Məhkəmə qərarları › İş №2(060)-1296/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1296/2022

05.09.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1296/2022 05.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı2, İddiaçı3 etibarnamə üzr səlahiyyətli nümayəndəsi Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinin naturada bölünməsi və mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə 05 sentyabr 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinin naturada bölünməsi və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 7 saylı mənzilin naturada bölünməsi, bölgü zamanı sahəsi 19.8 kv.m olan yaşayış otağının İddiaçı1, sahəs 19.8 kv.m olan yaşayış otağının İddiaçı3, sahəsi 14.4 kv.m olan yaşayış otağının İddiaçı2 və sahəsi 8.8 kv.m olan mətbəxin isə cavabdehlərin istifadəsinə verilməsi və onların həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Daha sonra iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən 7 saylı mənzilin naturada bölünməsi, bölgü zamanı sahəsi 19.8 olan yaşayış otağının İddiaçı1, sahəsi 19.8 olan yaşayış otağının Seydiova Təranə Şamil qızının, sahəsi 14.4 olan yaşayış otağının İddiaçı2 və sahəsi 8.8 olan mətbəxin isə cavabdehlərin istifadəsinə verilməsi və onların həmin mənzilin məhz qeyd etdikləri otaqlarına köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia tələbini onunla əsaslandırmışlar ki, ünvan 1 ünvanında yerləşən 7 saylı mənzil paylı mülkiyyət hüququ ilə onların və Cavabdeh1 mülkiyyətindədir. Həmin mənzil üzərində onların hər birinin payı 6/24 hissədə, Cavabdeh1 payı 3/24 hissədə, yetkinlik yaşına çatmayan X2 payı da 3/24 hissədədir. Mənzilin ümumi sahəsi 80.20 kvadratmetrdir və mənzil üç otaqdan ibarətdir. Cavabdehlərdən X8 onların qardaşı oğlu, Cavabdeh2 isə onların keçmiş gəlinləridir. Belə ki, qardaşları X6 2011-ci ildə Cavabdeh2 boşanmışdır. 2017-ci ildə isə qardaşı vəfat etmişdir. Hal-hazırda cavabdehlər və yetkinlik yaşına çatmayan X5 həmin mənzildə yaşayırlar. Cavabdehlər onların həmin mənzildə yaşamaqlarına maneçilik yaradırlar. Dəfələrlə onlar cavabdehlərlə əlaqə saxlayaraq öz aralarında razılığa gəlməyə çalışsalar da, bu mümkün olmamışdır. Belə ki, onlar cavabdehlərə təklif etmişdirlər ki, ya onlar cavabdehlərin payına uyğun olaraq pul versinlər, ya da cavabdehlər onların paylarına uyğun olaraq pul versinlər və onlar paylarını cavabdehlərə bağışlasınlar. Lakin cavabdehlər heç bir vəclə onlarla razılaşmırlar. Ona görə də onlar cavabdehlərə qarşı mənzilin açıq hərracdan satılması və əldən edilən ümumi vəsaitin mülkiyyətçilər arasında paylarına mütənasib bölünməsi tələbinə dair iddia ilə Sumqayıt şəhər məhkəməsinə müraciət etmişdirlər. Lakin iddia tələbləri təmin edilməmişdir. İddia tələblərinin rədd olunmasına səbəb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarı olmuşdur. Belə ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3 və 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalarına əməl etməli idilər. Ona görə də onlar hazırkı ərizə ilə məhkəməyə müraciət edirlər. Hesab edirlər ki, ünvan 1 ünvanında yerləşən 7 saylı mənzil naturada bölünməli, bölgü zamanı sahəsi 19.8 kv.m olan yaşayış otağı İddiaçı1, sahəsi 19.8 kv.m olan yaşayış otağı İddiaçı3, sahəsi 14.4 kv.m olan yaşayış otağı İddiaçı2 və sahəsi 8.8 kv.m olan mətbəx isə cavabdehlərin istifadəsinə verilməli və onların həmin mənzilə köçürülmələri barədə qətnamə çıxarılmalıdır. Yuxarıda göstərdiklərinə əsasən, iddiaçılar iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, o, cavabdehlərin həmin evdə yaşamasından narazıdır. Cavabdehlərin əsl məqsədi mübahisəli mənzili öz adlarına keçirməkdir. O isə cavabdehlərin bu istəyi ilə razı deyil. Evə dair heç bir vəsiyyətnamə yoxdur. Mübahisəli mənzil ata evidir. O, mənzilin real bölgüsünü istəyir və hesab edir ki, iddiaçıların hər birinin orada yaşamağa hüququ vardır. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, hazırda iddiaçı tərəf olaraq onların yeganə məqsədi mənzilin naturada bölünməsidir. İlk iddia tələbində mənzilin bölünməsi və ümumi olaraq iddiaçıların mübahisəli mənzilə köçürülməsi ilə bağlıdır. Bu hal isə gələcəkdə qətnamənin icrasın mane olacaq. Bu səbəbdən də iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermişdir. Nümayəndə mübahisəli mənzilin bölünməsi və iddiaçıların iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd edilən otaqlara köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişlərə əsasən) iş üzrə İddiaçı1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə işə İddiaçı1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, məhəllə 30, ev 2A/15, mənzil 7 6/24 hissədə İddiaçı2, 6/24 hissədə İddiaçı1, 6/24 hissədə İddiaçı3, 3/24 hissədə Cavabdeh1 və 3/24 hissədə X3 payı müəyyən edilməklə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 23 sentyabr 2021-cı il tarixli, 2(060)- 6328/2021 saylı qətnaməindən görünür ki, həmin qətnamə ilə iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və X4 qarşı mənzilin açıq hərracdan satılması və əldə edilən ümumi vəsaitin mülkiyyətçilər arasında paylarına mütənasib bölünməsi tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyun 2022-ci il tarixli 10/1861 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 1 ünvanda yerləşən 7 saylı mənzilin tərəflər arasında paylara uyğun naturada bölünməsi və həmçinin sahəsi 19,8 kv.metr olan yaşayış otağının X1, sahəsi 19,8 kv.metr olan digər yaşayış otağınm İddiaçı3, sahəsi 14,4 kv.metr olan yaşayış otağının İddiaçı2 və sahəsi 8,8 kv.metr olan mətbəxin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (X5) verilməklə naturada bölünməsi “İnşaat Norma və Qaydaları” 2.08.01.89un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər 3 (Mülki Məcəllənin 213.1. və 213.2. maddələri). Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir(Mülki Məcəllənin 220.1., 220.2. və 220.3. maddələri). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3- 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (Mülki Məcəllənin 220.4., 220.5. və 220.6. maddələri). Məhkəmə qeyd edir ki, hazırkı mübahisə predmeti olan mənzil paylı mülkiyyətdə olmaqla tərəflərin mülkiyyətindədir. Mübahisəli mənzilin 6/24 hissəsi İddiaçı2, 6/24 hissəsi İddiaçı1, 6/24 hissəsi İddiaçı3, 3/24 hissəsi Cavabdeh1 və 3/24 hissəsi X3 mülkiyyətindədir. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Mübahisə predmeti olan ünvan 1 ünvanda yerləşən 7 saylı mənzilin naturada bölünməsinin mümkün olub-olmamasını müəyyən etmək üçün məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, mübahisəli mənzilin faktiki vəziyyəti üzrə tərəflər arasında paylara uyğun qaydada naturada bölünməsinin mümkün olmaması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 28 iyun 2022-ci il tarixli 10/1861 saylı rəy verilmişdir. Ekspert bunu tədqiq olunan mənzilin tikililərinin planlı yerləşməsi, o cümlədən üç yaşayış otağından ibarət olduğu, mənzilə yalnız bir giriş-çıxış qapısının olduğu, həmçinin tədqiq olunan tikililərin təcrid mənzil kimi bir ailənin yaşaması üçün layihələndirildiyi, eləcə mənzildə yerləşən otaqların sahəsinin 6/24 və 3/24 paya uyğun olmadığı ilə əsaslandırmışdır. Həmçinin rəydə qeyd edilmişdir ki, mənzilin sahəsi 19,8 kv.metr olan yaşayış otağının X1, sahəsi 19,8 kv.metr olan digər yaşayış otağının İddiaçı3, sahəsi 14,4 kv.metr olan yaşayış otağının İddiaçı2 və sahəsi 8,8 kv.metr olan mətbəxin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (X5) verilməklə naturada bölünməsi “İnşaat Norma və Qaydaları” 2.08.01.89un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir. Məhkəmə hesab edir ki, mənzilin naturada bölünməsinin mümkün olub-olmadığının müəyyən edilməsi xüsusi bilik tələb edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 101-ci maddəsinə görə ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır (101.2). Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (101.3). Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinin naturada bölünməsi hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin mənzilə köçürülmə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Mənzil Məcəlləsinin 8-ci maddəsində mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları müəyyən edilərək göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənzil-tikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Bu cür müdafiə üsulları kimi Mənzil Məcəlləsinin 9.2.1-ci maddəsində mənzil hüququnun tanınması, 9.2.2-ci maddəsində mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması müəyyən edilmişdir. Yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi barədə iddialara baxılarkən, istifadə hüququnun tanınması və ya köçürülməsi tələb olunan yaşayış sahəsinin hüquqi statusu, yəni kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki, mənzil fondu Məcəllədə özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyi-nəzərindən zəruridir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzil mənzilin 6/24 hissəsi İddiaçı2, 6/24 hissəsi İddiaçı1, 6/24 hissəsi isə İddiaçı3 mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə hesab edir ki, iddiaçılar mülkiyyətçi olmaqla mübahisəli mənzildən istifadə hüququna malik olduqlarından onların iddia tələbi mübahisəli mənzilə köçürülmə hissəsində təmin edilməlidir. Lakin mübahisəli mənzilin texniki cəhətdən bölünməsi mümkün olmadığından iddiaçıların məhz qeyd edilən otaqlara (19,8, 19,8, 14,4 kv.m. olan) köçürülməsi hissəsində iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 100 manat dövlət rusumunun 50 manatı cavabdehlərdən tutulmalı, 50 manatı isə iddiaçılara aid edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci təmin edilmiş tələbin məbləğinə münasib olaraq həmin hissədə cavabdehlərə, qalan hissədə iddiaçıya aid edilməlidir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 100 manat təşkil etmişdir. Ona görə də məhkəmə hesab edir ki, 100 manat ekspertiza xərcinin 50 manatı cavabdehlərə, 50 manatı isə iddiaçılara aid olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 220-216, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 1 ünvanda yerləşən 7 saylı mənzilə köçürülsün. İddia tələbi iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinin naturada bölünməsi hissəsində təmin edilməsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 50 (əlli) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 50 (əlli) manat, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 50 (əlli) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar