Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-16/2022 01.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma və qanunsuz çəkilmiş hasarın sökülməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, Xəzər bağlar sahəsində yerləşən və ona məxsus sahəsi 0.06 ha olan saylı bağın zəbt etdiyi hissəsindən çıxarılması, onun tərəfindən qanunsuz çəkilmiş hasarın cavabdeh tərəfindən sökülməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, mübahisəli bağ sahəsi Sumqayıt şəhəri, Xəzər bağlar sahəsində yerləşməklə, sahəsi 0.06 ha olan saylı bağdır. Bu bağ sahəsi Sumqayıt «Xəzər» BYC-nin 08.02.2011-ci il tarixli 04 nömrəli Protokoluna əsasən ona ayrılmış və adına bağçanın üzvlük kitabçası veilmişdir. Cavabdeh onun bağ qonşusudur. Cavabdeh ona məxsus olan bağın torpaq sahəsini sağ tərəfdən 3 x 2,5 metr ölçüdə zəbt etmiş, dəfələrlə həmin hissəni boşaltmasını bildirsə də cavabdeh onun sözlərinə əhəmiyyət vermir, dəfələrlə onunla mübahisə edir, hətta ona bu bağ sahəsində istifadə ilə bağlı məhdudiyyətlər yaradır. O, cavabdehin bu qanunsuz hərəkətləri və zəbt etmiş olduğu torpaq sahəsini boşaltması ilə bağlı polisə şikayət etmiş, lakin Sumqayıt şəhər Pİ 4-cü PB-nin məktubu ilə ona izah edilmişdir ki, bu tələb mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməlidir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh Sumqayıt şəhəri, Xəzər bağlar sahəsində yerləşən və ona məxsus sahəsi 0.06 ha olan saylı bağın zəbt etdiyi hissəsindən çıxarılması, onun tərəfindən qanunsuz çəkilmiş hasarın cavabdeh tərəfindən sökülməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçı onun bağ qonşusudur və onlar uzun müddətdir ki, qonşu olaraq bir yerdə yaşayırlar. Nailənin iddia etdiyi kimi o, heç kimin torpaq sahəsinə müdaxilə etməmiş və qanunsuz olaraq heç kimin torpaq sahəsini zəbt etməmişdir. Sözügedən ərazidə ona dörd sot torpaq sahəsi ayrılmışdır. Elə həmin vaxtdan da sözügedən ölçüdə olan torpaq sahəsi onun istifadəsi və sərəncamındadır. Nailənin mübahisələndirdiyi torpaq sahəsi yol kimi istifadə olunan ərazidir. Həmin yoldan onlardan başqa digər qonşular da istifadə edir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü PB-nin İddiaçı ünvanladıqları məktubdan görünür ki, onun 13.12.2018-ci il tarixdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə daxil olmuş 127-15023İ-3118 saylı ərizəsi əsasında yoxlama aparılmış, ərizəsi əsasında toplanmış materiallar işə salınmış, ərizədə göstərilən xüsusatlar mülki xarakter daşıdığından Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmək hüququ olduğu göstərilmişdir. İş materiallarında olan kitabçanın surətindən görünür ki, İddiaçı 08.02.2011-ci il tarixdə “Xəzər” bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Bu Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair» 27.08.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-nin 53, 153cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə, mübahisəli torpaq sahəsinin Sumqayıt “Xəzər” BYC-nin 08.02.2011-ci il tarixli, 04 nömrəli protokoluna əsasən iddiaçıya ayrılmasına, müvafiq hərrac vasitəsilə əldə olunmamasına, habelə iddiaçı ilə Sumqayıt “Xəzər” BYC arasında sözügedən bağ ərazisinə dair alqı-satqı müqaviləsinin bağlanmamasına, eləcə də mübahisəli əmlaka iddiaçının hər hansı hüququnun müvafiq reyestrdə qeydə alınmamasına əsaslanaraq hesab edir ki, İddiaçı sözügedən daşınmaz əmlaka sahiblik imkanı hüquqi cəhətdən təmin edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının mübahisəli əmlaka sahiblik hüququ, habelə mülkiyyət hüququ, eləcə də bunun tərkibinə daxil olmuş digər hüquqları mövcud olmadığından, onun hazırki iddianı irəli sürməyə subyektiv hüququ yoxdur. Məhkəmə, eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki iş üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür. Belə ki, məhz iddiaçı cavabdehin ona məxsus torpaq sahəsini zəbt etməsi hallarını sübut etmək öhdəliyini daşıyır. Belə ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə iş üzrə sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının hazırki tələbi irəli sürməyə subyektiv hüququ mövcud olmadığından, eləcə də Cavabdeh Sumqayıt şəhəri, Xəzər bağlar sahəsində yerləşən 0,06 ha olan bağ torpaq sahəsini zəbt etməsi barədə dəlili işin faktiki halları, sübutlarla təsdiq edilmədiyindən, onun tərəfindən sübuta yetrilmədiyindən əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “Cavabdeh Sumqayıt şəhəri, Xəzər bağlar sahəsində yerləşən və ona məxsus sahəsi 0.06 ha olan saylı bağın zəbt etdiyi hissəsindən çıxarılması, onun tərəfindən qanunsuz çəkilmiş hasarın cavabdeh tərəfindən sökülməsi” barədə iddia tələbi təmin edilməməlidir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məçəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-16/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-16/2022
01.03.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver