Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-619/2024 29.07.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ərizəçi İddiaçı iştirakı ilə ərizəçi İddiaçı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi İddiaçı 19 iyul 2024-cü il tarixdə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxs Cavabdeh ilə onun arasında bağlanan 12 iyun 2023-cü il tarixli barışıq sazişi üzrə Cavabdeh 28 iyul 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2023-cü ilin iyul ayından başlayaraq, hər ayın sonuna kimi 150 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsinin məhkəmə tərəfindən təsdiq edilməsi, eləcə də 2023-cü ilin dekabr ayından başlayaraq, son 8 ay müddətində ödənilməmiş 1200 manat məbləğində aliment borcunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 22 sentyabr 2014-cü il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş və 28 iyul 2015-ci il tarixdə Rabiyyə adlı övladları doğulmuşdur. Maraqlı şəxslə rəsmi nikaha daxil olduqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan cavabdehin pis vərdişlərinə görə aralarında münaqişələr yaranmağa başlamışdır. Nəcicədə, o, 2023-cü ilin yanvar ayından maraqlı şəxsi tərk edib ata evinə getmiş və bu günədək orada uşağı ilə birgə orada yaşayır. Bundan sonra, o, mediasiya qurumuna müraciət etmiş və maraqlı şəxslə aliment tələbi barədə razılığa gələrək, sonuncu ilə arasında 12 iyun 2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Belə ki, barışıq sazişinə əsasən 28 iyul 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2023-cü ilin iyul ayından başlayaraq, hər ayın sonuna kimi nağdsız qaydada “ikinci” tərəf “birinci” tərəfə 150 manat aliment ödəməyi öhdəsinə götürür. Sözügedən barışıq sazişi bağlandıqdan sonra cavabdeh 2023-cü ilin iyul ayından başlayaraq 5 ay ərzində hər ay poçt vasitəsilə ona uşağının saxlanılması üçün aylıq 150 manat vəsait göndərsə də, 2023-cü ilin dekabr ayından bu ödənişləri dayandıraraq hər hansı bir ödəniş etmir. Cavabdeh bacarıqlı ev təmiri ustası olmaqla, aylıq 700-800 manat, bəzi aylar isə 1000 manatadək gəlir əldə etməsinə baxmayaraq, qazandığı vəsaiti pis vərdişlərinə xərcləyərək, övladına baxmır. Beləliklə, Cavabdeh bağlanmış mediasiya sazişinə əməl etmir. Nəticədə, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı müdafiə etdiyi ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, o, hazırda "xxxx" ASC-də fəhlə işləyir. Bundan əlavə, hazırda nikahda olduğu cavabdehlə arasında mediasiya prosesi zamanı bağlanmış barışıq sazişinə əsasən sonuncu uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ona hər ay 150 manat sabit pul məbləğində alimenti ödəməyi öhdəsinə götürsə də, Cavabdeh 2023-cü ilin dekabr ayınadək aliment ödəmiş, sonradan ödənişləri dayandırmışdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPMnin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdəki sənədləri tədqiq edərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 22 sentyabr 2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 973365 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 22 sentyabr 2014-cü il tarixdə 156 saylı akt qeydi ilə nikahlarını bağlamış və nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə "Baxşəlizadə" soyadı verilmişdir. Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 28 avqust 2020-ci il tarixdə verilmiş AZ-T seriyalı, 122743 nömrəli doğum haqqında şəhadətnamənin təkrarının surətindən görünür ki, atası Cavabdeh, anası Ömərova (Baxşəlizadə) Günel Atabala qızı olan X2 28 iyul 2015-ci il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İş materiallarında olan 12 iyun 2023-cü il tarixdə mediasiya reyestrində M-00039 nömrəsi ilə qeydə alınmış barışıq sazişinin mühüm şərtlərindən görünür ki, ikinci tərəf (Cavabdeh) 28 iyul 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2023-cü ilin iyul ayından başlayaraq hər ayın sonuna kimi nağdsız qaydada 150 manat sabit pul məbləğində alimenti birinci tərəfə (İddiaçı) ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 12 iyun 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ailə münasibətlərindən irəli gələn mübahisə ilə əlaqədar mediasiya sessiyasına müraciət edərkən, 150 (bir yüz əlli) manat məbləğində mediasiya xərcini ödəmişdir. Məhkəmə nəzərə alır ki, bağlanması üçün ikitərəfli iradə ifadəsinin zəruri olduğu barışıq sazişinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilə hüququna dair müddəaları müvafiq surətdə tətbiq olunmalıdır. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Bu Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Sözügedən Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Eyni Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49-cu maddəsinin İ hissəsinə əsasən, 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Bu Məcəllənin 22-ci maddəsinin İ hissəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Bu Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin İ, İİİ və İV hissələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa, sözügedən barışıq sazişi 12 iyun 2023-cü il tarixdən imzalanmaqla, həmin ilin iyul ayından başlayaraq tərəflər üçün məcburi xarakter daşımağa başlamış, eləcə də maraqlı şəxsi aliment öhdəliyinin icraçısına çevirmiş, həmçinin bu hal sazişin mühüm şərtlərində də öz əksini tapmışdır. Eyni zamanda, maraqlı şəxs barışıq sazişinin bağlanmasından sonra, yəni 2023-cü ilin iyul ayından başlayaraq hər ayın sonunadək razılaşdığı aliment məbləğini ərizəçiyə könüllü şəkildə ödəməli olmasına baxmayaraq, bu öhdəliyini lazımınca yerinə yetirməmiş, nəticədə ərizəçi barışıq sazişinin şərtlərinə əsaslanaraq, onun təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində lazımınca icra edilmədiyindən, ərizə qismən təmin edilməli, 2023-cü ilin iyul ayından başlayaraq, hər ayın sonuna kimi 28 iyul 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün maraqlı şəxs Cavabdeh ərizəçi İddiaçı xeyrinə hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutulmasına dair ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında 12 iyun 2023-cü il tarixdə bağlanmış, mediasiya reyestrində M-00039 nömrə ilə qeydiyyata alınmış barışıq sazişi təsdiq edilməli, qətnamə dərhal icraya yönəldilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, tələbin "qalıq aliment borcunun tutulması" hissəsi hazırkı vaxtda deyil, icra mərhələsində həll olunan məsələ olduğuna və qanunvericilikdə barışıq sazişinin nəticələrinin deyil, yalnız müvafiq sazişin özünün təsdiq olunması nəzərdə tutulduğuna, o cümlədən sözügedən sazişdə də belə bir bənd olmadığına görə tələbin bu hissədə təmin edilməsi istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunmalıdır. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 150 (bir yüz əlli) manat məhkəmə xərcinin tutulması həm ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı ərizəçi tərəfindən maraqlı şəxsdən tələb edilmədiyindən həmin məbləğ ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 234, 355-23, 355-24, 355-25-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə qismən təmin edilsin. 2023-cü ilin iyul ayından başlayaraq, hər ayın sonuna kimi 28 iyul 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün maraqlı şəxs Cavabdeh ərizəçi İddiaçı xeyrinə hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutulmasına dair ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında 12 iyun 2023-cü il tarixdə bağlanmış, mediasiya reyestrində M-00039 nömrə ilə qeydiyyata alınmış barışıq sazişi təsdiq edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-619/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-619/2024
29.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver