Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-617/2025 18.09.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi "ölüm faktının təsdiq edilməsi"nə dair ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 02 may 1961-ci ildə Siyəzən rayonunun Siyəzən şəhərində doğulmuş qardaşı X1 20 oktyabr 1982-ci il tarixdə saat təxminən 16:00-17:00 radələrində Siyəzən rayonu, Yenikənd kəndində vəfat etdiyini, lakin ona ölüm haqqında şəhadətnamə almadığını, hazırda da ölüm faktının məhkəmədənkənar qaydada təsdiq edilməsinin mümkün olmadığını, miras qalmış evlə bağlı sənədləşmə işlərinin aparılması üçün bu faktın təsdiq olunmasının vacib olduğunu bildirmişdir. İddia tələbi Ərizəçi "ölüm faktının təsdiq edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, 02 may 1961-ci ildə Siyəzən rayonunun Siyəzən şəhərində doğulmuş qardaşı X1 20 oktyabr 1982-ci il tarixdə saat təxminən 16:00-17:00 radələrində Siyəzən rayonu, Yenikənd kəndində valideynlərinə məxsus yaşadığı fərdi yaşayış evində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçi tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, ərizəçinin qardaşı X3 02 may 1961-ci ildə Siyəzən rayonunun (keçmiş Dəvəçi) Siyəzən şəhərində anadan olmuş, uzun sürən ağ ciyər xəstəliyindən 20 oktyabr 1982-ci il tarixində saat təxminən 16:00-17:00 radələrində Siyəzən rayonu, Yenikənd kəndində valideynlərinə məxsus yaşadıqları fərdi yaşayış evində vəfat etmişdir. O, islam adət ənənəsi ilə yuyulub kəfənlənmiş, Yenikənd kənd qəbirstanlığında dəfn edilmiş və müvafiq dəfn mərasimi keçirilmişdir. Lakin savadsızlıqları, həm də onların və həkimlərin səhlənkarlıqları səbəbindən “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydasına dair təlimata əsasən xəstəxana tərəfindən onlara ölümün dövlət qeydiyyatına alınması, habelə “Ölüm haqqında şəhadətnamənin alınması üçün “Ölüm haqqında tibbi şəhadətnamə (arayış)” verilməmişdir. Bununla da vəfat etmiş şəxsin ölümünün dövlət qeydiyyatına alınması qaydası, habelə onun ailəsinin bir çox (vərəsəlik, sosial və s.) hüquqları pozulmuş və yaxud məhdudlaşmışdır. Onlar ölümün qeydə alınması üçün müvafiq olaraq xəstəxanaya və Qeydiyyat Şöbəsinə müraciət etsələr də, onlara imtina cavabı verilmiş və məhkəməyə müraciət etməli olduqları bildirilmişdir. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, qeydiyyat şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin hazırlıq və baxış iclaslarında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, hazırda miras qalmış evlə bağlı sənədləşmə işləri aparmaq üçün müraciət etdikdə mərhum qardaşının ölüm faktının müəyyən edilməsi zərurəti yaranmış, ölüm faktının məhkəmədənkənar qaydada təsdiq edilməsi mümkün olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
60. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
Mülki Prosessual Məcəllə
119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər. 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında.
307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
Ailə Məcəlləsi
158.2 Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər
193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarı:
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
Məhkəmənin mövqeyi
Məhkəmə ərizəçinin izahatını iş materialları və şahidlərin ifadələri ilə birlikdə araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. Belə ki, işdə olan Dəvəçi rayonu, Siyəzən şəhər Sovetliyi tərəfindən 07 iyun 1961-ci il tarixdə verilmiş АЗ seriyalı, 016166 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X4, anası X7 olan X3 02 may 1961-ci il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Dəvəçi rayonu, Həmyə kənd Sovetliyi tərəfindən 08 iyun 1977-ci il tarixdə verilmiş V-ЖГ seriyalı, 288155 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X4, anası X7 olan Ərizəçi xx xxx 1956-cı il tarixdə Dəvəçi rayonu, Gilgilçay stansiyasında doğulmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən 20 iyun 2025-ci il tarixdə verilmiş 72 nömrəli arayışdan görünür ki, 1980-1988-ci illər üzrə aparılmış yoxlama zamanı X1 ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” X8 04 iyul 2025-ci il tarixli, 18-1- 69/2-M-457-31-523/2025 nömrəli məktubundan görünür ki, 02 may 1961-ci il təvəllüdlü X2 (ölüm tarixi 1982) aid “Ölüm haqqında tibbi şəhadətnamə”nin saxlama müddəti bitdiyinə görə xəstəxananın arxivində mövcud deyildir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən 20 iyun 2025-ci il tarixdə verilmiş 11 nömrəli məktubdan görünür ki, X1 ölüm haqqında tibbi arayışı olmadığına görə ölüm faktının müəyyən edilməsi üçün Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan 09 iyul 2025-ci il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ərizəçi, həm də ölüm faktının müəyyən edilməsi tələb olunan mərhum onun anasının xalası oğullarıdır. Mərhum ondan 3-4 yaş böyük olmuş, onunla dostluq münasibətində olmaqla birlikdə mal-qara otarmışlar. Mərhum təxminən 19-20 yaşlarında ağciyər xəstəliyi səbəbindən vəfat etmişdir. Onu kənd qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, ərizəçi onun həm xalası oğludur, həm də bacısının əridir. Ölüm faktının müəyyən edilməsi xahiş edilən mərhum Qəhrəman Məmmədov da onun xalası oğlu olmuşdur. O, 1982-ci ildə təxminən 19-20 yaşlarında əziyyət çəkdiyi ağciyər xəstəliyindən Siyəzən rayonu, Yenikənd kəndində yaşadığı evdə vəfat etmişdir. Bundan sonra onun da iştirakı ilə mərhum Yenikənd kənd qəbirstanlığında dəfn edilmiş və ölümü ilə bağlı yas mərasimi verilmişdir. O, da həmin yas mərasimində iştirak etmişdir. Məhkəmə işin faktiki hallarından, ərizəçinin izahatından, şahidlərin ifadələrindən və təqdim edilmiş sübutlardan belə qənaətə gəlir ki, 02 may 1961-ci il təvəllüdlü X1 20 oktyabr 1982-ci il tarixdə saat təxminən 16:00-17:00 radələrində Siyəzən rayonu, Yenikənd kəndində vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Odur ki, ərizəçi qeyd olunan faktları təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz.
Məhkəmənin gəldiyi nəticə
Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 02 may 1961-ci ildə Siyəzən rayonunun Siyəzən şəhərində doğulmuş X1 20 oktyabr 1982-ci il tarixdə saat təxminən 16:00-17:00 radələrində Siyəzən rayonu, Yenikənd kəndində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308, 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizə təmin olunsun. 02 may 1961-ci ildə Siyəzən rayonunun (keçmiş Dəvəçi) Siyəzən şəhərində doğulmuş X1 20 oktyabr 1982-ci il tarixdə Siyəzən rayonu, Yenikənd kəndində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Günel Quluzadə