Məhkəmə qərarları › İş №2(059)-753/2025

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-753/2025

17.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-753/2025 17.11.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi "şəxsin ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi "şəxsin ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 01 may 1988-ci il təvəllüdlü X3 31 iyul 2009-cu il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə başqa bir ərizə ilə məhkəməyə müraciət edərək, ərizəni qalan hissələrdə müdafiə etməklə yanaşı, qızı X6 rayonunun Zarat kəndində xəstəlik nəticəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tərəfindən ərizə əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, Siyəzən rayonunun Zarat kənd sakini X1 ilə rəsmi nikaha daxil olmaqla evlənmiş, birgə nikahdan 15 may 1983-cü il tarixdə Şakir adlı oğulları, 06 fevral 1985-ci il tarixdə Rəfiqə, 01 may 1988-ci il tarixdə Qönçə adlı qızları və 09 iyul 1989-cu il tarixdə İsrafil adlı oğulları doğulmuşdur. Üçüncü övladları olan Qönçə Həsənova xəstə olmuş, habelə 31 iyul 2009cu il tarixdə uzun sürən ağır xəstəlikdən Zarat kəndində evlərində vəfat etmiş, həmçinin, Qalaşıxı kənd qəbiristanlığında dəfn edilmişdir. Habelə, heç vaxt evli olmayan Qönçə Kərimovanın ölümü barədə tibbi sənəd alınmamış, buna zərurət də olmamışdır. Torpaq islahatı ilə əlaqədar Siyəzən rayonu Aqrar İslahat Komissiyasının 10 dekabr 1997-ci il tarixli qərarı ilə rayonun Zarat kənd sovetliyinin ərazisindən onun ailə üzvlərinin birgə mülkiyyətinə 2,47 ha pay torpağı verilmiş, o cümlədən ailə üzvü kimi qızı Qönçəyə də torpaq payı ayrılmışdır. Lakin, qızı Qönçənin ölüm haqqında şəhadətnaməsi olmadığı üçün torpaqla bağlı müvafiq sənədləşmə işlərinin aparılması, o cümlədən vərəsəlik məsələlərinin həll edilməsi mümkün olmamışdır. Beləliklə, ölüm haqqında müvafiq sənədlərin verilməsi üçün həm Siyəzən rayon mərkəzi xəstəxanasına, həm də rayon qeydiyyat şöbəsində müraciət etsə də, ərizələri təmin edilməmişdir. Belə olan halda, müvafiq ölüm haqqında şəhadətnaməni başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi müdafiə etdiyi ərizədə göstərilənləri təsdiq etməklə yanaşı, əlavə olaraq izahatında göstərdi ki, qızı Qönçə vəfat edərkən təcili tibbi yardım briqadası evlərinə gəlməsinə baxmayaraq, həmin vaxt bununla bağlı tibbi sənəd almamışlar. Odur ki, ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, qeydiyyat şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbini bildirməmişdir. Məhkəmə, işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Şahid2 ifadəsində göstərdi ki, bacısı qızı olan 1988-ci il təvəllüdlü, doğuşdan fiziki qüsurlu xəstə olan mərhum Qönçə Həsənovada tez-tez qıcolma və huşunu itirmə halları olmuş və sonuncu 2009-cu ilin yay fəslində yaşadığı Siyəzən rayonunun Zarat kəndində vəfat etmiş, habelə o, mərhumun Qalaşıxı kənddə təşkil edilmiş dəfn və Zarat kəndində olan yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, əmisi qızı, doğuşdan fiziki qüsurlu xəstə olan mərhum Qönçə Həsənovanın 2009-cu ilin yay fəslində yaşadığı Siyəzən rayonunun Zarat kəndində, evlərinin həyətində, su kranının yanında qıcolması tutmuş və o, bu səbəbdən orada vəfat etmişdir. Siyəzən rayonunun Qalaşıxı kəndində dəfn olunan əmisi qızı Qönçə Həsənovanın dəfn və yas mərasimlərində iştirak etmişdir. İşdə olan keçmiş Dəvəçi rayonunun Zarat kənd VVAQ şöbəsi tərəfindən 05 may 1988-ci il tarixdə verilmiş Xİİ-ЖГ seriyalı, 488429 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, atası Ərizəçi, anası X2 olan X7 01 may 1988-ci il tarixdə həmin kənddə doğulmuşdur. İşdə olan “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” X8 17 sentyabr 2025-ci il tarixli, 18- 1-69/2-H-565-31-618/2025 nömrəli məktubundan görünür ki, X3 ölüm sənədi saxlanma müddəti bitdiyinə görə arxiv bölməsində mövcud deyildir. İşdə olan Maraqlı şəxs tərəfindən 15 iyul 2025-ci il tarixdə verilmiş 82 nömrəli arayışdan görünür ki, 2006-2012-ci illər üzrə aparılmış yoxlama zamanı X3 ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan Siyəzən rayonu Zarat kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 16 sentyabr 2025-ci il tarixdə verilmiş 184 nömrəli arayışdan və fotoşəkillərdən görünür ki, 31 iyul 2009-cu il tarixdə Siyəzən rayonunun Zarat kəndində vəfat etmiş və nümayəndəliyin Qalaşıxı kənd qəbiristanlığında dəfn edilmiş X3 qəbirüstü abidəsi var və abidənin üzərində "X7 1988 –31.Vİİ.2009" sözləri yazılmışdır. İşdə olan 23 sentyabr 2025-ci il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Bu Məcəllənin 159-cu maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Sözügedən qərarın 9.4-cü bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə işin faktiki hallarından, proses iştirakçılarının izahatından, şahidlərin ifadələrindən, habelə təqdim edilmiş sübutlardan belə qənaətə gəlir ki, 01 may 1988-ci il təvəllüdlü X3 31 iyul 2009-cu il tarixdə Siyəzən rayonunun Zarat kəndində, ev şəraitində xəstəlik səbəbindən ölməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Odur ki, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 01 may 1988-ci il təvəllüdlü X3 31 iyul 2009-cu il tarixdə Siyəzən rayonunun Zarat kəndində, ev şəraitində xəstəlik səbəbindən ölməsi barədə hüquqi əhəmiyyəti olan faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. 01 may 1988-ci il təvəllüdlü X3 31 iyul 2009-cu il tarixdə Siyəzən rayonunun Zarat kəndində, ev şəraitində xəstəlik səbəbindən ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar