Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-120/2025 03.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “bağ sahəsindən istifadəyə yaradılmış maneənin aradan qaldırılması və qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq ona məxsus olan Sumqayıt şəhəri, Xəzər bağları sahəsi, Kəhriz küçəsində yerləşən, sahəsi 100 kv.m olan bağ sahəsindən istifadəsinə Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və onun tərəfindən qanunsuz tikilmiş tikilinin sökülməsi, ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən onun nəfinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Xəzər bağlar sahəsi, Kəhriz küçəsində yerləşən sahəsi 100 kv.m. olan bağ sahəsinə dair onun adına 568V/1 saylı bağçının üzvlük kitabçası verilmişdir. Cavabdeh onun bağ qonşusudur. O, qanunsuz tikili inşa etmiş və həmin tikili ona məxsus evin 20 santimetrliyində yerləşməklə pəncərəsinin qarşısını bağlamış və tikinti normalarına uyğun inşa olunmamışdır. Bundan başqa bu şəxs FHN-nin maşınlarının gediş-gəliş yolunu tutaraq yalnız insanların gediş-gəlişi üçün dar yol qoymuş və bu da bir sıra problemlərə yol açmışdır. O, həmin tikili hasarın digər tərəfində aparıldığı üçün bundan bir müddət sonra, həmin tikili yuxarı qalxdıqdan sonra görmüş və iradını bildirmişdir. Lakin bu şəxs iradlardan nəticə çıxarmaq əvəzinə ona hədə-qorxu gəlmiş və bu barədə prokurorluq və polis orqanlarına şikayət etmişdir. Lakin ona izah olunmuşdur ki, bu barədə məhkəməyə müraciət etməlidir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, evi hazırki Cavabdeh almışdır. Ev hal-hazırda onlara məxsusdur. Onlar həmin ərazidə 20-ə yaxın eyni formalı ev tikmişdirlər. Odur ki, cavabdeh qismində Cavabdeh qeyd edilmişdir və onun cavabdehin qeyd etdiyi X3 ilə əvəz olunmasına razı deyildir. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, qeyd olunan ev ona məxsus deyildir. Evin sahibi X2r. Torpaq sahəsi qardaşının adına olmuşdur. Daha sonra həmin ev satılmışdır. Onlar evləri yalnız təmir etmiş və İddiaçı satmışdırlar. Həmin evlərin torpaq sahələri çox azdır. Evlər hasarların üzərində tikilmişdir. O səbəbdən də evlər bir-birinə çox yaxındır. Mübahisələndirilən evlə Abit Kazmova məxsus ev arasında 35 sm ara məsafəsi vardır. Ev ona məxsus olmasa da, onlar usta kimi evi Vətən Müharibəsi qazisi olan Məhəmməd Əliyev üçün tikmişdir.
5. Məhkəmə iclaslarında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 izahatında bildirdi ki, Vətən Müharibəsi qazisidir. O, özünə torpaq sahəsi almışdır. Həmin torpaq sahəsində hal-hazırki Cavabdeh usta kimi işləyərək onun üçün ev tikmişdir. İddiaçının yoldaşı ilə də danışsa da, razılığa gələ bilməmişdirlər. İddiaçının yalnız bir kiçik nəfəsliyi vardır və həmin nəfəsliyin iddiaçının dediyi kimi evin havalanmasına heç bir maneəsi yoxdur. Qeyd olunan torpaq sahəsi ona məxsusdur, orada ev tikdirmişdir. Nəfəsliyn bağlanmasına razıdır. Tərəflə razılığa gəlməyə çalışsa da, iddiaçı onunla danışmağa məhəl qoymur.
Tədqiq olunan sübutlar:
6. Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş 1220 nömrəli arayışdan görünür ki, İddiaçı “Xəzər Bağçılıq Cəmiyyəti”nin ərazisində daxili tanınması üçün adlandırılan Kəhriz küçəsində 100 kv.m bağ sahəsi olan 568 nömrəli bağ evində yaşayır, “Xəzər Bağçılıq Cəmiyyəti”nin üzvüdür və qeydiyyatsız yaşayır.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 noyabr 2024-cü il tarixli, 3-16-16/2-10/7205 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.52-ci bəndində tikililər arasındakı məsafənin divar hündürlüyünün 0,3 hissəsi qədər olmasına əsasən, Sumqayıt şəhəri, Xəzər bağları sahəsi, Kəhriz küçəsində yerləşən, cavabdeh tərəfindən inşa edilmiş yaşayış evi ilə sərhəd hasarı arasında olan məsafənin 1,2 metr olmalı olduğunu, faktiki olaraq isə cavabdeh tərəfindən inşa edilmiş tikili ilə sərhəd hasarı (sərhəd hasarı iddiaçının evinin divarıdır) arasındakı məsafənin 0,35 metr təşkil etdiyini nəzərə alaraq, həmin tikilinin və saxlanılmış ara məsafəsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olmadığı müəyyən edilmişdir.
Tətbiq edilən hüquq:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -50.0.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. -54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. -54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməməlidir.
10. Belə ki iş materialları ilə müəyyən olunur ki, İddiaçı bağçılıq cəmiyyəti üzvlərinin xx.xx.2019-cu il tarixli, 16 nömrəli protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, Sumqayıt şəhəri, Xəzər bağçılıq cəmiyyəti əraizisi, H.Aslanov küçəsi bağçılıq cəmiyyətinin sahəsindən 100 kv.m olan 568 nömrəli bağ sahəsi daimi istifadə üçün İddiaçı verilmişdir. Hazırda iddiaçı Sumqayıt şəhəri, Xəzər Bağları sahəsi, Kəhriz küçəsində özününün istifadəsində olan 100 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yanında Cavabdeh tərəfindən qanunsuz tikilmiş tikilinin sökülməsi, həmçinin onun tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasını məhkəmədən xahiş edir.
11. Məhkəmə iclaslarında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 izahatında qeyd olunan torpaq sahəsinin ona məxsus olduğunu, həmin torpaq sahəsində hal-hazırki Cavabdeh usta kimi işləyərək onun üçün ev tikdiyini bildirmişdir.
12. Məhkəmənin hazırlıq iclasında iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz edilməsi təklif edilmiş, lakin o, Cavabdeh başqa cavabdehlə əvəz edilməsinə razı olmadığını bildirmişdir.
13. Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilənəvəz edə bilər; 54.2-ci maddəsinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
14. Hazırki işdə iddiaçı qanunvericilikdə ona verilən bu hüquqdan istifadə edərək cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razılıq verməmişdir.
15. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib etməməsi məsələləri araşdırılmalıdır.
16. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa da, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən təmin edilə bilməz. İddianın əsaslılığı məsələsinə gəldikdə isə iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə məhkəmə müvafiq qərar verə bilər.
17. Məhkəmə həmçinin qeyd edir ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur.
18. İddianın əsaslılığı məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddia ona cavab verməli olan subyektə qarşı irəli sürüldüyü halda, iddianın əsaslı olub-olmaması məsələsinə hüquqi qiymət verilə bilər. İddia ona cavab verməli olmayan şəxsə qarşı qaldırıldığından iddia təmin edilməməlidir.
19. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “bağ sahəsindən istifadəyə yaradılmış maneənin aradan qaldırılması və qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
20. Eləcə də, iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir.
Nəticə:
21. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı Cavabdeh qarşı “bağ sahəsindən istifadəyə yaradılmış maneənin aradan qaldırılması və qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilməsin. Aparılmış ekspertiza tətdiqatına görə 100 (yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva