Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1603/2022 18.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı3, onun və iş üzrə digər iddiaçıların etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2, Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi Vəkil1 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdeh "xxxx" MTKya qarşı artıq ödənilmiş pulun və dəymiş mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdeh "xxxx" MTKya qarşı artıq ödənilmiş pulun və dəymiş mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən aşağıda göstərilən qaydada artıq ödənilmiş pulun iddiaçıların xeyrinə tutulması (İddiaçı1 oglu-6600 manat, İddiaçı3 - 4465 manat, İddiaçı2 - 356 manat, İddiaçı6 - 5940 manat, İddiaçı5 8600 manat, İddiaçı4 - 9685,77 manat, cəmi - 35646,77 manat), 29 dekabr 2012-ci il tarixdən etibarən ödənilməsi nəzərdə tutulan 35646,77 (otuz beş min altı yüz qırx altı, yetmiş yeddi) manat məbləğində pulun qətnamənin çıxarıldığı günə illik bank uçot dərəcəsini əsas götürməklə müvafıq faizlərin cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən iddiaçıların xeyrinə tutulması, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən dəymiş mənəvi ziyana görə iddiaçıların hər birinə 3000 manat olmaqla, cəmi 18000 manatın tutulması, iddiaçılar tərəfındən ödənilmiş 279 (iki yüz yetmış doqquz) manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq iddiaçılara ödənilməsi, iddiaçıların mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün zəruri sənədlərin (maliyyə arayışını, istismara qəbul aktını, mərtəbənin plan-eskizi və digər sənədləri) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçıların etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə iki ərizə təqdim edərək, 1. cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən aşağıda göstərilən qaydada artıq ödənilmiş pulun iddiaçıların xeyrinə tutulması, İddiaçı1 - 1180 manat, İddiaçı3 - 7379 manat, İddiaçı2 - 6750 manat, İddiaçı6 - 5940 manat, İddiaçı5 - 11180 manat, İddiaçı4 – 11695 manat, 2. cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən hər bir iddiaçıya vurduğu ziyana görə aşağıdakı məbləğdə pulun iddiaçıların xeyrinə tutulması, İddiaçı1 236 manat, İddiaçı3 1475 manat, İddiaçı2 1350 manat, İddiaçı6 1188 manat, İddiaçı5 2236 manat, İddiaçı4 1791 manat, 3. Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən dəymiş mənəvi ziyana görə iddiaçıların hər birinə 3000 manat olmaqla, cəmi 18000 manatın tutulması, iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq iddiaçılara ödənilməsi, iddiaçılardan İddiaçı1, İddiaçı3, İddiaçı2un və İddiaçı5un mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün zəruri sənədlərin (maliyyə arayışını, istismara qəbul aktını, mərtəbənin plan eskizi və digər sənədləri) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, iddiaçılar - İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və X3 ilə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi arasında Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilməsi nəzərdə tutlan 14 mərtəbəli binada yerləşən mənzillərə dair «Kooperativ mənzil tikintisi haqqında müqavilə»lər bağlanmışdır. Müqavilədən irəli gələn öhdəliklər iddiaçı tərəfindən vaxtlı vaxtında icra edilmişdir. Bunun müqabilində cavabdeh tərəfindən müqavilənin 1.2, 2.1, 3.2, 3.3, 3.4, 3.5-ci bəndlərində göstərilən öhdəliklərin götürülməsinə baxmayaraq - öhdəliklər icra edilməmişdir. Belə ki, müqavilənin 1.3-cü bəndinə əsasən kooperativ inşa ediləcək binanın müqavilədə göstərilən girişində və mərtəbəsində yerləşən mənzili payçıya təhvil verməyi öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən payçıya təhvil verilməsi nəzərdə tutulan mənzilin sahəsi hər bir müqavilədə müəyyən edilmişdir. 3.1-ci bəndinə əsasən "xxxx" MTK-nın tikinti işləri başa çatdıqdan sonra müqavilənin əsas predmeti kimi mənzili və qeyri-yaşayış sahəsini payçıya təhvil verir. 3.2-ci bəndinə əsasən mənzillərin ölçülərinin həqiqi qiymətləndirılməsi zamanı ortaya çıxan fərq qarşılıqlı olaraq razılaşdırılır və qiyməti dəqiqləşdırilir. 3.3-cü bəndinə əsasən mənzillərin sahəsinin ölçülməsi fasad divarlarının çöl hissəsindən qonşu divarların en hissəsinin yarısından hesablanır. 3.4-cü bəndinə əsasən ölçülərin aparılmasından sonra mənzillərin tam dəyəri ödənilməlidir və digər aidiyyatı hesabatlar verildikdən sonra təmirə bağlamaq olar. 3.5-ci bəndinə əsasən təhviltəslim hər iki tərəfın imzası ilə təsdiqlənmiş akt əsasında qanunlaşdırılır. Göründüyü kimi, adları yuxarıda qeyd edilən şəxslərə naturada təhvil verilən mənzillərin sahələri müqavilədə qeyd edilən sahələrlə kəskin şəkildə fərqlənir. Lakin buna baxmayaraq MTK-nın rəhbərliyi tərəfındən binanın hər bir sakinindən, o cümlədən iddiaçılardan məhz müqavilədə qeyd edilən sahələrə görə əlavə vəsait alınmışdır. Pulun geri ödənilməsi və mülkiyyət hüquqlarını qeydə aldırmaq üçün zərurı sənədlərin (maliyyə arayışını, istısmara qəbul aktını, mərtəbənin plan-eskizi və digər sənədləri) verilməsi tələbi ilə bağlı cavabdeh "xxxx" MTK-ya 24 dekabr 2021-ci il tarixli xəbərdarlıq məktubu (pretenziya) göndərilmişdir. Bundan əlavə cavabdeh "xxxx" MTK-nm rəhbərliyi ilə şifahi aparılan danışıqlar da bir müsbət nəticə verməmişdir. Cavabdeh "xxxx" MTK-nın əlavə ödənilmiş vəsaitin geri qaytarılması istiqamətində qeyri konstruktiv mövqe tutması səbəbindən mübahisəni məhkəmə vasitəsi ilə həll etmək məcburiyyətindədirlər. Eyni zamanda artıq ödənilmiş vəsaiti əsassız olaraq qəbul edib özündə saxlamaqla, cavabdeh həmin vəsait hesabına əsassız varlanmış və iddiaçılara ziyan vurmuşdur. İddiaçılar ödənişlərini 2019-cu ildə tam bitiriblər (bəziləri 2017 və 2018-ci illərdə bitiriblər). Bu səbəbdən həmin ildən başlayaraq, 4 il ərzində bank uçot dərəcəsi nəzərə alınmaqla iddiaçıların xeyrinə dəymiş ziyan da tutulmalıdır. İddiaçılar qeyd etdiklərinə əsasən, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdirlər. Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi Vəkil1 məhkəməyə etiraz ünvanlayaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Mövsum oğlunun, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh "xxxx" MTK-ya qarşı pul və sənədlərin verilməsi tələbinə dair 2(060)-1603/2022 saylı mülki iş vardır. Aşağıda sadalanan əsaslara görə hesab edir ki, iddia tələbləri əsassızdır və təmin edilməməlidir. O cümlədən iddiaçılar tərəfindən iddia müddəti ötürüldüyündən iddia müddəti tətbiq edilməlidir: İddiaçılardan İddiaçı1, İddiaçı5 və İddiaçı2 cavabdeh "xxxx" MTK ilə aralarında bağladıqları müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş və müqavilə üzrə mənzillərin dəyərlərini tam şəkildə ödəməmişlər. İddiaçılardan İddiaçı4 və İddiaçı6 mənzillər üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün zəruri sənədlər verilmiş və adı çəkilən şəxslər artıq öz mənzillərinə müvafiq çıxarışlar almışlar. İddia ərizəsində də göstərildiyi kimi iddiaçılarla bağlanmış müqavilələrin 3.3-cü bəndinə görə mənzillərin sahəsinin ölçülməsi fasad divarlarının çöl hissəsindən, qonşu divarların en hissəsinin yarısından hesablanır. Müqavilənin 3.4-cü bəndinə əsasən ölçülərin aparılmasından sonra mənzillərin tam dəyəri ödənilməlidir və digər aidiyyatı hesabatlar verildikdən sonra təmirə başlamaq olar. Göründüyü kimi cavabdeh tərəfindən müqavilə üzrə hər hansı bir şərt pozulmamış və əlavə ödəniş alınmamışdır. Nəzərə almaq lazımdır ki, iddiaçılar artıq 7-10 ildir ki, mənzillərini təmir etdirmiş və bu mənzillərdə yaşayırlar. İş materiallanndan da göründüyü kimi iddiaçılar 2012, 2013 və 2014-cu illərdə "xxxx" MTK tərəfindən inşa edilmiş binada müxtəlif ölçülü mənzillərin alqı-satqısına dair müqavilələr bağlamışlar. Hal-hazırda isə həmin mənzillərin müqavilədə göstərilən öiçülərə uyğun gəlməməsi əsası ilə iddia irəli sürmüş və müqavilə üzrə ödədikləri pulun bir hissəsini geri tələb edirlər. Mülki Məcəllənin 373.1-ci maddəsinin tələbinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-cü maddəsinin tələbinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İddiaçılar isə müvafıq olaraq 10. 9 və 7 il keçdikdən sonra müvafiq tələblərlə məhkəməyə müraciət etmişlər. Digər tərəfdən iddia tələblərini müqavilədən kənar əsassız varlanma kimi qiymətləndirsələr, bu halda da 2 illik kəsici müddət ötürülmüşdür. Belə ki, Mülki Məcəllənin “Əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsi” adlanan 1095-ci maddəsinin tələbinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Mülki Məcəllənin 375.2-ci maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qəran çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Nəticə etibarı ilə şərh edilənləri və Azərbaycan Respubiikası MPM-nin 47 və 154-cü maddələrini rəhbər tutaraq, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Mövsum oğlunun, İddiaçı4, İddiaçı5 və X1 cavabdeh "xxxx" MTK-nə qarşı pul və sənədlərin verilməsi tələbinə dair iddia ərizəsinin əsassız olması və iddia müddətinin ötürülməsi səbəbindən rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı3 idda ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, 2013-cü ildə iddiaçı ilə müqavilə bağlamışdır. Mənzil üçün 52000 manat pul ödəmişdir. 2015-ci ildə həmin mənzilə köçmüşdür. Bildirir ki, o, cavabdehə inanmış və mənzili ölçməmiş, oraya köçmüşdür. Mənzildə kommunal xərcləri başqa yerdə qeydiyyatda olduğuna görə ödəməmişdir. Onu da qeyd edir ki, 5 ay müddətində komendant kimi işləmiş, ödənişlər də etmişdir, lakin həmin ödənişlərə dair qəbzlər onda deyil. Məhkəmə iclasında iştirak edən iddiaçıların etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrin məzmununa uyğun izahat verərək qeyd etdi ki, iddiaçılarla cavabdeh qurum arasında 6 müqavilə bağlanmışdır. Həmin müqavilələrdə mənzillərin müqavilə üzrə sahələri dəqiq əks olunmuşdur. İş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasının 10/3195 saylı xx.xx.2022-ci il tarixli rəyi ilə İddiaçı6 məxsus 3 nömrəli mənzilin faktiki sahəsi (104.8 kv.m) ilə ümumi sahəsi (118 kv.m) arasında 13,2 kv.m, İddiaçı1 məxsus 7 nömrəli mənzilin faktiki sahəsi (84.7 kv.m) ilə ümumi sahəsi (107 kv.m) arasında 22,3 kv.m, İddiaçı4 məxsus 45 nömrəli mənzilin faktiki sahəsi (101,5 kv.m) ilə ümumi sahəsi (119 kv.m) arasında 17,5 kv.m, İddiaçı2 məxsus 57 nömrəli mənzilin faktiki sahəsi (69,4 kv.m) ilə ümumi sahəsi (92 kv.m) arasında 22,6 kv.m, İddiaçı3 məxsus 59 nömrəli mənzilin faktiki sahəsi (96,3 kv.m) ilə ümumi sahəsi (115 kv.m) arasında 18,7 kv.m, İddiaçı5 məxsus 70 nömrəli mənzilin faktiki sahəsi (84,7 kv.m) ilə ümumi sahəsi (107 kv.m) arasında 22,3 kv.m fərq olduğu müəyyən edilmişdir. Göründüyü kimi iddiaçılarla cavabdeh arasında bağlanmış müqavilələrdə mənzillərin qeyd edilmiş sahə ölçüləri ilə onlara verilmiş mənzillərin faktiki sahə ölçüləri arasında fərq mövcuddur. Bununla da iddiaçılara maddi ziyan vurulmuşdur. Ona görə də hesab edir ki, həmin ölçülərə mütənasib olaraq cavabdeh tərəf iddiaçılara müəyyən kompensasiya ödəməlidir. Əlavə olaraq onu da bildirir ki iddiaçılardan İddiaçı4 və İddiaçı6 mənzillər üzərində mülkiyyət hüquqları DƏDRX-də qeydə alınmışdır. Digərləri isə mənzilə dair çıxarış almamışdırlar. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh məhkəməyə təqdim edilmiş etiraz ərizəsində iddiaçıların bəzilərinin müqavilə üzrə öhdəliklərini tam icra etmədiklərini bildirmişdir. Əslində onlar da iddia ərizəsində iddiaçılar tərəfindən tam ödəniş olunduğunu qeyd etməmişdirlər. Belə ki, onlar cavabdeh tərəfindən onlara təqdim olunmuş sahəyə uyğun ödəniş ediblər və həmin iddiaçılar hesab edirlər ki, sahə azdırsa, ödənişlər yetərlidir. Onu da qeyd edir ki, iddiaçılar mənzilləri 2015-2017-ci illərdə təmir edərək köçüblər. Qeyd edir ki, İddiaçı2 mənzilinin 2013-cü ildə təmirə başlayıb, 2014-cü ilin avqust ayından etibarən orada yaşayır. İddiaçı6 2015-ci ilin mart ayında mənzilinin təmirə başlayıb, iyun ayında həmin mənzilə köçmüşdür. Bir daha məhkəmənin nəzərinə çatdırır ki, burada əsas diqqət yetirilən məsələ faktiki olaraq mənzillərin müqavilədə qeyd edilən sahələri ilə onlara təqdim olunan sahə arasında fərqin olmasıdır. Əslində mənzillərin ümumi sahəsi bayır hissə nəzərə alınmadan ölçülür. Faktiki sahə deyəndə faydalı sahə başa düşülür. Çöl hissənin də sahəyə aid edilməsi düzgün deyil. Bundan başqa iddia müddəti ilə bağlı qeyd edir ki, iddiaçılardan ikisi çıxarış alanda mütəxəssis dəvət edilmiş və çıxarışda mənzilin sahəsinin müqavilədə qeyd ediləndən daha az göstərilmişdir. Yalnız bundan sonra iddiaçılar məsələni bilmiş və mübahisələndirmişlər. Həmçinin bildirir ki, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti 6 ildir. Belə olan halda hesab edir ki, iddia müddəti ötürülməmişdir. Onu da qeyd edir ki, müqavilələrin üçündə mənzillərin sahəsinin hesablanmasının başqa qaydasının müəyyən olunması hesab edir ki, qanunsuzdur. Belə ki, vətəndaşlarla müxtəlif məzmunlu müqavilələrin bağlanması onların hüquqlarının pozulmasına səbəb olur. Bu səbəbdən iddia tələbi bütün iddiaçılara münasibətdə təmin edilməlidir. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MTK-nın nümayəndəsi Vəkil1 iddia ərizəsini qəbul etməyərək bildirdi ki, mövqelərini iddia tələbinə etirazda qeyd ediblər. Hesab edir ki, hazırkı vəziyyətdə iddiaçıların əsas məqsədi ödənişdən yayınmaq, maliyyə arayışı alaraq mənzilə dair çıxarış əldə etməkdir. İddiaçılardan ikisi çıxarış almış, digərlərindən yalnız İddiaçı3 məbləği tam ödəmiş, lakin çıxarış almamışdır. İddiaçılar iddia ərizəsinin 5-ci bəndində çıxarış əldə edilməsi üçün cavabdeh tərəfindən bütün sənədlər təqdim olunmasını tələb edirlər. Belə olan halda iddiaçılar tərəfindən ödənişlərin edildiyi sübut olunmalıdır və yalnız bundan sonra cavabdeh zəruri sənədləri təqdim edə bilər. Bundan başqa iddiaçıların məhkəmə iclaslarında verdiyi izahatlarından görünür ki, demək olar ki, onların hamısı 2013- 2014-cü illərdə mənzilləri almış və təmir etməyə başlamış, təmir bitdikdən sonra köçüb orada yaşamışlar. Bu səbəbdən həm müqavilələrin bağlandığı tarixdən hesablandıqda, həm də iddiaçıların köçüb orada yaşadıqları tarixdən hesablandıqda daşınmaz əşyalarla bağlı 6 illik iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçılar evlərini təmir edərkən mənzilin faktiki sahəsinin müqavilədə nəzərdə tutulan sahəsindən daha az olduğunu müəyyən edə bilərdilər. Bundan əlavə iddiaçı iddia ərizəsində əsassız varlanma ilə əlaqədar normalara istinad etmişdir. Əsassız varlanmadan irəli gələn tələb hüququ isə iki il keçdikdən sonra qüvvəsini itirir. Hazırda həmin müddət də ötürülmüşdür. Onu da qeyd edir ki, iddiaçılarla MTK arasında bağlanan müqavilənin 3.3-cü bəndinə görə mənzillərin sahəsinin ölçülməsi fasad divarlarının çöl hissəsindən, qonşu divarların en hissəsinin yarısından hesablanır. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, 35646.77 manat pulu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə iddiaçılar tərəfindən "xxxx" MTK-ya yazılı bildiriş ünvanlanmışdır. İşdə olan xx.xx.2012-ci il tarixli “Kooperativ mənzil tikintisi haqqında” müqavilədən görünür ki, "xxxx" MTK Sumqayıt şəhəri, 9-cu mikrorayon, 14 mərtəbəli yaşayış binasında inşa ediləcək 7 saylı mənzili payçı İddiaçı1 təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2-ci maddəsindən görünür ki, mənzil 3 otaqdan ibarətdir. Mənzilin hesablaşma sahəsi 107 m2-dir. Mənzilin dəyəri 64200 manatdır. İşdə olan xx.xx.2013-cü il tarixli, “Kooperativ mənzil tikintisi haqqında” müqavilədən görünür ki, "xxxx" MTK Sumqayıt şəhəri, 9-cu mikrorayon, 14 mərtəbəli yaşayış binasında inşa ediləcək 59 saylı mənzili payçı İddiaçı3 təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2-ci maddəsindən görünür ki, mənzil 3 otaqdan ibarətdir. Mənzilin hesablaşma sahəsi 112 m2-dir. Mənzilin dəyəri 52640 manatdır. Alıcı hər ay 527 manat məbləğində pul ödəyir. Son ödəniş tarixi xx.xx.2015-ci il tarixdir. İşdə olan xx.xx.2014-cü il tarixli, “Kooperativ mənzil tikintisi haqqında” müqavilədən görünür ki, "xxxx" MTK Sumqayıt şəhəri, 9-cu mikrorayon, 14 mərtəbəli yaşayış binasında inşa ediləcək 70 saylı mənzili payçı İddiaçı5 təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2-ci maddəsindən görünür ki, mənzil 3 otaqdan ibarətdir. Mənzilin hesblaşma sahəsi 107 m2 –dir. Mənzilin dəyəri 64200 manatdır. Alıcı hər ay 3333 manat məbləğində pul ödəyir. Son ödəniş tarixi xx.xx.2019-cu il tarixdir. İşdə olan xx.xx.2013-cü il tarixli, “Kooperativ mənzil tikintisi haqqında” müqavilədən görünür ki, "xxxx" MTK Sumqayıt şəhəri, 9-cu mikrorayon, 14 mərtəbəli yaşayış binasında inşa ediləcək 57 saylı mənzili payçı İddiaçı2 təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2-ci maddəsindən görünür ki, mənzil 2 otaqdan ibarətdir. Mənzilin hesablaşma sahəsi 82 m2 –dir. Mənzilin dəyəri 38540 manatdır. Alıcı hər ay 356 manat məbləğində pul ödəyir. Son ödəniş tarixi xx.xx.2015-ci il tarixdir. İşdə olan xx.xx.2012-ci il tarixli, “Kooperativ mənzil tikintisi haqqında” müqavilədən görünür ki, "xxxx" MTK Sumqayıt şəhəri, 9-cu mikrorayon, 14 mərtəbəli yaşayış binasında inşa ediləcək 3 saylı mənzili payçı İddiaçı6 təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2-ci maddəsindən görünür ki, mənzil 3 otaqdan ibarətdir. Mənzilin hesblaşma sahəsi 118 m2 –dir. Mənzilin dəyəri 53100 manatdır. Alıcı hər ay 1150 manat məbləğində pul ödəyir. Son ödəniş tarixi xx.xx.2015-ci il tarixdir. İşdə olan xx.xx.2014-cü il tarixli, “Kooperativ mənzil tikintisi haqqında” müqavilədən görünür ki, "xxxx" MTK Sumqayıt şəhəri, 9-cu mikrorayon, 14 mərtəbəli yaşayış binasında inşa ediləcək 45 saylı mənzili payçı İddiaçı4 təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2-ci maddəsindən görünür ki, mənzil 3 otaqdan ibarətdir. Mənzilin hesblaşma sahəsi 119 m2 -dir. Mənzilin dəyəri 69855 manatdır. Alıcı hər ay 570 manat məbləğində pul ödəyir. Son ödəniş tarixi xx.xx.2020-ci il tarixdir. İş materialında olan 09 mart 2015-ci il tarixli ödəniş qəbzinə əsasən Sumqayıt şəhəri, 9cu mikrorayon, 24 və 31 saylı yaşayış binalarının arasında yerləşən və Cavabdeh-ya məxsus 14 mərtəbəli yaşayış binasında payçı İddiaçı6 3 nömrəli 3 otaqlı mənzil üçün 53100 manat məbləğində pul ödəmişdir. İşdə olan çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 230, mənzil 3, yeni qaydalarla: AZ 5001, Sumqyıt şəhəri, ərazi vahidi, Üzeyir Hacıbəyli küçəsi, 230, M2, m3 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı6 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda inşa edilmiş 13 (+mansart) mərtəbəli yaşayış binası "xxxx" MTK-ya məxsusdur. İddiaçı4, Ü.Hacıbəyov küçəsində yerləşən 13(+ mansart) mərtəbəli 230 nömrəli binanın 8-ci mərtəbəsində ümumi sahəsi 120 m2 olan olan 3 otaqlı 45 saylı mənzilin dəyərini tam ödəyib. İşdə olan çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 230, mənzil 45, yeni qaydalarla: AZ 5001, Sumqyıt şəhəri, ərazi vahidi, Üzeyir Hacıbəyli küçəsi, 230, M8, m3 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı4 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3195 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, 1-ci sual üzrə: ünvan 1 ünvanında (yeni qaydalarla: AZ5001, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Üzeyir Hacıbəyli küçəsi, 230) "xxxx" MTK tərəfindən inşa edilmiş 14 mərtəbəli binanın 1A girişində yerləşən və İddiaçı6 məxsus 3 nömrəli mənzilin faktiki sahəsinin 104,8 kv.metr, İddiaçı1 məxsus 7 nömrəli mənzilin faktiki sahəsinin 84,7 kv.metr, İddiaçı4 məxsus 45 nömrəli mənzilin faktiki sahəsinin 101,5 kv.metr, İddiaçı2 məxsus 57 nömrəli mənzilin faktiki sahəsinin 69,4 kv.metr, İddiaçı3 məxsus 59 nömrəli mənzilin faktiki sahəsinin 96,3 kv.metr və İddiaçı5 məxsus 70 nömrəli mənzilin faktiki sahəsinin 83,6 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. 2-ci sual üzrə: ünvan 1 ünvanında (yeni qaydalarla: AZ5001, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Üzeyir Hacıbəyli küçəsi, 230) “Şərq’’ MTK tərəfindən inşa edilmiş 14 mərtəbəli binanın 1A girişinin, 2-ci mərtəbəsində yerləşən və İddiaçı6 məxsus 3 nömrəli mənzilin ümumi sahəsi 118.0 kv.metr, İddiaçı1 məxsus 7 nömrəli mənzilin ümumi sahəsi 107.0 kv.metr, 8-ci mərtəbəsində yerləşən və İddiaçı4 məxsus 45 nömrəli mənzilin ümumi sahəsi 119;0; kv.metr, 10-cu mərtəbəsində yerləşən və İddiaçı2 məxsus 57 nömrəli mənzilin ümumi sahəsi 92,0 kv.metr, 10-cu mərtəbədə yerləşən və İddiaçı3 məxsus 59 nömrəli mənzilin ümumi sahəsi 115,0 kv.metr, 11 -ci mərtəbəsində yerləşən və X2 məxsus 70 nömrəli mənzilin ümumi sahəsi 107,0 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. 3-cü sual üzrə üzrə: ünvan 1 ünvanında (yeni qaydalarla: AZ5001, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Üzeyir Hacıbəyli küçəsi, 230) "xxxx" MTK tərəfindən inşa edilmiş 14 mərtəbəli binanın 1A girişində yerləşən və İddiaçı6 məxsus 3 nömrəli mənzilin faktiki sahəsi (104,8 m2) ilə ümumi sahəsi (118,0 m2) arasında 13,2 m2, İddiaçı1 məxsus 7 nömrəli mənzilin faktiki sahəsi (84,7 m2) ilə ümumi sahəsi (107,0 m2) arasında 22,3 m2, İddiaçı4 məxsus 45 nömrəli mənzilin faktiki sahəsi (101,5 m2) ilə ümumi sahəsi (119,0 m2) arasında 17,5 m2 , İddiaçı2 məxsus 57 nömrəli mənzilin faktiki sahəsi (69,4 m2) ilə ümumi sahəsi (92,0 m2) arasında 22,6 m2, İddiaçı3 məxsus 59 nömrəli mənzilin faktiki sahəsi (96,3 m2) ilə ümumi sahəsi (115,0 m2) arasında 18,7 m2, İddiaçı5 məxsus 70 nömrəli mənzilin faktiki sahəsi (84.7 m2) ilə ümumi sahəsi (107.0 m2) arasında 22.3 m2 fərq olduğu müəyyən edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında “Kooperativ mənzil tikintisi haqqında” müxtəlif tarixli müqavilələr bağlanmışdır. Həmin müqavilələr üzrə mənzillər iddiaçılara təhvil verilmiş, iddiaçılardan İddiaçı6, İddiaçı4 və İddiaçı3 aldıqları mənzillərin dəyərini tam ödəmiş, İddiaçı4 və İddiaçı6 həmin mənzillərə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Digər iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı5 tərəfindən isə mənzillərin dəyəri tam ödənilməmişdir. Hazırda iddiaçılar sözügedən müqavilələr üzrə aldıqları mənzillərin faktiki ölçüləri ilə müqavilədə nəzərdə tutulmuş ölçüləri arasında fərq olduğunu iddia edərək hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Məhkəmə qeyd edir ki, iddiaçılar İddiaçı1, İddiaçı5 və İddiaçı4 ilə cavabdeh "xxxx" MTK arasında bağlanmış müqavilələrin 3.3-cü bəndindən görünür ki, mənzillərin sahəsinin ölçülməsi fasad divarlarının çöl hissəsindən qonşu divarların en hissəsinin yarısından hesablanır. Digər iddiaçılar İddiaçı6, İddiaçı3 və İddiaçı2 ilə cavabdeh "xxxx" MTK arasında bağlanmış müqavilələrdə isə belə bir şərt yoxdur. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı5 və İddiaçı4 cavabdeh "xxxx" MTK ilə mənzil alqı-satqısına dair müqavilə bağlayarkən mənzilin sahəsinin göstərilən şərtlə, yəni fasad divarlarının çöl hissəsindən qonşu divarların en hissəsinin yarısına qədər hesablanmaqla aldıqlarını bilmiş və bununla razılaşmışlar. Belə ki, İddiaçı1 və İddiaçı5 cavabdeh MTK-dan 107 kv.metr, İddiaçı4 isə 119 kv.metr ölçüdə mənzil alınması barədə razılaşmışlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3195 saylı rəyindən görünür ki, fasad divarlarının çöl hissəsindən qonşu divarların en hissəsinin yarısına qədər hesablandıqda Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Üzeyir Hacıbəyli küçəsi, 230 ‘Şərq’’ MTK tərəfindən inşa edilmiş 14 mərtəbəli binanın 1A girişinin, 2-ci mərtəbəsində yerləşən və İddiaçı1 məxsus 7 nömrəli mənzilin ümumi sahəsi 107.0 kv.metr, 8-ci mərtəbəsində yerləşən və İddiaçı4 məxsus 45 nömrəli mənzilin ümumi sahəsi 119.0 kv.metr, 11-ci mərtəbəsində yerləşən və X2 məxsus 70 nömrəli mənzilin ümumi sahəsinin 107.0 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Beləliklə iddiaçılar İddiaçı1, İddiaçı5 və İddiaçı4 cavabdeh MTK tərəfindən müqavilədə nəzərdə tutulmuş qaydada hesablanmış ölçüdə mənzillər təhvil verilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin iddiaçılara münasibətdə iddia tələbinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Digər iddiaçılar İddiaçı6, İddiaçı3 və İddiaçı2 gəldikdə isə məhkəmə qeyd edir ki, həmin şəxslərlə cavabdeh MTK arasında bağlanmış müqavilələrin 3.2-ci bəndinə görə mənzillərin ölçülərinin həqiqi qiymətləndirilməsi zamanı ortaya çıxan fərq qarşılıqlı olaraq razılaşdırılır və qiyməti dəqiqləşdirilir. Göründüyü kimi sözügedən iddiaçılarla bağlanmış müqavilələrdə mənzillərin sahəsinin ölçülməsi qaydası müəyyən edilməmişdir. Mənzillərin sahəsinin ölçülməsi qaydasını tənzimləyən və hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə əsasən isə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (59.1). Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır (59.2). Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir (59.3). İş materiallarından görünür ki, İddiaçı6 "xxxx" MTK ilə 118 kv.m, İddiaçı3 112 kv.m, İddiaçı2 isə 82 kv.m ölçüdə mənzillərin alqı-satqısı ilə bağlı razılaşmışlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3195 saylı rəyindən isə görünür ki, ekspertiza nəticəsində Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Üzeyir Hacıbəyli küçəsi, 230 "xxxx" MTK tərəfindən inşa edilmiş 14 mərtəbəli binanın 1A girişinin, 2-ci mərtəbəsində yerləşən İddiaçı6 məxsus 3 nömrəli mənzilin faktiki sahəsinin 104,8 m2, İddiaçı2 məxsus 57 nömrəli mənzilin faktiki sahəsinin 69,4 m2, İddiaçı3 məxsus 59 nömrəli mənzilin faktiki sahəsinin isə 96,3 m2 olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 206-cı maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1). Məhkəmə qeyd edir ki, ekspert rəyi məhkəmə üçün məcburi və qabaqcadan heç bir qüvvəsi olmamaqla onun mötəbərliyinə inam kifayət qədər yüksəkdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı6 məxsus 3 nömrəli mənzilin faktiki sahəsi ilə ümumi sahəsi arasında 13,2 m2 (118-104,8) İddiaçı2 məxsus 57 nömrəli mənzilin faktiki sahəsi ilə ümumi sahəsi arasında 12,6 m2 (82-69,4), İddiaçı3 məxsus 59 nömrəli mənzilin faktiki sahəsi ilə ümumi sahəsi arasında isə 15,7 m2 (112-96,3) fərq vardır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən iddiaçılardan İddiaçı6 və İddiaçı3 müqavilələr üzrə üzərlərinə götürdükləri öhdəlikləri lazımi qaydada yerinə yetirdiyi halda, cavabdeh MTK müqavilə üzrə həmin şəxslərə təhvil verilməli olan ölçüdə mənzillər təhvil verməməklə öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı6 və İddiaçı3 mənzillərə görə etdikləri artıq ödənişlər cavabdeh "xxxx" MTK tərəfindən onlara geri qaytarılmalıdır. Belə ki, İddiaçı6 ona məxsus 3 nömrəli mənzilin müqavilədə nəzərdə tutulan 118 kv.m ölçüsünə görə 53100 manat, yəni mənzilin hər kv.metrinə görə 450 manat ödəniş etmişdir. Beləliklə ona mənzilin faktiki sahəsi ilə ümumi sahəsi arasında olan 13,2 m2 fərqə görə cavabdeh "xxxx" MTK tərəfindən 5940 (450 x 13,2) manat pul qaytarılmalıdır. İddiaçı3 isə özünə məxsus 59 nömrəli mənzilin müqavilədə nəzərdə tutulan 112 kv.m ölçüsünə görə 52640 manat, yəni mənzilin hər kv.metrinə görə 470 manat ödəniş etmişdir. Beləliklə ona mənzilin faktiki sahəsi ilə ümumi sahəsi arasında olan 15,7 m2 fərqə görə cavabdeh "xxxx" MTK tərəfindən 7379 (470 x 15,7) manat pul qaytarılmalıdır. İddiaçı2 gəldikdə isə məhkəmə qeyd edir ki, İddiaçı2 cavabdeh MTK-ya istifadəsində olan 57 nömrəli mənzilin müqavilədə nəzərdə tutulan 82 kv.m ölçüsünə görə 38540 manat, yəni mənzilin hər kv.metrinə görə 470 manat ödəniş etməli olmuşdur. İş materiallarından və tərəflərin məhkəmə iclasında verdiyi izahatlarından isə müəyyən edilmişdir ki, İddiaçı2 cavabdehdən aldığı mənzilin dəyərini tam ödəməmişdir. Belə ki, İddiaçı2 iş materiallarında olan 29 mart 2014-cü il tarixli ödəniş qəbzinə əsasən 356 manat, 30 sentyabr 2014-cü il tarixli ödəniş qəbzinə əsasən 356 manat, 30 aprel 2014-cü il tarixli ödəniş qəbzinə əsasən 356 manat, 13 aprel 2015-ci il tarixli ödəniş qəbzinə əsasən 250 manat, 14 dekbr 2015-ci il tarixli ödəniş qəbzinə əsasən 200 manat, 31 iyul 2014-cü il tarixli ödəniş qəbzinə əsasən 350 manat, 05 fevral 2015-ci il tarixli ödəniş qəbzinə əsasən 250 manat, 29 may 2014-cü il tarixli ödəniş qəbzinə əsasən 350 manat, 02 iyun 2015-ci il tarixli ödəniş qəbzinə əsasən 300 manat, 30 avqust 2014-ci il tarixli ödəniş qəbzinə əsasən 350 manat, 02 iyul 2014-cü il tarixli ödəniş qəbzinə əsasən 362 manat, 05 dekabr 2014-cü il tarixli ödəniş qəbzinə əsasən 250 manat, 15 mart 2016-cı il tarixli ödəniş qəbzinə əsasən 200 manat, 30 iyun 2015-ci il tarixli ödəniş qəbzinə əsasən 300 manat, 20 fevral 2014-cü il tarixli ödəniş qəbzinə əsasən 350 manat, 23 oktyabr 2013-cü il tarixli ödəniş qəbzinə əsasən 29000 manat, 01 oktyabr 2013-cü il tarixli ödəniş qəbzinə əsasən 1000 manat, 23 yanvar 2014-cü il tarixli ödəniş qəbzinə əsasən 356 manat, 20 dekabr 2013-cü il tarixli ödəniş qəbzinə əsasən 356 manat, 21 noyabr 2013-cü il tarixli ödəniş qəbzinə əsasən 356 manat, 21 aprel 2016-ci il tarixli ödəniş qəbzinə əsasən 200 manat, 14 may 2016-cı il tarixli ödəniş qəbzinə əsasən 200 manat, 31 oktyabr 2014-ci il tarixli ödəniş qəbzinə əsasən 350 manat olmaqla, ümumilikdə 36398 manat pul ödəmişdir. İddiaçı2 istifadəsində olan 57 nömrəli mənzilin faktiki sahəsinin 69,4 kv.m olduğu ekspert rəyi ilə öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, mənzilə görə İddiaçı2 tərəfindən 32618 (69,4 x 470) manat ödəniş edilməli olduğu halda, onun tərəfindən 36398 manat ödəniş edildiyindən, həmin iddiaçı tərəfindən cavabdehə artıq ödənilmiş 3780 (36398- 32618) manat ona geri qaytarılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" MTKdan İddiaçı6 xeyrinə 5940 manat, İddiaçı3 xeyrinə 7379 manat, İddiaçı2 xeyrinə isə 3780 manat pul tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, İddiaçı3 96,3 kv.m faktiki sahəsi olan 59 nömrəli mənzilə görə və İddiaçı2 69,4 kv.m faktiki sahəsi olan 57 nömrəli mənzilə görə ödəməli olduqları məbləğləri tam həcmdə ödədiklərindən iddia tələbi İddiaçı3 və İddiaçı2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün zəruri sənədlərin (maliyyə arayışını, istismara qəbul aktını, mərtəbənin plan eskizi və digər sənədləri) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində də təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi illik 5 faiz hesablanmaqla iddiaçılara dəymiş ziyanın ödənilməsi hissəsində təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, hazırki işdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449cu maddəsinin tələblərindən irəli gələn hər hansı hal, yəni özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması və ya pul vəsaitindən qanunsuz istifadə halları yoxdur. Məhkəmə iddianın mənəvi ziyanla bağlı hissəsinə münasibətdə isə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Məcəllənin 23.4-cü maddəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Bu qaydalar həmçinin hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir (maddə 23.6). Lakin burada göstərilən zərərin maddi və yaxud mənəvi olduğu birbaşa göstərilməmişdir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilir ki, “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü məddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər şəxsi qeyri-əmlak ziyanı olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər)” hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak ziyanı ilə birlikdə, yaxud əmlak ziyanı vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə hesab edir ki, iddiaçılar mənəvi ziyan tələbi ilə bağlı istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, iddiaçıların hər birinə müqavilə bağlandıqdan sonra, mənzilin dəyəri gələcəkdə ödənilməsi şərti ilə mənzillər təhvil verilmiş, iddiaçılar həmin mənzilləri təmir etməklə orada yaşamağa başlamışlar. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki halda iddiaçıların hər hansı mənəvi sarsıntı və ya iztirablara məruz qalması öz təsdiqini tapmır. Bu səbəbdən iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində də təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, cavabdeh MTK məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti anlayışının tətbiqi ilə bağlı qeyd edilir ki, “iddia müddətinin əhəmiyyəti bunlardır: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (377.1). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (377.2). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (377.3). Həmin Məcəllənin 373.2 və 373.3-cü maddələrinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti 6 ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, müqavilə xarakterli öhdəliklərdən irəli gələn tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. İddiaçılar istifadələrində olan mənzillərin faktiki sahəsinin müqavilədə nəzərdə tutulan ölçülərdən daha az olduğunu mənzillərə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almağa başladıqda öyrəndiklərini bildirmişlər. Mübahisəli mənzillər üzrə daşınmaz əmlakın dövlət reyestrindən ilk çıxarış isə xx.xx.2021-ci il tarixdə alınmışdır. Məhkəmə cavabdeh tərəfin iddiaçıların mənzillərini 2013-2014-cü illərdə təmir etdirdiklərini, bu səbəbdən təmir vaxtı mənzillərin sahəsinin daha az olduğunu bilməli olduqları barədə dəlilləri ilə razılaşmır. Belə ki, hazırda mənzillərin faktiki ölçüsü ilə müqavilədə nəzərdə tutulan ölçüsü arasında yaranmış fərq mənzillərin fasad divarlarının çöl hissəsindən qonşu divarların en hissəsinin yarısına qədər hesablanma aparılması, o cümlədən divaraltı sahələrin mənzilin ümumi sahəsinə daxil edilməsi ilə əlaqədar olmuşdur. Halbuki, məhkəmə hesab edir ki, hər hansı şəxs çoxmənzilli yaşayış binasında yerləşən mənzilini təmir etdirdikdə mənzilin divarlarının çöl hissəsini və ya divaraltı sahələri təmir etdirməməklə, yalnız mənzilin daxili hissələrini, başqa sözlə mənzilin faktiki ölçüsünü təşkil edən sahəsini təmin etdirir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçılar müqavilə üzrə hüquqlarının pozulduğunu mənzillərə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqda, başqa sözlə ən tezi 2021-ci ildən bilmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia müddətinin axımı həmin tarixdən hesablanmaqla hazırki iş üzrə iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən cavabdehin əsassız varlanmadan irəli gələn gələn tələblərin iki il sonra qüvvədən düşməsi barədə etirazının dəlilləri ilə də razılaşmır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçılar İddiaçı1, İddiaçı5 və İddiaçı4 münasibətdə iddia təmin edilmədiyindən məhkəmə hesab edir ki, onlar tərəfindən ödənilən dövlət rüsumu onların özünə aid edilməlidir. İddiaçılar İddiaçı6 (iddiası təxminən 60 faiz hissədə təmin olunub), İddiaçı3 (iddiası təxminən 62 faiz hissədə təmin olunub) və İddiaçı2 (iddiası təxminən 34 faiz hissədə təmin olunub) münasibətdə isə məhkəmə hesab edir ki, onlar tərəfindən ödənilən dövlət rüsumuna (hər biri tərəfindən ödənilən təxminən 42 manat) görə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən İddiaçı6 xeyrinə 25 manat, İddiaçı3 xeyrinə 26 manat, İddiaçı2 xeyrinə isə 14 manat tutulmalı, qalan hissədə dövlət rüsumu həmin iddiaçıların özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 113-cü maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır (113.1). İddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir (113.2). Məhkəmə qeyd edir ki, iddiaçılar iddia tələbinin həcmini artıraraq cavabdehlərdən ümumilikdə 70400 manat tutulması (301 manat dövlət rüsumu ödənilməli olduğu halda) barədə ərizə ilə məhkəməyə müraciət etsə də, həmin məbləğə görə rüsumun kəsirini ödəməmişlər. Halbuki, həmin məbləğdə iddiaya görə 50 (301-251) manat (hər iddiaçı tərəfindən təxminən 8,30 manat olmaqla) əlavə dövlət rüsumu ödənilməli idi. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı5 və İddiaçı4 8,30 manat, İddiaçı6 (iddiası təxminən 60 faiz hissədə təmin olunub) 3,30 manat, İddiaçı3 (iddiası təxminən 62 faiz hissədə təmin olunub) 3 manat və İddiaçı2 (iddiası təxminən 34 faiz hissədə təmin olunub) isə 5,50 manat rüsumun kəsir məbləği alınaraq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı6, İddiaçı3 və İddiaçı2 iddiası qismən təmin olunduğundan cavabdeh "xxxx" MTKdan onlar tərəfindən ödənilməli olan rüsumun kəsir məbləğinin qalan hissəsi – 13,10 manat hissəsi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci təmin edilmiş tələbin məbləğinə münasib olaraq həmin hissədə cavabdehə, qalan hissədə iddiaçılara aid edilməlidir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 50 manat təşkil etmişdir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, 50 manat ekspertiza xərcinin 25 manatı cavabdehə, 25 manatı isə müştərək qaydada iddiaçılara aid olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən İddiaçı3 xeyrinə artıq ödənilmiş 7379 (yeddi min üç yüz yetmiş doqquz) manat və ödənilmiş dövlət rüsumuna görə 26 (iyirmi altı) manat, İddiaçı2 xeyrinə artıq ödənilmiş 3780 (üç min yeddi yüz səksən) manat və ödənilmiş dövlət rüsumuna görə 14 (on dörd) manat, İddiaçı6 xeyrinə artıq ödənilmiş 5940 (beş min doqquz yüz qırx) manat pul və ödənilmiş dövlət rüsumuna görə 25 (iyirmi beş) manat tutulsun. İddiaçı3 və İddiaçı2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün zəruri sənədlərin (maliyyə arayışı, istismara qəbul aktı, mərtəbənin plan eskizi və digər sənədlər) verilməsi öhdəliyi cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin üzərinə qoyulsun. İddia qalan hissələrdə təmin edilməsin. İddiaçılar İddiaçı1, İddiaçı5 və İddiaçı4 hər birindən 8,30 (səkkiz manat otuz qəpik) manat, İddiaçı6 3,30 (üç manat otuz qəpik) manat, İddiaçı3 3 (üç) manat, İddiaçı2 5,50 (beş manat əlli qəpik) manat, cavabdeh "xxxx" MTK-dan 13,10 (on üç manat on qəpik) rüsumun kəsir məbləği alınaraq dövlət büdcəsinə ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olaraq İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 müştərək qaydada 25 (iyirmi beş) manat və cavabdeh "xxxx" MTK-dan 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-1603/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1603/2022
18.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver