Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1015/2022 17.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə 17 fevral 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 12.12.1988-ci il təvəllüdlü X4 ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, övladı 12.12.1988-ci il təvəllüdlü X4 16 yanvar 1989-cu ildə, Şabran rayon, Leyti kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 01.02.1987-ci il tarixdə X7 ilə rəsmi nikaha girmişdir. Birgə nikahdan 12.11.1988-ci il təvəllüdlü X10 adında bir övladı doğulmuşdur, epilepsiya xəstəliyindən əziyyət çəkdiyindən 2 ay 04 gündən sonra, yəni 16.01.1989-cu ildə dünyasını dəyişmişdir. X10, ölməmişdən əvvəl order ilə istifadəsində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, 57 saylı evin 44 saylı mənzilinə qeydiyyata düşmüş və bugünki tarixədək evdə qeydiyyatdadır. Hal-hazırda ölüm haqqında şəhadətnamə olmadığından order ilə istifadəsində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, 57 saylı evin 44 saylı mənzili özəlləşdirə bilmir. Bu səbəbdən də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət etsə də, müraciətindən imtina edilərək, məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Göstərilənlərə əsasən o, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, övladı 16 yanvar 1989-cu ildə, Şabran rayon, Leyti kəndində vəfat etmişdir və o, Leyti kənd qəbirstanlığında dəfn olunmuşdur. Həmin uşaq onun birinci övladı olmuşdur. Sonradan onun başqa uşaqları anadan olmuşdur. Onların hər biri artıq yetkinlik yaşına çatmışdır. Ərizəçi qeyd etdiklərinə əsasən, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində dindirilən X12 bildirdi ki, ərizəçi onun qardaşıdır. Əlyarın övladı Mübariz epilepsiya xəstəliyindən əziyyət çəkmişdir. Bir gün uşağın vəziyyəti yenidən pisləşəndə onu çağırmışlar, lakin o, qardaşıgilə çatanda uşaq artıq keçinmişdir. Əlyarın övladı Şabran rayonunda Leyti kəndində dəfn edilmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan 17.12.2021-ci il tarixli, 05/Q-5007/69 nömrəli doğum akt qeydindən görünür ki, Ərizəçi və X3 birgə nikahından 12.11.1988-ci il təvəllüdlü X10 anadan olmuşdur. İş materiallarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Qeydiyyat şöbəsinin 17.12.2021-ci il tarixli, 05/Q-4557/15 saylı məktubundan görünür ki, Sumqayıt şəhər Qeydiyyat şöbəsi Ərizəçi X4 ölümünü təsdiq edən sənəd olmadığından, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Şabran Rayon Gəndov Bələdiyyəsinin 94 nömrəli, 26 yanvar 2021-ci il tarixli arayışından görünür ki, X10 16.01.1989-cu il tarixdə vəfat etmiş və Şabran rayon, Leyti kəndi qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan 25.11.2021-ci il tarixli aktdan görünür ki, Şabran rayonu Leyti kənd sakinləri - X13, X17, X8, X2, X1 Mübariz Əlyar oğlunun 16.01.1989-cu il tarixdə vəfat etməsi və Şabran rayon, Leyti kəndi qəbristanlığında dəfn olunmasını akt tərtib etməklə təsdiq etmişlər. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin övladı X10 16.01.1989cu il tarixdə vəfat etmişdir. Bu fakt Azərbaycan Respublikası Şabran Rayon Gəndov Bələdiyyəsinin 94 nömrəli, 26 yanvar 2021-ci il tarixli arayışı, 25.11.2021-ci il tarixli akt, şahid ifadəsi və digər iş materialları ilə də təsdiq olunur. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin (o cümlədən vəfat edən şəxsin digər ailə üzvlərinin) mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X4 16.01.1989-cu il tarixdə Şabran rayon, Leyti kəndində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X4 16.01.1989-cu il tarixdə Şabran rayonu, Leyti kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-1015/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1015/2022
17.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver