Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-550/2022 05.12.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi "şəxsin ölmüş elan edilməsi" barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, xüsusi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi "şəxsin ölmüş elan edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, 01 dekabr 1980-ci il tarixdə keçmiş Dəvəçi rayonunun Kiçik Həmyə kəndində doğulmuş X1 29 oktyabr 1997-ci il tarixdən ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Ərizəçi tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, 05 mart 2022-ci il tarixdə X7 ürək çatışmazlığından vəfat etmiş, habelə sonuncu ilə birgə nikahından Üzemə, Rabil, Nübar, Elvin və Aytəkin adlı övladları doğulmuşdur. 01 dekabr 1980-ci il tarixdə keçmiş Dəvəçi rayonunun Kiçik Həmyə kəndində doğulmuş X6 bədbəxt hadisə nəticəsində itkin düşmüşdür. Belə ki, X6 29 oktyabr 1997-ci il tarixdə Siyəzən rayonunun Balaca Həmyə kəndinin bir neçə sakini ilə birlikdə qayıqla Xəzər dənizinə balıq tutmağa getsə də, bir daha geri qayıtmamış, həmin vaxtdan itkin düşmüşdür. Həmçinin, həmin qayıqda olan şəxslərin də heç biri geri qayıtmamışdır. Bu vaxtadək bütün kənd sakinləri X6un yolunu gözləyib, axtarış aparsa da, heç bir nəticəsi olmamışdır. X6 bədbəxt hadisə nəticəsində həlak olmasına baxmayaraq, hazırkı vaxta qədər sonuncunun ölümü barədə rəsmi sənəd alınmamışdır. Həmçinin, Rabil Şərifov itkin düşən zaman subay olmuşdur. Həmin müddətdən bəri zərurət olmadığı üçün ölüm haqqında şəhadətnaməni almaqdan ötrü aidiyyəti orqanlara müraciət etməmişlər. X7 öldükdən sonra vərəsəlik məsələləri ilə əlaqədar oğlu Rabilin ölüm haqqında şəhadətnaməsi olmadığı üçün miras əmlakı qəbul edə və əmlak üzərində hüquqlarını həyata keçirə bilmirlər. Bundan əlavə, oğlu Rabilin bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşməsini kənd sakinləri Şahid1 və Şahid2 təsdiq edə bilər. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, X6 29 oktyabr 1997-ci il tarixdə, səhər saatlarında Siyəzən rayonunun Balaca Həmyə kəndinin 6 sakini ilə birlikdə qayıqla Xəzər dənizinə balıq tutmağa getsə də, bir daha geri qayıtmamış, həmin vaxtdan itkin düşməklə, sonunculardan heç bir xəbər alınmamışdır. Bununla bağlı, Siyəzən rayon Polis Şöbəsinə müraciət etməsə də, Xəzər televiziyasında yayımlanan Xoşqədəm Hidayətqızının aparıcı olduğu verilişə müraciətinin heç bir müsbət nəticəsi olmamışdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Siyəzən rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, qeydiyyat şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbini bildirməmişdir. Məhkəmə, işə Siyəzən rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi X6 1997-ci ilin oktyabr ayında, külək və yağışlı hava şəraitində Siyəzən rayonunun Balaca Həmyə kəndinin 6 sakini ilə birlikdə Xəzər dənizinə getmiş bir daha geri qayıtmamışlar. İtkin düşən şəxslər arasında sözügedən kənd sakini İbad və Saleh adlı şəxslər də olmuşdur. Şahid2 ifadəsində göstərdi ki, bacısı X6 29 oktyabr 1997-ci il tarixdə, səhər saatlarında Siyəzən rayonunun Balaca Həmyə kəndi ərazisindən həmin kəndin 6 sakini ilə birlikdə qayıqla Xəzər dənizinə balıq tutmağa getsə də, bir daha geri qayıtmamış, həmin vaxtdan itkin düşmüşlər. İtkin düşmələri ilə bağlı aidiyyəti orqanlara müraciət etməsələr də, özləri axtarış etmiş, lakin Rabil Şərifova və digər şəxslərə məxsus meyit aşkar olunmamışdır. Hadisə zamanı qayıq küləkli hava durumundan batmış, lakin sonradan qayığın qalıqlarının tapıldığını eşitsə də, özü şəxsən həmin qalıqları görməmişdir. İtkin düşən şəxslər arasında sözügedən kənd sakinləri Vilayət, Sənan, Yusif və Saleh adlı şəxslər olmuşlar. İşdə olan keçmiş Dəvəçi rayon Həmyə kənd xalq deputatları soveti icraiyyə komitəsi tərəfindən 26 dekabr 1980-ci il tarixdə verilmiş Vİİİ- ЖГ seriyalı, 253155 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X2, anası Ərizəçi olan X3 01 dekabr 1980-ci il tarixdə keçmiş Dəvəçi rayonunun Kiçik Həmyə kəndində doğulmuşdur. İşdə olan 22 iyul 2022-ci il tarixdə Siyəzən rayonunun Balaca Həmyə kənd sakinləri Ərizəçi, Şahid1 və Şahid2 tərtib etdikləri aktdan görünür ki, X3 29 oktyabr 1997-ci il tarixdə kənd sakinləri ilə birlikdə qayıqla Xəzər dənizinə balıq tutmaq məqsədilə getmiş və həmin gündən də itkin düşmüşdür. İşdə olan Siyəzən rayon prokurorluğunun 29 sentyabr 2022-ci il tarixli, 236-22 nömrəli məktubundan görünür ki, X1 boğulması ehtimalı barədə Siyəzən rayon prokurorluğunda cinayət işi başlanılmamışdır. İşdə olan Siyəzən rayon Polis Şöbəsinin 08 oktyabr 2022-ci il tarixli, 183-12588-1222 nömrəli məktubundan görünür ki, hadisədən uzun müddət keçdiyi üçün X1 itkin düşməsi ilə əlaqədar Siyəzən RPŞ-yə müraciət olub-olmamasına dair hər hansı bir qeydiyyat saxlanılmamışdır. Həmçinin, hazırda itkin düşmüş şəxslər siyahısında yoxdur. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətindən daxil olmuş 21 oktyabr 2022-ci il tarixli, 33/4178 nömrəli məktubundan görünür ki, X3 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İşdə olan 22 iyul 2022-ci il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 (yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 305.1.2-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 41-ci maddəsinin İ, İİİ və İV hissələrinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Beləliklə məhkəmə işin faktiki hallarını tam və hərtərəfli araşdırıb, belə hesab edir ki, 01 dekabr 1980-ci il tarixdə keçmiş Dəvəçi rayonunun Kiçik Həmyə kəndində doğulmuş X3 barəsində 29 oktyabr 1997-ci il tarixdən sonra onun sağ olmasına dəlalət edən hər hansı bir məlumat olmadığından ərizə təmin olunmalı və Rabil Şərifov ölmüş elan edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 315, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 01 dekabr 1980-ci il tarixdə keçmiş Dəvəçi rayonunun Kiçik Həmyə kəndində doğulmuş X3 29 oktyabr 1997-ci il tarixdən ölmüş elan edilsin. Qətnamə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd aparılması üçün əsasdır. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-550/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-550/2022
05.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver