Məhkəmə qərarları › İş №2(060)-1651/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1651/2022

04.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1651/2022 04.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, Ərizəçi X2 maraqlı şəxs Sumqayıt “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, işin məhkəmədə baxılmağa hazırlanması üzrə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi X3 mərhum babası 1905-ci il təvəllüdlü X1 01.08.1977-ci ildə Sumqayıt şəhərində vəfat etməsi barədə ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Mülki iş icraata götürülmüş, məhkəmə hazırlıq iclası 15.02.2022-ci və 04.03.2022-ci il tarixlərə təyin edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.12.2021-ci il tarixli Qərarının 5.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. AR MPM-nin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Beləliklə, məhkəmə AR MPM-nin 13.4-cü maddəsinə əsasən prosessual hüquq münasibətlərinə analogiya üzrə həmin Məcəllənin 259.0.6-cı maddəsini tətbiq edərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 162, 259-260, 263-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçi X2 maraqlı şəxs Sumqayıt “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlansın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar