Məhkəmə qərarları › İş №2(059)-57/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-57/2021

15.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-57/2021 15.03.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “cavabdehin yaşayış sahəsini boşaltmaqla, uşaqları ilə birlikdə fərdi yaşayış evindən çıxarılması və iddiaçıların evə köçürülməsi” tələbinə dair iddiaları üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “cavabdehin yaşayış sahəsini boşaltmaqla, uşaqları ilə birlikdə fərdi yaşayış evindən çıxarılması və iddiaçıların evə köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Siyəzən şəhərinin B. Bayramov küçəsindəki 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 96,1 kv. metrdən ibarət 50 saylı fərdi yaşayış evindən yaşayış sahəsini boşaltmaqla, xx xxxxxxx 2014-cü il təvəllüdlü Mətanət və xx xxxxxx 2015-ci il təvəllüdlü Xəzər adlı uşaqları ilə birlikdə çıxarılmaları və iddiaçıların həmin evə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, 2009-cu ilin yay, o cümlədən iyun-iyul aylarında inşa etməklə, yaşamaq üçün köçdükləri Siyəzən şəhərinin B. Bayramov küçəsindəki 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 96,1 kv. metrdən ibarət 50 saylı fərdi yaşayış evi xx xxxxxx 2015-ci il tarixdə ümumi, xx xxxxxx 2018-ci il tarixdə paylı mülkiyyətdə olsa da, bütün əmlak xx xxxxxx 2020-ci il tarixdə onun adına dövlət qeydiyyatına alınmışdır. Cavabdeh xx xxxxxx 2013-cü il tarixində qayınata evinə gəlin gəlsə də, 1 ay 12 gündən sonra özbaşına azad yaşamaq eşqi ilə əri, yəni oğlu Sahil Ağamalıyevlə birlikdə evdən çıxıb, sonuncu ilə birlikdə Siyəzən rayonu, Balaca Həmyə və Beşdam kəndində yaşamışlar. Bu müddət ərzində, eləcə də bundan sonra cavabdeh demək olar, onlarla səmimi, xoş bir münasibətdə olmamış, əksinə onun bəzi xoşagəlməz hərəkətlərinə etiraz etdiklərinə görə ailədə söz-söhbətlər yaranmış, dava-dalaş başlamışdır. Nəhayət, 2016-ci ilin avqust ayında cavabdeh ona məxsus evi ələ keçirmək məqsədi ilə ora geri qayıtmış və ay yarım bir təhər dözdükdən sonra əsli niyyətini üzə çıxarmışdır. Belə ki, cavabdeh mütəmadi olaraq onlarla dava-dalaş salıb, DİN-in 102 çağrı xidmətinə zəng vurararaq onların Siyəzən RPŞ-yə çağırılmalarına səbəb olmuşdur. Beləliklə, o və oğlu, 2016-cı ilin sentyabr ayından mütəmadi olaraq Siyəzən rayon Polis Şöbəsində olmuşlar. Bundan başqa, cavabdeh, qonaq qismində ata evinə gələn gəlin köçən qızlarını belə evə buraxmayaraq, bəzən onları döyüb evdən qovmuşdur. Belə ki, qızı Aygün Günəşovanı döyməsi ilə bağlı cavabdehin barəsində Siyəzən RPŞ-də Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə toplanmış materiala rayon məhkəməsində baxılıb, hüquqi qiymət verilmişdir. Cavabdehin ailəsinə, habelə onlara qarşı bütün bu əməlləri törətməkdə məqsədi onun mülkiyyətində olan mübahisəli evi öz sahibliyinə və ya adına keçirtməkdir. Hətta, buna görə cavabdeh birlikdə yaşadıqları dövrdə ona “evi adıma keçirt, nə istəyirsən edim sənin üçün, onsuzda arvadın qocadır, lap arvadlıq edim sənə” deyə təklif belə etmişdir. Cavabdehin, başqa sözlə gəlinin qayınatasına bu iyrənc məzmunlu təklifindən sonra o, 2019-cu ilin iyun ayında arvadı İddiaçı2 ilə birlikdə mübahisəli evdən çıxaraq, hazırda olduğu yer kimi göstərdiyi ünvanda kirayədə yaşamağa başlamışdır. Bundan sonra, cavabdeh iki uşağı və əri ilə ona məxsus evdə yaşamağa başlasa da, öz istədiyi kimi azad olub, istədiyi hərəkətləri edə bilmədiyindən, nəhayət xx xxxxx 2020-ci il tarixdə əri Sahil Ağamalıyevlə ilə də dava edərək, elə gecə ikən sonuncunu da evdən qovmuşdur. Dəfələrlə, oğlu Sahil, habelə onlar evlərinə qayıtmaq istəsələr də, cavabdehin fiziki müqaviməti, habelə evin qapılarının açarını dəyişməsi kimi yaratdığı maneələr səbəbindən buna nail ola bilməmişlər. Hazırda cavabdeh öz arzusuna çataraq, mübahisəli evi qanunsuz, özbaşına zəbt edərək, əmlakın tam sahibi kimi Mətanət və Xəzər adlı uşaqları ilə birlikdə orada yaşamaqla, onların mənzil, başqa sözlə əmlak hüquqlarına qəsd etmişdir. Odur ki, öz iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 əri, İddiaçı1 izahatına uyğun, eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, o, xx xxxxxx 2013-cü il tarixdə iddiaçıların oğlu Sahil Ağamalıyevlə nikahlarını rəsmiləşdirməklə, evlənib, iddiaçı Şəkəralı Ağamalıyevin mülkiyyətində olan mübahisə evə gəlin köçmüşdür. Gəlin gəldiyi ilk günlərdən baldızı Aygün Günəşova ilə münaqişəli vəziyyətdə olmuş, hətta, sonuncu onun 1-ci hamiləliyinin pozulmasına da səbəb olmuşdur. Mübahisəli evi uzun müddətə yalnız bir dəfə 2014-cü ilin iyul ayında, hamiləliyinin yeddinci ayında ikən dünyaya sağlam övlad gətirmək üçün məcburiyyət qarşısında tərk edərək, atası evinə qayıtsa da, həmin ilin sentyabr ayının axırlarında yenidən geri gəlmişdir. Övladları xx xxxxxxx 2014-cü il təvəllüdlü Mətanət və xx xxxxxx 2015-ci il təvəllüdlü Xəzər mübahisəli evdə yaşadıqları müddət ərzində doğulmuşlar. Hazırda iki övladı ilə birgə mübahisəli ünvanda yaşasalar da, əri Sahil Ağamalıyev artıq xeyli müddət olar valideynlərinin yanında qalır. İddiaçıların qayınatası Şəkəralı Ağamalıyevin xüsusi mülkiyyətində olan bu evə köçmələrinə etiraz etməsə də, himayəsində olan iki uşağı ilə birlikdə özünün sözügedən evdən çıxarılmasına etiraz edir. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdəki sənədləri tədqiq edib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, keçmiş Dəvəçi rayon XDS-in İcraiyyə Komitəsinin xx xxxxxxx 1991-ci il tarixli iclas protokolunun çıxarışından görünür ki, Komitənin 1991-ci il tarixli, 11 nömrəli qərarına əsasən İddiaçı1 şəhərin baş planı üzrə Siyəzən şəhərinin 28-ci məhəlləsində fərdi yaşayış evi tikmək üçün 500 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 356418 nömrəli və AZ-İİİ seriyalı, 625495 nömrəli doğum haqqında şəhadətnamənin çıxarışlarından görünür ki, müvafiq olaraq atası X7, anası Ağamalıyeva (Muradova) Ədilə Niyət qızı olan X8 xx xxxxxxx 2014-cü il, X11 isə xx xxxxxx 2015-ci il tarixdə Siyəzən şəhərində doğulmuşlar. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, **********19 nömrəli məktubundan, eləcə də bu məktuba əlavə edilmiş daşınmaz əmlakın bağışlanmasına dair müqavilənin, o cümlədən müvafiq çıxarışın surətindən görünür ki, Siyəzən şəhəri, B. Bayramov küçəsində yerləşən 50 nömrəli fərdi yaşayış evi ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx xxx 2006-cı il tarixli, JN-1804A nömrəli, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” və məlumatlandırma icraatına müvafiq olaraq İddiaçı1 İcra Hakimiyyəti orqanına ünvanlanmış məktubu, eləcə də eskiz layihəyə əsasən ümumibirgə mülkiyyət əsasında İddiaçı1, İddiaçı2, X3, X2, X4 və X1 adına qeydiyyata alınmış və bu barədə xx xxxxxx 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Bundan başqa, Siyəzən rayon dövlət notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş xx xxxxxx 2018-ci il tarixli, 4Ə-92 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 2/6 hissədə İddiaçı1, 1/6 hissədə İddiaçı2, 1/6 hissədə X6, 1/6 hissədə X1, 1/6 hissədə X4 adına qeydiyyata alınmış və bu barədə xx xxxxxx 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Bundan əlavə, Quba Regional “ASAN Xidmət” mərkəzində notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş xx xxxxxx 2020-ci il tarixli, 4Ə-1592 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında fərdi yaşayış evi İddiaçı1 adına qeydiyyata alınmış və bununla bağlı sonuncuya xx xxxxxx 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. İşdə olan xx xxxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Bu Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Qeyd olunan Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Sözügedən Məcəllənin 146-cı maddəsinin İ və İİ hissəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), sərəncam vermək hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Yenə bu Məcəllənin 6-cı maddəsinin İ hissəsinin İV, Vİİ, Vİİİ və İX bəndlərinə əsasən mülkiyyətin toxunulmazlığı; mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; pozulmuş hüquqların bərpasının təmin edilməsi; mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Məhkəmə iclasında müəyyən edildi ki, keçmiş Dəvəçi rayon XDS-in İcraiyyə Komitəsinin 1991-ci il tarixli, 11 nömrəli qərarına əsasən İddiaçı1 Siyəzən şəhərinin 28-ci məhəlləsində fərdi yaşayış evi tikmək üçün 500 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. xx xxxxxx 2013-cü il tarixdə isə iddiaçıların oğlu Sahil Ağamalıyev Cavabdeh ilə nikahlarını rəsmiləşdirməklə, evlənmiş və İddiaçı1 fərdi yaşayış evi tikintisi üçün ayrılmış torpaq sahəsi üzərində 2009-cu ilin yay, o cümlədən iyun-iyul aylarında inşa edilməklə, mövcud olmuş Siyəzən şəhərinin B. Bayramov küçəsindəki 50 saylı fərdi yaşayış evinə gəlin köçmüş, habelə onların nikahından xx xxxxxxx 2014-cü il tarixdə Mətanət, xx xxxxxx 2015ci il tarixdə isə Xəzər adlı uşaqlar doğulmuşdur. Həmçinin, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh xx xxxxxx 2013-cü il tarixdə iddiaçıların oğlu Sahil Ağamalıyevlə evlənib, mübahisəli evə gəlin köçərkən ora dövlət reyestrində qeydiyyatdan keçmədiyi üçün tikili özbaşına olmuş, həmçinin xx xxxxxx 2015-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə qədər əvvəlcə ümumi, daha sonra paylı mülkiyyətə çevrilmiş bu əmlakın mülkiyyətçilərindən olmuş Sahil Ağamalıyevin arvadı olaraq Cavabdeh bu fərdi yaşayış evinə hüquqları yaransa da, xx xxxxxx 2020-ci il tarixdən yaşayış sahəsinin mülkiyyət forması dəyişdirilməsi nəticəsində sonuncu ilə mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcmi dəyişilmişdir. Yəni, hazırda Cavabdeh İddiaçı1 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış Siyəzən şəhərinin B.Bayramov küçəsindəki 50 saylı fərdi yaşayış evinə istifadə hüququ yoxdur və bu hüquq itirilmişdir. Belə ki, həmin hüququn yaranması üçün Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslar mövcud deyildir. Qeyd olunur ki, Siyəzən şəhərinin B. Bayramov küçəsindəki 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 96,1 kv. metrdən ibarət 50 saylı fərdi yaşayış evi xx xxxxxx 2015-ci il tarixdə İddiaçı1, İddiaçı2, Rəna Ağamalıyevanın, Aygün Ağamalıyevanın, Sahil Ağamalıyevin və Şəbnəm Ağamalıyevanın adına ümumi, xx xxxxxx 2018-ci il tarixdə, xx xxxxxx 2018-ci il tarixli bağışlanma müqaviləsi əsasında İddiaçı1, İddiaçı2, Aygün Günəşovanın, Şəbnəm Ağamalıyevanın və Sahil Ağamalıyevin adına paylı mülkiyyət hüququ ilə qeydiyyata alınsa da, xx xxxxxx 2020-ci il tarixdə, xx xxxxxx 2020-ci il tarixli başqa bir bağışlanma müqaviləsi əsasında İddiaçı1 adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İşin faktiki hallarından, eləcə də tədqiq edilmiş mötəbər sübutlardan da göründüyü kimi İddiaçı1 ailə üzvləri, o cümlədən oğlu cavabdehin əri Sahil Ağamalıyev xx xxxxxx 2015-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə qədər ümumiliyin iştirakçısı olmaqla, əmlakın mülkiyyətçilərindən biri olsa da, sonuncu tarixdən etibarən bütün əmlak bir şəxsin, iddiaçının adına qeydə alınmaqla, onun bu statusuna xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 221-ci maddəsinin İ cümləsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Həmçinin, məhkəmə qeyd edir ki, mübahisə predmeti ilə bağlı İddiaçı1 adına mülkiyyət hüququ barəsində verilmiş xx xxxxxx 2020-ci il tarixli çıxarış hazırda da qüvvədədir və hər hansı bir formada mübahisələndirilmədiyindən ona münasibətdə reyestrin məzmunun həqiqiliyi, eləcə də tamamlığı prezumpsiyası tətbiq olunmalıdır. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Eyni zamanda, işin faktiki halları, eləcə də tədqiq edilmiş mötəbər sübutlarla həmçinin müəyyən edilmişdir ki, İddiaçı1 arvadı İddiaçı2 ilə birlikdə 2019-cu ilin iyun ayında, onların oğulları cavabdehin əri Sahil Ağamalıyev isə xx xxxxx 2020-ci il tarixdə ailədaxili münasibətlərin kəskinləşməsi səbəbi ilə mübahisəli evi müvəqqəti tərk etsələr də, Cavabdeh övladları, xx xxxxxxx 2014-cü il təvəllüdlü Mətanət və xx xxxxxx 2015-ci il təvəllüdlü Xəzərlə birgə orada yaşamağa davam etmişdir. Mülkiyyətçi İddiaçı1 Cavabdeh mübahisəli fərdi yaşayış evində müvəqqəti yaşamaq imkanı versə də, məhkəmə iclasında aparılmış araşdırma zamanı sonuncunun mübahisəli fərdi yaşayış evinə istifadə hüququnun mövcud olması barədə hər hansı hüquqi əsas aşkar edilməmişdir. Belə olan təqdirdə, Cavabdeh İddiaçı1 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış Siyəzən şəhərinin B. Bayramov küçəsindəki 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 96,1 kv. metrdən ibarət 50 saylı fərdi yaşayış evinə istifadə hüququnun olmadığı müəyyən edilir. Çünki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin İ və İİ hissələrinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Bununla əlaqədar, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apelyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də mübahisəli fərdi evin M.Bəylərovun adına dövlət qeydiyyatına məhz 2011-ci ildə alınmasına diqqət yetirməmiş, nəticədə isə tətbiq edilməli olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarını tətbiq etməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Həmçinin, məhkəmə qeyd edir ki, hazırkı mülki iş üzrə Cavabdeh mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçı1 münasibətdə Mənzil Məcəlləsinin 30.1-ci maddəsində sadalanan mülkiyyətçinin ailə üzvləri (arvadı, valideynləri, uşaqları və sairə), eləcə də digər qohumlar kateqoriyasına aid olan şəxslərdən deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı1 hər hansı bir formada ailə üzvü olmayan, eləcə də əvvəllər müvəqqəti yaşamasına icazə verilmiş Cavabdeh artıq icazəsiz surətdə ona məxsus mübahisəli fərdi yaşayış evində yaşamaqla onun mülkiyyət hüquqlarını, o cümlədən sahiblik, istifadə və sərəncam hüquqlarını pozur. Cavabdeh, eləcə də övladları Mətanət və Xəzər mübahisəli evdə yaşasalar da, həmin evə hər hansı bir formada əmlak hüquqları əldə etməmişlər. Buna baxmayaraq İddiaçı1 həmin evə yuxarıda qeyd edilən normativ hüquqi aktların tələblərinə müvafiq olaraq mülkiyyət hüququ mövcuddur və onun bu hüququ mülki qanunvericiliyin tələblərinə müvafiq olaraq qorunmalı və müdafiə olunmalıdır. Yəni, hazırda Cavabdeh övladları Mətanət və Xəzər ilə birlikdə mübahisəli evdə hər hansı bir hüququ olmadan yaşaması İddiaçı1 qanunla qorunan hüquq və maraqlarını pozur. Eyni zamanda, məhkəmə, yetkinlik yaşına çatmayan, xx xxxxxxx 2014-cü il təvəllüdlü X5 və xx xxxxxx 2015-ci il təvəllüdlü X9 münasibətdə qeyd edir ki, onlar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.3-cü maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan hesab edildiklərindən, o cümlədən bu kateqoriyadan olan şəxslər cavabdeh sayıla bilməyərək valideynlərinin himayəsində olduqlarından iddia tələbinin onlara qarşı hissəsində bu hal nəzərə alınmalı və onların qeyd edilən evdən çıxarılmaları valideyninin himayəsi altında baş verməlidir. Bundan başqa, iddia tələbinin iddiaçıların mübahisəli evə köçürülmələri hissəsinə münasibətdə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3-cü maddəsinin tələbinə görə əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Göründüyü kimi yaranmış narazılıqlar nəticəsində ailə daxili münasibətlər kəskinləşdiyindən İddiaçı1 arvadı İddiaçı2 ilə birlikdə 2019-cu ilin iyun ayında mülkiyyətində olan mübahisəli evi müvəqqəti tərk etməsinə baxmayaraq, sonradan ora qayıtmaq cəhdləri Cavabdeh hərəkətləri nəticəsində imkansız olmuşdur. Bu səbəbdən də, iddiaçı tərəf hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Eyni zamanda, Cavabdeh da məhkəmədə iddiaçıların mübahisəli evə köçməsinə və iddianın yalnız bu hissədə təmin edilməsinə etiraz etməmişdir. Bundan əlavə, mübahisəli ünvanın mülkiyyətçisi olmasa belə, yaşayış sahəsindən mülkiyyətçi olan əri ilə bərabər istifadə etmək hüququna malik İddiaçı2 da hazırda mübahisəli ünvana köçürülməsini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə iddia tələbinə qeyd edilən hissədə qiymət verərək hesab edir ki, iddiaçıların mübahisəli fərdi yaşayış evindən öz iradələrindən asılı olmayan səbəbdən istifadə edə bilməmələri onların həmin sahədə yaşamaq hüquqlarının itirilməsinə səbəb ola bilməz. Yəni, iddiaçı tərəfin normal yaşayış yeri və onların normal şərtlər daxilində layiqli həyat şəraiti təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları, xx xxxxxxx 2014-cü il təvəllüdlü X8 və xx xxxxxx 2015-ci il təvəllüdlü X11 ilə birlikdə İddiaçı1 mülkiyyətində olan Siyəzən şəhərinin B. Bayramov küçəsindəki 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 96,1 kv. metrdən ibarət 50 saylı fərdi yaşayış evindən çıxarılmaqla, ora boşaldılıb, iddiaçılar İddiaçı2 və İddiaçı1 sonuncunun mülkiyyətində olan həmin evə köçürülməlidirlər. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia tələbi üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçı tərəfindən cavabdehlərdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları, xx xxxxxxx 2014-cü il təvəllüdlü X8 və xx xxxxxx 2015-ci il təvəllüdlü X11 ilə birlikdə İddiaçı1 mülkiyyətində olan Siyəzən şəhərinin B. Bayramov küçəsindəki 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 96,1 kv. metrdən ibarət 50 saylı fərdi yaşayış evindən çıxarılmaqla, ora boşaldılsın, iddiaçılar İddiaçı2 və İddiaçı1 sonuncunun mülkiyyətində olan həmin evə köçürülsünlər. İddia üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar