Məhkəmə qərarları › İş №2(060)-1337/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1337/2020

30.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1337/2020 30.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Onun vəkili X6, Cavabdeh, Onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «əmlak tələbinə»dairiddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «əmlak tələbinə»dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən ona məxsus qızıl-zinət əşyalarının və ya onların dəyəri olan 3970 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, cavabdehlə onlar hər ikisi bir ünvanda yaşamaqla bir ailənin gəlinləri olmuşlar. İki qardaşın həyat yodaşları kimi bir ünvanda yaşamışlar. Münasibətlər yaxşı olduğu üçün hər şeydən ümumi istifadə etmişlər, eləcə də ona məxsus qızıl-zinət əşyalandan da lazım olanda, toya gedəndə hər ikisi istifadə etmişlər. Ona görə qızıl-zinət əşyaları ona məxsus otaqda bir qabın içində idi və heç bir razılıq almadan da cavabdeh də istifadə edirdi. 2015-ci ilin sonlarında qızılları yerində görməyəndə cavabdehdən qızılların harda olduğunu soruşmuş, cavabdeh demişdir ki, toya taxmış, sonra da anasıgilə getmiş, orda qalmış, gətirəcəkdir. Bir neçə gün bu gün,o-sabah gətirəcəyini desə də, gətirməmiş, sonra isə ailədə narazılıq yarandığı üçün həyat yoldaşı ilə həmin mənzildən çıxıb onun valideynlərinin evində yaşamağa başlamışlar. Bu ərəfədə də cavabdehdən qızılları qaytarmağı tələb etsə də, cavabdeh hər dəfə bir bəhanə gətirmiş, sonuncu dəfə demişdir ki, əgər qızılları qaytarmasa, onu polisə verəcəkdir. Cavabdeh isə ona demişdir ki, hara istəyirsən ver. O, da məcbur olub polisə şikayət etmişdir. Polisdə araşdırma zamanı cavabdeh izahatında qızılların onda olduğunu, lombarda qoyduğunu etiraf etmiş, amma demişdir ki, guya qızılları o, özü könüllü ona vermişdir. Polis araşdırmanın sonunda ona məktubla cavab vermişdir ki, bu iş mülki mübahisə olduğu üçün məhkəməyə müraciət etməlidir. Bu illər ərzində atası, qardaşı burda olmadığı və həyat yoldaşı da ona məhkəməyə ərizə verməyə icazə vermədiyi üçün məhkəməyə ərizə verə bilməmişdir. İndi isə hazırkı iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən qızıllarını tələb edir. Cavabdeh ona məxsus Qızıl tros sep kolye-əyarı 750, çəkisi 23 qram, qiyməti-1600 manat, Qızıl komplekt sırğa-üzük (italyan)-əyarı 750, çəkisi 14 qram, qiyməti-1000 manat, Brilyant qaşlı qızıl nişan üzüyü-əyarı 750, çəkisi 8 qram, qiyməti 600 manat, Qızıl komplekt sırğa-üzük, əyarı 750, çəkisi-11 qram, qiyməti-770 manat, cəmi 3.970 manat dəyərində olan qızıl-zinət əşyalarını götürmüş və mənimsəmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçının vəkili X12 məhkəmə iclasında iddia tələbini əsaslı hesab edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, İddiaçı Sumqayıt şəhər Məhkəməsində ona qarşı əmlak tələbinə dair iddia qaldırmışdır. İddiaçı ona qarşı əmlak tələbinə dair iddia ərizəsinə etiraz edərək, məhkəmənin nəzərinə aşağıdakıları çatdırır.O, X3 ilə xx.xx.2003-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş və birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü X11 və xx.xx.2010-cu il təvəllüdlü X7 adlı iki uşaqları anadan olmuşdur.O, X3 ilə ailə həyatı qurduqdan sonra cehiz əmlakları ilə birlikdə Sumqayıt şəhəri, 11-ci mikrorayon, 30 saylı evin, 17-ci mənzilinə köçmüş və həmin mənzildə uşaqları ilə birlikdə yaşamışdır.İddiaçı onun keçmiş həyat yoldaşının qardaşı arvadıdır. İddia ərizəsində göstərilən əsasların heç biri həqiqətə uyğun deyil. O, İddiaçı hər hansı qızıl-zinət əşyasını qəbul etməmişdir. Ailədə münasibətləri kəskinləşdiyi üçün o, 2015-ci ildə həmin mənzili tərk etmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə nikahları ləğv edilmiş və azyaşlı uşaqları onun himayəsinə verilmişdir. İddiaçının onun keçmiş həyat yoldaşı ilə borc söhbəti olmuşdur ki, onun da ona heç bir aidiyyəti yoxdur.Belə ki, həyat yoldaşı Qazaxıstana getmək üçün Aytəndən yol pulu almışdır. Aytənin də dediyinə görə, həyat yoldaşından xəbərsiz qızıllarını lombarda qoyub ona pul vermişdir. Onlar hələ o vaxt boşanmamışlar. Hətta onda olan məlumata görə o, boşandıqdan təqribən 1 il sonra keçmiş həyat yoldaşı Aytən ilə arasındakı söz-söhbət ilə bağlı polisə və məhkəməyə düşmüş, inzibati qaydada cəzalandırılmışdır. Aytən məhkəmədə bildirmişdir ki, 2015-ci ilin yanvar ayında Sumqayıt şəhər 1-ci Polis Bölməsinə qızıl-zinət əşyasının onun tərəfindən qaytarılmamasına dair ərizə ilə müraciət etmişdir. Həmin araşdırma zamanı da bir daha aydın olmuşdur ki, onun iddiaçıya heç bir qızıl-zinət əşyasına dair borcu yoxdur. Onun keçmiş həyat yoldaşının borcuna heç bir aidiyyatı yoxdur, iddiaçının ona qarşı bu cür iddiasının arxasında başqa niyyət durur. Belə ki, onlar arasında artıq 5 ilə yaxındır ki, mənzil mübahisəsi dayanır. Belə ki, o, mənzili tərk etdikdən bir müddət sonra, konkret olaraq 2016-cı ilin sonlarında Sumqayıt şəhər Məhkəməsində o vaxt qaynatasının adına olan ünvan 1-ə köçürülməsi barədə iddia qaldırmışdır. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-466/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə onun cavabdehlərə qarşı "mənzilə köçürülmə" tələbinə dair iddiası təmin edilmiş və onun az yaşlı uşaqları xx.xx.2006-cı il təvəllüdlü X11 və xx.xx.2010-cu il təvəllüdlü X7 ilə birlikdə ünvan 1 ünvanına köçürülməsi qət edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən cavabdehlərin vermiş olduğu apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində baxılmış və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamələr qanuni qüvvəsini almış və iş icraya yönəlmişdir. İcra zamanı cavabdehlər onun mənzilə köçməyini əngəlləmək üçün başqa bir qanunsuzluğa əl atmışdır. Belə ki, bu dəfə mənzil qaynatası tərəfindən digər cavabdeh qaynı X2 bağışlanmışdır. O da öz növbəsində məhkəmə icraçılarına müraciət edərək, onun mənzilə köçürülməsinin dayandırılmasını xahiş etmişdir.Bundan sonra o, yenidən məhkəməyə müraciət etməli olmuşdur. Sumqayıt şəhər Məhkəməsi onun həmin mənzilə istifadə hüququnu tanımışdır. Bundan sonra isə iddiaçının həyat yoldaşı əvvəlcə 2000,sonra isə 4000manat kompensasiya təqdim etmişlər ki, o, mənzilə köçməsin. Bu məbləğlə razılaşmadıqda isə ona bildirmişlər ki, “gör sənin başına nə oyun açaçacaqdır”. Məhz bu səbəbdən də belə bir absurd iddia irəli sürüblər. Bütün bunlar onu qeydiyyatda və istifadə hüququ olduğu mənzildən məhrum edilməyi üçündür. Məhkəmə baxışı zamanı iddiaçıya , niyə 5ildir məhkəməyə müraciət etmirsən sualına cavab verərkən bildirmişdir ki, guya onun ünvanında ona bəlli olmamışdır. Hansı ki, yuxarıda qeyd etdiyi kimi o, düz 5ildir ki, bu ailə ilə məhkəmə mübahisəsindədir. Hesab edir ki, iddiaçının iddiası tam əsassız və qanunsuzdur. O, iddiaçıdan qızıl-zinət əşyası almamışdır. Polis Bölməsində verdiyi ifadəsindən də göründüyü kimi, həmin məsələ keçmiş həyat yoldaşı ilə bağlı məsələdir və ona heç bir aidiyyəti yoxdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddia tələbini əsaslı hesab etməyərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İş materiallarına əlavə edilmiş Cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin 5-ci PBdə verdiyi izahatından görünür ki, o, İddiaçı qızıl-zinət əşyalarını aldığını, həmin qızıl-zinət əşyalarından 210 manat dəyərində olan qızıllı qaytardığını və qalan qızıl-zinət əşyalarının dəyəri olan pulu isə anasından alıb İddiaçı qaytaracağını bildirmişdir. Məhkəmə iclasında cavabdeh ziddiayətli izahatlar verərək PB-də izahat verdiyini, lakin işdə olan izahatın ona məxsus olmadığını bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarına və işin araşdırılan hallarına əsasən cavabdehin məhkəmə iclasında verdiyi izahatına tənqidi yanaşmış, onun bu cür izahatını mülki məsuliyyətdən yayınmağa çalışması kimi qiymətləndirmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli mütəxəssiz rəyindən görünür ki, 1 ədəd kolye 750 əyyar, 23 qram qiyməti 2300 manat, Qızıl komplekt sırğa və üzük, İtaliya 750 əyyar çəkisi 14 qram-dəyəri 1100 manat, Brilyant qaşlı üzük 750 əyyar çəkisi 8 qram-qiyməti 1400 manat, Qızıl komplekt sırğa üzük 750 əyyar çəkisi 11 qram-dəyəri 1050 manat, cəmi ümumi məbləğ 5850 manat təşkil edir. Ümumi qızıl zərgər əşyalarının ümumi məbləği 5850 manat dəyərində mütəxəssis X13 tərəfindən rəy verilmişdir və beləliklə cəmi məbləğ 3970 manat məbləğində təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MülkiProsessualMəcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Qızıl kolye-əyarı 750, çəkisi 23 qram, qiyməti-1600 manat, Qızıl komplekt sırğa-üzük (italya)-əyarı 750, çəkisi 14 qram, qiyməti- 1000 manat, Brilyant qaşlı qızıl nişan üzüyü-əyarı 750, çəkisi 8 qram, qiyməti 600 manat, Qızıl komplekt sırğa-üzük, əyarı 750, çəkisi-11 qram, qiyməti-770 manat dəyərində olan qızıl-zinət əşyaları və ya onların dəyəri olan 3.970 manat pul, həmçinin 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Qızıl kolye-əyarı 750, çəkisi 23 qram, qiyməti-1600 manat, Qızıl komplekt sırğa-üzük (italya)-əyarı 750, çəkisi 14 qram, qiyməti-1000 manat, Brilyant qaşlı qızıl nişan üzüyü-əyarı 750, çəkisi 8 qram, qiyməti 600 manat, Qızıl komplekt sırğa-üzük, əyarı 750, çəkisi-11 qram, qiyməti-770 manat dəyərində olan qızıl-zinət əşyaları və ya onların dəyəri olan 3.970 manat pul, həmçinin 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar