Məhkəmə qərarları › İş №2(060)-10/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-10/2022

30.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-10/2022 30.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, reyestrdən çıxarışın ləğv edilməsi, miras əmlakın qəbul edilmiş hesab edilməsi və və sair tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 26 saylı Notariat ofisinin xüsusi notarisu İ.B.Hüseynov tərəfindən Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsində 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv.m. yaşayış, 13.68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evinə 13.11.2013-cü il tarixdə Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Bakı şəhəri 26 saylı Notariat ofisinin xüsusi notarisu İ.B.Hüseynov tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinin nizamnamə kapitalındakı payının 1/1 hissədə Cavabdeh1 adına verilməsi barədə 19.11.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, 20.02.2008-ci il tarixli, MH seriyalı, ******* saylı reyestrdən çıxarışa əsasən həyat yoldaşı Rzayev Dadaş Zəbi oğlunun mülkiyyətində olan, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv.m. yaşayış, 13.68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evinin onun tərəfindən miras kimi qəbul edilmiş hesab edilməsi, 20.02.2008-ci il tarixli, MH seriyalı, ******* saylı reyestrdən çıxarışa əsasən həyat yoldaşı Rzayev Dadaş Zəbi oğlunun mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv.m. yaşayış, 13.68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evinə vərəsəliyin açılması və qeyd edilən əmlaka 2/1 pay əsasında onunla cavabdeh arasında qanun üzrə vərəsəlik əsasında bölünməsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən qeydiyyatdan keçmiş, 26.11.2004-cü il tarixli, 01/Ş-4503 nömrəli kommersiya təşkilatının dövlət reyestrindən çıxarışa və 26.11.2004-cü il tarixli, 0104-P83- 41536 nömrə ilə qeydiyyatdan keçmiş, Rzayev Dadaş Zəbi oğluna məxsus olan "xxxx" Mənzil Tikinti Kooperativinin nizamnamə kapitalındakı payının 2/1 hissədə onunla cavabdeh arasında qanun üzrə vərəsəlik əsasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, Bakı şəhəri 26 saylı Notariat ofisinin xüsusi notarisu İ.B.Hüseynov tərəfindən Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsində 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv.m. yaşayış, 13.68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evinə 13.11.2013-cü il tarixdə Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Sumqayıt şəhəri 4 saylı notariat kontorunda Cavabdeh1 ilə Cavabdeh2 arasında Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsində 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv.m. yaşayış, 13.68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evinin alqı-satqısına dair 17.11.2019-cu il tarixli, 4Ə-2118 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi və Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv..m yaşayış, 13.68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evinin mülkiyyətə verilməsi barədə Cavabdeh2 adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsi, Cavabdeh2 Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsi üzərində olan 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv..m yaşayış, 13.68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evini boşaldılaraq təhvil verilməsi, 20.02.2008-ci il tarixli, MH seriyalı, ******* saylı reyestrdən çıxarışa əsasən həyat yoldaşı Rzayev Dadaş Zəbi oğlunun mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv.m yaşayış, 13.68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evinin onun iddiaçı tərəfindən miras kimi qəbul edilmiş hesab edilməsi, iddiaçının Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv.m yaşayış, 13.68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evinə köçürülməyi və 20.02.2008-ci il tarixli, MH seriyalı, ******* saylı reyestrdən çıxarışa əsasən həyat yoldaşı Rzayev Dadaş Zəbi oğlunun mülkiyyətində olan, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv.m. yaşayış, 13.68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evinə vərəsəliyin açılması və qeyd edilən əmlaka ½ pay əsasında iddiaçı ilə cavabdeh arasında qanun üzrə vərəsəlik əsasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Rzayev Dadaş Nəbi oğlu ilə 29.01.2009-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Həmin nikahdan övladları olmamışdır. D.N.Rzayev 01.08.2012-ci ildə vəfat etmişdir. İddiaçı onunla birlikdə Novxanı bağ massivində yerləşən, B-1988 saylı fərdi evdə yaşamış və hal-hazıradək də həmin evdə yaşayır. Cavabdeh1 onu həmin evdən çıxartmaq istəmişdir, lakin başqa yaşayış yerı olmadığı üçün çıxmamışdır.Mübahisəli əmlaklar onun mərhum həyat yoldaşına məxsus olmuşdur, ona görə də onun orada qanun üzrə vərəslik hüququ əsasında payı mövcuddur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlər, iddiaçı və onun nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, Cavabdeh1 mübahisəli bağ evinin qazını, işığını kəsmiş və bununla da 2019-cu ilin noyabrında onun oradan çıxmasına nail olmuşdur. Belə ki, soyuq aylarda belə şəraitsiz vəziyyətdə bağda yaşamaq mümkün deyildi. O, eyni zamanda bildirdi ki, mübahisəli əmlak satıldıqdan sonra Cavabdeh1 ona 5.000 manat pul vermişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil2 izahat verərək bildirdi ki, iş üzrə Cavabdeh1 mübahisələndirilən torpaq sahəsini və evi satmışdır. İddia ərizəsinə əlavə edilən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsindən sorğuya verilmiş 09.12.2019-cu il tarixli arayışda səhvən Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 1988 nömrəli 0.12 ha torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində 20.02.2008-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh1 tam mülkiyyət hüququ qeydiyyata alınmış, Sumqayıt şəhəri 4 saylı notariat kontorunun 12.02.2016-cı il tarixli 4Ə-188 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 0.12 ha bağ torpaq sahəsindən 0.06 ha hissəsi X2 adına 17.11.2019-cu il tarixli 4Ə-2118 reyestr nömrəli alqı- satqı müqavilələrinə əsasən 0.06 ha bağ sahəsi Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Lakin Bakı şəhəri 26 saylı notariat kontorunun 13.11.2013-cü il tarixli 2V 01-143 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilir ki “Şəhadətnaməyə verilən miras əmlak Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya MH, №0015180, reyestr kitab № 1 səhifə №177, qeydə alma №**********, 20.02.2008-ci il tarixli çıxarışa əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivində B-1988 ünvanda mülkiyyətində olan 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 44.08 kv.m., yaşayış sahəsi 30.4 kv.m. yardımçı sahəsi 13.68 kv.m. olan 2 otaqlı bağ evindən ibarətdir”. Habelə, iş materiallarına əlavə edilmiş 17.11.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsini və ümumi sahəsi 44.1 kv.m., yaşayış sahəsi 30.4 kv.m. yardımçı sahəsi 13.7 kv.m. olan 2 otaqlı bağ evini Cavabdeh2 satmışdır. Beləliklə, Cavabdeh1 miras əmlakları bütövlükdə Cavabdeh2 satmışdır. O, eyni zamanda iddianın tam həcmdə təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirdi ki, iddiaçı ilə mərhum atasının nikah bağlamaları barədə məlumatı hazırki məhkəmə mübahisəsinədək olmamışdır. O, iddiaçını atası bağda tək yaşadığından ona baxıcı kimi tutmuş və İddiaçı hər ay 500 manat məvacib qismində pul vermişdir. Mübahisəli əmlakları 72.000 manat müqabilində satdıqdan sonra isə iddiaçıya 7.500 manat pul vermiş, sonuncu da əşyalarını toplayıb bağdan çıxmışdır. O, eyni zamanda qeyd etdi ki, Aygün Ələkbərova adlı bacısı vardır. Qardaşı Fuad isə atasının ölümündən əvvəl rəhmətə getmişdir. Onun Solmaz adlı qızı vardır. Bacısı və mərhum qardaşının ailəsi ilə mirası yalnız özünün qəbul edib özgəninkiləşdirdikdən sonra onlara müəyyən vəsait verməyi barədə razılığa gəlmişlər. Həmin vərəsələr mübahisəli bağda heç vaxt yaşamamış, eləcə də miras əmlakın hansısa hissəsini faktiki qəbul etməmişlər. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Vəkil1 təmsil etdiyi şəxsin izahatına uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirdi ki, mübahisəli bağ sahəsinə özü, eyni zamanda atası və ailəsi ilə birgə bir neçə dəfə baxmış, İddiaçı orada görmüş, onunla söhbət etmiş, lakin sonuncu heç vaxt əmlakın mülkiyyətçisi Cavabdeh1 mərhum atasının həyat yoldaşı olması, eləcə də onunla bağın satışı ilə əlaqədar hər hansı mübahisəsinin mövcudluğu barədə nəsə deməmişdir. O, hər hansı narazılıq və ya mübahisə haqqında Cavabdeh1, eləcə də bağın alqı-satqısından vasitəçilik edəndən heç nə eşitməmişdir. Cavabdeh eyni zamanda qeyd etdi ki, əvvəl bağ sahəsinin forması xoşuna gəlməmiş, sonra isə evlə birlikdə qiyməti barədə razılaşmamışlar. Lakin, sonradan Cavabdeh1 qiyməti aşağı saldığından sövdələşmə baş tutmuşdur. Evə isə həmin ərəfədə videoyazısı ona göstərildiyindən baxmamışdır. Məhkəmədə şahid X3 ifadə verərək, iddiaçını uzun müddət olar ki, tanıdığını, İddiaçı ilə bağ sahəsində qonşu olduğunu bildirdi. O, eyni zamanda qeyd etdi ki, cavabdehi mübahisəli evdə görməmişdir. Həmin evdə iddiaçı həyat yoldaşı Dadaşla birlikdə yaşamış, sonuncu rəhmətə getdikdən sonra da yaxın vaxtlaradək yaşamağa davam etmişdir. Məhkəmədə şahid X4 ifadə verərək, İddiaçı onun bacısı olduğunu, bacısının 2006cı ildən mübahisəli bağa köçdüyünü, 29.01.2009-cu ildə Dadaş Rzayev ilə ailə həyatı quraraq mübahisəli evdə yaşadığını bildirdi. Məhkəmədə şahid X8 ifadə verərək, Cavabdeh1 ilə sinif yoldaşı olduğunu bildirdi. O, eyni zamanda İddiaçı baxıcı kimi tanıdığını, onun, Ceyhunun atası Dadaşa qulluq etdiyini, Şölə ilə Dadaşın nikahlarından xəbəri olmadığını və iddiaçı ilə Cavabdeh1 arasında söz-söhbət olduğunu, Ceyhunun iddiaçıya 7.000 manat pul verdiyini və iddiaçının evdən çıxıb getdiyini bildirdi. Məhkəmə, tərəflərin izahatını, şahidlərinin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən 16.03.2022-ci il tarixdə verilmiş 05/Q- 794/69 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 17.01.2008-ci il tarixdə ürək çatışmamazlığı, miokard infarktı nəticəsində Sumqayıt şəhərində ölmüşdür. - Azərbaycan Respublikası Ağsu rayon qeydiyyat şöbəsinin verdiyi nikah haqqında şəhadətnamədən görünür ki, Rzayev Dadaş Nəbi oğlu ilə X9 arasında 29.01.2009-cu il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 31 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Rzayeva soyadı verilmişdir. - Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu İ.B.Hüseynov tərəfindən verilmiş 09.10.2019-cu il tarixli, X-503 №-li qərardan görünür ki, İddiaçı qanun üzrə şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Belə ki, Bakı şəhəri, ünvan 2 ünvanında yaşamış və 01.09.2012-ci ildə vəfat etmiş Rzayev Dadaş Zəbi oğlunun ölümündən sonra oğlu Cavabdeh1 mirasın qəbul edilməsi, ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı 13.11.2013-cü il tarixdə təqdim etdiyi ərizə və həmin ərizəyə aidiyyəti olan əlavə edilmiş digər sənədlərə əsasən 13.11.2013-cü il tarixdə Sumqayıt şəhəri, Novxanı bağ massivində "B"-1988 ünvanında yerləşən torpaq sahəsinə və bağ evinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 13.11.2013-cü il tarixdə vərəsəlik işi açılmış və müəyyən edilmişdir ki, Cavabdeh1 tam əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə notarius tərəfindən verilmişdir. - 13.11.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 01.08.2012-ci il tarixdə vəfat etmiş Rzayev Dadaş Zəbi oğlunun vərəsəsi Bakı şəhəri, ünvan 4 ünvanında yaşayan Cavabdeh1dur və o, miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 20.02.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivində "B"-1988 ünvanında Rzayev Dadaş Zəbi oğlunun mülkiyyətində olan 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 44.08 kv.m., yaşayış sahəsi 30.4 kv.m. yardımçı sahəsi 13.68 kv.m. olan 2 otaqlı bağ evindən ibarətdir. Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu İ.B.Hüseynov həmin ərizənin həqiqiliyini təsdiq etmişdir. - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin verdiyi MH seriyalı, ******* №-li çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində "B"- 1988 ünvanında Rzayev Dadaş Zəbi oğlunun mülkiyyətində olan, 0.12 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv.m yaşayış, 13.68 kv.m köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evinin mülkiyyətçisi tam mülkiyyət hüququ ilə Rzayev Dadaş Zəbi oğludur və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 177 nömrəli vərəqində ********** nömrəsi ilə 20.02.2008-ci ildə qeydiyyata alınmışdır. - Bakı şəhəri, Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 28.12.2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 558242 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Rzayev Dadaş Zəbi oğlu 01 avqust 2012-ci il tarixdə hemorraqik şok nəticəsində Bakı şəhərində ölmüşdür. - Doğum haqqında şəhadətnamədən görünür ki, 22.09.1970-ci il təvəllüdlü Cavabdeh1 atası Rzayev Dadaş Zəbi oğlu, anası X1r. - AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Abşeron rayon Vəkil Bürosuna ünvanlanmış 09.12.2019-cu il tarixli məktubundan görünür ki, ərazi idarəsində elektron bazaya toplanmış məlumatlara və arxiv materiallarına əsasən Sumqayıt şəhəri, XDS-nin İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsinin 23.06.1994-cü il tarixli, 6984 nömrəli bağ torpaq sahəsinə dair icarə müqaviləsinə əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 1988 nömrəli, 0.12 ha bağ torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində 20.02.2008-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh1 tam mülkiyyət hüququ qeydiyyata alınmış, Sumqayıt şəhəri 4 saylı notariat kontorunun 12.02.2016-cı il tarixli, 4Ə-188 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 0.12 ha bağ torpaq sahəsindən 0.06 ha hissəsi X2 adına, 17.11.2019-cu il tarixli, 4Ə-2118 reyestr nömrəli alqı-satqı müqavilələrinə əsasən 0.06 ha bağ torpaq sahəsi Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Bakı şəhəri 26 saylı notariat kontorunun 13.11.2013-cü il tarixli, 2V 01-143 reystr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən B-1988 nömrəli bağ evi üzərində daşınmaz əmlakın dövlət reyestrində 22.11.2013-cü il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh1 tam mülkiyyət hüququ qeydiyyata alınmış, Sumqayıt şəhəri 4 saylı notariat kontorunun 17.11.2019-cu il tarixli, 4Ə-2119 nömrəli alqı-satqı müqaviləsinə əsasən bağ evi Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. - Sumqayıt şəhəri 4 saylı notariat ofisi tərəfindən Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil2 ünvanlanmış 18.02.2020-ci il tarixli məktubla göndərilən 17.11.2019-cu il tarixli, ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1988 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsini Cavabdeh2 22.000 manata satmışdır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1988 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh1dur və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə 29.06.2016-cı il tarixdə qeydiyyata alınmışdır. - ******* saylı, 17.11.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 Sumqayıt şəhəri, Novxanı bağ massivində 0.12 ha torpaq sahəsi olan B-1988 ünvanında yerləşən, ümumi sahəsi 44.1 kv.m., 30.4 kv.m yaşayış sahəsi, yardımçı sahəsi 13.7 kv.m. olan 2 otaqlı bağ evini Cavabdeh2 50.000 manata satmışdır. - ******* saylı, 17.11.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1988 ünvanında yerləşən 0.06 ha torpaq sahəsini Cavabdeh2 22.000 manata satmışdır. - ******* saylı, 12.02.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1988 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha torpaq sahəsinin 0.06 ha olan torpaq sahəsini X7 8.000 manata satmışdır. - AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən məhkəmənin soruğusuna əsasən göndərilən 06.03.2020-ci il tarixli məktubdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1988C ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi ünvan 9orunun xüsusi notariusunun təsdiq etdiyi 4Ə-188 reyestr nömrəli, 12.02.2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında X2 adına qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli, 27.02.2016-cı il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. - Ağsu Rayon Məhkəməsinin 2(016)-46/2021 saylı, 11.03.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Ağsu rayon Qeydiyyat şöbəsinə qarşı nikahın etibarsız hesab edilməsinə dair tələbi rədd edilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1304/2021 saylı, 07.07.2021-cı il tarixli qətnaməsi ilə Ağsu Rayon Məhkəməsinin 2(016)-46/2021 saylı, 11.03.2021-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ağsu Rayon Məhkəməsinin 2(016)-46/2021 saylı, 11.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə miras qoyan 29.01.2009-cu ildə rəsmi nikah bağlamış, sonuncu 01.08.2012-ci il tarixdə vəfat etmiş, onun birinci nikahından olan övladı, Cavabdeh1 tərəfindən mübahisəli əmlak 19.11.2015ci ildə qanun üzrə vərəsəliklə notarial qaydada qəbul edilmişdir. Sonra isə o, həmin bağ sahəsini evlə birlikdə 72.000 manata digər Cavabdeh2 satmışdır. İddiaçı, mərhumun övladları – Cavabdeh1, Aygün Ələkbərova miras qoyanın birinci növ vərəsələridir. Eyni zamanda miras qoyandan əvvəl vəfat etmiş onun övladı X5 Rzayeva da vərəsədir. İddiaçıdan başqa, digər vərəsələr vərəsəliklə bağlı məsələləri mübahisələndirməmiş, həmçinin miras əmlakını və ya onun bir hissəsini istər notarial, istərsə də faktiki qəbul etməmişlər. İddiaçı miras qoyan 2008-ci ildə vəfat etdikdən sonra da mübahisəli bağda 2019-cu ilin noyabr ayının ortalarınadək yaşamağa davam etmişdir. Məhkəmə iclasında nümayiş etdirilən və tərəflərin mübahisələndirmədiyi videoyazıdan görünür ki, “Elgizlə izlə” televiziya verilişində iddiaçı və digər iştirakçılar tərəfindən İddiaçı hazırki iş üzrə mübahisə predmeti olan əmlakın satışından sonra 7.000 manat pul verilməsi müzakirə olunur. Məhkəmə, işin mübahisəli bu halı ilə bağlı, şahid Qasımov Rafaelin ifadəsini, eləcə də qeyd olunan videoyazını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçıya Cavabdeh1 tərəfindən sözügedən əmlakın satışından əldə olunmuş vəsaitdən 7.000 manat pul verilmişdir. Cavabdeh2 sözügedən əmlakı alan zaman onun mübahisəli olması barədə bilibbilməməsinə dair məhkəmə qeyd edir ki, cavabdehin bu hal haqqında məlumatlı olmasını təsdiqləyən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə tərəflərin izahatından, eləcə də şahid Əzimova Güldanə, Qaraşov Ərəstun və Qasımov Rafaelin ifadəsindən aydın olur ki, Cavabdeh1lə İddiaçı arasında sözügedən əmlakla bağlı hər hansı mübahisəsinin mövcudluğunu Cavabdeh2 bilməmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi göstərilsə də, tələbin əsaslandırılmasından, həmin sənədin doğurduğu hüquqi nəticələrə münasibətdən görünür ki, əslində iddianın mahiyyəti bu sənədin etibarsız hesab olunmasıdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Bu Məcəllənin 1159-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Bu Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Bu Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına təminat verir. Mühasiəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərlə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitutsiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli plenum qərarında göstərilmişdir ki, “Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Yuxarıdakıları göstərməklə, Konstitusiya Məhkəməsinin Plenumu xüsusi qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına, məhkəmələrə tövsiyə olunan hüquqi mövqeyə əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı, Dadaş Rzayevin birinci növ vərəsəsi olduğundan, lakin miras əmlakının bölgüsü zamanı payı nəzərə alınmadığından qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla verildiyindən onun etibarsızlığı barədə tələb əsaslıdır. Miras qoyanın iddiaçı və cavabdehdən başqa digər vərəsələri miras əmlakını nə notarial, nə də faktiki qəbul etmədiklərindən, habelə bunun üçün qanunvericilikdə nəzərdə tutulan müddəti ötürdüklərindən miras əmlak üzərində İddiaçı və Cavabdeh1 hər birinin ½ payı vardır. Belə ki, iddiaçı miras əmlaka faktiki sahiblik etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirdiyindən miras İddiaçı tərəfindən qəbul edilmiş sayılır. Odur ki, iddia mirasın qəbul edilmiş hesab olunması hissəsində də əsaslıdır. Cavabdeh2 sözügedən əmlakın mübahisəli olmasını bilməsi və ya bilməli olduğu, həmçinin belə halın mövcudluğu barədə məlumatlılığı ehtimalı işin faktiki halları və iddiaçının dəlilləri ilə sübuta yetirilmədiyindən o, əmlakı vicdanlı əldə edəndir. Belə ki, Cavabdeh1 əmlakı onun üzərində qeydiyyatdan keçmiş mülkiyyət hüququ əsasında özgəninkiləşdirməsi Cavabdeh2 əmlakın mübahisəliliyi barədə şübhə yaratmamış, reyestrin həqiqiliyi prezumpsiyası belə halın yaranması ehtimalını istisna etmişdir. Ona görə də iddia Cavabdeh1 ilə Cavabdeh2 arasında mübahisəli əmlaka dair 17.11.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin əmlaka dair Cavabdeh2 adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsi, mübahisəli torpaq sahəsinin və bağ evinin Cavabdeh2 tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddiaçının mübahisəli mənzilə köçürülməyi və mübahisəli əmlaka dair vərəsəliyin açılması və qeyd edilən əmlaka ½ pay əsasında iddiaçı ilə Cavabdeh1 arasında qanun üzrə vərəsəlik əsasında bölünməsi hissələrdə əmlak vicdanlı əldə edildiyindən əsassızdır. Məhkəmə, miras əmlakda tərəflərin payına qiymət verməklə, onun satışından əldə olunmuş vəsaitlə bağlı iddiaçının tələb hüququnu tanıyır, bu hüququn həyata keçirilməsində müəyyənlik yaratmaq məqsədini güdür. Beləliklə, məhkəmə hesab edir ki, mübahisəli əmlaka dair 13.11.2013-cü il tarixdə Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli və həmin əmlak İddiaçı tərəfindən miras kimi qəbul edilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 238-244-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Bakı şəhəri 26 saylı Notariat ofisinin xüsusi notarisu İ.B.Hüseynov tərəfindən Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsində 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv.m. yaşayış, 13.68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evinə 13.11.2013-cü il tarixdə Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv.m yaşayış, 13.68 kv.m. köməkçi sahədən ibarət B- 1988 nömrəli bağ evi İddiaçı tərəfindən miras kimi qəbul edilmiş hesab edilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar