlaqədar müraciət edilmədiyi üçün ünvan 1 ünvanında yaşamış X2 adına sözügedən xəstəxana tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. İşdə olan fotoşəkillərdən görünür ki, X2 qəbirüstü abidəsi var və abidənin üzərində "X4 ** İİ ***5 - 26 İİİ 2010" sözləri yazılməşdır. İşdə olan 11 iyun 2024-cü il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Bu Məcəllənin 159-cu maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə işin faktiki hallarından, ərizəçinin, onun nümayəndəsi və vəkilinin izahatlarından, şahidlərin ifadələrindən, habelə təqdim edilmiş sübutlardan belə qənaətə gəlir ki, 24 fevral 1955-ci il təvəllüdlü X2 26 mart 2010-cu il tarixdə ünvan 3 ünvanda ev şəraitində vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Odur ki, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 24 fevral 1955-ci il təvəllüdlü X2 26 mart 2010-cu il tarixdə ünvan 3 evdə ölməsi barədə hüquqi əhəmiyyəti olan faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. 24 fevral 1955-ci il təvəllüdlü X2 26 mart 2010-cu il tarixdə ünvan 3 evdə ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-547/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-547/2024
19.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver