Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-155/2025 27.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, ona məxsus “Daewoo Gentra minik” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomaşının Cavabdeh1 və Cavabdeh2 alınıb ona qaytarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Bundan sonra Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər İddiaçı və Cavabdeh2 7600 manat məbləğində dəymiş zərərin, ödənilmiş 97 manat dövlət rüsumunun və hüquqi xidmət üçün ödənilmiş 300 manat məbləğində pulun tutulub Cavabdeh1 ödənilməsinə, tutmanın cavabdeh İddiaçı mülkiyyətində olan Daewoo Gentra minik markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsinə, İddiaçı və Cavabdeh2 əməllərində dələduzluq cinayət əməlinin araşdırılması üçün barələrində xüsusi qərar qəbul edilərək Sumqayıt Prokurorluğuna göndərilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 3950 manat məbləğində pulun tutulub ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məhkəmə iclasında ərizə təqdim edərək qarşılıqlı iddia tələbinə dair ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4958/2024 saylı qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə Cavabdeh2 və İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır.
İddia tələbinin əsaslandırıldığı hallar :
6. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri 1 saylı Notariat ofisində təsdiq edilmiş etibarnamə əsasında ona məxsus “Daewoo Gentra minik” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomaşını Cavabdeh2 oglunun zəmanəti əsasında Cavabdeh1 12000 manata satmağa razılaşmışdırlar. Çünki onlar Cavabdeh1 tanımırdılar. Həmin razılaşmanın şərtlərinə müvafiq olaraq cavabdeh tərəf avtomaşının dəyərinin 5250 manatını ödəmiş, həmin məbləği qəbul etmiş və qalan 6750 manat pulu isə cavabdeh ödəməmiş əvvəl müxtəlif bəhanələrlə onu aldatmış, aprel ayında həyat yoldaşı Bahadur Niyazi ilə mübahisə etmiş və insult keçirmişdir. Hazırda da telefona cavab vermirlər. Avtomaşınından isə heç bir xəbər yoxdur. Ona görə məhkəməyə müraciət etməyə və avtomaşınını geri tələb etməyə məcbur olmuşdur.
Tərəflərin mövqeləri:
7. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, cavabdeh ona olan borcunun qaytarılması üçün ona vaxt verilməsini xahiş etmişdir. Lakin onunla əlaqə saxlamaq mümkün olmamışdır. Avtomobili sürmək üçün ona vermişdir. O isə avtomobili sataraq pulunu istifadə etmişdir. Avtomobil ona məxsusdur. Cavabdeh1 qarşı heç bir tələbi yoxdur. Cavabdeh2 3950 manat pulun tutularaq ona ödənilməsini məhkəmədən xahiş etdi.
8. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
9. “Elektron notariat” X1 çıxarışdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh2 “Daewoo Gentra minik” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən istifadə hüququna dair etibarrnamə verilmiş, həmin etibarnaməyə xitam verilmişdir.
Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb, sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarı: Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. ... Mülki Məcəllənin 337.5-ci maddəsi ... etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Mülki Məcəllənin 337.5- ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. ...Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
1. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
2. Belə ki, məhkəməyə təqdim edilmiş 02 oktyabr 2024-cü il tarixdə qeydə alınmış video görüntülər əsasında müəyyən olunur ki, Cavabdeh2 İddiaçı borca 4000 manat pul aldığını təsdiq etmişdir. İddiaçı hazırda məhkəməyə iddia ilə müraciət edərək həmin borcdan qalan 3950 manat məbləğində borcun qaytarılmasını cavabehdən tələb edir.
3. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, qeyd olunan halları təkzib edəcək, habelə tərəfindən hər hansı ödəniş edildiyini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir.
4. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Məcəllənin 329.2ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
5. Qanunvericiliyin tələbindən göründüyü kimi, borc müqaviləsində yazılı əqdin konkret hansı formada bağlanması nəzərdə tutulmadığından, yazılı əqd sadə və ya notariat qaydasında da ola bilər.
6. Göründüyü kimi, iddiaçı 2024-cü ildən yaranmış borcları tələb etməsi üçün yazılı (sadə və ya notariat) müqavilə təqdim etməlidir. Müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir.
7. Məhkəmə hesab edir ki, iddiaçı 2024-cü ildən yaranmış borcu tələb etməsi üçün yazılı müqavilə təqdim etmədiyindən, bununla da, əqdin formasına əməl olunmadığından, borcla bağlı bağlanmış əqd əhəmiyyətsizdir
8. Lakin məhkəmənin mövqeyinə görə hazırki halda iddiaçının tələb etdiyi 2024-cü ildən yaranmış 3950 manat pul vəsaiti əhəmiyyətsiz əqd (borc müqaviləsi) üzrə verilmiş olsa belə, həmin pul məbləği əvəzedilən əşya olmaqla, cavabdehin əmlakına qarışdığından və onun həmin əşya olan pul üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olmuşdur.
9. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyindən iddiaçı cavabdehdən 3950 manat məbləğində pul vəsaitinin geri qaytarılmasını tələb etməkdə haqlıdır.
10. Yuxarıda istinad edilən qanunvericilik aktı normasının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh2 hər hansı bir əsas olmadan əsassız varlandığına görə onun həmin pulu geri qaytarmaq öhdəlikləri yaranmışdır. Odur ki, iddia təmin edilərək 3950 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməlidir.
Nəticə:
11. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh2 3950 (üç min doqquz yüz əlli) manat pul vəsaiti və dövlət rüsumu qismində ödənilmiş 59 (əlli doqquz) manat, 50 (əlli) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva