Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-63/2021 02.06.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və maddi-mənəvi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Siyəzən şəhərində, məhkəmənin binasında, qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və maddi-mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada onlara ödədiyi 320 ABŞ dolları və 3740 manat nağd pulun, təmirə xərclədiyi 4450 manatın, avadanlıqların alınmasına və quraşdırılmasına sərf edilmiş 3750 manat məbləğində vəsaitin, vəkilə ödədiyi 1000 manat məbləğində pulun, 30 manat dövlət rüsumunun, avtomobilini tələsik ucuz qiymətə satdığına görə ona dəymiş 2000 manat məbləğində ziyanın, bankdan kredit götürdüyünə görə ödəməli olduğu 1837,48 manat faizin, kredit alarkən bank xərclərinə çəkilmiş 60 manat xərcin, ümumilikdə 320 ABŞ dolları və 16807,48 manat məbləğində pulun, habelə əsəb-stress keçirdiyinə, eləcə də psixoloji gərginlik və narahatlıq yaşadığına görə ona vurulmuş mənəvi ziyana görə 5000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Siyəzən şəhəri ərazisində yerləşən 0,0044 ha torpaq sahəsi Siyəzən bələdiyyəsinin 30 yanvar 2003-cü il tarixli, 1-9 nömrəli qərarı və torpaq icarəsi müqaviləsi əsasında 99 il müddətinə cavabdehlərin mərhum atası X4 icarəyə verilmiş, icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu torpaq sahəsi üzərində məişət cihazlarının təmiri yeri kimi fəaliyyət göstərən 44 kv.m. ölçüdə qeyri-yaşayış sahəsi mövcud olsa da, həmin qeyriyaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Həmin obyektdə məişət cihazlarının təmiri ilə məşğul olan Fuad adlı usta (iddiaçı onu əvvəldən tanımışdır) söhbət əsnasında iddiaçıya sahibinin həmin obyekti satmaq niyyətində olmasını bildirmiş, iddiaçı da həmin yerin sahibinin vəfat etməsini, hazırda isə övladları Raman və Kamilə məxsus olmasını öyrənmişdir. İddiaçı həmin yeri almaq qərarına gəlmiş və bu barədə dostu Şahinlə məsləhətləşərkən, sonuncu həmin torpağın sahibi Ramanın onun sinif yoldaşı olduğunu bildirmişdir. Beləliklə, iddiaçı dostu Şahin vasitəsilə Ramanı tapmış və 2020-ci ilin yanvar ayının sonlarında onlar birlikdə görüşüb söhbətləşmişlər. Söhbət əsnasında həmin obyektin sənədlərinin olmaması, lakin, torpağın Ramanın mərhum atasına məxsus olması müəyyənləşmişdir. Cavabdeh1 bu obyekti 20000 (iyirmi min) manat satmaq istədiyini bildirsə də, sonradan 18000 (on səkkiz min) manata razılaşmışlar. Bu zaman Cavabdeh1 torpağın sənədini vərəsəlik qaydasında öz adına keçirməsi üçün müəyyən qədər pul vəsaitinə ehtiyacı olduğunu bildirmiş, iddiaçı isə sənədləşmə üçün lazım olan pulları ödəməsi, sonradan isə ödədiyi pulların razılaşdırılmış 18000 (on səkkiz min) manat puldan çıxılacağı barədə cavabdehlə razılaşmışdır. Bundan əlavə, Cavabdeh1 obyektin arxasında 90 kv.m boş torpaq sahəsi olduğunu və həmin torpaq sahəsini öz adına rəsmiləşdirmək üçün bələdiyyəyə müraciət etdiyini deyərək, bu torpağı da almasını iddiaçıya təklif etmişdir. Əldə olunmuş razılığa əsasən, Cavabdeh1 boş torpaq sahəsini də sənədləşdirdikdən sonra, hər kvadrat metri 220 (iki yüz iyirmi) manatdan olmaqla, iddiaçıya satacaqdı. Beləliklə, 20 fevral 2020-ci il tarixdə Siyəzən şəhərinin girişində yerləşən “Bənövşə” kafesində İddiaçı Cavabdeh1 sənədləşmə işlərini aparmaq üçün 200 (iki yüz) ABŞ dolları məbləğində pulu vermişdir. Bundan 1-2 gün sonra isə iddiaçı 15 günlük iş növbəsində olarkən, 25 fevral 2020-ci il tarixdə Cavabdeh1 iddiaçıya zəng edərək, daha 200 (iki yüz) manat pul lazım olduğunu bildirmişdir. Həmin vaxt iddiaçı işdə olduğu üçün xalası oğlu Muxtardan 200 (iki yüz) manatın ekvivalenti olan 120 (yüz iyirmi) ABŞ dolları məbləğində pulu evindən götürüb Ramana çatdırmağı xahiş etmiş, Muxtar da 120 (yüz iyirmi) dollar məbləğində pulu “xxxx” ASC-nin Siyəzən filialında mühafizəçi işləyən qaynı Əjdərə vermiş, Raman da bu pulu Əjdərdən almışdır. Həmin ilin mart ayının əvvəlində Cavabdeh1 yenidən iddiaçıya zəng edərək, sənədləşmə üçün əlavə 120 (yüz iyirmi) manat da lazım olduğunu bildirmiş, sonuncu dostu Şahindən 120 (yüz iyirmi) manat pulu Ramana verməsini xahiş etmişdir. Beləliklə, iddiaçının dostu Şahin Ramana 120 (yüz iyirmi) manat pul vermiş, İddiaçı 07 mart 2020-ci il tarixdə işdən çıxdıqdan sonra, dərhal Şahinin 120 (yüz iyirmi) manat pulunu qaytarmışdır. Daha sonra, Cavabdeh1 yenidən iddiaçıya zəng edərək, bələdiyyəyə icarə haqqı və ya vergi borcunu ödəmək üçün əlavə 200 manat pul lazım olduğunu bildirmiş, sonuncu da mart ayının 7-si axşam saatlarında “Bənövşə” kafesində 200 (iki yüz) manat məbləğində pulu Ramana vermişdir. Cavabdeh1 telefonuna mesaj gəldiyini, sənədlərin mart ayının 10-u tam hazır olduqdan sonra alqı-satqı etməyin mümkün olacağını bildirmişdir. İddiaçı əvvəlcədən Cavabdeh1 bu obyekti almaq üçün hazırda nəğd pulu olmadığını, “Mercedes Benz ” markalı, ** VC *** dövlət nömrə nişanlı avtomobilini satacağını, həmçinin bankdan kredit götürəcəyini bildirmişdir. Beləliklə, İddiaçı 08 mart 2020-ci il tarixdə özünə məxsus avtomobili real bazar qiymətindən 2000-2500 ucuz qiymətə, yəni 13300 (on üç min üç yüz) manata maşın alverçisinə satmış, 3-5 gün sonra alverçi həmin maşını 15800 (on beş min səkkiz yüz) manata internetdəki saytların birinə yerləşdirmişdir. Bundan sonra, 10 mart 2020-ci il tarixdə iddiaçı “xxxx” ASC-nin Siyəzən filialından 6000 (altı min) manat kredit götürmüş, bank xərcləri çıxıldıqdan sonra iddiaçıda 5940 (beş min doqquz yüz qırx) manat məbləğində pul qalmışdır. İddiaçı 24 ay müddətinə banka cəmi 7837,48 manat pul qaytarmalı idi. Beləliklə, avtomobili satdıqdan və kredit götürdükdən sonra 11 mart 2020-ci il tarixdə iddiaçı hər iki cavabdehlə birgə alqı-satqı etmək üçün Siyəzən rayonunda olan Səyyar ASAN Xidmətin avtobusuna yaxınlaşmışdır. Tərəflər yalnız obyektin alqı-satqısı üçün notariusa yaxınlaşmış, obyektin arxasındakı torpağın sənədi isə hələ tam hazır olmadığından həmin yeri sonradan alqı-satqı edəcəkdilər. Lakin, Səyyar Asan Xidmətdə sənədlərin tam qaydasında olmadığı bildirildiyindən alqı-satqı baş tutmamışdır. Bu zaman Raman öz qayınatası Sabir Zeynalova zəng etmiş, sonuncu da Şabran şəhərində yerləşən notariat kontoruna getməyi məsləhət bilmiş, onlar bir yerdə Şabran rayon notariat kontoruna getmişlər. Burada tərəflərə torpaq bələdiyyə mülkiyyəti olduğundan bələdiyyədən razılıq almağın zəruri olması bildirildiyi üçün onlar yenidən Siyəzən şəhərinə qayıdaraq Siyəzən Bələdiyyəsinə getmişlər. Əvvəlcə Raman içəri keçmiş, sonra bayıra çıxaraq, bələdiyyə sədri Azər Babayevin iddiaçını çağırdığını qeyd etmişdir. Burada isə Azər Babayev ən yaxşı variant kimi notariusda etibarnamə verilməsini təklif etmiş, iddiaçı etiraz etdikdə isə bələdiyyə sədri həmin torpaq sahəsini hazırkı vəziyyətdə Ramanın adına sənədləşdirməyin daha məqsədəmüvafiq olduğunu, Siyəzən RİHB-nin başçısına həmin yeri Sabir Zeynalovun yeznəsi olan Ramanın adına sənədləşdirdiyini bildirəcəyini, başçının isə Sabiri tanıdığı üçün buna etiraz etməyəcəyini qeyd etmişdir. Beləliklə, onlar bələdiyyədən çıxmış, iddiaçı yenə də bu məbləğdə pulu verərək adi etibarnamə almağa etiraz etməklə, sənədlərin tam qaydasında olmasını tələb etmişdir. Bu zaman Ramanın qayınatası Sabir etibarnamə verilməsini və Vüqar təmirə başlayıb obyekti işlətməsini, bu müddət ərzində bütün sənədlər hazırlandıqdan sonra, birdəfəlik alqı-satqı edilməsini təklif etmişdir. Bu zaman cavabdehlər obyektin arxasındakı torpağı da sənədləşdirib, ona satmaq üçün heç olmasa 3000 (üç min) manat məbləğində də onlara pul verməsini iddiaçıya təklif etmişlər. Bununla da, tərəflər iddiaçının cavabdehlərə 3000 (üç min) manat pul ödəməsi müqabilində müvəqqəti olaraq etibarnamə verilməsi, daha sonra, obyektin arxasındakı boş torpaq sahəsi sənədləşdirildikdən sonra, hər kvadrat metrinin 220 manatdan iddiaçıya satılması ilə bağlı razılaşmışlar. Beləliklə, 11 mart 2020-ci il tarixdə cavabdehlər Siyəzən rayon dövlət notariat ofisində iddiaçıya 1 il müddətinə etibarnamə vermiş və onlar birlikdə “Bənövşə kafesinə getmişlər. Orada iddiaçı 3000 (üç min) manat məbləğində pulu Ramana vermiş, sonuncu da həmin puldan 1000 (min) manatını qardaşı Kamilə vermişdir. Bundan 3 gün sonra, martın 14-də məişət cihazları təmiri ilə məşğul olan Fuad obyekti boşaltmış və Raman obyekti iddiaçıya təhvil vermişdir. Bu zaman Cavabdeh1 yenidən iddiaçıdan 100 (yüz) manat pul alaraq, Fuada verəcəyini bildirmişdir. Beləliklə, 2020-ci ilin fevral - mart ayları ərzində İddiaçı Cavabdeh1 320 (üç yüz iyirmi) ABŞ dolları və 3420 (üç min dörd yüz iyirmi) manat məbləğində, habelə aprelin 3-də 200 (iki yüz) manat, aprelin 22-si 20 (iyirmi) manat, aprelin 25-i 50 (əlli) manat, mayın 12-si 50 (əlli) manat məbləğində Ramana pul vermişdir. Martın 15-dən etibarən iddiaçı obyektdə təmir işlərinə başlamış, aprelin sonunadək təmiri bitirmiş, obyektin təmirinə usta pulu da daxil 4450 (dörd min dörd yüz əlli) manat məbləğində pul xərcləmişdir. İddiaçı orada gözəllik salonu açaraq, avadanlıqların alınmasına da əlavə olaraq 3750 (üç min yeddi yüz əlli) manat pul xərcləmişdir. Pandemiya şərtlərinə görə 05 may 2020-ci il tarixdən gözəllik salonlarının fəaliyyətinə icazə verilmiş və həmin vaxtdan salon fəaliyyətə başlamışdır. 04 sentyabr 2020-ci il tarixdə Cavabdeh1 İddiaçı zəng edərək sonuncunu görüşə çağırmış, onlar yenidən “Bənövşə” kafesində görüşmüşlər. Bu zaman Cavabdeh1 İddiaçı ev almaq üçün ona əlavə olaraq 3000 (üç min) manat pul verməsini xahiş etmiş, sonuncu buna etiraz edərək, yalnız obyekt adına keçirildikdən sonra, bütün pulu verəcəyini bildirmişdir. Bu zaman Cavabdeh1 arxadakı torpağın qiymətini ucuz təklif etdiyini, oranın kvadratını 220 (iki yüz iyirmi) manata deyil, 500 (beş yüz) manata satdığını bildirmiş, iddiaçı isə bu qiymətlə razılaşmamışdır. Bundan 3 gün sonra, 07 sentyabr 2020-ci il tarixdə cavabdehlər etibarnaməni ləğv etdirərək, iddiaçıdan obyektdən çıxmağını tələb etmiş, habelə sonuncuya hədə-qorxu da gəlmişlər. Habelə, 2021-ci ilin yanvar ayında Cavabdeh1 obyektə verilən elektrik enerjisinin verilişini dayandırmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasında iştirak edən İddiaçı hüquqlarını təmsil edən nümayəndəsi və vəkili Nümayəndə izahatına uyğun, eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi, habelə məhkəmə ekspertizasının dəyərini təşkil etməklə, ödəmiş olduğu 400 manat məbləğin də cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməsələr də, məhkəməyə elektron poçtu vasitəsilə ərizə ilə müraciət edərək səhhətlərində yaranmış problemlə əlaqədar üzrlü səbəbdən sonuncu məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, əvvəlki məhkəmə iclaslarında söylədiklərini və tələblərini bir daha təsdiq etməklə, ədalətli yekun qərar qəbul edilməsini, iddia tələbinin bütövlükdə rədd edilməsini xahiş etmişlər. Buna görə də məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Siyəzən şəhərində yerləşən 0,0044 ha torpaq sahəsi Siyəzən bələdiyyəsinin 30 yanvar 2003-cü il tarixli, 1-9 nömrəli qərarı və torpaq icarəsi müqaviləsi əsasında 99 il müddətinə mərhum ataları X4 icarəyə verilmiş, icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu torpaq sahəsi üzərində məişət cihazlarının təmiri yeri kimi fəaliyyət göstərən 44 kv.m. ölçüdə qeyriyaşayış sahəsi mövcuddur. Siyəzən Bələdiyyəsinin mülkiyyətində olan bu torpaq sahəsi 02 mart 2020-ci il tarixdə ½ hissədə onun, qalan ½ hissədə qardaşı Kamilin xeyrinə yüklü edilərək, icarə hüquqları dövlət qeydiyyatından keçmişdir. Bu torpaq sahəsini satmaq niyyətinin olmasından məlumatlı olan Şahin adlı sinif yoldaşı onu iddiaçı ilə tanış etmişdir. Beləliklə, onlar Siyəzən şəhərinin girişində yerləşən “Bənövşə” kafesində əyləşib, obyektin alqı-satqısı ilə bağlı söhbətləşmişlər. 2020-ci ilin yanvar ayında ilk dəfə görüşərkən obyektin qiymətini 20 000 manata razılaşmış, həmçinin bu obyektin arxa hissəsində yerləşən torpaq sahəsini adına sənədləşdirdikdən sonra, iddiaçıya 15000 manata satacağı barədə sövdələşmişlər. 2020-ci ilin fevral ayında ikinci dəfə iddiaçı ilə görüş zamanı, sonuncuya sənədləşmə işlərini tam yekunlaşdırdıqdan sonra, mağazanı və arxadakı 40 kv.metr torpağı birlikdə satacağını, sənədləşməyə qədər isə mağazanı icarə haqqı ödənilmək şərtilə, iddiaçıya icarəyə verə biləcəyini təklif etmiş, sonuncu da bu şərtlərlə razılaşmışdır. Beləliklə, 11 mart 2020-ci il tarixdə iddiaçıya obyektdən istifadə etmək üçün qardaşı Kamillə birlikdə etibarnamə vermişlər. Sonradan iddiaçı qiymətdə razılaşmadığından, alqı-satqı baş tutmamışdır. Bundan əlavə, iddiaçı ondan və qardaşı Kamildən obyektdə təmir işlərinin aparılması üçün icazə istəməmiş, bununla bağlı onların razılıqları olmamışdır. Təmir işləri gedən zaman iddiaçı öz ailə üzvləri ilə birlikdə obyektdə olduğundan, o, ora getməmiş, buna görə iddiaçının orada hansı işləri gördüyündən məlumatlı olmamışdır. Təxminən 2021-ci ilin yanvar ayında obyektə elektrik enerjisinin verilməsi onun ərizəsi əsasında aidiyyəti orqan tərəfindən dayandırılmışdır. İddiaçının müxtəlif vaxtlarda ona özü və digər şəxslər vasitəsilə guya 320 ABŞ dolları və 3740 manat pul verməsi barədə iddiaları həqiqəti əks etdirmir. Çünki, iddiaçı ona icarə haqqı ödəməmiş, təkcə 2020-ci ilin fevral ayında iddiaçının Əjdər adlı qohumundan 120 ABŞ dolları pul almışdır. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, mübahisəli obyektlə bağlı danışıqlara 11 mart 2020-ci il tarixdə qoşulmuşdur. Bu tarixdə iddiaçıya obyektdən istifadə etmək üçün qardaşı Ramanla birlikdə etibarnamə vermiş, həmin etibarnaməni də istədikləri vaxt ləğv edə bilərdilər. İcarə haqqını aylıq 300 manata razılaşmışmışlar. Etibarnamə verilərkən iddiaçının qeyd etdiyi kimi sonuncu qardaşı Ramana, Raman da ona pul verməmişdir (həmçinin iddiaçı sonradan da ona obyektin icarəsinə görə hər hansı məbləğdə pul verməmişdir). Həmçinin, iddiaçı onlardan obyektdə təmir işlərinin aparılması üçün icazə istəməmiş, bununla bağlı razılıqları olmamışdır. İddiaçıya dəymiş ziyanı qəbul etmir, əksinə 1 il 3 ay ərzində iddiaçı obyektin icarə haqqını ödəməyərək, onları gəlirdən məhrum etmişdir. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, eləcə də iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, şahid X10 ifadəsində göstərdi ki, İddiaçı yaxın dostudur, Cavabdeh1la da əvvəllər yaxşı münasibətləri olmuşdur. 2020-ci ilin yanvar ayında cavabdehlərin satmaq istədikləri sözügedən obyekti almaq niyyətinin olduğunu İddiaçı ona bildirdikdə, Cavabdeh1la da münasibətləri yaxşı olduğu üçün iddiaçını və Cavabdeh1 Siyəzən şəhərinin girişində yerləşən sonuncuya məxsus “Bənövşə” kafesində görüşdürmüşdür. Həmin söhbət zamanı İddiaçı və Cavabdeh1 mübahisəli obyektin qiymətini 18 000 manata razılaşmış və razılığa görə sənədlər qaydasına düşəndən sonra bu obyektin arxa hissəsində olan torpaq sahəsini də iddiaçı cavabdehdən alacaqdı. Həmçinin, obyektin sənədləri tam hazır olandan sonra tərəflər arasında alqı-satqı da olmalı idi. 2020-ci ilin mart ayının əvvəlində İddiaçı ondan 120 manat pulu cavabdeh Ramana Sədrəddinova verməsini xahiş etmiş, o, da bu pulu cavabdehə vermişdir. Daha sonra, İddiaçı Ramana verdiyi həmin məbləğdə pulu ona qaytarmışdır. Bundan əlavə, onun yanında digər Cavabdeh2la danışıqlar olmamışdır. X7 ifadəsində göstərdi ki, o, İddiaçı üçün sözügedən obyektdə kafel vurmuş, obyektdə işləyərkən Cavabdeh1 da bu obyektə gəlib-getmişdir. 2020-ci ilin aprel ayında obyektdə işləyərkən Raman Vüqardan bir dəfə onun yanında 20 manat pul istəmiş, həmin vaxt Vüqarda pul olmadığı üçün bu pulu sonuncunun əvəzinə Ramana o, vermiş, sonradan İddiaçı bu pulu ona qaytarmışdır. Bir dəfə də obyektdə işləyərkən İddiaçı onun yanında cavabdeh Ramana 50 manat pul vermişdir. Bundan əlavə, Vüqardan Ramanın pulu hansı məqsədlə istəməsinin səbəbini soruşmamışdır. X5 ifadəsində göstədi ki, İddiaçı bacanağının yeznəsidir. O, da sözügedən obyektdə 2020-ci ilin mart-aprel aylarında usta işləyərək, suvaq, elektrik işi və santexnik işlərini görmüşdür. İddiaçı bunun müqabilində ona 1200 manat zəhmət haqqı da vermişdir. Cavabdeh1 həmin vaxt obyektə gəlib, orada usta işlədiyini görsə də, buna heç bir etiraz bildirməmişdir. 2020-ci ilin aprel ayının əvvəlində o, obyektdə işləyərkən iddiaçı Vüqar cavabdeh Ramana onun yanında 200 manat pul vermişdir. X2 ifadəsində göstərdi ki, İddiaçı onun bacısı oğludur. Cavabdeh1 da Siyəzən şəhər sakini kimi tanıyır. İddiaçı Cavabdeh1la mübahisəli obyektə dair razılaşmadan sonra, sonuncuya müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə, o cümlədən bir dəfə 3000 manat pul verdiyini bildirdikdə, o, bu pulları verərkən notarial müqavilə bağlamamasını bacısı oğluna irad tutmuşdur. İddiaçı isə Cavabdeh1 notariat orqanına getməkdən yayındığını, həmçinin, cavabdehin pulları ondan şənbə-bazar günlərində (notariat orqanının işləmədiyi vaxt) istədiyini bildirmişdir. Sonradan bir dəfə Cavabdeh1 məxsus “Bənövşə” kafesində Vüqar, o və Raman bu mövzu ilə əlaqədar söhbətləşərkən, sonuncu Vüqardan 3000 manat pul aldığını etiraf etmişdir. X1 ifadəsində göstərdi ki, İddiaçı qaynının oğlu, Cavabdeh1 da uzaq qohumudur. Mübahisə yarandıqdan sonra Cavabdeh1 qaynatası olan qohumu Sabir Zeynalovun evinə barışıq əldə edilməsi üçün Vüqarla birlikdə getmişlər. Həmin vaxt orada Raman, Sabir və Vüqar olmuş, o zaman Raman Vüqardan obyektin açarlarını almaq istədikdə, o, iddiaçının cavabdehə aid obyektin təmirinə, avadanlıqların alınmasına xeyli miqdarda xərc çəkdiyini bildirib, açarları təhvil verməsinə mane olmuşdur. Bundan başqa, söhbət zamanı cavabdeh Raman iddiaçı Vüqarın ona 4000 manat pul verdiyini də bildirmişdir. Lakin, həmin vaxt onun yanında iddiaçı Vüqar cavabdeh Ramana hər hansı məbləğdə pul verməmişdir. İşdə olan Siyəzən rayonu dövlət notariat ofisinin dövlət notariusu X9 tərəfindən 11 mart 2020-ci il tarixdə reyestrdə 7E-37 nömrə ilə təsdiq edilmiş AR-İİ seriyalı, 033868 nömrəli etibarnamədən, eləcə də “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışın surətindən görünür ki, Raman və Cavabdeh2lar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏRX-nın müvafiq ərazi idarəsi tərəfindən 02 mart 2020-ci il tarixdə verilmiş, reyestr nömrəsi **********95, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən Siyəzən şəhəri ərazisi ünvanında yerləşən 0,0044 ha torpaq sahəsi üzərindəki icarə hüququndan onlara məxsus olan hissələrə dair bütün hüquqları 1 il müddətinə, yəni 11 mart 2021-ci il tarixədək İddiaçı etibar etmiş, habelə bu etibarnamə 07 sentyabr 2020-ci il tarixdə ləğv edilmişdir. İşdə olan "xxxx" ASC ilə İddiaçı arasında 10 mart 2020-ci tarixdə bağlanmış BPM**********81 saylı kredit müqaviləsinə, eləcə də ona əlavə olunmuş 1 nömrəli əlavəyə əsasən bank İddiaçı 24 ay ərzində qaytarmaq şərti ilə illik 20%-lə istehlak məqsədilə 6000 manat məbləğində kredit vermiş, habelə bu məbləğ borcalan tərəfindən faizlərlə birlikdə hər ay 305,4 manat, sonuncu ay isə 304,65 manat olmaqla, ödənilməli idi. İş materiallarına əlavə edilmiş CD diskə köçürülmüş səs yazılarından görünür ki, Siyəzən şəhərindəki 0,0044 ha torpaq sahəsi üzərindəki tikiliyə, habelə torpaq sahəsinin sənədləşdirilməsinə görə Cavabdeh1 İddiaçı müxtəlif vaxtlarda 3000 manat, 100 manat, 200 manat olmaqla, cəmi 3300 manat, eləcə də 200 ABŞ dolları pulu şəxsən almış, habelə bu hal onun tərəfindən etiraf edilmişdir. İşdə olan "xxxx" MMC-nin 10 mart 2021-ci il tarixli, 29 nömrəli rəyindən görünür ki, Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən 44 kv.m ölçülü qeyri-yaşayış sahəsində aparılmış yenidənqurma və təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 4258 manat, ora quraşdırılmış mebellərin və orada olan avadanlıqların işlənmə dərəcəsi nəzərə alınmaqla hazırkı vəziyyətdə ümumi qiyməti 2900 manat müəyyən olunmuşdur. İşdə olan "xxxx" MMC tərəfindən 10 mart 2021-ci il tarixdə tərtib edilmiş FİÇ seriyalı, 199313 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı keçirilmiş ekspertiza üçün MMC-nin hesabına 400 manat pul köçürmüşdür. İşdə olan Sumqayıt Regional Vəkil Bürosu tərəfindən 06 oktyabr 2020-ci il tarixdə tərtib edilmiş ĞĞY seriyalı, 346101 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı vəkil bürosunun hesabına 1000 manat pul köçürmüşdür. İşdə olan 26 sentyabr 2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Bu Məcəllənin 135-ci maddəsinin İ və İİ hissəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Sözügedən Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Mülki Məcəllənin 529.2-ci maddəsinin tələbinə əsasən öhdəliyinin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və lazımi öhdəlik deyildir. Bu Məcəllənin 529.3-cü maddəsinin tələbinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Yenə qeyd olunan Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bu Məcəllənin 405-ci maddəsinin İ və İİ hissəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Bu Məcəllənin 324-cü maddəsinin İ və İİ hissələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 329-cu maddəsinin İİ və İİİ hissələrinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Mülki Məcəllənin 157-ci maddəsinin Vİİ hissəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarından görünür ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə şahidlər şahidlər Şahin Quliyevin, Cavid Sazmaninin, Əfqan Nəzərovun, eləcə də Yaqut Məmmədovanın ifadələrinə qiymət verərək qeyd edir ki, şahidlər iddiaçı tərəfin dostu və qohumu olmaqla, sonuncunun cavabdehlərlə, o cümlədən Cavabdeh1la olan münasibətlərini bildiyindən, iş üzrə iddiaçı tərəfindən ifadə vermələri baxımından və beləliklə də, şahid dəvət edildikləri tərəf baxımından işin nəticəsi ilə bağlı maraqlı olduqlarından, eyni zamanda verilmiş şahid ifadələri cavabdehlərə, o cümlədən Cavabdeh1 ödənilmiş vəsaitin müqəddaratına tam şəkildə aydınlıq gətirmədiyindən əsaslı hesab edilməməli və mötəbər sübut kimi qəbul edilməməlidir. Həmçinin, bu şahid ifadələrinin əsaslı və mötəbər olmamasına dəlalət edən hallardan biri də sonuncuların göstərdikləri məbləğlərin iş materiallarına əlavə edilmiş CD diskə köçürülmüş səs yazılarında İddiaçıla Cavabdeh1 danışıqları zamanı alınması etiraf edilmiş məbləğlərlə üst-üstə düşməməsidir. Belə ki, şahidlər Şahin Quliyevin, Cavid Sazmaninin, Əfqan Nəzərovun, eləcə də Yaqut Məmmədovanın ifadələrində ödənilmiş məbləğlərə münasibətdə CD diskə köçürülmüş səs yazılarında tərəflərin etiraf etdikləri məbləğlər arasında ziddiyyətli məqamlar ortaya çıxarmışdır ki, bu da sonda onların ifadələrinə daxili inamın yaranmaması ilə nəticələnmişdir. Belə olan təqdirdə isə verilən bu şahid ifadələrinin ödənilmiş məbləğlərlə bağlı hissədə əsaslı və mötəbər sübut kimi qəbul edilməsi istisna edilir. Beləliklə, tərəflərin izahatı, işin faktiki halları, o cümlədən tədqiq edilmiş CD diskə köçürülmüş səs yazıları və digər mötəbər sübutlarla məhkəmə iclasında müəyyən edildi ki, İddiaçıla Cavabdeh1 2020-ci ilin yanvar ayının sonlarında Siyəzən şəhəri ərazisində yerləşən 0,0044 ha torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsinin torpağın sənədləşmə xərcləri də daxil olmaqla, 18000 manata alqı-satıqısı barədə razılaşmış, bundan əlavə, sonuncu qeyri-yaşayış sahəsinin arxasında boş torpaq sahəsi olduğunu və həmin torpaq sahəsini öz adına rəsmiləşdirmək üçün bələdiyyəyə müraciət etdiyini bildirərək, bu torpağı da almasını iddiaçıya təklif etmiş, bu məqsədlə İddiaçı Cavabdeh1 2020-ci ilin fevral-mart ayları ərzində şəxsən və bilavasitə cəmi 3300 manat, eləcə də 320 ABŞ dolları məbləğində pul vermişdir. Bundan sonra, 11 mart 2020-ci il tarixdə cavabdehlər Raman və Cavabdeh2lar Siyəzən şəhərində yerləşən 0,0044 ha torpaq sahəsi üzərindəki icarə hüququndan onlara məxsus olan hissələrə dair bütün hüquqları 1 il müddətinə, yəni 11 mart 2021-ci il tarixədək İddiaçı etibar etmişlər. Daha sonra, 2020-ci ilin mart-aprel ayları ərzində iddiaçı, etibarnaməli idarəçiliyinə keçmiş torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsində vicdanlı sahib kimi yenidənqurma və təmir işlərinə başlamış, habelə oraya mebellər və avadanlıqlar quraşdırmışdır. Lakin, sonradan tərəflər arasında münasibətlər pozulmuş, nəticədə alqı-satqı baş tutmamış və cavabdehlər iddiaçıya 11 mart 2020-ci il tarixdə verdikləri etibarnaməni 07 sentyabr 2020-ci il tarixdə notariat ofisinə gedərək ləğv etdirmişlər. Bu səbəbdən də, iddiaçı hazırda cavabdehlər tərəfindən hüquq və mənafeyinin pozulduğunu əsas gətirməklə, çəkmiş olduğu xərclərin, eləcə də ona dəymiş maddi və mənəvi zərərin əvəzini tələb edir. Bununla da, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 Siyəzən şəhəri ərazisində yerləşən 0,0044 ha torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsinə görə torpağın sənədləşmə xərcləri də daxil olmaqla, 2020-ci ilin fevral-mart ayları ərzində şəxsən və bilavasitə verdiyi cəmi 3300 manat, eləcə də 320 ABŞ dolları məbləğində pulu, həmçinin cavabdehlərdən həmin qeyri-yaşayış sahəsində, ora onun etibarnaməli idarəçiliyində olduğu müddətdə vicdanlı sahib kimi görmüş olduğu yenidənqurma və təmir işlərinin dəyərinin əvəzini tələb etməkdə haqlı olsa da, sözügedən tikilidə alınmaqla, quraşdırılmış avadanlıqların dəyərini istəməsi üçün hüquq və maraqları pozulmamışdır. Belə ki, Siyəzən şəhəri ərazisində yerləşən 0,0044 ha torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsi üçün alınmaqla, quraşdırılmış avadanlıqlar daşınar əşya olmaqla, tikilidən ayrılması mümkündür və bunların həmin tikilidən ayrılması ora hər hansı bir formada ziyan vurmamaqla, tikilinin təyinatına təsir etmir. Mülki Məcəllənin tələblərindən də göründüyü kimi iddiaçı əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Bu halda isə İddiaçı sözügedən tikiliyə quraşdırmış olduğu avadanlıqları oradan ayırmaqla, çıxarmaq imkanı istisna edilmədiyindən həmin əşyalara görə cavabdehlərdən hər hansı bir məbləğdə vəsaitin tutulması hazırkı məqamda mümkünsüzdür, habelə məqsədəmüvafiq deyildir. Bundan əlavə, məhkəmə iddia tələbinin “avtomobilini tələsik ucuz qiymətə satdığına görə ona dəymiş 2000 manat məbləğində ziyanın cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş CD diskə köçürülmüş səs yazılarından da göründüyü kimi alqı-satqının dəyərinin ödənilməsi üçün İddiaçı Cavabdeh1 özünə məxsus “Mercedes Benz” markalı avtomobilini satacağını, hətta bunun üçün həftə içi satılmasa, avtomaşını bazara çıxarıb, maşın alverçisinə dəyərindən ucuz verəcəyini qeyd edib, pulun qalıq hissəsini tamamlamaq üçün bankdan kredit götürəcəyini də bildirmişdir. İşin faktiki hallarından da göründüyü kimi iddiaçı özünə məxsus avtomaşını üçüncü şəxsə dəyərindən ucuz satarkən bu zaman ona kənar şəxslər, o cümlədən cavabdehlər tərəfindən təsir və ya təzyiq olmamış, məhz iddiaçının özü sərbəst surətdə iradəsini ifadə etməklə, öz təşəbbüsü və niyyəti ilə avtomaşınını ucuz qiymətə realizə etmişdir. Belə olan təqdirdə qeyd edilənə münasibətdə iddiaçıya cavabdehlər tərəfindən hər hansı bir formada zərər vurulması halı müəyyən edilmir ki, bu zaman da sonunculardan iddiaçının xeyrinə hər hansı bir məbləğdə vəsaitin tutulması istisna edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin İ və İİ hissələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmçinin, cavabdehlərin, iddiaçının qarşısında alqı-satqının dəyərinin ödənilməsi üçün kredit alarkən çəkilmiş bank xərclərini ödəmək, eləcə də götürülmüş kreditə görə banka faiz ödənişləri etmək barədə qanunvericiliyin tələblərinə müvafiq müqavilə bağlayaraq öhdəlik götürdükləri müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, kredit alarkən çəkilmiş bank xərclərinin, eləcə də banka olan kredit borcu ilə əlaqədar faizlərin iddiaçıya cavabdehlər tərəfindən ödənilməsi ilə bağlı tərəflər arasında hər hansı bir öhdəlik münasibətləri yaranmamış, bank xərclərinin, həmçinin faizlərin ödənilməsi qaydası ilə bağlı bir-birinin qarşısında bu və ya digər formada öhdəlik götürməmiş, o cümlədən şərtləşdirməmişlər. Çünki, tərəflər arasında hüquq münasibətlərinin, o cümlədən hüquq və vəzifələrin yaranması məqsədilə onların iradə ifadəsini əks etdirən yazılı müqavilənin olması zəruridir. Hazırda isə tərəflər arasında hüquq və vəzifələrin yaranması üçün belə bir müqavilə mövcud deyildir və istisna edilir. Həmçinin, məhkəmə hesab edir ki, İddiaçı kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıdığından banka olan xərcin, eyni zamanda borcun da məhz onun tərəfindən ödənilməli olması tam əsaslıdır və mübahisə edilməzdir. Beləliklə, qeyd olunan bütün hallar onu deməyə əsas verir ki, hazırkı vəziyyətdə iddiaçı, cavabdehlərdən banka kreditin alınması məqsədilə çəkdiyi xərci, eləcə də ödəməli olduğu faizi tələb etməsi üçün hüquqi əsaslar mövcud deyildir və bu səbəbdən də, iddianın təmin edilməsi istisna edilir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Eyni zamanda, iddiaçı cavabdehlərdən 5000 manat mənəvi ziyanın tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya"nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə məhkəmə münasibət bildirərək qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Sübutların tədqiqi zamanı İddiaçı cavabdehlərin hərəkətləri nəticəsində onun hər hansı mənəvi sarsıntı, iztirablar keçirməsi halları barədə sübut təqdim etməmiş, habelə iddia tələbində mənəvi zərərlə əlaqədar göstərilən hallar məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bildi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Qeyd olunan Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Bu Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh1 İddiaçı xeyrinə 3300 (üç min üç yüz) manat və 320 (üç yüz iyirmi) ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə pul tutulmalıdır. Həmçinin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə sonuncunun təmirə çəkdiyi 4258 manat xərc, vəkilin göstərdiyi hüquqi yardıma görə ödədiyi 500 (beş yüz) manat məsrəf, məhkəmə-əmtəəşünaslıq (müstəqil qiymətləndirici) ekspertizası üçün ödədiyi 400 manatın 38%-i, yəni 152 (bir yüz əlli iki) manatı, iddia tələbi üzrə ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun 38%-i, yəni 11,40 (on bir manat 40 qəpik) manatı tutularaq ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı xeyrinə 3300 (üç min üç yüz) manat və 320 (üç yüz iyirmi) ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə pul tutulsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə sonuncunun təmirə çəkdiyi 4258 manat xərc, vəkilin göstərdiyi hüquqi yardıma görə ödədiyi 500 (beş yüz) manat məsrəf, məhkəmə-əmtəəşünaslıq (müstəqil qiymətləndirici) ekspertizası üçün ödədiyi 400 manatın 38%-i, yəni 152 (bir yüz əlli iki) manatı, iddia tələbi üzrə ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun 38%-i, yəni 11,40 (on bir manat 40 qəpik) manatı tutularaq ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-63/2021
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-63/2021
02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver