Məhkəmə qərarları › İş №2(060)-1273/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1273/2021

07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1273/2021 07.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması və digər tələblərinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cəmi 81146,18 manatın (bundan 76634,24 manat əsas borc, 4488,84 manat faiz borcu, 23,10 manat cərimə, iş üzrə ödənilmiş 30.40 manat dövlət rüsumu və 32 manat məbləğində bildirişin DƏDRX-də qeydiyyata alınmasına dair dövlət rüsumu olmaqla) cavabdehdən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə cavabdehə məxsus olan Sumqayıt şəhəri, Saray bağlar massivi, 4414 (0.1 ha, 100.4 kv.m) ünvanda yerləşən bağ evinə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin bağ evinin boşaldılaraq, iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Elmlər filialı ilə cavabdeh arasında bağlanmış 06.07.2020-ci il tarixli 129.LN.1501.060717.00001 saylı kredit müqaviləsinə əsasən cavabdehə 240 ay müddətinə, illik 8 faiz dərəcəsi ilə 80500 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi daşınmaz əmlakın dövlət reyestrindən 18.07.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə cavabdehə məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi, 4414 ünvanda yerləşən bağ evi ipotekaya qoyulmuşdur. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********100 saylı 02.10.2020-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh iddiaçıya heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar iddiaçı öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bu barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)-132/2020 saylı, 14.05.2020-ci il tarixli qərarı ilə İddiaçı ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrindən görünür ki, Cavabdeh xx.xx.1973cü ildə, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 06.07.2017-ci il tarixli, 129.LN.1501.060717.00001 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 240 ay müddətinə, illik 8 faizlə, 80500 manat kredit vermişdir. Kredit müqaviləsinə əlavəyə əsasən cavabdeh 240 ay müddətində hər ay 673,33 manat, sonuncu ay isə 673,54 manat ödəniş etməli idi. 30.09.2020-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin 76634,24 manat əsas borc, 4488,84 manat faiz borcu, 23,10 mant cərimə olmaqla, cəmi 81146,18 manat borcu vardır. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən Sumqayıt şəhəri, Saray bağlar massivi, ev 4414 mülkiyyət hüququ ilə cavabdehə məxsusdur. 07 iyul 2017-ci il tarixli alqı-satqı və ipteka müqaviləsinə əsasən Sumqayıt şəhəri, Saray bağlar masssivi, 4414 (0.1 ha, 100.4 kv.m) ünvanda yerləşən bağ evi kredit müqaviləsinin təminatı olaraq iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin əmlakın ipoteka yüklülüyü daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən müəyyən edilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 30.10.2020-ci il tarixli məktubuna əsasın iddiaçının ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişi qeydə alınmışdır. İddiaçı tərəfindən cavabdehə 02 oktyabr 2020-ci il tarixli borcun 3 gün müddətində ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 13.08.2021-ci il tarixdə məhkəməyə daxil olmuş 26.07.2021-ci il tarixli, 9/2962 saylı ekspert rəyində göstərilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə iddia ərizəsində borcun hesablandığı 24.09.2020-ci il tarixinə əsas borc üzrə 76634,24 manat, faiz borcu üzrə 4509,82 manat, 20.11.2020-ci il tarixinə əsas borc üzrə 76634,24 manat, faiz borcu üzrə 5463,49 manat, qərardadın qəbul edildiyi tarixə əsas borc üzrə 76634,24 manat, faiz borcu üzrə 7813,6 manat borcu mövcuddur. “FAME-PRO” Məhdud Məsuliyətli Cəmiyyətinin mənzilin qiymətləndirilməsi barədə 11.06.2021-ci il tarixdə məhkəməyə daxil olmuş 26.05.2021-ci il tarixli hesabatından görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivi, 4414 (0.1 ha, 100.4 kv.m) ünvanda yerləşən 4 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 75000 manat, likvid dəyəri isə 64000 manat müəyyən edilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və kredit müqaviləsi üzrə borcunu müqaviləyə əsasən ödəməmişdir. Cavabdehin banka olan borcunun dəqiq müəyyənləşdirilməsi üçün iş üzrə ekspertiza təyin edilmiş və ekspert rəyində rəyində kredit müqaviləsi üzrə borcun hesablandığı tarixə 76634,24 manat əsas və 4509,82 manat faiz borcunun olduğu göstərilmişdir. Əsas borcun məbləği ekspert rəyində və iddia ərizəsində eyniyyət təşkil etsə də, faiz borcu ekspert rəyində iddia ərizəsində tələb ediləndən daha çox hesablanmışdır. Məhkəmə iddia tələbinin iddia ərizəsində göstərilən əsas və faiz borc məbləğinin cavabdehdən tutulmalı olması qənaətinə gəlir. Məhkəmə dəbbə pulu ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 76634,24 manat əsas borc məbləğinə 23,10 manat cərimənin hesablanaraq tələb edilməsi məqsədə müvafiqdir. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməlidir. Mülki Məcəllədə göstərilmişdir ki, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur (269.1.).Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir (269.2.). İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır (269.4.). Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır (319.1.). İşdən göründüyü kimi Sumqayıt şəhəri, Saray bağlar massivi, 4414 nömrəli fərdi yaşayış evi iddiaçı qarşısında kredit öhdəliklərinin təmini üsulu kimi ipoteka ilə yüklü edilmişdir. Bu səbəbdən iddiaçı cavabdehin kredit borcu üzrə tutmanın həmin ipoteka predmetinə yönəldilməsi tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Bu səbəbdən iddia kredit borcu üzrə tutmanın həmin ipoteka predmetinə yönəldilməsi hissəsində də təmin edilməli, cavabdehin kredit borcu üzrə tələbi həmin ipoteka predmetinə yönəldilməli, ev açıq hərracda satılmalı və əldə edilmiş vəsait hesabına iddiaçıya olan borc ödənilməlidir. Mülki Məcəllənin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ilkin satış qiyməti bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir (1.0.9.). İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir (10.5). Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir (39.3.3.). Göründüyü kimi “Fame Pro” Məhdud Məsuliyətli Cəmiyyətinin mənzilin qiymətləndirilməsi barədə hesabatında ipoteka predmetinin likvid qiyməti 64000 manat məbləğdə müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, mənzilin qiyməti həmin məbləğdə müəyyən edilməlidir. Mülki Məcəllənin 319.6-cı maddəsində göstərilmişdir ki, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmetinin satışından əldə edilmiş vəsait cavabdehin kredit müqaviləsi üzrə iddiaçıya olan borcundan az olduğu təqdirdə qalan borc məbləği cavabdehdən ümumi qaydada tutulmalıdır. Həmin məbləğ kredit borcundan çox olduqda isə artıq qalan məbləğ cavabdehə qaytarılmalıdır. Eyni zamanda iddiaçının ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı çəkdiyi xərclər də cavabdehdən tutulmalıdır. Ev satıldıqdan sonra boşaldılaraq alıcıya təhvil verilməsi məsələlərinə gəldikdə isə qeyd edilməlidir ki, həmin məsələlər ipoteka predmetinin satışından sonra həll edilməli olan məsələlərdir. Bu səbəbdən iddia həmin hissədə təmin edilə bilməz. Eyni zamanda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun yarısı - 15 manatı Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyri olan 150 manat cavabdehdən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 76634,24 manat əsas borc, 4488,84 manat faiz borcu, 23,10 manat cərimə olmaqla, cəmi 81146 (səksən bir min yüz qırx altı) manat 18 (on səkkiz) qəpik və ödənilmiş 30 manat dövlət rüsumunun 15 (on beş) manatı Cavabdeh tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma ipoteka predmeti olan Cavabdeh məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi, 4414 (0.1 ha, 100.4 kv.m) ünvanında yerləşən bağ evinə yönəldilsin və həmin fərdi yaşayış evi açıq hərracda satılsın. Fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait hesabına cavabdehin iddiaçıya olan borcları ödənilsin. Fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğ cavabdehdən ümumi qaydada tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənildikdən sonra fərdi yaşayış evinin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğ Cavabdeh qaytarılsın. Sumqayıt şəhəri, Saray bağlar massivi, 4414 (0.1 ha, 100.4 kv.m) ünvanda yerləşən bağ evinin ilkin satış qiyməti 64000 (altmış dörd min) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pul Cavabdeh dövlət büdcəsinin xeyrinə tutulsun. İş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pul Cavabdeh tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Hazırkı qətnamə ipoteka predmeti olan Sumqayıt şəhəri, Saray bağlar massivi, 4414 (0.1 ha, 100.4 kv.m) ünvanında yerləşən bağ evinə tutma yönəldildikdən və həmin fərdi yaşayış evi satıldıqdan sonra həmin evdə qeydiyyatda olan şəxslərin istifadə hüquqlarına xitam verilməklə evdən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar