Məhkəmə qərarları › İş №2(059)-833/2023

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-833/2023

06.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-833/2023 06.12.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11750 manat dəyərində cehiz əmlakının cavabdehdən alınaraq ona verilməsi, nikah dövründə inşa edilmiş tikililərlə bağlı məhkəmə ekspertizası keçirilməklə, mütəxəssis tərəfindən qiymətləndirilməsi, 4 nəfər arasında bölüməsinin təmin olunması, eyni zamanda ödədiyi 140 manat dövlət rüsumunun da cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikasının MPMnin 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Bu mənada, ərizə və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, ərizədə cavabdehə qarşı yönələn tələb tam dəqiqləşdirilməmişdir (aydınlaşdırılmamışdır). Belə ki, İddiaçı iddiasında tələbini təfərrüatlı şəkildə dəqiqləşdirməmiş, həmçinin tələbdə nikah dövründə inşa edilmiş tikililərin nədən ibarət olması, ölçüsü, dəqiq harada yerləşməsi və sair göstəriciləri barədə məlumatları əks etdirməmiş, bölgünün hansı qaydada və necə, eləcə də kimlər arasında aparılmasını istəməsi haqqında səlis məlumat verməmiş, bundan əlavə tələbin özündə göstərilməsi Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinin tələbləri baxımından zidd olan məhkəmə ekspertizası keçirilməsi barədə vəsatət qeyd etmişdir. Bundan başqa, İddiaçı iddia ərizəsinə, tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutları, o cümlədən nikah dövründə inşa edildiyini iddia etdiyi tikililərə dair hüquqmüəyyənedici sənədləri, o cümlədən çıxarışı, və sairəni, eləcə də mövcudluğuna dair RİH və ya aidiyyəti bələdiyyə arayışını əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Bu Məcəllənin 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Sözügedən Məcəllənin 89.3-cü maddəsinin tələbinə görə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Bu Məcəllənin 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilir. Qeyd olunan Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, hesab edirəm ki, yuxarıda göstərilənlərə əsasən iddia ərizəsinin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Azərbaycan Respublikasının MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən iddia ərizəsi üzrə iddiaçı tərəfindən ödənilmiş 140 (yüz qırx) manat dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, ödənilmiş 140 (yüz qırx) manat dövlət rüsumu ilə birgə icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar