Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-154/2025 04.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3700 manat borcun və ödənilmiş 58 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2023-cü ildə ona müraciət edərək ona borc olaraq 2200 manat məbləğində pul lazım olduğunu bildirmiş və o da cavabdehə həmin pulu vermişdir. Daha sonra o, ondan xx.xx.2024-cü ildə 1500 manat məbləğində pul götürmüş və ümumillikdə ondan aldığı puldan ona bir manat da olsun qaytarmamışdır. Pulu götürərkən o, bu barədə ona yazılı iltizam da vermişdir. Cavabdehin ona ümumi borcu 3700 manat təşkil edir. O, cavabdehə pretenziya məktubu göndərmiş, lakin yenə də cavabdeh üzərinə götürdüyü öhdəliyə əməl etməmişdir. Buna görə də məhkəməyə hazırki iddia ilə müraciət edir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə edərək, bildirdi ki, qarşı tərəf ondan borca pul götürmüşdür. Hadisə törətdiyi üçün pul lazım olduğunu bildirmiş və sənədləri də vermişdir. Sənədləri qaytarmışdır. Maşın duracaqda olmuş və ona sənəd lazım olmuşdur. Biraz işlədikdən sonra pulu qaytaracağını bildirmişdir. İndiyə kimi ödəniş etməmişdir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddiaçını tanıdıqdan sonra bir neçə dəfə ondan pul götürmüşdür. Rəmziyyə xanım da əvəzində əşya istəmədiyi üçün iltizam yazdırmışdır. Lakin götürdüyü məbləğlərdən 2 və yaxud 3 qat artıq məbləğlər yazılmışdır. Bildirirdi ki, bunlar onun sığortasıdır. Əvəzində o, heç nə götürmür. Götürdüyü bütün məbləğləri də qaytarmışdır. Sonuncu dəfə 400 manat pul götürmüşdür. Bir həftəyə 500 manat qaytarmalı idi. Lakin o, 10 günə pulu verirdi. İddiaçı da ona görə 200 manat əlavə pul da istəmişdir. O da razılaşmamış və bütün sənədləri götürmüşdür. Orada 100 manat pul qalmış, onu da verməmişdir. İltizamdakı imza onun imzasıdır. Ümumi iltizamda yazıldığına görə 3700 manat pul götürmüşdür. Lakin 3700 manat pul götürməmişdir. Sadəcə iltizamda artıq yazılır. İltizamda yazılan məbləğləri götürməmişdir. Məhkəmə, iddiaçı və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Yazılı iltizamdan görünür ki, Cavabdeh İddiaçı xx.xx.2024-cü il tarixdə 1500 manat borc pulu almış və həmin pulu da 10 gün müddətində İddiaçı qaytarmağı barədə söz verərəksənədə imza etmişdir. Əvəzində ona məxsus sənədləri girov qoymuşdur. - Yazılı iltizamdan görünür ki, Cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixdə 2200 manat borc pulu almış və həmin pulu da 10 gün müddətində İddiaçı qaytarmağı barədə söz verərəksənədə imza etmişdir. Pulu maşının təmiri üçün almışdır. - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, borcun qaytarılması bildirilmiş, əks təqdirdə 5 gün müddətində məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixdə 1500 manat və xx.xx.2023-cü il tarixdə 2200 manat borc pul vermiş, cavabdeh isə həmin pulu da 10 gün müddətində qaytarmağa dair öhdəlik götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Tərəflər arasında borc müqaviləsi bağlanmasa da borc münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Məhkəmə, cavabdehin iddiaçıdan sonuncu dəfə 400 manat borc alması, daha sonra 100 manat da faizi ilə birlikdə 500 manat pul qaytarması barədə dəlilini, bu hal iş materialları və sübutlarla təsdiq edilmədiyi, yəni iddia tələbinə dair etirazın əsaslarını sübut etmədiyi üçün, əsassız hesab edir. Eyni zamanda cavabdehin özü bu məbləği qaytarmağına dair sübutunun olmadığını məhkəmə iclasında etiraf etmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə münasibətləri olmuş, cavabdeh üzərinə götürdüyü vəzifələrə dair öhdəlik götürmüşdür. Lakin nəzərdə tutulan öhdəlik onun tərəfindən yerinə yetirilməmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, tərəflər arasında yazılı iltizam əsasında cavabdeh iddiaçıya ondan aldığı pulu qaytarması barədə üzərinə öhdəlik götürmüşdür. Lakin nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Odur ki, iddia tələbi əsaslıdır. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 58 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 3700 manat borc və ödənilmiş 58 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 3700 manat borc və ödənilmiş 58 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-154/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-154/2025
04.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver